SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər
Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya təlim səfəri təşkil olunub. Təlim səfərində Təhsil Nazirliyini və 3 ali təhsil müəssisəsini (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti) təmsil edən 7 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib. Səfərin məqsədi kompetensiyalara əsaslanan təhsil proqramlarının hazırlanması, təlim nəticələrinin işlənməsi və ümumilikdə ali təhsil sisteminin Bolonya kontekstində inkişafı sahəsində həmin ölkələrdə mövcud təcrübə ilə yaxından tanışlıqdır. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Litvanın Təhsil, Elm və İdman Nazirliyi, Ali Təhsildə Keyfiyyətin Qiymətləndirməsi Mərkəzi, Vilnüs Universiteti və Vilnüs Gediminas Texniki Universitetində görüşlər keçirib, kompetensiyalara əsaslanan təhsilin həyata keçirilməsi sahəsində mövcud olan çətinliklər və əldə olunmuş nailiyyətlər barədə öz həmkarları ilə fikir mübadiləsi aparıblar. Bundan başqa, nümayəndə heyətinin üzvləri Latviyanın Təhsil və Elm Nazirliyinə səfər edib, peşə, dövlət ali təhsil standartlarının kompetensiyalara əsaslanan yanaşmanı nəzərə almaqla işlənib hazırlanması sahəsində Latviya təcrübəsi ilə tanış olublar. Riqa Texniki Universiteti və Latviya Universitetinə səfər zaman isə kompetensiyalara əsaslanan yanaşmanın pedaqoji, texniki və təbiət elmləri üzrə təhsil proqramlarında tətbiqi ilə bağlı Latviya təcrübəsi öyrənilib.
20/02/2019 09:38
Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək
Ötən həftənin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar oldu. Həmin sənədlərə və dövlət başçısının "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanına əsasən ali məktəb tələbələrinə verilən təqaüdlərin və Prezident təqaüdünün məbləğinin artırılması təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Ümumilikdə 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artdığını nəzərə alsaq bu artımın gənclərin yüksək təhsil almasında növbəti stumul olduğunu əminliklə deyə bilərik. Elə həmsöhbətimiz olan təhsil ekspertləri də cari ilin martın 1-dən tətbiq ediləcək bu yeniliklərin əhəmiyyətindən söz açıblar. Şahlar Əsgərov (Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi): - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 2019-cu il 14 fevral tarıxli sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırılıb. Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xüsusi Fərman və “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncam imzalayıb. Düşünurəm ki, bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır. Sərəncamlar 100 mindən çox gənci sevindirib. Əminəm ki, gələcəyimiz sayılan gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi yetişəcək, eyni zamanda elm arxasınca gedənlərin sayı daha da artacaq. Etibar Əliyev (“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru): - Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncamını təqdir edirəm. Bu sərəncam, demək olar ki, bütün tələbə spektrini əhatə edir və təhsilin fasiləsizliyinin daha möhkəm zəmin üzərində qurulmasına şərait yaradacaq. Bu və bundan öncə ölkə başçısı tərəfindən ali məktəblərin magistratura pilləsinə daxil olan tələbələrə hərbi çağırışdan möhlət hüququ verilməsi barədə qərar ölkədə insan kapitalının inkişafına töhfə kimi dəyərləndirilməlidir. Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək. Biz ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işində iştirakımız zamanı daha yüksək təqaüd almaq uğrunda tələbələrin çalışqanlığının intensivləşməsi hallarına tez-tez rast gəlirik. Bu bizləri çox sevindirir. Eyni zamanda müəllimlərin də üzərinə daha keyfiyyətli dərs keçmək məsuliyyətini qoyur. Bilirik ki, obyektiv və subyektiv səbəblərdən əksər ali məktəblərin yataqxanaları yoxdur. Və tələbələrin böyük qismi kirayədə yaşayır. Bu addım, düşünürəm ki, onların yaşayış xərcləri üçün də yardımçı olacaq. Elmlər doktoru hazırlığı üzrə təqaüdün 300 manat müəyyənləşdirilməsi o deməkdir ki, onların təqaüdü AMEA-nın elmi işçiləri səviyyəsinə çatdırılıb. Bu onların elmi tədqiqatlara daha dərindən maraq göstərməsinə səbəb olacaq. Son dövrlər gənclərin elmə marağının güclənməsini görürük. Əlbəttə ki, bu marağın artmasının maddi tərəfi olduqca əhəmiyyətlidir. Ölkədə təhsil sahəsində aparılan islahatlar təhsilin pillələrinin inteqrasiyasını da nəzərdə tutur. Orta ixtisas təhsili məktəblərinin ali təhsil müəssisələrinin nəzdində fəaliyyəti həm də təhsilin bu pilləsində oxuyan tələbələrin maddi şəraitinin yaxşılaşdırılmasını tələb edirdi. Orta ixtisas təhsili pilləsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması təhsilin bu pilləsinə olan diqqətin təcəssümüdür və şübhəsiz ki, bu pillədə də canlanmanın şahidi olacağıq. Bütövlükdə təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək. Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan təlabat artacaq. Təqaüdlərin artırılması ölkədə elmə və təhsilə verilən dəyərin bariz nümunəsidir. “Azərbaycan müəllimi” qəzeti
20/02/2019 09:22
Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri davam edir. Səfər çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı və "Anıtqəbir" kompleksi ziyarət olunub. Ulu Öndərimizin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram göstərilib. Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Təhsil Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub. Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əlaqələrin vacib istiqamətləri müzakirə olunub. O cümlədən Azərbaycanda müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının Türkiyədə təqaüd əsasında elmi araşdırmalarını davam etdirmələrinə dair səmərəli fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov bildirib ki, Azərbaycandakı ali təhsil ocaqlarında işləmək üçün Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının yetişdirilməsinə ehtiyac var. Azərbaycan tərəfi istəyir ki, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi bu sahədə Azərbaycan üçün kvotanın artırılmasını nəzərə alsın. Daha sonra Azərbaycanın təhsil naziri Hacettepe Universitetində rektor Haluk Özən ilə görüşüb. Azərbaycanda aparılan təhsil islahatları, bu sahəyə aid dövlət proqramlarının nəticələri, Türkiyə ilə əməkdaşlığın mövcud vəziyyəti və s. barədə məlumat verən nazir, həmçinin ölkəmizin nüfuzlu ali məktəblərinin uğurlarından bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrdən bəhs edərək bildirib ki, kənd təsərrüfatı və tibb sahələri də bu sənəyə daxildir. Görüşdə, həmçinin Azərbaycan Tibb Universiteti ilə Hacettepe Universiteti arasında ikili diplomların verilməsi müzakirə olunub. Rəhbərlik etdiyi Hacettepe Universitetinin Türkiyənin qocaman ali məktəblərindən olduğunu diqqətə çatdıran rektor Haluk Özən bu təhsil ocağının yüksək texniki imkanları və tədris metodlarından, universitetin qazandığı uğurlardan danışıb. Rektor əminliklə ifadə edib ki, Hacettepe Universiteti Azərbaycan təhsil sistemi ilə bütün istiqamətlərdə əməkdaşlığa hazırdır. Görüşdən sonra Hacettepe Universiteti ilə tanışlıq olub. Türkiyənin Ali Təhsil Şurasında (YÖK) nazir Ceyhun Bayramov ilə YÖK sədri Yekta Saraç arasında görüş keçirilib. Görüşdə ikili diplomların verilməsi, təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tələbə mübadiləsinə dair məsələlər müzakirələr olunub. AZƏRTAC
20/02/2019 07:29
Koreya Respublikasında 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı
Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib. Magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən qarşılanacaq. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir. Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini cari ilin martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
19/02/2019 11:25
Azərbaycan -Türkiyə təhsil əlaqələri müzakirə olunub
Azərbaycanın Ankaradakı səfirliyində təhsil naziri Ceyhun Bayramov ilə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu arasında görüş olub. Görüşdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib. Tərəflər təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparıblar. Əminliklə bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı qarşılıqlı olaraq elm və təhsil sahəsində də böyük uğurların qazanılmasına təkan verir. AZƏRTAC
19/02/2019 09:23
Təhsil naziri Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Azərbaycanın təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının təhsil nazirinin dəvəti ilə bu ölkədə səfərdədir. Nazir Ceyhun Bayramov səfər çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyində Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Təhsil naziri Ceyhun Bayramov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, qardaş ölkədə çalışan azərbaycanlılar - professor Həmdullah Mehrabov və doktor Şahin Xankişiyev görüşdə çıxış ediblər. Türkiyədə keçirəcəyi rəsmi görüşlərdə qardaş ölkələrimiz arasında təhsil sahəsində vəziyyətin və onun perspektivlərinin müzakirə olunacağını vurğulayan nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin bütün sahələri üzrə çoxistiqamətli islahatlar aparılır. Çıxışı zamanı Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlərə, aparılan hərtərəfli islahatlara, əldə olunan nailiyyətlərə geniş yer ayıran nazir qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, təhsillə bağlı da geniş əməkdaşlıq yaranıb. Nazir Türkiyə hökuməti tərəfindən nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı gənclərə ayrılan yerlərdə oxuyan gənclərimizin bir qisminin ölkəmizə qayıdaraq cəmiyyətimizin fəal hissəsinə çevrildiyini, digər bir hissəsinin isə Türkiyədə qalaraq öz bilikləri ilə qardaş ölkəyə fayda verdiklərini, eyni zamanda, Vətənimizin maraqlarını qoruduqlarını diqqətə çatdırıb. Aparılan islahatlar nəticəsində ölkəmizdə ali məktəblərin beynəlxalq təhsil ictimaiyyəti arasında böyük nüfuz qazandıqlarını vurğulayan C.Bayramov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində böyük nailiyyətlər əldə olunduğunu qeyd edərək bildirib ki, bu strategiya çərçivəsində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaq məqsədilə dünyanın aparıcı ali məktəblərinə göndərilən gənclər dərin biliklər qazanıblar. Bu proqram çərçivəsində ümumilikdə 3558 nəfər xaricdə təhsil almaq hüququ əldə edib. Böyük Britaniya və Türkiyə ali məktəblərinə maraq daha çox olub. Azərbaycan dövlətinin həyata keçirdiyi təhsilin inkişaf strategiyasının böyük uğurlar gətirdiyini qeyd edən nazir bildirib ki, bütün sahələr üzrə fəal və zəhmətkeş olan xalqımız təhsil proqramlarına da böyük maraq göstərir və uğurlar qazanır. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə iştirakçılara müfəssəl məlumat verən nazir əminliklə qeyd edib ki, bu sahədə islahatların inkişaf dinamikası gələcəkdə də qorunacaq. Türkiyədə bütün ixtisaslar üzrə təhsil alan gənclərə ölkəmizdə hər zaman diqqət və qayğı ilə yanaşıldığını, eyni zamanda, onlara etibar və etimad göstərildiyini, işlə təmin edildiklərini vurğulayan nazir tələbələrin Azərbaycana aid bütün məsələlərdə fəallığının vacibliyini qeyd edib, vətənpərvərlik və ictimai fəallıqla bağlı tövsiyələrini verib. Azərbaycanda təhsil sahəsində əldə olunan uğurları milli sərvət kimi dəyərləndirən səfir Xəzər İbrahim Türkiyədə təhsil alan tələbələrə aid məsələlərin Təhsil Nazirliyi tərəfindən operativ qaydada həll edildiyini qeyd edərək bildirib ki, qardaş ölkədə təhsil sistemində çalışan ziyalılarımızın və tələbələrimizin Azərbaycanın və qardaş ölkənin həyatına dair ictimai işlərdə fəallığı ürəkaçandır. Azərbaycana bağlı diaspor təşkilatları adından iştirakçıları salamlayan professor Həmdullah Mehrabov ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ildən başlayaraq Türkiyə ilə təhsil sahəsində əldə olunan səmərəli əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qazanılan bütün uğurların ölkəmizi xaricdə təmsil edən ziyalılar tərəfindən hərarətlə qarşılandığını vurğulayan professor əminliklə bildirib ki, həm tələbələrimiz, həm də təhsil sahəsində çalışan ziyalılarımız Vətənimizin və xalqımızın maraqlarının qorunmasında fəal iştirak edirlər. Azərbaycan təhsilində əldə olunan uğurların və nailiyyətlərin bu sahədə ölkəmizlə Türkiyə arasında əməkdaşlıq əlaqələrinin inkişafına müsbət təsirindən danışan Şahin Xankişiyev diqqətə çatdırıb ki, qardaş ölkədə çalışan azərbaycanlı həkimlər öz vəzifələrini vicdanla yerinə yetirmək üçün həm elmin sirlərinə dərindən yiyələnir, həm də ictimai fəallıq göstərirlər. Türkiyədə tibb sahəsində təhsil alan azərbaycanlı tələbələrin ölkəmizə qayıtmasının əhəmiyyətindən danışan Şahin Xankişiyev qeyd edib ki, Azərbaycanda modern xəstəxanalar tikilməsi və səhiyyə ocaqlarının ən müasir avadanlıqlarla təchiz olunması gənc həkimlərimizin işlə təmin edilməsi və xalqımıza xidmət etmələri üçün əlverişli şərait yaradıb. Çıxışlardan sonra nazir Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb. Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, çox sayda azərbaycanlı professor, müəllim və tələbə, eləcə də səfirliyimizin əməkdaşları görüşdə iştirak ediblər. Səfər fevralın 20-dək davam edəcək. AZƏRTAC
19/02/2019 09:13
Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının səfiri ilə görüşüb
Təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən Firudin Qurbanov Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayla görüşüb. Firudin Qurbanov iki ölkə arasındakı əlaqələrin tarixi inkişafı barədə qonağa ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Əfqanıstanla müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub. Firudin Qurbanov iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıb. Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Xeyrullah Spelanay hər iki ölkənin ortaq dəyərlərə malik olduğunu bildirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən səfir müharibə şəraitinin Əfqanıstan mədəniyyətinə, o cümlədən təhsilinə təsirsiz ötüşmədiyini deyib. Səfir Əfqanıstanda əsasən özəl ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini, hazırda təhsilin keyfiyyətinin artırılmasının aktual məsələlər sırasında olduğunu söyləyib. Xeyrullah Spelanay ölkəsinin peşəkar kadrlarla təmini baxımından BDU ilə Əfqanıstan universitetləri arasında intensiv əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib. Qonaq görüş çərçivəsində BDU-nun elm və tədris mərkəzləri ilə yaxından tanış olub.
18/02/2019 14:30
İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı
Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib. Tədbirlər Planına əsasən, 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans, simpozium və seminarların keçirilməsi, dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda dərc olunması nəzərdə tutulur. Həmçinin təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunacaq. Bununla yanaşı, il ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək.
18/02/2019 12:35
“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub
Gənclər arasında keçirilən boks üzrə Azərbaycan birinciliyinə yekun vurulub. 10 çəki dərəcəsində təşkil olunan yarışlarda respublikanın şəhər və rayonlarından 35 komanda olmaqla 150 nəfərə yaxın idmançı mübarizə aparıb. Birincilikdə bütün çəki dərəcələrində təmsil olunan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında birinci yerə layiq görülüb.
18/02/2019 11:25
3-4 yaşlı uşaqların məktəbi
İcma əsaslı Uşaq Təhsil mərkəzləri məktəbəqədər təhsilin əhatəliliyini artırır Tədqiqatlar göstərir ki, insanın daha aşağı yaş qrupunda, yəni 5-6, hətta 3-4 yaşından öyrənməyə başlaması, təhsilin keyfiyyətinin artırılmasında, insanın dünyagörüşünün və intellektinin inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına bir neçə ildir cəlb edilməsinin müsbət nəticələri artıq müşahidə edilir. Belə bir vaxtda Təhsil Nazirliyi Avropa İttifaqının dəstəyi ilə yeni layihəyə start verərək, bu dəfə 3-4 yaşlı uşaqları məktəblərdə toplayıb. Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi əsasında həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində mərkəzlər fəaliyyətə başlayıb. Artıq 10 rayonda bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 icma təşkil edilib. Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarında 1000 uşağı əhatə edən bu layihədə təkcə Quba rayonundan 3 məktəb iştirak edir. 2006-cı ildə istifadəyə verilən İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbi, 2012-ci ildə istifadəyə verilən 2-ci Nügədi kənd 3 nömrəli tam və 2017-ci ildə istifadəyə verilən 132 şagird yerlik Çartəpə kənd ümumi orta məktəblərinin hər birində 3-4 yaşlı uşaqlardan məktəbəhazırlıq qrupları təşkil olunub. Təhsil Nazirliyinin təşkil etdiyi səfər çərçivəsində jurnalistlər həmin məktəblərdən ikisində yaradılan, ölkəmiz üçün ilk təcrübə sayılan icma əsaslı Uşaq Təhsil mərkəzlərində olublar. Qəçrəşdə uşaqlar danışmağı sevmirlər Qubada icma əsaslı məktəbəhazırlıq qruplarının yaradıldığı 3 məktəbdən biri - şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzində qrup 22 nəfərdən təşkil edilib. İçəriyə daxil olmaq üçün qapının qarşısına qoyulan daxıllar jurnalistləri təəccübləndirir. Sinfə daxil olduqdan sonra anlayırsan. Balaca məktəblilər ayaqqabılarını çıxarıb girirlər sinfə. Otağın istiliyi münasibətlərə də təsir göstərib. Sinifdə həm 3, həm də 4 yaşlı uşaqlar var. Hələlik onları ayırmağa imkan yoxdur. Elə materiallar da 3-4 yaş üçün nəzərdə tutulduğundan, onların bir yerdə məşğələlərə cəlb olunmasında hər hansı problem görünmür. Yağmur Bədirova, Dəniz Ələsgərova, Məqsəd Əlirzayev uşaqların ən fəallarıdır. Üçü də yaxşı şeirlər bilir. Soruşana bildikləri şeirləri həvəslə deyirlər. Qrupun müəllimi Fidan Əlüsmanova ixtisasca ibtidai sinif müəllimidir. Əvvəllər bağçada çalışdığı üçün indi kiçikyaşlı “məktəblilər”lə işləmək ona çətinlik yaratmır: “2 gün təlimdə iştirak etdim. Sonra gəlib işə başladım. Yanvar ayından məşğələlər keçirik. Avqust ayının əvvəlinədək davam edəcəyik. İş prosesində ən böyük çətinliyim 3 yaşlı uşaqları idarə etməkdə yaranır. Növbətçilik əsasında valideynlər dərs prosesinə cəlb olunur və mənə dərsdə uşaqlara nəzarət etməkdə kömək edirlər. Hərəkətli olsalar da, uşaqları danışdırmaq, demək olar, mümkün olmur. Bu baxımdan hələlik çox passivdirlər. Ancaq gəldikləri vaxtdan bəri xeyli fərq də var. Danışmasalar da, işləməyə çox həvəslidirlər”. Valideynlər də prosesin fəal iştirakçısıdır Qaydaya görə, icma əsaslı təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir, müəllimlərin köməkçisinə çevrilirlər. Məqsəd Əlirzayevin anası Gülşən deyir ki, bura gələndən uşağın nitqində xeyli inkişaf müşahidə edir: “Özünü indi daha yaxşı aparır, rəftarı normallaşıb. Burada öyrəndim ki, sən demə, usağı düzgün yönləndirə bilməmişəm. Diqqətini cəlb etməyi, mənə qulaq asmasını indi daha yaxşı təmin edə bilirəm. Səhvini başa salmağı burada öyrəndim”. Valideynlərdən Təranə Ramazanova isə nəvəsinə görə buradadır: “4 nəvəm var. Bir nəvəm də birinci sinifdə oxuyur. Ancaq indi nəvəm Yunis Ramazanovu gətirmişəm. İkimiz də bu qrupda məşğələlərdə iştirak edirik. Nəvəm sakit, sözəbaxan olduğu üçün mənim dərsdə iştirak etməyimə ehtiyac qalmır. Elə dəhlizdə oturub Yunisin çıxmağını gözləyirəm. Müəllimi də, uşaqlar da çox həvəslidirlər. Hər gün maraqla gəlirlər. Bura gələndən onda o qədər çox fərq olub ki...” Nügədidə oyuncaq üstündə daha dava düşmür Bu da Qubanın 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbində yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzi. Məşğələlərə 20 nəfər 3-4 yaşlı uşaq cəlb edilib. Uşaqlarla Elmarə Süleymanova işləyir. O, orta məktəbi 4 ildir bitirib. Təlimlərdən sonra azyaşlı uşaqlarla işə başlayıb: “Uşaqlarla işləmək həmişə xoşuma gəlirdi. Məktəbi qurtarandan sonra nə təhsil ala, nə də hər hansı bir yerdə işləyə bildim. Bu layihə barədə eşidəndə dərhal müraciət etdim. Müsahibədən keçdim və təlimlərə başladım. Artıq işləyirəm. İşimi çox sevirəm”. Rəşad Süleymanlı 4 yaşındadır. Nicat Sultanovla dostdur. Fürsət tapıb Ziyadan şikayətlənirlər. Nicat deyir ki, Ziya ilə dost imiş, ancaq daha onu istəmir. Hələlik ancaq Rəşadla arası yaxşıdır. Deyir, Rəşaddan başqa dostu yoxdur. Özü də burda dostlaşıblar. “Müəlliminizi dəyişəkmi?”, - deyə 4 yaşlı balaca dostları sınağa çəkirik, etiraz edirlər. Əsmanur Qədirovanın qohumu Günəş xanım qaynı qızındakı dəyişiklikdən danışır: “Əvvəllər çox ağlağan qız idi. Məktəbə gəlib-getməyə başlayandan daha sakitdir”. Öz övladı artıq yuxarı sinifdə oxuyan Günəş xanımın sözlərinə görə, uşaqlarla səbirli olmaq lazımdır: “Onları maraqlandıran şeylərlə bağlı danışmaqdan boyun qaçırmaq düz deyil”. Gülnur Baharovanın nənəsi Dilzarə deyir ki, bu layihə çox ürəyincə olub: “Uşaqlara burada hər şey öyrədirlər. Müəllimlərindən də, bu layihəni düşünüb həyata keçirənlərdən də çox razıyıq. Burada uşaqlar yaxşı şəkillər çəkirlər. Gülnurda hamı dəyişiklik hiss edir. Oyuncaqlarını evdəki başqa uşaqlarla paylaşır”. 3-4 yaşlı uşaq nə bilməlidir? Nənə Dilzarə Baharova “burada hər şey öyrədirlər” dedi. Maraqlıdır, nə öyrədirlər? 3-4 yaşlı uşaq nəyi bilməlidir? Bu uşaqlar məşğələlərin başladığı yanvar ayından bu yana nə öyrəniblər, indi nəyi bacarırlar? Artıq qeyd etdiyimiz kimi, dərslərə yanvar ayından start verilib. Məşğələlərdəki mövzuları estoniyalı ekspertlər hazırlasa da, azərbaycanlı mütəxəssislər onu ölkə təlim-təhsil sisteminə uyğunlaşdırıb. Həftə ərzində qoyulan mövzuya uyğun olaraq həftənin sonuncu təlim günündə uşaqlar “İş dəftəri” işləyir. “İş dəftəri”nin tələbinə uyğun olaraq sinifdə müəllimlə başlayan iş evdə davam etdirilir. Avropa İttifaqının maliyyələşdirdiyi vətəndaş qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması layihəsinin meneceri İlahə Rəsulovanın sözlərinə görə, məşğələlərdə 3-4 yaşlı uşaqların bilməli olduğu şeylər öyrədilir. Bunun üçün əvvəlcədən meyarlar hazırlanıb. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. Uşaqlara sosial emosional vəziyyət və özünəxidmət vərdişləri aşılanır. Məsələn, artıq özlərini təqdim etməyi öyrəniblər. Bunu heç də pis bacarmırlar. Hətta özünü valideynlərindən daha yaxşı təqdim edənlər belə var. Özü, dostları barədə çox rahatlıqla danışırlar. Onlar burada həftənin hansı günü, günün hansı saatı olduğunu öyrənir, qruplarındakı uşaqların və onlarla işləyən şəxslərin adını bilir, doğru-yanlış davranışları, rəngləri ayırd edir, böyük-kiçiyi fərqləndirir, böyüklərin istəyi və yönləndirməsi ilə əşya və meyvələri göstərirlər. Ətraf mühitlə tanışlığa da bu yaşda başlayırlar. Sağlamlıq, gigiyena, bədən üzvlərini və onların funksiyasını adlandırır, deyilənləri anlayır, oyun zamanı yaşıdları ilə ünsiyyət yaradırlar. 3-5 rəqəmi adlandırır, 10-a qədər sayırlar. Sadə kompozisiyalar qururlar. Mən piyadayam Təhsil mərkəzlərində məşğələlər həftənin 4 günü keçirilir. Layihəyə uyğun olaraq, mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla, yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında aparılır. Bugünkü məşğələnin mövzusuna gəlincə... İcma əsaslı məktəbəqədər təlim mərkəzində 3-4 yaşlı balaca məktəblilər yoldakı “status”larını öyrənirlər. Bu gün onlar piyadadırlar. Yəni, bir piyadanın bilməsi zəruri olan şeyləri, yolda piyada hərəkətin sadə qaydalarını ən sadə yolla öyrənirlər. Qara kağızda ağ qələmlə piyada keçidi rəngləyirlər. Onlar belə qiymətləndirilir Bəs, 3-4 yaşlı uşaqların burada keçirdiyi 2-3 saatın nəticəsi necə qiymətləndirilir? Onların nəsə öyrənib-öyrənmədiyi necə müəyyənləşdirilir? İlahə Rəsulovanın əlində 3 rəngdən ibarət xanalar var. Qırmızı xanada uşaqların bacarmadıqları, sarı xanada valideyn və ya müəllimlərin köməyi ilə bacardıqları qeyd edilir. Yaşıl isə onların təkbaşına bacardıqlarıdır: “Gələndə adını, özünü təqdim etməyi bilmir və bu, qırmızı xanada qeyd edilir. İlin sonunda uşaqlar hamısını bildiyi üçün nəticələri yaşıl xanaya keçir”. Sağlamlıq imkanı məhdud uşaqlar da cəlb edilir İlahə Rəsulovanın sözlərinə görə, Quba rayonunda təşkil edilən 3 qrupun heç birində sağlamlıq imkanı məhdud uşaqlar yoxdur: “Ancaq bu qruplara sağlamlıq imkanı məhdud uşaqlar da cəlb edilməlidir və edilir. Quba rayonunda olmasa da, başqa rayonlarda təşkil edilən qruplarda belə uşaqlar da təlimlərə qatılır. Onlar üçün xüsusi proqram hazırlayırıq”. Layihə başa çatdıqdan sonra Dərslərə yenicə başlanılsa da, layihə oktyabr ayından start götürüb. İcra müddəti 30 ay nəzərdə tutulub. İndiyədək materiallar hazırlanıb, müəllimlərə təlim keçilib. Onlar iki ay ərzində keçiləcək mövzular üzrə təlimatlandırılıblar. Növbəti həftə yenidən müəllimlər təlimlərə cəlb ediləcək. Bu dəfə 3 ayın proqramı əsasında təlimatlandırılacaqlar. Ancaq bu prosesin sonunda bizi nə gözlədiyi ilə də maraqlanmamaq mümkün deyil. 30 ayla məhdudlaşan bu layihənin taleyi necə olacaq? Hələlik icraçıları prosesin nə qədər uğur qazanacağı maraqlandırır. Çünki layihənin sonrakı taleyi məhz bundan asılı olacaq. 30 ay ərzində uğur qazanarsa və valideynlər də bu prosesin davam etməsini arzulayarsa, layihə davam edəcək. Ancaq bu dəfə layihəni Avropa İttifaqı deyil, valideynlər özü maliyyələşdirməli olacaqlar: “Davamlılıq üçün hər dəfə donor tapmaq çətindir. Valideynlər kiçik məbləğ də olsa, verməli olacaqlar. Çünki dərs prosesində ləvazimatlardan istifadə edilir. Bu ləvazimatları hazırda Avropa İttifaqı təmin edir. Gələcəkdə bunu özümüz almalı olacağıq. Bundan başqa, müəllimlər də maaş almalıdırlar. Hazırda layihədə iştirak edən 50 müəllim 170 AZN maaş alır”. Bəs, prosesi Təhsil Nazirliyinin davam etdirməsi mümkündürmü? İlahə Rəsulovanın fikrincə, layihəyə böyük maraq var: “Nazirlər Kabinetinin 2018-ci ilin fevral ayında verdiyi ailə-icma əsaslı kiçikmüddətli təlim qruplarının yaradılması ilə bağlı 64 saylı qərarını da nəzərə alsaq, bu, mümkündür. Bağçaların tikilməsi və fəaliyyətinin təşkili böyük vəsait tələb edir. Bu iki-üç saatlıq icma əsaslı qrupların təşkili və sistemli proqram əsasında məşğələlərin keçilməsi daha effektivdir, nəinki bütün gün ərzində olan bağçalar. Odur ki, valideynlərin də istəyi olarsa, onların cüzi köməyi ilə prosesi sonradan Təhsil Nazirliyi davam etdirə bilər”. Valideyn assosiasiyası yaradılacaq Hələlik layihə məqsədyönlü şəkildə davam etdirilir. Əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. Bu layihədə valideynlər, məktəb, bələdiyyənin iştirakı ilə məktəbəqədər təhsilin genişləndirilməsi nəzərdə tutulub: “Elə rayonlarımız, rayonlarda elə yerlər var ki, orada bağça yoxdur, məktəbəqədər hazırlıq isə məhdud səviyyədədir. Ona görə də hazırlıq qruplarının açılması həm məktəbəqədər təhsilin, həm valideynlərlə məktəb arasında əlaqənin genişlənməsinə xidmət edir”. Valideynlərlə məktəb arasında əlaqənin genişləndirilməsinə nail olmaq üçün icma əsaslı valideyn assosiasiyasının yaradılması da nəzərdə tutulub. Hələlik bu proses başlamasa da, müəyyən hazırlıqlar gedir. İlahə Rəsulovanın sözlərinə görə, hazırda valideynlər arasında sorğu keçirilir. Valideyn assosiasiyası fəaliyyətə başlayandan sonra ibtidai siniflərdə uşağı təhsil alan valideynlərlə də iş nəzərdə tutulub. Fəal valideynlər bacarıqlarının inkişafı üçün təlimlərə cəlb olunacaqlar. Məktəblə birlikdə layihələr həyata keçirəcəklər. İbtidai təhsil səviyyəsində təhsilin keyfiyyətinin artırılması məqsədi ilə layihələr nəzərdə tutulub. Lakin bu, növbəti mərhələrdə reallaşdırılacaq. Hələlik valideynlər arasında aparılan sorğularda onların uşaqları ilə necə məşğul olduqları, hansı çətinliklərlə qarşılaşdıqları araşdırılır. Nəticələr təhlil edildikdən sonra valideynlər arasından assosiasiyanın üzvləri seçiləcək. Uşaqları ibtidai sinifdə oxuyan valideynlərin assosiasiyası həmin valideynlərin məktəblə əlaqəsini genişləndirəcək. "Azərbaycan müəllimi" qəzeti
16/02/2019 16:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı