• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Artım tələbələrdə təhsilə marağı daha da stimullaşdıracaq

Ölkəmizdə tələbə gənclərin təhsil almalarının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdədir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə  imzaladığı,  tələbələrin və doktorantların sevinclə qarşıladığı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin  artırılmasını nəzərdə tutan sərəncamları və fərmanı da məhz Azərbaycan gəncliyinə göstərilən qayğının əyani sübutudur. Müsahibimiz olan təhsil işçiləri bununla bağlı fikirlərini bölüşüblər.   Fərrux Rüstəmov (Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi):   -Son illərdə təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi  məqsədilə ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, ali təhsilin  Avropa standartlarına uyğunlaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müasir standartlara cavab verən  təhsil infrastrukturlarının yaradılması istiqamətində  mühüm işlər görülüb. 500-dən artıq bal toplayan, seçimdə ilk yerə müəllimlik ixtisasını yazan 300 tələbəyə 100 manat həcmində "Gələcəyin müəllimi" təqaüdü verilib, müxtəlif ixtisaslar üzrə  istedadlı tələbələr üçün SABAH qrupları təşkil olunub.Təhsilin keyfiyyətinin yüksəldilməsinə hədəflənən  bu kimi tədbirlər artıq daha intensiv xarakter alıb. Bu günlərdə  tələbələrin və doktorantların sevincinə səbəb olan, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılmasını nəzərdə tutan ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və fərman təhsilalanların qayğısı ilə  bağlı dövlətin həyata keçirdiyi  siyasətin bariz nümunəsidir. Sərəncamlar və fərman  ali təhsilə marağı stimullaşdırmağa,  əhalinin bütün təbəqələri üçün ali təhsilin əlçatan olmasını təmin etməyə, dövlət hesabına və ödənişli əsaslarla təhsil alanlar arasında  sağlam rəqabət mühitinin yaradılmasına, elmə  daha perspektivli gənclərin gəlməsinə xidmət edir. Azərbaycan Respublikasında tələbələrin təhsil almasının stimullaşdırılması istiqamətində illərdir  ki, ardıcıl dövlət siyasəti həyata keçirilir.  110 min tələbənin  təqaüdlərinin artırılmasını nəzərdə tutan bu sərəncam kompleks xarakter daşıyır və üç əsas konseptual məsələni əhatə edir. Birincisi,  bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələrin və doktorantların (fəlsəfə doktoru və elmlər doktoru) təqaüdlərinin məbləğinin artırılmasını nəzərdə tutur. Ali təhsil pilləsinin hər üç səviyyəsində  artım  diferensiallaşdırılmış şəkildə həyata keçiriləcək, yəni təhsilalanların akademik göstəriciləri nəzərə alınacaq. Bu da təbii ki, obyektivliyi, şəffaflığı təmin etməklə yanaşı təhsilalanları stimullaşdıracaq, onlarda daha yaxşı oxumağa, öyrənməyə, akademik göstəricilərə nail olmağa motivasiya yaradacaq. Tələbə və doktorantların  təqaüdlərinin artırılması üçün təhsil nailiyyətlərinin əsas amil kimi götürülməsi  sadəcə maddi  təminatın ödənilməsinə deyil, həm də yüksəkixtisaslı kadr  hazırlığının həyata keçirilməsinə hesablanıb. Bu kimi məqsədyönlü tədbirlər  universitetlərimizi fərqlənmə diplomu ilə bitirən gəncləri və xarici ölkələrin nüfuzlu ali məktəblərindən məzun olanların doktoranturaya  gəlməsini, elmi fəaliyyətlə məşğul  olmasını təmin etməklə yanaşı,  həm də daha keyfiyyətli tədqiqatların aparılmasına və dünya çapında millətimizi layiqincə təmsil edən yeni   elmi nəslin formalaşmasına təkan verəcək. İkincisi, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının artırılması nəzərdə tutulur. Bu məsələ çoxdan idi ki, pedaqoji ictimaiyyəti narahat edirdi. Dövlət sifarişli yerlərin azlığı bəzi halda nisbətən yüksək nəticə göstərən tələbələrin arzularının reallaşmasına imkan vermirdi, təqaüd ala bilmirdilər. Birdən-birə  təqaüd alan tələbələrin sayının 16 min nəfər artırılması, 54 təhsil müəssisəsində  dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayının 54 min nəfərdən 70 min nəfərə çatmasını təmin edəcək. Hesab edirəm ki, müasir reallıqlar baxımından  bu, çox ciddi  nailiyyətdir. Üçüncüsü, dövlət sifarişli ixtisaların sayının artırılması nəzərdə tutulur. Azərbaycan təhsili üçün mühüm yenilik olan bu  tendensiyanın davam etdirilməsi  ölkədə ali təhsil almanın hamı üçün əlçatan olmasına hesablanıb. Etiraf edək ki, xeyli abituriyent ödənişli ixtisaslara qəbul olsa da qeydiyyatdan keçmir, yaxud da  ali məktəblərin birinci və ya ikinci tədris ilindən təhsil haqqını ödəyə bilmədiyinə  görə universitetlərdən xaric olunurlar. Rəsmi məlumatlara görə, 2018-ci ildə ali təhsil müəssisələri üçün  43 min plan yerinin yalnız 12 mini dövlət sifarişli ixtisaslar olub.  Cənab Prezidentin imzaladığı sərəncama uyğun olaraq bu rəqəm  21 minə, 2020-ci ildə 25 minə çatdırılacaq. Mərhələli şəkildə həyata keçiriləcək bu siyasət ölkədə ali təhsilin ödənişsiz olmasını təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbələrin təqaüdlərinin artırlması ilə əlaqədar sərəncamı dövlətin təhsil siyasətinin konkret təzahürü olmaqla yanaşı, maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən böyük qayğının daha bir əməli ifadəsidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə kollektivi möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını təhsildə yeni keyfiyyət mərhələsinin  başlanğıcı kimi yüksək qiymətləndirir, sərəncamı respublikamızın inkişafı və tərəqqisinə xidmət edəcək  məqsədyönlü tarixi qərar kimi qəbul edirlər. Dövlətin tələbə gənclərə göstərdiyi bu diqqət və qayğı onların məsuliyyət hissini artırmaqla yanaşı  üzərlərinə böyük vəzifələr qoyur. İnanırıq  ki, tələbələrimiz elmin sirlərini öyrənmək üçün  daha səylə çalışacaq, yüksəkixtisaslı kadrlar kimi yetişəcək, dövlətə və dövlətçilyə sədaqətləri ilə dövlət başçısının onlara göstərdiyi yüksək etimadı doğruldacaqlar.   Mahirə Hüseynova (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor ):    - İlk əvvəl onu vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin  imzaladığı sərəncamlar və fərman  bütün ali təhsil ocaqlarında olduğu kimi, çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim-tələbə kollektivi arasında da  böyük minnətdarlıq hissi ilə qarşılandı. Bu sənədlər büdcəsi sosialyönümlü olan bir dövlətin apardığı siyasətin təzahürü oldu. Yeri gəlmişkən, həmin siyasətin bünövrəsi 1993-cü ildən, ümummilli liderimiz Heydər Əliyevin Azərvaycan Respublikasına rəhbərlik etdiyi vaxtdan başlayıb və bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Sərəncamın ruhunun Azərbaycanda təhsilə qayğının təzahürü olmasından əlavə, onu cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” fikrinin həyata keçirilməsi istiqamətindəki növbəti addımların biri kimi də qəbul edirik. Ümidvarıq ki, Azərbaycan Prezidentinin növbəti dəfə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına növbəti töhfə, tələbələrin təhsillərinin keyfiyyətini  artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq. Təqaüdlərin artırılması ilə tələbələrin daha da həvəsləndirilməsinin və nəticə olaraq təhsil prosesində yüksək nailiyyətlərə can atılmasını görməyimizlə bərabər, onların sosial müdafiəsinin gücləndirilməsinin  də şahidi olacağıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavr və magistr pillələrində təhsil alan 1200-ə yaxın tələbə adından ölkə başçısına bu istiqamətdə atdığı konkret addımlara görə minnətdarlığımı bildirirəm. Cəmiyyətin hər bir üzvü cənab Prezidentin bütün sosialyönlü sahələrlə bağlı verdiyi qərarları  kimi, imzalanan bu sənədi də yüksək qiymətləndirdi. Bu isə Azərbaycan cəmiyyətinin təhsilə verdiyi önəmlə bərabər, onun öz gələcəyini elmi inkişafdan kənarda təsəvvür etməməsi ilə birbaşa bağlıdır.   Səbuhi Tanrıverdiyev (Azərbaycan Dövlət İqtisad Universitetinin "Distant, qiyabi və əlavə təhsil Mərkəzi"nin direktoru):   -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı fərman və sərəncamları bütün təhsil ictimaiyyəti kimi UNEC-in professor-müəllim heyəti və tələbələri tərəfindən də çox böyük sevinc və minnətdarlıqla qarşılanıb.  Bu dövlət tərəfindən tələbə və doktorantlara göstərilən xüsusi diqqət və qayğının əyani təzahürü kimi dəyərləndirilir. Ölkəmizdə təhsilin inkişafı istiqamətində uğurlu islahatlar aparılır ki, həmin  islahatlar da özlüyündə dövlətin gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir və gənclərin təhsil səviyyələrinin yüksəlməsinə, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.  Qeyd edək ki, imzalanmış sərəncamlar mahiyyət etibari ilə özündə insan kapitalının inkişafına yönəlik tədbirləri nəzərdə tutmaqla tələbələrdə motivasiyanın, sağlam rəqabətin artmasına, akademik göstəricilərin yüksəlməsinə, təhsilin keyfiyyətinin artmasına və dolayısı ilə əmək bazarının daha peşəkar mütəxəssislərlə təmin olunmasına çox ciddi təsir edəcək addımlardır. Həyata keçiriləcək tədbirlər tələbələrin sosial müdafiəsini gücləndirəcək ki, bu da son nəticədə  onların maddi durumlarının yaxşılaşdırılmasına, dərslərə daha yaxşı hazırlaşmalarına, tədris üçün lazımlı vasitələrlə daha yaxşı təmin olunmalarına, istədikləri kitabları əldə edə bilmələrinə yardımçı olacaq. Çünki tələbələr maddi cəhətdən yaxşı təmin olunduqca daha çox oxumağa meyilli olacaqlar. Eyni zamanda sərəncamlar nəticəsində tələbələrin təqaüdlərinin artan hissəsi məxsus olduqları ailələrin həmin tələbəyə çəkdiyi xərclərin qarşılanmasında əhəmiyyətli rol oynayacaq. Nəzərə alsaq ki, bir ailədə bir neçə tələbə təqaüd ala bilər, onda məsələnin önəmi daha qabarıq ortaya çıxmış olur. Dövlət başçısı tərəfindən həyata keçirilən bu tədbirlərdən sonra tələbələrin özü və ali təhsil müəssisələri arasında rəqabət ciddi şəkildə artacaq və tələbələr akademik göstəricilərini artırmaq, təqaüdçülər sırasına düşmək, daha yüksək təqaüdlər almaq üçün ciddi yarışa girəcəklər. Təbii ki, bu halda  təhsilin səviyyəsi və keyfiyyəti artmış olacaq. Tələbələrin təhsil almaq, növbəti təhsil pillələrində təhsillərini davam etdirmək istiqamətində ciddi stimul yaranacaq. Eyni zamanda elmi-tədqiqatlarla məşğul olmaq istəyən gənclərin sayı artacaq. Məhz belə stimullaşdırıcı tədrbirlər onların magistratura və doktoranturada elmi tədqiqatlarını davam etdirməyə ciddi maddi təminat kimi çıxış edəcək.           Rafiq Yusifoğlu (Sumqayıt Dövlət Universitetinin "Azərbaycan və xarici ölkələr ədəbiyyatı" kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi):   -Hər bir ölkənin qüdrətinin təbii nemətlərdən, iqlimdən, iqtisadi, hərbi gücdən başqa, onun intellektual sərvətindən xeyli dərəcədə asılı olması danılmaz amillər sırasındadır. Bu baxımdan, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, eləcə də idarəetmənin müxtəlif strukturunda  çalışacaq yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması olduqca vacib, strateji əhəmiyyət kəsb edən bir məsələdir və elə buna görə də bu, həmişə dövlətin diqqət mərkəzində dayanır. Ona görə ki, respublikamızın gələcək taleyi məhz bu gün hazırladığımız kadrların əlində olacaqdır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bakalavr, magistrant və doktorantların maddi durumunun yaxşılaşdırılması, onların təqaüdlərinin artırılması ilə bağlı sərəncamı xüsusi əhəmiyyət kəsb edir və təhsilimizin qarşısında yeni üfüqlər açır, gəncləri elmlə, təhsillə daha böyük həvəslə məşğul olmağa ruhlandırır. Bundan sonra maddi durumu dövlət tərəfindən lazımi səviyyədə təmin edilən istedadlı gənclərin elmlə, təhsillə məşğul olmağa daha çox həvəsləri olacaqdır. Bizim universitetimizdə də tələbələrə, magistrant və doktorantlara olan yüksək səviyyəli dövlət qayğısının yeni təzahürü böyük razılıq hissi ilə qarşılanıb. Biz əminik ki, dövlət səviyyəsində yüksək qayğı və  diqqət gənclərin məsuliyyətini, onların yaradıcılıq əzmini xeyli dərəcədə artıracaq. Ölkə başçısının bu tarixi sərəncamları Azərbaycan elminin, təhsilinin inkişafına yeni istiqamət və yüksəkixtisaslı kadr hazırlığına öz qiymətli töhfələrini verəcəkdir.   Bayram Aslanov (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri, "Melorasiya və su təsərrüfatı  tikintisi" kafedrasının baş müəllimi):   -İlk öncə başlayaq ödənişli təhsilalan tələbələrə təqaüd alabilmə imkanının yaradılması məsələsindən. Mənim fikrimcə, tələbələrin təqaüdü ilə bağlı verilmiş bu qərar onların təhsil həyatına çox böyük  müsbət təsirini göstərəcək. Son illər tələbələr arasında sağlam bir rəqabət formalaşıb ki, bu da öz növbəsində inkişaf üçün çox vacibdir.Tələbələr arasında apardığımız müşahidələr onu deməyə əsas verir ki,  bu qərar ödənisli əsaslarla təhsil alan tələbələri sanki təhsil uğrunda bir marafona  səslədi.Və tələbələr artıq bu marafonda birincilik uğrunda böyük əzmlə mübarizə aparmağı qərarlaşdırıblar. Təhsil alan gənclərin təqaüdlərinin artırılması  haqqında dövlət başçısının bir daha düşünməsi, tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı verdiyi  fərman və sərəncamları neft kapitalının insan kapitalına çevrilməsi yolunda böyük addımlarla irəliləməkdə olduğumuzun əyani sübutudur. Yeni artımla tələbələrin alacaqları təqaüd onların gündəlik xərclərini ödəməklə bərabər, həm də daha mükəmməl təhsil almaları üçün böyük bir motivasiyadır. Əlbəttə ki,  daha yaxsı oxumağa can atan tələbə birmənalı olaraq daha yaxsı bir gənclik, layiqli bir vətəndaş olaraq yetişəcək, təhsil aldığı ixtisası üzrə gözəl bir mütəxəssis kimi formalaşacaqdır. Bu isə gəncliyimizə və gələcəyimizə edilmiş ən gözəl töhfələrdəndir.   Şahmar   Rəfili (Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının doktorantı):   -Azərbaycan Respublikası Prezidentinin doktorantların, ali və orta təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrinin təqaüdünün artırılması barədə sərəncamı bir doktorant kimi məni də sevindirdi. Bu artım doktorantura pilləsində təhsil alan tələbələr üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, alacağımız bu təqaüd tədqiqat işləri ilə məşğul olmağımız və apardığımız  tədqiqatların nəticələrini nəşr etdirmək üçün lazım olan xərcləri qarşılayacaqdır. Mən Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib artıq doktorant kimi öz təhsilimi davam etdirirəm. Cənab Prezidentin təhsilə, gənc doktorantlara, tələbələrə göstərdiyi qayğı və dəstək zəmin yaradır ki, biz doktorantlar  bu pilləni də uğurla başa vuraraq və vətənə layiqli bir elmi işçi kimi yetişək.   “Azərbaycan müəllimi” qəzeti

“Bizim müəllim”

“Bizim müəllim” layihəsi bu dəfə Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, «Mənim əsas vəzifəm yaxşı vətəndaş yetişdirməkdir” devizini özünə amal seçən Təbriz Nurəddinlini təqdim edir. Təbriz Nurəddinli 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 57 bal toplayıb. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimat mərasimi

Fevralın 21-də XV Avropa Gənclər Olimpiya Festivalına 150 gün qalması münasibəti ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimat mərasimi keçirilib. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa ölkələrinin Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər. Mərasimə fəxri qonaq qismində Avropa və Asiyanın 10 Olimpiya Komitəsindən nümayəndələr də qatılıb. Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə proqramın yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Avropa Gənclər Olimpiya Festivalının 28 illik tarixində ilk dəfə Azərbaycanda keçirilir. Çingiz Hüseynzadə proqramın uğurlu icrasının Olimpiya mədəniyyəti və təhsilinin təşviqində yeni səhifə açacağına əminliyini bildirib.   Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır. Nazir Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. Ceyhun Bayramov deyib ki, belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynayır. “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdıran nazir bildirib ki,  proqram çərçivəsində seçilmiş məktəblər Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də Avropa ölkələrinin mədəniyyəti, tarixi, incəsənəti və idmanını ölkəmizdə təbliğ edəcəklər. Bu məqsədlə Bakı şəhərindən 49 məktəb seçilib, nəzərdə tutulduğu kimi, hər məktəbə bir Avropa ölkəsi təhkim edilib. Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Azad Rəhimov “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün faydasından danışıb. Nazir proqramın təqdimat mərasiminin festivala 150 gün qalmış keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirərək,  bunun ümumi hazırlıq prosesinin uğurla davam etməsindən xəbər verdiyini söyləyib.   Daha sonra “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı”na dair videoçarx nümayiş olunub. Tədbir bədii-musiqili hissə ilə davam edib. Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində baş tutacaq Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Proqramın uğurlu icrası və məktəblər arasında kommunikasiya işini təmin etmək üçün www.ocep2019.az və @OCEP2019 adlı internet, həmçinin sosial media səhifələri yaradılıb.

Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb.   “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilən müsabiqə 4 mərhələdə keçirilib. Müsabiqəyə ölkə üzrə 604 vakansiya çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən 1576 nəfərin elektron ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə (imtahan mərhələsi) buraxılıb. Bu mərhələyə qatılan 1412 nəfərdən 730-u müsabiqənin sonuncu mərhələsində - müsahibədə iştirak edib.    5 dekabr 2018-ci il - 26 yanvar 2019-cu il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə əsasən, 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsində təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb. Müsabiqədə uğur qazanan namizədlər fevralın 25-dən öz vəzifələrinin icrasına başlayacaqlar.   Yeni təyin olunan direktorların siyahısı

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Təhsil Nazirliyinin beynəlxalq "Algoritmika" şirkəti ilə birlikdə həyata keçirdiyi "Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov 20-21 fevral tarixlərində Parisdə Təhsildə  İnnovasiyalar  üzrə Dünya Sammitində (WISE) iştirak edib. Sammitə YUNESKO-nun baş direktoru Odre Azule, Baş direktorun təhsil üzrə müavini Stefaniya Giannini, Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, həmcinin nüfuzlu təhsil mütəxəssisləri, müəllimlər qatılıb. Tədbir iştirakçıları təhsil sahəsində baş verən problemləri müzakirə edib, təcrübələrini bölüşüblər. Sammit çərçivəsində təhsilin gələcəyi ilə bağlı 30-dan çox görüş keçirilib. “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri bu görüşlərdə, həmçinin 6 praktik sessiyada iştirak edib. Qeyd edək ki, Təhsildə  İnnovasiyalar  üzrə Dünya Sammiti 2009-cu ildən etibarən hər il keçirilir, təhsil sahəsində tədqiqatlar aparan maraqlı tərəfləri bir araya gətirir. “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumtəhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.

“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı

Fevralın 21-də BP şirkətinin təşkilatçılığı ilə “Autizm spektr pozuntusu (ASP) olan şəxslərə dəstək” layihəsinin təqdimatı keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak ediblər. BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin məqsədi autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək və inklüziv düşüncə tərzini artırmaqdır. Bu məqsədlə layihəyə bir sıra xüsusi fəaliyyətlərin icrası üçün beynəlxalq ekspertlər cəlb olunacaq. Layihə çərçivəsində autizmli şəxslərin innovativ üsullarla müalicəsi, valideyn və mütəxəssislərin təlimi, icmalarda təbliğat və məlumatlandırma proqramları həyata keçiriləcək. Müddəti 10 ay olan layihə “Birgə və sağlam” İctimai Birliyi tərəfindən yerinə yetiriləcək. Heydər Əliyev Fonduna və BP şirkətinə təhsilin inkişafına verdikləri dəstəyə görə təşəkkür edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, inklüziv təhsil proqramlarının qəbulu Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Nazir müavini diqqətə çatdırıb ki,  Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslərə 2004-cü ildən başlanılıb. “Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı YUNESCO-nun maliyyə dəstəyi ilə 3 pilot layihə həyata keçirilib. Layihə nəticəsində 15 ümumi, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. Layihələrin müddətinin bitməsinə baxmayaraq, inklüziv təhsilə cəlb edilmiş şagirdlər müəssisələrdə təhsilini davam etdirirlər. Nazir müavini 2015-2016-cı tədris ilindən YUNİSEF-lə birgə əməkdaşlıq çərçivəsində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıldığını deyib. Layihə çərçivəsində xüsusi təhsil sahəsində köklü islahatların aparılması, sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi və bu sahədə yeni yanaşmaların tətbiqi həyata keçirilib. 4 pilot məktəbdə ümumilikdə 54 nəfər sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub. Həmin şagirdlərdən 1-i autizm spektr pozuntusu olan uşaqdır. Bildirilib ki, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkil olunması məqsədi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramının icrası ilə bağlı müzakirələrin təşkili və təkliflərin hazırlanması üçün nazirliyin müvafiq əmri ilə İşçi Qrupu yaradılıb, bir sıra tədbirlər həyata keçirilib.

Tvinninq layihəsi çərçivəsində növbəti iclas

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası olub. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin Azərbaycanın ali təhsilinə verəcək töhfəsindən danışıb və bu layihə sayəsində ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına öz inamını ifadə edib. Sonra layihənin Fransadan olan rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış edib, layihənin uğurla nəticələnməsinə əmin olduqlarını bildiriblər. Layihənin Fransa üzrə koordinatoru Liza Baydanova ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb üçün planlaşdırılan tədbirləri səsləndirib. Sonda Layihə İdarəetmə Komitəsinin növbəti iclasının cari ilin may ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib. Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyi ilə görüşüb və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Ən çox onlar sevinir

Dövlət başçısının sərəncamları tələbə məmnunluğuna səbəb olub   Ölkə başçısı İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin  artırılması ilə bağlı verdiyi sərəncamlardan bəhrələnənlər təbii ki, gənclərimizdir. Martın 1-dən onlar təqaüdlərini yeni artımla alacaqlar. Artıq tələbələr arasında rəqabət güclənib.Onlar yaxşı bilirlər ki, kim daha yaxşı oxuyacaqsa, kimin  akademik göstəriciləri yüksək olacaqsa, o da artımdan faydalana biləcək. Bakalavriat təhsilindən sonra magistraturada, daha sonra isə  doktorantura təhsili almaq istəyənlərin sayında da artım proqnozlaşdırılır. Təhsil mütəxəssisləri belə deyir... Bəs tələbələr özləri nə düşünür?  Elmir Sadıqov (Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının maliyyə ixtisası üzrə III kurs tələbəsi): -Hazırda UNEC-də Azərbaycanda ilk dəfə əsası qoyulan Tələbə-Rektor İnstitunun tələbə-rektor vəzifəsini icra edirəm. Məlumat üçün bildirim ki, bu bizim universitetdə  yaradılan bərabər hüquqlu idarəetmə orqanıdır. Tələbələrlə rektor arasında əlaqələri quran vasitəçi  və tələbə təşkilatlarının işinə nəzarət edən orqandır. Mənim üçün  belə bir məsuliyyətli vəzifəni aparmaq qürurvericidir.  Universitet daxilində ictimai fəaliyyətlə məşğul olmağımdan və strateji vəzifəni icra etməyimdən asılı olmayaraq, elmi yöndə olan fəaliyyətimə və akademik göstəricilərimin yüksəlməsinə də xüsusi diqqət ayırıram. Oxuduğum 3-il ərzində, bir neçə dəfə dövlət təqaüdündən, eləcə də Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan gənclərə  ayırdığı təqaüddən yararlanmışam. Təhsil aldığım dövrdə akademik göstəricilərimin yüksəkliyinə əsasən əldə etdiyim ümumi təqaüd məbləğlərində illər üzrə kifayət qədər fərqlər olmuşdur. Belə ki, ölkə başçısı İlham Əliyevin tələbələrə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində tələbə təqaüdlərinin məbləği bir neçə sərəncamla, əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatmışdır.Təkcə bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdünün dəyəri üzərindən müqayisə aparsaq görərik ki, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ildən qüvvəyə minən artımına  əsasən əlaçı təqaüdü 95 manat idi. Lakin cənab Prezidentin ötən həftə  verdiyi sərəncama əsasən bakalavriat səviyyəsi üzrə əlaçı təqaüdü 130 manat dəyərində müəyyənləşib. Əvvəlki ilə yeni təqaüd arasında 35 manat fərq var.  Ardıcıl olaraq verilən məqsədyönlü sərəncamlar  və onların verdiyi yüksək nəticələr,  tələbə məmnunluğunun səviyyəsinin artımı Prezident İlham Əliyevin gənclərə və gəncliyə olan həssas niyyətindən xəbər verir.   Ölkəmizdə gənclər sektoru üzrə aparılan uğurlu siyasət, artıq bütün  gənclərdə sözün əsl mənasında gələcəyə nikbin baxışın vacibliyini aşılayıb. Maddi durumu çətin olan hər hansı tələbə, təhsil aldığı dövrdə qarşılaşdığı çətin situasiyalarda dövlətin ona olan xüsusi qayğısını hiss edir. Mədinə Əli (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi): -Yaxşı oxuyan tələbə olaraq təqaüdümün artması xəbərini sevinclə qarşıladım.  Bu xoş  xəbər mənim kimi bir çox tələbənin də sevincinə səbəb oldu. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz gəncləri daim diqqət mərkəzində saxlayır, qayğı və dəstəyini əsirgəmir. Sosial şəbəkələri izləyən insan olaraq deyə bilərəm ki,  bu sərəncamlar hər kəs tərəfindən  rəğbətlə qarşılanıb. Belə ki, yazılan rəylər, söylənilən fikirlər bunu deməyə əsas verir. Prezidentimizin təhsilin inkişafına yönəlmiş islahatları bir gənc olaraq məni qürurlandırır, gələcəyə böyük inam yaradır. Təhsilimi bakalavr pilləsi ilə məhdudlaşdırmağı düşünmürəm. Gələcəkdə magistratura  və doktorantura səviyyələrində təhsil almaq qarşıma qoyduğum əsas hədəflərdəndir. Bilirəm ki,  təhsilin həmin pillələrində oxuyan gənclərin də təqaüdləri artıb. Həmin vəsaitlə  sosial xərclərimi ödəməyə, elmi işlərimi öz hesabıma yerinə yetirə biləcəyimə artıq əminəm. Nəzrin Əliyeva (Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin II kurs tələbəsi): -Ölkə başçısı tərəfindən imzalanan sərəncamlar  biz tələbələrin sosial qayğılarının azalmasına əhəmiyyətli təsir göstərəcək. Düşünürəm ki, təhsil haqqı xərclərimizi üzərinə götürən ailələrimizə  yük olmayacağıq. Artıq  təqaüdlə özümüzün vacib ehtiyaclarımızı ödəyə, asudə vaxtımızı səmərəli keçirə bilərik. Və ya həmin vəsait hesabına  özümüzü inkişaf etdirə, dil  yaxud  kompüter biliklərimizi artıra  bilərik. Təqaüdlərin artırılması tələbələrin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Belə ki, biz tələbələr arasında yaxşı oxuyub təqaüdü qazanmaq uğrunda rəqabət güclənəcək. Bal kriteriyalarına görə fərqlənən təqaüdü əldə etmək üçün öz üzərimizdə daha çox çalışıb yüksək nəticələr əldə edəcəyik. Bir neçə il bundan əvvəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlərin verilməsi ilə bağlı qərarı xatırlatmaq istəyirəm. Bu addım tələbələr tərəfindən müsbət qarşılanmışdı. Nəhayət ki, belə bir ədalətli qərarın verilməsi biz  gəncləri çox sevindirmişdi. Məhz bu qərardan sonra təqaüd uğrunda yaxşı mənada "mübarizə" başlanmış, ən layiqlilər təqaüdü qazanmışdı və bu yarış hazırda da davam edir. Təqaüdlərimizin artması yəqin ki, bu prosesə bir az da təkan verəcək, ən yaxşılar, ən savadlılar onu qazanmaq üçün daha çox çalışacaqlar. Həmayə İSAYEVA (Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin I kurs tələbəsi): -Təhsilimiz günü-gündən inkişaf edir. Bu inkişaf isə biz tələbələri çox sevindirir. Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı mövcuddur. Artıq 1 ildir ki, ADPU-nun İbtidai təhsil fakültəsində təhsil alıram. Burada rektor, professor  Cəfər Cəfərovun rəhbərliyi ilə aparılan məqsədyönlü işlər nəticəsində çox ciddi nizam-intizam, imtahan sessiyasında şəffaflıq, obyektivlik hökm sürür. Bu fakültədə oxumaqdan məmnunam. Bu günlərdə Prezident İlham Əliyev təqaüdlərimizin artırılması ilə bağlı sərəncam imzalayıb. Bu, biz tələbələr üçün xoş bir hadisədir. Dövlət sifarişi ilə oxuduğum üçün 60 manat alırdım. İmtahanlarda yüksək nəticə göstərdim və  zərbəçi oldum. İndi 110 manat təqaüd alacağam. Əlaçı tələbə yoldaşlarım isə 130 manat alacaq. Bu artım məni və bütün yoldaşlarımı təbii ki, çox sevindirir. Təqaüdüm yeni kitablar almağıma, müxtəlif dil kurslarında iştirak etməyimə kömək edəcək. Bu artım bizə yalnız maddi  deyil, həm də  mənəvi dəstəkdir. Belə ki, yoldaşlarımız arasında yaxşı mənada rəqabət hissini gücləndirib. Dövlət başçısı İlham Əliyevə biz gənclərə hər zaman qayğı və diqqət göstərdiyinə görə  ailəm, tələbə yoldaşlarım və öz adımdan dərin minnətdarlığımı bildirirəm.     “Azərbaycan müəllimi” qəzeti

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Fevralın 20-də ADA Universitetində məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib. İclasda bu il avqustun 4-dən 11-dək Bakıda keçiriləcək olimpiadaya hazırlıq prosesi, təşkilat komitələrinin və tərəfdaş qurumların fəaliyyəti müzakirə olunub. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məktəblilər arasında keçiriləcək 31-ci beynəlxalq olimpiadaya Azərbaycanın ev sahibliyi edəcəyini yüksək dəyərləndirib. Universitetin tədris proqramı və fəaliyyət istiqamətləri barədə məlumat verən rektor bu ali məktəbdə informasiya texnologiyaları və mühəndislik fakültəsinin olduğunu diqqətə çatdırıb. Beynəlxalq İnformatika Olimpiadasının ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirildiyini deyən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan bu bilik yarışına 1994-cü ildən qoşulub. Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar. Azərbaycanın ilk dəfə 2019-cu ildə bu nüfuzlu elm yarışına ev sahibliyi edəcəyini deyən F.Qurbanov bu əlamətdar hadisəni yüksək dəyərləndirib. Qeyd edilib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi haqqında qərar Yaponiyanın Tsukuba şəhərində məktəblilərin IOI 2018-in bağlanış mərasimində elan edilib və olimpiadanın bayrağı Azərbaycanın nümayəndə heyətinə təqdim olunub. Diqqətə çatdırılıb ki, beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün Təhsil Nazirliyi tərəfindən təşkilat komitəsi yaradılıb. Olimpiadaya bu il 90-a yaxın ölkədən təxminən 500-dən çox şagird və müəllimin qatılacağı gözlənilir. Nazir müavini builki yarışmada azərbaycanlı məktəblilərin uğurlu nəticələr göstərəcəyinə əminliyini bildirib. Müasir dünyada texnologiyaların inkişafının gələcək üçün vacibliyini qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə başçısı tərəfindən İKT-nin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də İKT ilə bağlı yeniliklərin ölkəmizə gətirilməsdir. Bu mühüm tədbirə ölkəmizin ev sahibliyi etməsi və hazırlıq prosesinin yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir. Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Qreq Li fevralın 17-dən 21-dək Bakıda IOI 2019-un qış iclasının keçirildiyini söyləyib. Nəzərə çatdırıb ki, üçgünlük səfər çərçivəsində olimpiadanın beynəlxalq təşkilat komitəsinin üzvləri ötən ilin sentyabrından ölkəmizdə başlanan hazırlıq prosesi ilə tanış olub, yarışın keçiriləcəyi məkanları və texniki imkanları təftiş ediblər. Olimpiadaya hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyən Qreq Li Azərbaycanın bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını deyib. ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti barədə məlumat verib. Bildirib ki, olimpiadanın əsas yarışı Milli Gimnastika Arenasında, digər tədbirlər isə Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi və “Bulvar Hotel”də keçiriləcək. Xatırladılıb ki, IOI 2018-in bağlanış mərasimində təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı ölkəmizin təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub. Sonra beynəlxalq və yerli təşkilat komitəsinin üzvləri iştirakçılara təqdim olunub. Qonaqlar təmsil etdikləri qurum və təşkilat tərəfindən olimpiadaya hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.   AZƏRTAC

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə üçgünlük rəsmi səfəri başa çatıb. Səfərin sonuncu günü Ankaradakı Heydər Əliyev Məktəbi ilə tanışlıq olub. Burada məktəbin fəaliyyəti və tədris metodikası barədə ətraflı məlumat verilib. Məktəbdə sagirdlərin Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən rəsm sərgisi ilə tanışlıq olub. Ceyhun Bayramov Azərbaycan Təhsil Nazirliyi adından məktəbə ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, o cümlədən Heydər Əliyev Fondunun ölkəmizin həqiqətlərinə və mədəniyyətinə aid çap etdirdiyi nadir nəşrləri hədiyyə edib. Məktəbin qapalı idman və konsert zalında müəllim və şagirdlərin iştirakı ilə toplantı təşkil olunub. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar və Heydər Əliyev Məktəbinin müdiri Necati Şəngəzərin çıxışları dinlənilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün şəxsiyyətlərinin ucalığından bəhs edən çıxışçılar bildiriblər ki, hər iki tarixi şəxsiyyət ölkələrimizdə elm və təhsilin inkişafına xüsusi diqqət veriblər. Onların təhsil sahəsində qəbul etdikləri qərarlar tarixi missiya daşıyıb. Vurğulanıb ki, Heydər Əliyevin adını daşıyan məktəbdə oxumaq həm şərəfli, həm də məsuliyyətlidir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan çıxışçılar qeyd ediblər ki, ölkələrimizdə təhsilin inkişafı, o cümlədən bu sahədə əlaqələrimizin böyük bəhrəsi dahi liderlərin arzu və istəklərinin gerçəkləşməsidir. Çıxışlardan sonra şagirdlər zəngin bədii və idman proqramı təqdim ediblər. Azərbaycanın gözəlliyini və əzəmətini, Türkiyə ilə qardaşlığımızı tərənnüm edən şeirlər söylənilib, maraqlı idman nömrələri göstərilib. Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin milli təhsil naziri Ziya Səlcuk arasında görüş olub. Görüşdə Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin müvafiq nazirlikləri arasında əlaqələrin dinamik inkişafını yüksək dəyərləndiriblər.   AZƏRTAC

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı