SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib
Aprelin 7-də “Frankofoniya həftələri” çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) “Frankofon universitet sərgisi 2019” keçirilib. Sərginin açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Fransa əlaqələrinin tarixindən, eləcə də iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan danışıb. Qeyd edib ki, müasir dövrdə iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni zirvədədir. Azərbaycanın 345 orta məktəbində 59947 şagird fransız dilini xarici dil kimi öyrənir, 7 ali təhsil ocağında fransız dili xarici dil kimi tədris edilir. Bakı Slavyan Universitetində V.Hüqo adına fransız dili və mədəniyyəti mərkəzi, Azərbaycan Dillər Universitetinin nəzdində Fransa məlumat mərkəzi Azərbaycanda fransız dilinə və ədəbiyyatına diqqət yetirilməsinə imkan yaradır. “SABAH” qruplarında 2015-2018-ci illərdə Fransa səfirliyinin dəstəyi ilə fransız müəllimlər tərəfindən bu dil tədris edilib. Habelə 2011-ci ildə Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü və dəstəyi ilə yaradılmış Bakı Fransız Liseyi uğurla fəaliyyət göstərir. Hazırda liseydə 150 şagird təhsil alır. Azərbaycan-Fransız Universitetində 400-dən çox tələbə təhsil alır. Burada hər il dövlət sifarişi ilə yerlər ayrılır. Cari tədris ilində universitetə qəbul edilmiş 160 nəfərdən 120-si dövlət sifarişi əsasında təhsil alır. Bu universitetin maddi-texniki bazası ən yüksək səviyyədə olub, müasir tələblərə cavab verir. UFAZ həm Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, həm də Strasburq Universitetinin diplomunu verə bilir. İkili diplom proqramlarının tətbiqində UFAZ-ın fəaliyyəti Azərbaycan üçün bir nümunədir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əsas istiqamətlərdən biri də ikili diplom proqramının tətbiqi ilə bağlıdır. Bizim digər universitetlərimiz, məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti də Fransa universitetləri ilə bu istiqamətdə fəaliyyətlərini gücləndirirlər. Bunlar iki ölkə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrin çox güclü olduğunu göstərir. Bu əlaqələrə bariz nümunələrdən biri olan “Frankofon universitet sərgisi 2019” da əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı qeyd edib ki, XIX əsrin axırlarında Bakıda əsas xarici dil kimi fransız dili xüsusi yer tutub. Bu fakt hələ o dövrdə iki xalqın mənəvi cəhətdən bir-birinə yaxın olduğunu göstərir. Eləcə də Azərbaycan Xalq Cümhuriyyət dövründə Azərbaycan müstəqil dövlət kimi öz sözünü məhz Parisdə deyə bilib. Sonrakı dövrdə Fransa Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk dövlətlərdən olub. Azərbaycan-Fransız Universiteti fransız dilini, mədəniyyətini Azərbaycana gətirmək baxımından çox gözəl layihədir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu layihənin bir hissəsi olmaqdan qürur duyur. Məqsədimiz UFAZ-ın keyfiyyətini daha yüksəyə qaldırmaqla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bütün proqramlarını, bütün tələbələrini həmin səviyyəyə gətirməkdir. Fransanın Azərbaycandakı səfiri Orelia Buşez “Frankofon universitet sərgisi”nin Bakıda ikinci dəfə təşkilindən məmnunluğunu bildirib. Qeyd edib ki, dünyanın 120 ölkəsində 900-dək frankofon universitet mövcuddur. UFAZ ən uğurlu universitet modelllərindən biridir və Fransada bir nümunə olaraq təqdim edilir. UFAZ-da təhsil alan tələbələrin qarşısında geniş imkanlar mövcuddur. Eləcə də Azərbaycan məktəblərində fransız dili yüksək səviyyədə tədris edilir. Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku, Moldova səfiri George Leuka öz ölkələrində fransız dilinin tədrisi ilə yanaşı, Azərbaycanla təhsil sahəsində əməkdaşlıqdan da söz açıblar. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin “Erasmus+” proqramından danışıb, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsini qeyd edib. Tədbir iştirakçıları sərgi ilə tanış olublar. “Frankofon universitet sərgisi” 2018-ci ildə Bakıda Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Beynəlxalq Frankofoniya Təşkilatının bir sıra üzv və müşahidəçi ölkələrinin əməkdaşlığı çərçivəsində yaradılıb. Azərbaycanda “Frankofoniya həftələri” çərçivəsində keçirilən bu tədbirin məqsədi iştirakçı universitetlərin ali təhsil imkanlarını təqdim etməklə fransız dilinin öyrənilməsinin üstünlüyünü vurğulamaqdan ibarətdir. Daha sonra sərgi iştirakçıları təqdimatlar ediblər. AZƏRTAC
08/04/2019 10:52
Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması üçün ciddi islahatlar aparılır
Aprelin 6-da Heydər Əliyev Mərkəzində “CEO” şirkəti (ceo.az), Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturunun təşkilatçılığı ilə fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçirilib. Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir. Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib və görülən işlərdən danışıb: “Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq uşaq hüquqlarının müdafiəsi sahəsində əsaslı nailiyyətlər əldə olunub. Ölkəmizdə uşaq hüquqlarının qorunması üçün güclü qanunvericilik bazası mövcuddur. Azərbaycanda hər bir uşağa bərabər imkanların yaradılması, təhsil, tibb, istirahət və digər xidmətlərin daha əlçatan olması üçün ciddi islahatlar aparılır. Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan və 16 yaşadək əlilliyi olanlara sosial müavinətlər verilir. Artıq 4 ildir ki, autizmli uşaqlara sosial müavinət təyin edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların hərtərəfli inkişafı üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bütün uşaqlar üçün, əsasən də xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayanların müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Uşaq hüquqlarının müdafiəsi üzrə ciddi nəzarət və monitorinq mexanizmi də yaradılıb ki, bu da müvafiq dövlət qurumlarının uşaqlara dair məsələləri daha çox diqqətdə saxlamalarına səbəb olub. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb, bütün rayonlarda uşaqlara qarşı zorakılıq faktlarının aşkarlanması üzrə monitorinq qrupları fəaliyyət göstərir”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşıldığını, problemlərinin həlli istiqamətində zəruri addımlar atıldığını bildirib: “Dövlətimiz uşaqların sağlam inkişafı üçün daim müvafiq tədbirlər görür. Bu baxımdan ötən ilin sonlarında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu xüsusi vurğulamaq istərdim. Qanuna əsasən, Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilələr icbari tibbi sığorta haqqından azaddırlar. Onlar üçün müəyyən edilmiş illik tibbi sığorta haqqı - 120 manat dövlət büdcəsi hesabına ödəniləcək. İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanların 27 faizini uşaqlar təşkil edir. Onlar icbari tibbi sığortanın baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. Pilot layihə müddətində agentlik Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşağın əməliyyat olunmasını təmin edib”. Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına dair atılan addımlar barədə danışıb: “Dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Onlardan 93 milyon nəfəri 14 yaşadək olan uşaqlardır. Azərbaycanda 18 yaşadək uşaqlar arasında sağlamlıq imkanları məhdud olanların sayı təxminən 70 mindir. Həmin şəxslər xüsusi qayğıya ehtiyacı olan təbəqə kimi daim diqqət mərkəzindədir. Onların bütün hüquqları digər şəxslərlə bərabər dövlət tərəfindən təmin edilir. Həmin uşaqların təhsilalma hüquqları da konstitusion hüquqlardan biridir. Ölkəmizdə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və ölkə başçısının Sərəncamı ilə təsdiq edilib. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir, həmçinin onların həyata və cəmiyyətə fəal inteqrasiyası təmin edilir. Azərbaycanda 15 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təsirə cəlb edilib. Bu gün də həmin təhsil müəssisələrində inklüziv təhsil davam edir. Təhsil Nazirliyi UNICEF-lə birgə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlayıb, paytaxtın dörd məktəbində 54 nəfər sağlamlıq imkanları məhdud şagird inklüziv təhsilə cəlb olunub, onların xüsusi təhsil ehtiyacları qiymətləndirilib, fərdi təlim proqramları hazırlanıb və müəllimlər təlimlərə cəlb edilib. Eyni zamanda, cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində dərs alır”. Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov Fondun sağlamlıq imkanı məhdud uşaqların və gənclərin sağlamlıqlarının mühafizəsinə, təhsil almalarına, sosial problemlərinin həllinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırıb: “Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların tərbiyəsi, təhsili, inkişafı üçün güclü maddi-texniki baza ilə təmin olunmuş mərkəzlərin yaradılması, həmin mərkəzlərdə yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva müntəzəm olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyə və tibbi xidmət aldığı müəssisələrə baş çəkir və orada uşaqlar üçün yaradılmış şərait, uşaqların tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından tanış olurlar”. Departamentin rəisi təhsil sahəsində aparılan siyasətin icrasına dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən bir sıra proqram və layihələrin uğurla icra olunduğunu da qeyd edib. BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası və adaptasiyasına yönəlmiş tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun cəmiyyətin ictimai-sosial həyatında fəal iştirak etdiyini və əsasən təhsil sahəsindəki təşəbbüsləri dəstəklədiyini bildirib: “İnklüziv təhsil də belə təşəbbüslərin tərkib hissəsidir. Son layihələrdən biri “Birgə və Sağlam” İctimai Birliyi ilə həyata keçirdiyimiz “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsidir. İlk dəfə məhz bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, o cümlədən həmin bazaya və beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və valideynlərin cəlb edilməsi ilə təlimlərin təşkili nəzərdə tutulub. Məqsədə çatmaq üçün layihəyə beynəlxalq ekspertlər də cəlb olunub”. Konqres panel müzakirələrlə davam etdirilib. Qeyd edək ki, Tədbir “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilib. Konqresin baş tərəfdaşı qismində BP çıxış edib. Tədbir Shokki Mokki brendi, həmçinin “Halliburton”, “ACE Group Consultants”, “Art Trio”, “Credo” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənib. Təşkilati dəstək “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən göstərilib.
07/04/2019 11:26
Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib
Aprelin 6-da ADA Universitetində “FIRST LEGO League” mühəndislik və robot texnologiyası üzrə olimpiada keçirilib.1998-ci ildən etibarən Danimarkanın “Lego Education” və ABŞ-ın “First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya olan maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir. 2018-2019-cu il mövsümü üzrə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan turnirin builki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanır. Keçirilmiş yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın münsiflər heyəti Türkiyə Respublikasından dəvət olunmuş beynəlxalq ekspertlərdən və ADA Universitetinin müəllimlərindən ibarət olub. Mükafatlandırma mərasimində çıxış edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bildirib ki, son illər “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq “Lego Education” təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlərimiz bu cür beynəlxalq robot texnologiyaları yarışlarına cəlb olunublar. Tədbirdə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1998-ci ildən etibarən Danimarkanin “Lego Education” və ABŞ-ın “First” şirkətlərinin birgə layihəsi kimi təşkil olunan “FLL” turnirinin məqsədi uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərinin həllinə töhfə verməkdir. “Mars Asademy”nin rəhbəri Elnarə Nəbiyeva rəhbərlik etdiyi şirkətin uşaqlar üçün robot texnologiyaları üzrə kurslar təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır. Tədbirdə qeyd edilib ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır. Tədbirin sonunda turnir iştirakçıları medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunublar. Çempion olan iki komanda 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq Türkiyə Beynəlxalq Açıq Çempionatında iştirak hüququ qazanıblar. Qeyd edək ki, Azərbaycan hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə ilk dəfə 2017-2018-ci il mövsümündə qoşulub. Nəticədə yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən Beynəlxalq Açıq Çempionatda təmsil edib. Turnir hər il müxtəlif qlobal elmi və texnoloji problemlərə həsr olunur. Bura “Hidrodinamika – suyun səyahəti”, “Heyvanların qorunması”, “Okeanların qorunması”, “Yaşlılara yardım”, “Qlobal iqlim”, “Dünya təhsili” və digər mövzular daxildir.
06/04/2019 19:49
Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilir
Aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçirilir. Konqresin təşkilatçıları “CEO” şirkəti (ceo.az), Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturudur. Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir. Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, təhsil nazirinin müavini İdris İsayev, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov, BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası, təhsil alması, bilik və bacarıqlarının artırılması, sağlamlıqlarının mühafizəsi, onlar arasında xüsusi qabiliyyətə malik olanların aşkarlanması sahəsində görülmüş işlərdən danışıblar. Bildirilib ki, ölkəmizdə hər bir uşağa bərabər hüquqların yaradılması üçün ciddi islahatlar aparılır. Çıxış edənlər təmsil etdikləri qurumların xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr etdiyi layihələr barəsində məlumat veriblər. Tədbir “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Konqresin baş tərəfdaşı qismində BP çıxış edir. Tədbir Shokki Mokki brendi, həmçinin “Halliburton”, “ACE Group Consultants”, “Art Trio”, “Credo” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənir. Təşkilati dəstək “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən göstərilir. AZƏRTAC
06/04/2019 13:33
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə
Aprelin 5-də müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə yekun vurulur. Mövzu ilə bağlı sizi maraqlandıran suallara “Təhsil” televiziyasının “Təməl” verilişində cavab tapa bilərsiniz. Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir.
05/04/2019 16:38
Futzal üzrə respublika birinciliyinin açılış mərasimi
Aprelin 5-də Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ali təhsil müəssisələrinin rəhbərləri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair müvafiq sərəncamını xatırladaraq bu təhsil ocağının indiyədək nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini vurğulayıb. Nazir müavini bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində respublikamız artıq idman ölkəsi kimi dünyada layiqli yer tutur. Firudin Qurbanovun sözlərinə görə, bu yarışın əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliği və kütləviliyinə, perspektivli idmançıların aşkar edilməsinə və onların ustalardan ibarət komandalara cəlb edilməsinə nail olmaqdır. Nazir müavini qeyd edib ki, BDU-nun 100 illik yubileyinə həsr olunmuş futzal üzrə respublika birinciliyi genişmiqyaslılığı, mütəşəkkilliyi, eyni zamanda ictimaiyyət tərəfindən maraqla qarşılanması baxımından idman tariximizə yaddaqalan hadisələrdən biri kimi daxil olacaq. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra komandalar meydana çıxıb. İlk oyun Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin komandaları arasında keçirilib. Qeyd edək ki, 32 komanda, 600-ə yaxın tələbənin qatıldığı yarışda respublikanın bölgələrində fəaliyyət göstərən təhsil müəssisələri də iştirak edəcək. Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
05/04/2019 16:18
Peşə Təhsil Mərkəzində təlimlər
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində yerli və xarici ekspertlər tərəfindən master-klass təlimləri keçirilir. Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra olunan “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Təlimlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisəsinin müəllim-pedaqoji heyəti, tələbələr və layihənin nümayəndələri iştirak edir. Master-klass təlimləri aprelin 6-da da davam edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq mütəxəssislər tərəfindən təqdim edilmiş müasir avadanlıqların istifadəsi qaydaları ilə tanışlıqdır. Layihə çərçivəsində mərkəzdə tədris olunacaq yeni “Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Dağ mədən işləri üzrə mütəxəssis”, “Məişət soyuducu və istilik sistemlərinə xidmət üzrə mütəxəssis”, “Plastik boru qaynaqçısı”, “Tornaçı” ixtisasları üzrə müasir standartlara cavab verən emalatxana yaradılıb və lazımi avandanlıqlarla (CNC maşınlar, böyük politilen və etilen plastik qaynaq avadanlıqları, soyutma və isitmə avadanlıqları, ölçmə cihazları, torna cihazları və s.) təchiz edilib.
05/04/2019 16:08
“Oxu günü” tədbiri keçiriləcək
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Oxu günü” tədbiri keçiriləcək. “Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunur. Aprel ayı ərzində keçiriləcək belə tədbirlər respublikanın ümumi təhsil müəssisələrinin iştirakı ilə baş tutacaq. Tədbirlərdə ümumtəhsil məktəblərinin şagirdləri təqdimatlarla çıxış edəcəklər. “Oxu günü”ndə həmçinin məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər və digər təqdimatlar göstəriləcək. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş ediləcək. Artıq bir neçə ildir ki, hər il aprel ayı ərzində respublikanın rayon və şəhərlərinin ümumi təhsil müəssisələrində belə tədbirlər təşkil edilir.
05/04/2019 15:22
Müəllimlər üçün müsabiqə başa çatır
Respublikanın ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üçün elektron sənəd qəbulu aprelin 5-də başa çatır. Aprelin 1-dən start verilmiş müsabiqənin son bitmə zamanı 23:59-dur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.
05/04/2019 12:54
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə
Aprelin 5-də müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə yekun vurulur. Mövzu ilə bağlı sizi maraqlandıran suallara bu gün saat 17:00-da canlı olaraq yayımlanacaq “Təhsil” televiziyasının “Təməl” verilişində cavab tapa bilərsiniz. Veriliş nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq. Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir. Suallarınızı canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz.
05/04/2019 12:48
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı