SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Olimpiada qaliblərinin müsabiqədənkənar tələbə olmaq şansı
Respublika fənn olimpiadalarının final turu may ayında keçiriləcək. Fənn olimpiadalarının final mərhələsinə 574 şagird vəsiqə qazanıb. Finalda iştirak edəcək şagirdlərin adlı siyahısı www.olimpiada.edu.az saytında yerləşdirilib. Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi fevralın 3-də keçirilib. Bilik yarışında 32 986 nəfər 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edib. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Xatırladaq ki, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadalarının qalibləri isə olimpiadaya qatıldıqları fənnə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər. Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
09/04/2019 11:37
“Sabahın alimləri” yenə ən nüfuzlu bilik yarışında
2019-cu ildə ölkəmizi İntel İSEF-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək. 12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadə, eləcə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyevanın iştirakı nəzərdə tutulub. Qeyd edək ki, “Sabahın alimləri“ VIII Respublika müsabiqəsi 12-14 fevral 2019-cu il tarixlərində Bakı şəhərində keçirilib. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müsabiqənin müxtəlif mükafatlarına layiq görülüblər. Müsabiqənin qalibləri sırasından seçilən ən ümidverici gənclərimiz ABŞ-da, hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin iştirak etdiyi İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir. 2018-ci ildə ABŞ-ın Pitsburq şəhərində keçirilən müsabiqədə akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin hazırladıqları “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində xüsusi mükafatına layiq görülüb. Həmçinin həmin liseyin digər şagirdləri Adnan Bünyatov və Əliağa Abdullayevin hazırladıqları “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” adlı layihə “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi – Kiçik Elmi Akademiyası tərəfindən mühüm tədqiqat kimi 1000 ABŞ dolları məbləğində xüsusi mükafata layiq görülüb.
09/04/2019 11:00
“Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı”
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı” mövzusunda tədbir keçirilib. “Sağlam təhsil-sağlam millət” layihəsinin və ADPU-nun əməkdaşlığı çərçivəsində təşkil olunan tədbir ailədə uşaqlarla münasibətlərin düzgün qurulması, onların fiziki və pisixi sağlamlığına qayğı, təhsil müddətində sosial adaptasiyasına nəzarət, çətin məqamlarda mütəxəssis dəstəyindən yararlanmaqla bağlı maarifləndirmə məqsədi daşıyıb. ADPU-nun SABAH qrupları mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova mövzunun aktuallığını diqqətə çatdıraraq tədris müddətində gələcəyin pedaqoqları ilə sözügedən istiqamətdə araşdırma aparılmasının vacibliyindən, bu təbliğatın ailə, cəmiyyət dəyərlərinin möhkəmləndirilməsinə əhəmiyyətli təsirindən danışıb. Daha sonra Azərbaycan Tibb Universitetinin (ATU) “Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Babayeva, Bakı Dövlət Universitetinin (BDU) psixologiya kafedrasının müəllimi Aynur Bünyatova, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının müəllimi Nigar Şahhüseynbəyova təqdimatlarla çıxış ediblər. Sonda tələbə və valideynlərin sualları cavablandırılıb.
09/04/2019 09:57
Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatı
Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib. Xatırladaq ki, 6 aprel tarixində Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunduğu kimi Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir. Aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
08/04/2019 19:19
NİZAMİ layihəsi çərçivəsində yekun görüş olub
Fransanın Monpelye Universitetində “Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil Məkanının tələbələrinə uyğun yenidən strukturlaşdırılması - NİZAMİ” layihəsi ilə bağlı yekun görüş keçirilib. Görüşdə layihə çərçivəsində iş planına uyğun olaraq Təhsil Nazirliyi, AMEA və tərəfdaş ali təhsil müəssisələrinin yekun hesabatları dinlənilib. Mərasimdə layihənin əhəmiyyəti, əsas nəticələri və perspektivləri müzakirə olunub, tərəfdaş universitetlərin hesabatları dinlənilib. Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinə təqdim etmək üçün yekun hesabat hazırlanıb. Qeyd edək ki, adıçəkilən layihə 2014-cü ildən Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb və ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və 9 ali təhsil müəssisəsinin, eləcə də Avropanın 5 aparıcı universitetinin iştirak etdiyi NİZAMİ milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır. Layihə çərçivəsində ali təhsil pilləsinin hər üç səviyyəsini əhatə edən yeni standartın layihəsini, doktorantura səviyyəsində koordinasiyanı gücləndirmək, keyfiyyəti və şəffaflığı təmin etmək məqsədi ilə Milli İdarəetmə Portalı (demo versiya), doktorantura səviyyəsində təhsilalanlar üçün Azərbaycan və ingilis dillərində təlimat kitabçasının, elmi rəhbərlə doktorant arasında bağlanılacaq razılaşma sənədinin nümunələri hazırlanıb, pilot universitet olaraq Xəzər Universitetində Avropa təcrübəsi əsasında ölkədə ilk dəfə olaraq Doktorantura Məktəbi yaradılıb. Bununla yanaşı layihənin daha bir nəticəsi olaraq AMEA və ADİU-nun Fransanın Monpelye Universiteti ilə ali təhsilin müxtəlif səviyyələrində ikili diplom proqramlarının icrası ilə bağlı imzalanmış müqavilələri göstərmək olar.
08/04/2019 17:27
Rektorlar niyyət protokolu barədə danışıb
Azərbaycan Dövlət Aqrar Universitet ilə Ege Universiteti arasında kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair niyyət protokolu imzalanıb. Niyyət protokolu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budak "Təhsil" televiziyasının "Təməl" verilişində ətraflı məlumat verib.
08/04/2019 15:39
Təhsil Nazirliyində niyyət protokolu imzalanıb
Aprelin 8-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyə Respublikasının Ege Universiteti arasında niyyət protokolu imzalanıb. Protokolun imzalanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması üzrə danışıqların aparılması məqsədinə xidmət edir. İmzalanma mərasimində təhsil naziri Ceyhun Bayramov və kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib. Niyyət protokolu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budak tərəfindən imzalanıb. Niyyət protokolu Azərbaycan Dövlət Aqrar Universitet ilə Ege Universiteti arasında kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair danışıqların aparılmasını özündə ehtiva edir. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
08/04/2019 13:44
Rektorlar niyyət protokolu barədə danışır - CANLI YAYIM
Azərbaycan Dövlət Aqrar Universitet ilə Ege Universiteti arasında kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair niyyət protokolu imzalanıb. Niyyət protokolu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budak ətraflı məlumat verir.
08/04/2019 12:47
Respublika çempionatının zona yarışları davam edir
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən zona yarışına yekun vurulub. Yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq I yeri Biləsuvar rayonu 1 nömrəli, II yeri Yardımlı rayonu 1 nömrəli, III yeri Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb. Daha bir zona yarışı atletika idman növü üzrə Gəncə şəhər Mərkəzi Stadionunda keçirilib. Yarışda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticə olaraq I yeri Bərdə rayonu Xanqaraqoyunlu kənd tam orta məktəbin, II yeri Gəncə şəhər İdman Liseyinin, III yeri Goranboy rayonu Nadirkənd tam orta məktəbin komandası tutub. Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb. Şahmat idman növü üzrə daha bir zona yarışı “Təhsil” RİM-in 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində start götürüb. Bakının Sabunçu, Suraxanı, Xəzər, Pirallahı, Xətai, Nizami, Nəsimi, Binəqədi, Nərimanov, Qaradağ, Yasamal, Səbail, Zəngilan rayonlarının məktəb komandalarının qatıldığı yarışlara 11 aprel 2019-cu il tarixində yekun vurulacaq. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
08/04/2019 12:34
“Bir” Tələbə-Könüllü proqramından yeni layihəyə dəstək
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihə həyata keçiriləcək. Layihənin keçirilməsində əsas məqsəd paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır. Layihənin həyata keçirilməsində əsas dəstəkçilər isə “BİR” könüllülərdir. Belə ki, aprelin 8-dən etibarən “BİR” könüllülərin dəstəyi ilə sərnişinlər arasında sosial sorğu keçiriləcək. 77 gün davam edəcək sorğu çərçivəsində şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edəcəklər. Sorğu onlayn qaydada da aparılacaq. Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramının milli könüllü platforması kimi 20 000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtının səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması və könüllülərlə işin sistemləşdirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
08/04/2019 11:07
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı