SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Əməkdaşlıq memorandumu imzalanıb
Aprelin 19-da Təhsil Nazirliyi və “Huawei Technologies Azerbaijan” MMC arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib. Memorandum çərçivəsində ali və peşə təhsili müəssisələrində “Huawei” şirkətinin tədris və təcrübə laboratoriyalarının yaradılması, həmçinin Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə distant təhsil avadanlıqları və proqram təminatının verilməsi nəzərdə tutulub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirib ki, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi və kadr potensialının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilir. Eyni zamanda qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədi ilə təhsil və sənaye qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi diqqət yetirilir. İdris İsayev görülən işlərin davamı olaraq, “Huawei” şirkəti ilə bu istiqamətdə qurulan birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib. O qeyd edib ki, birgə əməkdaşlıq gələcəkdə həm Azərbaycan təhsil sisteminə, həm də şirkətin imicinə mühüm töhfə verəcək. “Huawei Technologies Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin çıxışında bildirib ki, “Huawei” şirkəti aparıcı qlobal informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Lu Canlin çıxışında qeyd edib ki, şirkətin İKT üzrə təqdim etdiyi həllər, məhsullar və xidmətlər 170-dən çox ölkə və regionda istifadə olunur, dünya əhalisinin üçdə birindən çoxunu təmin edir. 180 min işçisi olan şirkət gələcək informasiya cəmiyyətini və daha yaxşı birləşdirilmiş dünya qurmağı qarşısına məqsəd qoyub. Sabahın məhsul və xidmətlərini təqdim etməklə şirkət elmin inkişafına və istedadlı gənc nəslin formalaşmasına xidmət edir. Şirkət rəhbəri çıxışının sonunda Təhsil Nazirliyi ilə bu istiqamətdə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına və Azərbaycan təhsil sistemində İKT infrastrukturunun inkişafına müsbət təsir edəcəyinə inandığını bildirib. Görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda təhsil nazirinin müavini İdris İsayev və və “Huawei Technologies Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin əməkdaşlıq haqqında memorandumu imzalayıblar.
19/04/2019 15:47
“Mən öz gələcəyimi seçirəm” seminarlarına yekun vurulub
“Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici seminarlara yekun vurulub. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində təşkil edilən seminarlarda təhsil işçiləri, tələbə və məktəblilər, aidiyyəti üzrə qurumların ekspert və nümayəndələri iştirak edib. ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron seminarlarda narkotiklərin insan orqanizmi, sağlamlığı və mənəviyyatına vurduğu zərərlər, narkomaniyaya qarşı mübarizə yolları, həyata keçirilən profilaktik tədbirlər mövzusunda çıxış edib, iştirakçıların suallarını cavablandırıb. Seminarlarda mövzu ilə əlaqədar videofilm nümayiş etdirilib. Qeyd edək ki, Bakı Dövlət Univeristetində, 20 nömrəli məktəb-liseydə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Texniki Universitetində keçirilən seminarlara 2000-ə yaxın tələbə və məktəbli cəlb olunub.
19/04/2019 12:20
“Bizim müəllim”
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Quba rayonu Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Anar Hüseynova həsr olunur. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 55 bal toplayıb. “Mənim babam Hacı müəllim ömrünün 45 ilini bu peşəyə həsr edib. Çox xoşbəxtəm ki, həm babamın yolunu davam etdirir, həm də sevdiyim iş ilə məşğulam”- deyən Anar müəllim dilimizin zənginliklərini şagirdlərə sevə-sevə öyrədir.
19/04/2019 11:31
Təhsil Nazirliyi müasir texnologiyaların tətbiqini genişləndirir
Ölkəmizdə elektron xidmətlər “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq həyata keçirilir. Yəni, bu sahədə aparılan işlər həm qanunvericiliyin, həm də dövrün tələbidir. Bu tələbi nəzərə alaraq, Təhsil Nazirliyi artıq bir neçə ildir ki, təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqini uğurla davam etdirir. Bununla idarəçilikdə müasir texnologiyaların tətbiqini genişləndirmək, onlardan istifadə imkanlarını sadələşdirmək, qulluqçular və vətəndaşlar arasında olan “məsafə”ni azaltmağı hədəfləyib. Bəs, qurum hədəfinə çatıbmı? Əvvəlcə “məktəbə gedən yol” elektronlaşdı Təhsil sistemində ən böyük hadisə birinci sinfə qəbul zamanı elektron xidmətin tətbiqi oldu. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi - www.mektebeqebul.edu.az-ın fəaliyyəti məktəbləri və valideynləri birdən-birə elektron xidmətlərin fəal iştirakçısına çevirdi. Bakıdan başlayan bu prosesdə ilk illərdə anlaşılmazlıqlar, suallar ortaya çıxsa da, bunların hamısı operativ şəkildə həll olundu. Artıq Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu günə olan ümumi mənzərə ondan ibarətdir ki, artıq paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 72 faizindən çoxdur. Cəmi 5 ildir elektronlaşan məktəbəqəbul prosesində hər il fərqli yeniliklər qeydə alınır. İnsanların rahatlığına, qəbul prosesinin sadələşdirilməsinə xidmət edən həmin islahatlar elektronlaşmanın əhatə dairəsinin genişlənməsinə də təsir edir. Məsələn, ötən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirildi. Bu ildən tətbiq edilən yenilik isə xüsusi qayğıya ehtiyacı olan uşaqları əhatə edir. Belə ki, 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da artıq elektron formada aparılır. Qeydiyyatı valideyn (qanuni nümayəndə) aparır. Bunu o, onlayn qaydada da, müəyyən olunmuş məktəblərdə yaradılan alternativ qeydiyyat mərkəzlərinə gedərək də həyata keçirə bilər. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 alternativ qeydiyyat mərkəzi yaradılıb. Elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə ümumilikdə 82 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir. Məktəbəhazırlıqda da vəziyyət eyni sürətlə davam edir. Əhatə dairəsinin genişləndirilməsi tezliklə bütün ölkə ərazisində məktəbəhazırlığa qəbulun elektron qaydada reallaşdırılacağından xəbər verir. Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu sistemi olan www.mektebeqebul.edu.az sayəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonlarının ümumi təhsil məktəblərinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına qəbul elektron qaydada keçirilir. Elektron ərizənin qeydiyyatı prosesində valideynlər (qanuni nümayəndələr) məktəbi, təlim dilini və müəllimi seçmək hüququna malik olur. Hər hansı səbəbdən elektron qeydiyyatdan keçə bilməyən valideynlərə (qanuni nümayəndələrə) alternativ qeydiyyat mərkəzlərində elektron qeydiyyatdan keçmək üçün kömək göstərilir. Qeyd edək ki, əhaliyə göstərilən bu elektron xidmətin dairəsinin genişləndirilməsi həm də şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsinə töhfəsini verir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir. Təhsil sistemində elektron xidmətlərin tətbiqi valideynin sadəcə məktəbəqəbul prosesində işini rahatlatmayıb. Artıq 9 ildir ki, valideyn öz uşağına bu sistemin köməyi ilə nəzarət də edə bilir. Necə? www.ael.edu.az səhifəsində şagirdin məktəbli kitabçası və davamiyyət jurnalı yerləşdirilib. Valideynlər öz uşağının qiymətləri, dərsə davamiyyəti haqqında məhz bu ünvandan məlumat əldə edirlər. Hələlik 43 elektron məktəb üzrə şagird məlumatlarının valideynlər tərəfindən nəzarəti mümkünləşdirilib. Həmin təhsil müəssisələrində tədrisin idarəolunmasının avtomatlaşdırılması şagirdə qiymət qoyulduğu anda valideynin bundan xəbər tutmasına imkan yaradır. Qeyd edək ki, yaradılan proqram təminatı vasitəsi ilə hər bir valideyn elektron jurnalda yalnız öz övladının qiymətlərinə baxa bilir. Şagirdlər kimi, müəllimlər də məktəbə “elektron yolla” gəlir Məktəblərə sadəcə şagird qəbulu yox, elə müəllim qəbulu da elektron qaydada həyata keçirilir. Artıq 5 ildir ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına çevrilib. Öz şəxsi kabinetini açaraq bu ünvana “yerləşən” namizədlər üçün buradan məktəbə, müəllimliyə cəmi 4 addım - 4 mərhələ qalır. Başqa sözlə, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün müraciətlərin və sənədlərin qəbulu və imtahan, müsahibə nəticələri haqqında məlumatların verilməsi elektron sistem vasitəsi ilə aparılır. Bu xidmət ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsini təmin edir. 5 il müəllim işlədikdən sonra isə iddialı namizədlər üçün hədəflər dəyişir. Hər müəllim öz peşəsində yüksəlmək istəyir. Hələ bu da elektron qaydadadırsa, tərəddüdə yer qalmır. www.miq.edu.az-a yenidən müraciət lazım gəlir. Çünki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu da www.miq.edu.az vasitəsi ilə aparılır. Bu xidmət vasitəsi ilə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müraciətlərin və sənədlərin qəbulu, o cümlədən müsabiqə nəticələri haqqında məlumat elektron formada verilir. Namizədlərin sistemə daxil edilmiş məlumatları Nazirliyin müsabiqə komissiyaları tərəfindən araşdırılır və elektron ərizələr təsdiq edilir. Müsabiqənin nəticələri barədə məlumatı vətəndaş “Şəxsi səhifə”sindən əldə edə bilir. Elektron köçürülmə Elektronlaşma sadəcə ümumi təhsil pilləsində aparılmayıb. Artıq ali təhsili pilləsində də məşhurlaşan, tələbələrin güvənini qazanan elektron ünvanlar var. Məsələn, ölkə daxilində və xaricində yerləşən ali (bakalavr və magistratura səviyyələri üzrə), orta ixtisas təhsil müəssisələrindən köçürülmə sistemi - www.transfer.edu.az bir çox tələbələrin ümid yerinə çevrilib. Çünki Azərbaycanda ali və orta ixtisas təhsili alan tələbələrin ixtisasının və ya təhsil alma formasının dəyişdirilməsi, bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi də elektron sistem vasitəsi ilə aparılır. Köçürülmə qış və yay tətili dövründə, ildə 2 dəfə həyata keçirilir. Müvafiq qaydalara əsasən, ixtisasın dəyişdirilməsi və ya bir ali və orta ixtisas təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olur. Ali təhsil pilləsində daha bir elektron ünvan Təhsil Nazirliyinin SABAH qrupları layihəsini əhatə edir. Layihəyə tələbə qəbulu www.student.sabah.edu.az vasitəsilə həyata keçirilir. Elektron qeydiyyat sistemi SABAH qrupları üzrə vahid tələbə məlumat bazasının formalaşmasını, müsabiqə nəticələrinin emalını, məlumatların müxtəlif formada çeşidlənməsini, müsabiqənin bütün mərhələlərində tələbələrə elektron poçt vasitəsi ilə bildirişlərin göndərilməsini və SABAH qruplarına qəbul olunmuş tələbələrin yekun qeydiyyatının elektron qaydada aparılmasını təmin edir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması üçün artıq 6 ildir ki, www.ani.edu.az fəaliyyətdədir. Yəni, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən sənədin də, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin də tanınması üçün tələb olunan müraciət forması www.ani.edu.az-da yerləşdirilib. Bu da o deməkdir ki, istənilən təhsil sənədinin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi elektron sistem vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, bu xidmət vasitəsi ilə diplom sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi də mümkündür. Təhsilin elektron sistemində təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması xidməti də var. Artıq 3 ildir mövcud olan bu xidmət diplom haqqında məlumatların elektron formada əldə olunması məqsədi ilə yaradılaraq “Elektron hökumət” portalında istifadəyə verilib (www.e-gov.az). İstifadəçi diplomun seriya və nömrəsinə görə, həmçinin, FİN-ə görə axtarış etməklə diplom haqqında məlumat əldə edə bilər. Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün Təhsildə inkişaf və innovasiyalar üzrə artıq III qrant müsabiqəsi keçirilir. Məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırmasından ibarət olan müsabiqənin nəticələrinin təhlili göstərir ki, indiyədək kifayət qədər məktəbi, müəllimi, şagirdi və valideyni əhatə edərək maraq və rəqabət mühitinin yaranmasına səbəb olub. Müsabiqəyə qatılanların coğrafiyası da genişdir: bütün Azərbaycan ərazisi. Bu ildən isə daha da genişlənəcəyi, əhatə dairəsinin artacağı, iştirakçı sayının çoxalacağı gözlənilir. Bu gözlənti tətbiq edilən yeniliklə bağlıdır. Belə ki, bu ildən müsabiqənin təşkilinin elektronlaşdırılması, müraciət və qiymətləndirmənin tamamilə elektron qaydada aparılması prosesin asanlığını, rahatlığını və şəffaflığını təmin edəcək. Müsabiqəyə qatılmaq istəyənlər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər. Saytın daha bir üstünlüyü iştirakçıların öz layihəsi üzərində son ana qədər işləyə bilməsini, dəyişiklik etmək imkanını təmin etməsidir. Beləliklə, müsabiqə iştirakçılarının hər hansı şəxslə əlaqə yaratmasına gərək qalmadan, elektron qaydada həyata keçiriləcək. Bu da o deməkdir ki, layihə təqdim edən müəllimin və ya məktəbin qalib olana və onunla müqavilə bağlanana qədər hər hansı şəxslə əlaqəsi olmayacaq. Həyata keçirilən yenilik müsabiqənin təşkilinin effektivliyi ilə yanaşı, nəticələrinin də şəffaflığını təmin edəcək. Üstəlik, sadəcə şəffaflığın təmin edilməsi baxımından deyil, elektronlaşma elə vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından da olduqca əhəmiyyətlidir. Elektronlaşma əlçatan edir Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) əlaqə ünvanları isə www.regionlist.edu.az-dadır. Bu yolla rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) koordinatlarını əldə etmək mümkündür. www.regionlist.edu.az portalına daxil olub istənilən rayon (şəhər) təhsil şöbələri, (əlaqə saxlamaq üçün elektron poçt ünvanı, əlaqə nömrəsi və ünvanı və s.), eləcə də şöbənin tabeçiliyində olan müəssisələr haqqında ümumi məlumatlar, yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür. Təhsil Nazirliyində Vətəndaş müraciətlərinin qəbulu və vəzifəli şəxslərin qəbuluna yazılması sistemi də elektronlaşıb. Belə ki, artıq həm şəxsən, həm də Təhsil Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada müraciət edib vəzifəli şəxslərin qəbuluna yazılmaq mümkündür. www.edu.gov.az-a göndərilmiş müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır və baxılır. "Azərbaycan müəllimi" qəzeti
19/04/2019 10:34
"BİR" könüllülərdən növbəti dəstək
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) təşkilati işlərində Təhsil Nazirliyinin “BİR” Tələbə-könüllüləri yaxından iştirak ediblər. “BİR” könüllülər 500-ə yaxın xarici iştirakçıların qatıldığı konfrans çərçivəsində əsasən qonaqların hava limanında qarşılanması, ziyafətlərin təşkili və Bakı şəhərinə turların həyata keçirilməsində aktiv fəaliyyət göstəriblər. 3 gün davam edən beynəlxalq konfransın bağlanış mərasimində tədbirin yerli və xarici tərəfdaşları, eləcə də iştirakçılar tərəfindən könüllülərə xüsusi təşəkkür bildirilib. Qeyd edək ki, beynəlxalq konfrans Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Beynəlxalq konfransa Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “ASAN xidmət” könüllü dəstəyi verib. “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
18/04/2019 16:24
Təhsil naziri Ceyhun Bayramov Ankara, İstanbul və İzmir milli təhsil idarələrinin müdirləri ilə görüşüb
17 aprel 2019-cu il tarixində təhsil naziri Ceyhun Bayramov Ankara milli təhsil idarəsinin müdiri Turan Akpınar, İstanbul milli təhsil idarəsinin müdiri Levent Yazıcı və İzmir milli təhsil idarəsinin müdiri Ömer Yahşi ilə görüşüb. Görüşdə, həmçinin Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təhsil müşaviri Mahmut Ağırman iştirak etmişdir. Görüşdə ümumtəhsil, peşə və xüsusi təhsil üzrə ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilmişdir.
17/04/2019 17:38
SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində
Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan SABAH qruplarının tələbələri ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş “Philip C. Jessup” Beynəlxalq Məhkəmə müsabiqəsində iştirak edib. Müsabiqədə Elnarə Yusibova və Sonaxanım Qaybaliyeva ölkəmizi təmsil ediblər. Qeyd edək ki, bu müsabiqə ilk dəfə 1960-cı ildə Harvard Universitetinin iki komandası arasında keçirilib. Müsabiqənin məqsədi hüquq tələbələrinin vəkillik, hüquqi yazı, hüquqi araşdırma qabiliyyəti və hüquqi nitq kimi mühüm bilik və bacarıqlarının inkişaf etdirilməsidir. Beynəlxalq Hüquq Tələbələri Assosiasiyasının təşkilati dəstəyi ilə (ILSA) keçirilən müsabiqədə bu il 100-ə qədər ölkə 3000-ə yaxın tələbə tərəfindən təmsil olunub.
17/04/2019 17:30
Məktəblilərimiz beynəlxalq olimpiadaya hazırlıq təlimlərində
Azərbaycanlı şagirdlər 30-cu Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq proqramı çərçivəsində Tehran Universitetinin nəzdində təşkil olunan təlimlərdə iştirak edirlər. Aprelin 26-dək davam edəcək təlimlərdə şagirdlərimiz həm nəzəri, həm də praktiki biliklərini təkmilləşdirəcəklər. Peşəkar müəllimlər tərəfindən keçirilən hazırlıq təlimlərində şagirdlərə laboratoriyada maddələrlə davranmaq, kimyəvi və bioloji əməliyyatları icra etmək qaydaları öyrədiləcək. Bundan əlavə, iştirakçılara biokimya, heyvan, bitki fiziologiyası, hüceyrə biologiyası və genetika ilə bağlı yeni məlumatlar veriləcək. Qeyd edək ki, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması, şagirdlərin hazırlıq prosesinin təkmilləşdirilməsi istiqamətində müxtəlif ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq çərçivəsində onların elmi-praktiki bazasından və müəllim-professor heyətinin təcrübəsindən istifadə olunur.
17/04/2019 16:59
Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”
Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib. Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin ”Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb. Həmçinin, bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub. Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.
17/04/2019 15:24
“Mən öz gələcəyimi seçirəm” seminarları davam edir
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan seminarlar davam edir. Aprelin 16-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən seminarda ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron “Mən öz gələcəyimi seçirəm” mövzusunda çıxış edib. 700-ə yaxın yuxarı sinif şagirdinin iştirakı ilə keçirilən seminarın əsas məqsədi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması və məktəblilərin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır. Seminarda videofilm nümayiş etdirilib, müzakirələr aparılıb, daha sonra xarici ekspert tərəfindən şagirdlərin sualları cavablandırılıb. Seminarda Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, sözügedən seminarın aprel 17-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, aprelin 18-də isə Azərbaycan Texniki Universitetində keçirilməsi nəzərdə tutulur.
17/04/2019 12:14
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı