SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Respublika çempionatının zona yarışları
Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq İsmayılı Olimpiya İdman Kompleksində atletika idman növü üzrə zona yarışı keçirilib. Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışda I yeri Balakən rayonu Şərif kənd, II yeri Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı, III yeri İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəblərin komandaları tutub. Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb. Daha bir zona yarışına şahmat idman növü üzrə Quba rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində start verilib Yarışda Sumqayıt şəhərinin, Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları iştirak edir. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
17/04/2019 11:44
Beynəlxalq olimpiadalardan 17 medal
Cari tədris ilində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında uğur qazanaraq ölkəmizə 1 qızıl, 6 gümüş və 10 bürünc medal olmaqla, ümumilikdə 17 medal gətiriblər. Şagirdlərimizin digər beynəlxalq olimpiadalarda da iştirakı gözlənilir. Belə ki, azərbaycanlı məktəblilər riyaziyyat fənni üzrə Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Beynəlxalq Riyaziyyat Olimpiadası, fizika fənni üzrə Avropa Fizika Olimpiadasına qatılacaqlar. Eyni zamanda Beynəlxalq Fizika Olimpiadası, Beynəlxalq Mendeleyev Kimya Olimpiadası, Beynəlxalq Kimya Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, Beynəlxalq İnformatika Olimpiadası və Beynəlxalq Biologiya Olimpiadasında da məktəblilərimizin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, olimpiadalara hazırlıq proqramı çərçivəsində seçilmiş şagirdlər yerli və əcnəbi müəllimlərin dərslərində, müxtəlif ölkələrdə keçirilən hazırlıq təlimlərində iştirak edirlər. Hazırda ölkəmizdə səfərdə olan Moskva Fizika-Texniki İnstitutunun professorları tərəfindən fizika fənni üzrə Beynəlxalq Olimpiadada iştirak edəcək komandanın üzvlərinə təlimlər keçirilir. Təlimlər mayın 1-dək davam edəcək.
17/04/2019 10:49
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinə yekun vurulub
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumi təhsil məktəblərindən 2000 nəfər IV-XI sinif şagirdi fərdi, kollektiv, siniflə və ya ailəvi olaraq iştirak edib. Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin regional şöbələrinin əməkdaşları məktəblilərə təcrübəçilik işlərinin təşkilində yaxından köməklik göstərib. Müsabiqə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində iştirakçılar üçün "dəyirmi masa" təşkil olunub. Zona mərhələsinin qalibi olan 100 şagird respublika müsabiqəsinin yekun mərhələsində iştirak etmək hüququ qazanıb. İştirakçılar il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə təcrübə işlərinin nəticələrini yekun sərgidə nümayiş etdirib. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı təcrübəçilik işlərinin müəllifləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif olunub. Müsabiqənin əsas məqsədi Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə məktəblilərin maarifləndirilməsindən ibarətdir. “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsi Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə keçirilir.
16/04/2019 14:26
“Mən öz gələcəyimi seçirəm”
Aprelin 15-də Bakı Dövlət Universitetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olunub. Seminarın təşkil olunmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır. Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E.Herron mühazirə oxuyub. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib. Sonra seminarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatın aparılmasına dair videofilm nümayiş etdirilib. Daha sonra müzakirələr aparılıb və xarici ekspert tərəfindən tələbələrin sualları cavablandırılıb. Seminarda Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri iştirak ediblər. Qeyd edək ki, daha 3 təhsil müəssisəsində - Bakı şəhəri 20 nömrəli məktəb-liseydə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Texniki Universitetində keçirilməsi planlaşdırılan seminarlarda 2000 nəfərə yaxın tələbə və məktəblilərin iştirakı nəzərdə tutulub. Seminarlar Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının 7-ci bəndinin icrası ilə əlaqədar olaraq təşkil edilir.
15/04/2019 16:54
“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi keçirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinə başlanılıb. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunur. Müsabiqənin ölkə mərhələsində respublikanın bütün bölgələrindən olan 103 nəfər şagird iştirak edir. Şagirdlər Təhsil Nazirliyində yaradılmış İşçi qrupunun qarşısında 10 dəqiqəlik təqdimat edir, onların çıxışları əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilir. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, şagirdlər diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
15/04/2019 15:39
Məktəblər arasında respublika çempionatının zona yarışları davam edir
Məktəblər arasında keçirilən respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə zona yarışına yekun vurulub. “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən yarışda Zəngilan rayonu və Bakı şəhərinin 12 rayonunun məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 6 nömrəli məktəb-liseyin, II yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin, III yeri Bakı şəhəri 80 nömrəli tam orta məktəbin komandası tutub. Daha bir zona yarışı şahmat idman növü üzrə Göyçay rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilib. Yarışda Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Oğuz rayonu 1 nömrəli tam orta məktəbin, II yeri Göyçay rayonu 5 nömrəli tam orta məktəbin, III yeri Qax rayonu 2 nömrəli məktəb-liseyin komandası tutub. Daha bir zona yarışı isə atletika idman növü üzrə Lənkəran Olimpiya İdman Kompleksində keçirilib. Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışlarda I yeri Lənkəran şəhəri Haftoni qəsəbə tam orta məktəbin, II yeri Biləsuvar rayonu Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin, III yeri Salyan rayonu Arbatan kənd tam orta məktəbin komandası tutub. Qaliblər diplomlarla təltif olunub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanır. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
15/04/2019 14:47
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik və müəllim üçün metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə dərslik və müəllim üçün metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
15/04/2019 11:36
“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub
12 aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş ”Gələcəyin mühəndisi” müsabiqəsi keçirilib. Bakı şəhər məktəbliləri arasında keçirilən müsabiqə çərçivəsində şagirdlər Tusi-Bohm Planetariumda astroloji filmləri izləyib və onların əsasında maketlər hazırlayıblar. Müsabiqədə 24 ümumi təhsil məktəbi üzrə 63 iştirakçının hazırladığı 54 maket nümayiş etdirilib. Müsabiqənin seçim mərhələsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetarium, Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos” və Milli Aviasiya Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti məktəblilərin hazırladıqları maketləri qiymətləndiriblər. Proqram çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Gələcəyin mühəndisi” adlı astrofestival keçirilib. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, universitetin idarə heyəti, həmçinin Rusiya Elmlər Akademiyası N.V.Puşkov adına Yer Maqnetizmi, İonosferi və Radiodalğaların Yayılması İnstitutunun (İZMİRAN) nümayəndələri 100 məktəbli tərəfindən hazırlanan maket və kosmik kostyumlarla tanış olublar. Mükafatlandırma mərasimində 1-ci yaş qrupu üzrə V-VIII sinif şagirdləri arasında 103 nömrəli tam orta məktəbin şagirdi I, 167 nömrəli tam orta məktəbin şagirdi II, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi IIl yerlərə layiq görülüb. 2-ci yaş qrupu üzrə IX-XI sinif şagirdləri arasında 91 nömrəli tam orta məktəbin şagirdləri I, 329 nömrəli tam orta məktəbin şagirdi II, 7 nömrəli tam orta məktəbin şagirdi isə III yerlərə layiq görülüb. Müsabiqənin qalibləri pul mükafatı, diplom və hədiyyələrlə təltif olunublar. Müsabiqədə iştirak edən digər məktəblilərə isə sertifikat və hədiyyələr təqdim edilib. Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı çərçivəsində, Şamaxı Astrofizika Rəsədxanası, “Azərkosmos”, Bakı Dövlət Universitetinin dəstəyi ilə məktəblilər üçün təşkil olunan proqram ötən ilin 15 noyabr tarixindən başlayaraq cari il aprelin 12-dək davam edib. Layihənin əsas məqsədi məktəblilərin astronomiya və astrofizika biliklərinin genişləndirilməsi, astronomik maarifləndirilmə sahəsində onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, kosmik sənayeyə marağının artırılması, şagirdlərin astronomiya dərnəklərində fəal iştirakının təmin edilməsi, kosmik mühəndisliyin təbliği, astronomiya və astrofizika sahəsinə ictimai diqqətin cəlb olunmasından ibarətdir.
13/04/2019 15:56
Təhsil naziri press brifinq keçirib
Aprelin 12-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair press brifinq keçirib. Təhsil naziri VIII sinif şagirdi Elina Hacıyevanın vəfatından təəssüf hissi keçirdiyini bildirib və şagirdin ailəsinə dərin hüznlə başsağlığı verib. Nazir qeyd edib ki, baş vermiş hadisənin təfərrüatlarının dərhal araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı şəhər Prokurorluğunun məlumatına əsasən faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatlarının kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan, mötəbərliyi yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən həyata keçirilən xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb. Press brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktor müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub. Belə ki, məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb. Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb. Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib. Tədbirdə bildirilib ki, xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktor müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb. Nazir qeyd edib ki, məktəb həyatını, bütövlükdə məktəbin müəyyən edilmiş hədəflərə yönələn fəaliyyətini təhsil prosesi iştirakçılarının qarşılıqlı əməkdaşlığını təmin etmədən təsəvvür etmək mümkün deyil. Təhsil prosesində keyfiyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” əlaqələrinin düzgün tənzimlənməsi zəruri şərt hesab olunur. Bu prosesdə hər bir tərəf öz məsuliyyətini dərk etməli, onu icra etməlidir. Məktəb rəhbərliyi təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanması, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində müəllim və valideynlərlə birlikdə müvafiq iş aparmalı, təlimdə çətinlikləri, emosional, davranış və digər problemləri olan təhsilalanlarla qrup və fərdi fəaliyyətlər planlaşdırmalı, psixoloji problemlərinin yaranma riski yüksək olan təhsilalanların ailə və sosial vəziyyəti ilə tanış olmalı, valideynlərlə mütəmadi görüşlər və maarifləndirmə tədbirləri keçirməli, sosial-məişət çətinlikləri olan təhsilalanların təhsili və inkişafının dəstəklənməsi məqsədilə məktəbəsaslı inkişaf planları hazırlamalı və ailələrlə birlikdə icra olunmasını təmin etməlidir. Tədbirdə həmçinin, bu baxımdan məsələyə daha sistemli yanaşaraq, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərinə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin, bu məsələlərlə bağlı ümumtəhsil müəssisələrində olan mövcud vəziyyəti təhlil edərək nəticələri barədə hesabatı, müvafiq sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri 30 gün ərzində Təhsil Nazirliyinə təqdim edilməsinin tapşırıldığı da bildirilib. Qeyd olunub ki, nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır, o cümlədən məktəbdə şagirdlər arasında münasibətlərin tənzimlənməsi, sağlam mühitin yaradılması istiqamətində ictimai müzakirələr və məsələyə diqqətin cəlb edilməsi çox vacibdir. Həmçinin məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird və ya valideynlərin birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq “Qaynar xətt”lərə müraciət etməsi imkanı olacaq.
12/04/2019 17:55
Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti VI Moskva Beynəlxalq Təhsil Salonunda iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub. Nümayəndə heyəti 10 aprel 2019-cu il tarixində Moskva Beynəlxalq Təhsil Salonunda nümayiş olunan Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar”a həsr edilən stendlə tanış olub. Stenddə əsas məqsədi şagirdlərə rəqəmsal bacarıqların öyrədilməsi olan sözügedən layihənin əhatə dairəsi və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat nümayiş etdirilib. Stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. Daha sonra Firudin Qurbanov Salon çərçivəsində təşkil olunmuş “Təhsil-həyat üçün” adlı panel müzakirəsində çıxış edib. Çıxış zamanı nazir müavini Azərbaycanda təhsil sahəsində həyat keçirilən islahatlar və əldə edilən nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Firudin Qurbanov ölkəmizdə yeni məktəblərin tikintisinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, peşə və ali təhsil sahələrinin rəqabətliliyinin artırılmasına yönəlmiş fəaliyyəti xüsusi olaraq qeyd edib. Səfər çərçivəsində 11 aprel tarixində Firudin Qurbanov Rusiya Federasiyası maarif nazirinin müavini Pavel Zenkoviç, eləcə də elm və ali təhsil nazirinin müavini Marina Borovskaya ilə görüşüb. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti həmçinin, Moskva Dövlət Humanitar İqtisad Universitetində “Tələbə yazı” adlı silsilə elmi tədbirlər proqramının açılış mərasiminə qatılıb. Tədbirdə çıxış edən Firudin Qurbanov müasir dövrdə gənclərin elmə marağının artmasının vacibliyini qeyd edib və ali təhsil müəssisəsinin tələbələrinə uğurlar arzulayıb.
12/04/2019 16:33
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı