SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Xəzər rayonunun təhsil işçiləri ilə görüş
Təhsil Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayon təhsil müəssisələrinin rəhbərləri, müavinləri və psixoloqlar iştirak edib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkəmizin müstəqillik dövründə inkişafı və güclənməsi istiqamətində həyata keçirilən tədbirlər, milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Nazir müavini “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələr və qarşıda duran tədbirlər haqqında geniş məlumat verib. Daha sonra nazir müavini müasir dövrdə uşaq və gənclərin təlim-tərbiyəsi sahəsində prioritetlər, məktəbdənkənar fəaliyyətin təşkili və təkmilləşdirilməsi, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və sağlam həyat tərzi ilə bağlı icra olunan işləri xüsusi vurğulayıb. Firudin Qurbanov çıxışında qeyd edib ki, son dövrlərdə aparılan təhlillər zamanı bəzi təhsil müəssisələri tərəfindən sağlam mənəvi-psixoloji, təhlükəsiz mühitin formalaşması və sabit saxlanması istiqamətində zəruri tədbirlərin tam həyata keçirilmədiyi aşkarlanıb. Belə ki, ailələrlə, risk qrupuna daxil olan təhsilalanlarla səmərəli iş sisteminin yaradılması, psixoloji xidmətin müasir tələblərə uyğun qurulması sahəsində kifayət qədər sistemli iş aparılmayıb və nəticədə bəzi xoşagəlməz hadisələr baş verib. Bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və məktəb-ailə-cəmiyyət münasibətlərinin düzgün qurulması qarşıda duran əsas vəzifələrdəndir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov öz növbəsində ölkəmizdə, o cümlədən Xəzər rayonunda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Elşən Salahov təhsil müəssisələrində təlim-tərbiyə işinin gücləndirilməsinin zəruriliyini və Təhsil Nazirliyi ilə birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə çıxış edən Bakı şəhəri 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 218 nömrəli tam orta məktəbin direktoru Əbülfət Bağırov və 322 nömrəli tam orta məktəbin direktoru Mürvət Mirzəyev rəhbərlik etdikləri təhsil müəssisələrinin əldə etdiyi uğurlar, mövcud problemlər və qarşıda duran vəzifələr barədə məlumat verib, həmçinin müvafiq təkliflər səsləndiriblər. Sonda təhsil müəssisələrinin rəhbərləri ilə qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
16/05/2019 14:20
“BİR” tələbə-könüllülərdən növbəti dəstək
“BİR” tələbə-könüllülər “İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq para cüdo yarışlarının təşkilinə dəstək olub. Tədbirdə iştirak etmək üçün 350-dən çox tələbə-könüllü müraciət edib. Xüsusi seçim və müsahibə mərhələsindən keçən tələbə-könüllülər üçün təlim proqramı təşkil edilib. 40-a yaxın ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirə xarici dil biliyinə malik “BİR” tələbə-könüllülər cəlb olunub. Tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, eləcə də mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstəriblər. Təcrübəli “BİR” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib. Yarışların sonunda “BİR” tələbə-könüllülərə təşəkkür edilib və xatirə şəkli çəkilib. “BİR” tələbə-könüllülər mayın 16-dək yarış iştirakçılarının müşayiəti və ölkələrinə yola salınması ilə əlaqədar fəaliyyətlərini davam etdirəcəklər. Beynəlxalq turnirə təşkilati və könüllü dəstək Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən verilib. “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
15/05/2019 17:18
Tacikistanda təhsil təqaüd proqramı
Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokola uyğun olaraq, 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilir. Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus dilidir. Təqaüd proqramına iddiaçılar mayın 26-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin avqust ayında veriləcəyi gözlənilir. Təqaüd proqramı barədə daha ətraflı elan vasitəsilə tanış olmaq mümkündür.
15/05/2019 16:29
Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır
Mayın 15-də Bakıda "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" mövzusunda konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən keçirilən tədbir 15 may - Beynəlxalq Ailə Gününə həsr edilib. Əvvəlcə dövlət-ailə siyasətinə dair sənədli film göstərilib. Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan dövlətinin ailə siyasəti barədə məlumat verib. Bildirilib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. Qeyd edilib ki, Azərbaycanda dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir. DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu məsələlərinə toxunub. O deyib ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin təşkilində dini qurumlarla və icmalarla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ailə modeli, əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin mühüm rolu var. Din özündə həm əxlaqi və mənəvi, həm də tərbiyəvi xüsusiyyətləri birləşdirir. Azərbaycandakı dini durum, dini tolerantlıq yalnız bölgə üçün yox, dünya miqyasında bir nümunədir. Ölkəmizdə insanların dini azadlığının qorunması beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Azərbaycanda tolerantlıq mühiti getdikcə daha da güclənir və inkişaf edir. Bütün bunlar dövlət siyasətinin tərkib hissəsidir. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb. Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, xalqımız hər zaman ailə dəyərlərini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirir, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çalışırıq. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən ulu öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacibliyini daim vurğulayırdı. Qeyd edilib ki, Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr əks olunub. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması haqqında qanunlar qəbul edilib. Məişət zorakılığının aradan qaldırılması haqqında Qanunu icra etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilib, yeni normativ hüquqi aktlar qəbul olunub. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ölkəmiz qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi dövlətimizin diqqətində olan mühüm məsələlərdən biridir. Bu istiqamətdə beynəlxalq hüquqa və ənənələrimizə söykənən hüquqi normativ aktlarımız var. Ancaq ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də müəyyən problemlər mövcuddur. BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev təmsil etdiyi təşkilatın Azərbaycanda müvafiq sahədə gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Ailə institutu bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır. Ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu var. Çünki şəxsiyyətlər məhz ailədə formalaşır. Humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərdlik, xeyriyyəçilik ailədə formalaşan ən yüksək keyfiyyətlərdir. Bu baxımdan ailənin rolu əvəzsizdir. O qeyd edib ki, BMT-nin Əhali Fondu bu sahədə Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir və bu münasibətlər bundan sonra da inkişaf etdiriləcək. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. Lakin bu prosesdə aparıcı rol ailəyə məxsusdur. Ailənin ruhi mədəniyyəti anadangəlmə keyfiyyətlərdən, təhsildən, tərbiyədən və yaradıcı əməkdən, bilik və mənəviyyatdan, bir-birinə və ətrafdakılara olan məhəbbət və inamdan formalaşır. Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib ki, bu gün dövlətimiz gənclərə böyük imkanlar yaradıb. Onlar bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər. Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. O, Azərbaycan ailəsinin, hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmasının əhəmiyyətini qeyd edib. Aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə mövqeyini qoruyub saxlayır. Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir. Tədbir müzakirələrlə davam edib. AZƏRTAC
15/05/2019 15:45
Təhsil nazirinin görüşü
Mayın 15-də Təhsil naziri Ceyhun Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım İvana Fernandes Duartes və bankın baş iqtisadçısı cənab Sergey Guriyevlə görüşüb. Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib. Görüşdə həmçinin, əməkdaşlıq perspektivləri müzakirə edilib.
15/05/2019 12:26
“Muzey həftəsi” davam edir
“Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib. “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. “Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.
15/05/2019 12:00
V Respublika fənn müsabiqələri keçiriləcək
Mayın 19-da ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqələr fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək. Müsabiqədə iştirak üçün 26 438 şagird qeydiyyatdan keçib. Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur. Məktəblilərarası fənn müsabiqəsi ilk dəfə 2015-ci ildə 972 şagirdin iştirakı ilə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
15/05/2019 10:36
İnklüziv təhsildə səriştələrin artırılması üçün təlim
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihələri çərçivəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda beynəlxalq ekspertlər tərəfindən təlimçilər üçün növbəti təlim keçirilir. Təlimlərin məqsədi təlimçiləri inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları ilə tanış etmək, onları ali və ümumi təhsil müəssisələrinin müəllimləri üçün ixtisasartırma təlimlərinin keçirilməsinə hazırlamaqdır. Layihələr çərçivəsində təlimlərə Bakı, Gəncə, Sumqayıt şəhərləri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından cəlb edilmiş 54 müəllim ilkin mərhələdə qeyd olunan proqram əsasında 600-ə yaxın universitet müəlliminin təlimləndirilməsində iştirak edib. Təlimlər zamanı təlimçilərə inklüziv təhsildə əməkdaşlıq, xüsusi təhsil mütəxəssisləri və digər peşə sahibləri ilə əməkdaşlıq, inklüziv sinif, inklüziv siniflərdə qiymətləndirmə, ailə və uşaq dəstək planları ilə bağlı geniş məlumat verilib. Qeyd edək ki, “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi isə UNİCEF tərəfindən icra edilir.
14/05/2019 17:19
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi üzrə müsabiqənin I mərhələsi başa çatıb
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqənin I mərhələsi başa çatıb. Müsabiqədə iştirak etmək üçün 744 nəfər qeydiyyatdan keçib. Müraciət edənlərdən 230 nəfər Bakı şəhəri və Abşeron rayonu, 514 nəfər isə digər bölgələrdə işləyən təhsil işçiləridir. Qeydiyyatdan keçən namizədlərin məlumatları araşdırılıb və 403 nəfər növbəti mərhələdə iştirak etmək hüququ əldə edib. Növbəti mərhələnin iyun ayında keçirilməsi nəzərdə tutulur. Həmin mərhələdə namizədlərin məntiqi bilik və bacarıqları yoxlanılacaq. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onların müraciət formasında qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək. Qeyd edək ki, müsabiqə “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
14/05/2019 16:39
Məktəblilər üçün muzeylərə giriş ödənişsizdir
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib. “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. Proqram üzrə “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir. “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər. Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir. “Muzeylər və Nəsimi irsi” proqramı üzrə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji - Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix - Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix - Bədii Qoruğu, Milli Təhsil muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi-Bohm Planetarim və Tahir Salahov, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Bülbül, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Qara Qarayev və Niyazinin ev muzeylərinə ödənişsiz ekskursiya etmək mümkündür. Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafadə yerləşməsi nəzərə alınıb. “Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.
14/05/2019 12:18
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı