• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib

Ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçirilib.  Müsabiqələrdə ümumilikdə 27 000-nə yaxın şagird iştirak edib.  Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.  Fənn müsabiqələrinin iyun ayında keçiriləcək yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur. Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Himayəçilər Şurasının ilk iclası keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası keçirilib. İclasda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və Himayəçilər Şurasının üzvləri iştirak edib. Təhsil naziri Ceyhun Bayramov elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəldilməsi, ona əlavə dəstək verilməsi məqsədi ilə yaradılan Himayəçilər Şurasının fəaliyyət istiqamətləri barədə məlumat verib. Ceyhun Bayramov universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı olan və ali təhsil müəssisəsinin inkişafına yardım edən Himayəçilər Şurasının ictimai əsaslarla fəaliyyət göstərdiyini bildirib. Nazir qeyd edib ki, Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və Nizamnamə ilə müəyyən edilir. Nazir bu təhsil müəssisəsində  tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılacağını diqqətə çatdırıb. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur. Himayəçilər Şurasının üzvləri öz növbəsində gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər. Sonra BDU-nun rektoru Elçin Babayev universitetin 100 illik yubileyinin keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Himayəçilər Şurası universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir. Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək. Xatırladaq ki, Himayəçilər Şurasının tərkibinə Təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil işçiləri ilə görüş

Mayın 17-də Qəbələ, Oğuz və İsmayıllı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Qəbələ, Oğuz və İsmayıllı  rayonlarının təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, son illərdə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, təhsil sisteminin  inkişafı  ilk növbədə onun aparıcı hissəsini təşkil  edən  ümumtəhsil  məktəblərindən asılıdır.  Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan Məhəbbət Vəliyeva deyib ki, tam orta təhsilin təmayülləşdirilməsi zamanı aşağı siniflərdən şagirdlərin yaradıcılıq qabiliyyəti müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalı, eləcə də fənlərin məzmunu təkmilləşdirilməlidir. Nazir müavini şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, şagirdlərin olimpiada uğurlarının artırılması istiqamətində təhsil müəssisələri tərəfindən müvafiq işlər görülməlidir. Hesabat yığıncağında təhsil sahəsində prioritet  məsələlər üzrə görüləcək işlərə toxunan Məhəbbət Vəliyeva bununla bağlı bir sıra göstəriş və tövsiyələrini verib. Daha sonra Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil şöbələrinin müdirləri tərəfindən təhsil müəssisələrinin 2018-2019-cu tədris ili ərzində fəaliyyətinə dair hesabat təqdim olunub.

“STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlim yekunlaşıb

“STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təlim yekunlaşıb. “Təhsil” televiziyasının "Təməl" verilişinin budəfəki buraxılışında STEM və digər innovativ təhsil proqramları barədə danışılır. Verilişin qonaqları təlimdə iştirak etmiş müəllimlərdir.  

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir. Sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək. Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir. İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib. İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.  

Məktəblilərimizin medal estafeti

Beynəlxalq fənn olimpiada tariximizə növbəti töhfə   Təhsil Nazirliyi tərəfindən ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların  bacarıq  və qabiliyyətlərinin  stimullaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki,  məktəblilərimizin dünyanın mötəbər bilik yarışlarında qələbə estafeti davam edir.  Şagirdlərimizin  Moldovada keçirilən 36-cı  Balkan Riyaziyyat Olimpiadasından (BMO 2019)  5 medalla vətənə qayıtması isə onların ölkəmizin beynəlxalq fənn olimpiada  tarixinə növbəti töhfəsidir. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər,  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdləri Fərid İsmayılov, Murad Ağazadə, həmçinin Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Abbas Məmmədov isə bürünc medala layiq görülüblər. Olimpiadada qazanılan medalların sayına görə komandamız 148 xal toplayıb və bu, olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə sayılır.   Təəssüratlarım olduqca müsbətdir   Azərbaycan Respublikası  Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, komandamızın rəhbəri  Fuad  Qarayev “Azərbaycan müəllimi”  qəzetinə açıqlamasında  şagirdlərimizin nüfuzlu elm yarışında  əldə etdiyi nəticələri yüksək qiymətləndirdi: - 36-cı Balkan Riyaziyyat Olimpiadası haqqında təəssüratlarım olduqca müsbətdir,  əldə etdiyimiz nailiyyətlər də bunu deməyə əsas verməkdədir. Əsasən Balkan ölkələri arasında,  eləcə də Avropa və Asiyadan bir çox ölkənin iştirak etdiyi bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri 2008-ci ildən etibarən iştirak edirlər. Hər il iyul ayında təşkil olunan  Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO),  eləcə də hazırlıq məqsədi ilə həyata keçirilən BMO-da hər bir ölkənin əsas komandası iştirak edir.  Bu il əldə etdiyimiz 4 gümüş və 1 bürünc medal komandamızın kifayət qədər güclü olduğunun göstəricisidir. Düzdür,  2009-cu ildə Serbiyada keçirilən 26-cı Balkan Riyaziyyat Olimpiadasında da Azərbaycan məktəbliləri 4 gümüş və 1 bürünc əldə etmişlər,  ancaq o zaman komandanın ümumi balı 82 olmuşdur. Bu il isə şagirdlərimiz ümumi komanda hesabında 148 bal toplamışlar. Belə ki, mümkün 40 baldan 30 bal toplayan üç şagirdimizin hər birini qızıl medaldan sadəcə 1 bal ayırırdı.   Olimpiadada xüsusi məqam   Fuad Qarayev Balkan Riyaziyat Olimpiadasında müşahidə etdiyi bir məqamı da diqqətə çatdırdı: “Bu olimpiadada medal qazanan 3 şagirdimiz 4 il öncə keçirilən məktəblilərarası fənn müsabiqələrinin nəticələrinə əsasən seçilən şagirdlərdir. Bu hal ilə biz digər fənlərdə də qarşılaşırıq. 6-7-ci sinif şagirdləri arasında keçirilən fənn müsabiqələri, eləcə də həmin şagirdlərin hazırlığı üçün nəzərdə tutulan beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyətləri özünü doğrultmaqdadır. Yaxşı xəbər ondan ibarətdir ki, 4 il əvvə l 972 şagirdin iştirakı ilə ilk dəfə keçirilən fənn müsabiqələrində bu il 27000-dən çox şagird qeydiyyatdan keçmişdir. Ciddi əminliklə deyə bilərəm ki, həmin müsabiqənin nəticələrinə əsasən daha neçə istedadlı gənclərimizi aşkar edəcək və onlarla məhsuldar işin aparılmasına nail olacağıq”.   Növbəti olimpiadada gözəl nəticələr əldə etmək ən böyük hədəfimizdir   F.Qarayev qarşıda duran hədəflərdən də danışdı. “36-cı Balkan Riyaziyyat Olimpiadasında əldə edilən nəticələrə görə bu işlərə rəhbərlik edən komanda rəhbəri kimi təhsil ictimaiyyətini bir daha təbrik edirəm. Bu gözəl balalarımızın yetişməsində ciddi əməyi olan hörmətli müəllimlərimizə və əziz valideynlərimizə dərin təşəkkürümü və minnətdarlığımı bildirərəm. 11-22 iyul 2019-cu il tarixində İngiltərədə keçiriləcək 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında  (İMO2019) gözəl nəticələr əldə etmək ən böyük hədəfimizdir. Bu məqsədlə şagirdlərin hazırlıq prosesi davam edir. Cəfər Cəfərov, Nazim Kərimov  kimi yerli, eləcə də əcnəbi mütəxəssislərin dərsləri son iki ayda davam edəcək. Balkan Olimpiadası tarixinə öz adlarını yazmış şagirdlərimizin də təəssüratları boldur.  Onların təəssüratlarını da oxucularımıza təqdim edirik:   “Qızıl medal üçün cəmi 1 balım çatmadı”   Fərid İsmayılov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi: - İndiyə qədər bir neçə beynəlxalq olimpiadada iştirak etmiş və bəzilərindən müəyyən nəticələr əldə etmişəm. İndi isə 36-cı Balkan Riyaziyyat Olimpiadasında iştirak etdim və düşünürəm kı, uğurla çıxış etdim. Olimpiadanın gümüş medalını ölkəmizə gətirə bildiyim üçün xoşbəxtəm. Qızıl medal üçün cəmi 1 balım çatmadı, az da olsa, buna təəssüfləndiyimi qeyd etməliyəm. Lakin bu, məni heç də həvəsdən salmadı və növbəti olimpiadalara daha gərgin şəkildə çalışmaq üçün motivasiya verdi. Olimpiadaya hazırlıq mərhələsində isə müəllimimiz Cəfər Cəfərovun  çox böyük əziyyətini qeyd etməliyəm. Həmçinin olimpiadadan əvvəl 15 günlük təlim məşq toplantımız oldu. Bu toplantı bizə daha da motivasiya oldu və daha uğurla çıxış etməyimizə şərait yaratdı. Azərbaycanın Balkan olimpiadası tarixində belə bir uğurlu nəticədə əməyim olduğu üçün qürur duyuram.   “Azərbaycanı yüksək zirvələrə qaldırmaq bizim ən böyük hədəfimizdir”   Anar  Rzayev,  “Dünya”  liseyinin 11-ci sinif şagirdi: - Artıq 4 ildir ki, riyaziyyat olimpiadalarına hazırlaşıram və bu olimpiada mənim 6-cı beynəlxalq olimpiadada iştirakım idi. Keçən il Balkan Riyaziyyat Olimpiadasında iştirak edib bürünc medala layiq görülmüşdüm. Bu tədris ilindən  etibarən Cəfər Cəfərovun dərsləri və komanda olaraq çox çalışdığımızdan bu olimpiadada gümüş medalı hədəf qoymuşduq. Balkandan 15 gün qabaq sistemli şəkildə saat 9:00-dan 19:00-a kimi intensiv olaraq çalışırdıq. Və əlbəttə ki, çəkdiyimiz zəhmət hədərə getmədi: gümüş medal qazandım və komanda olaraq 17 ölkədən 7-ci yer və 148 bal. İmtahan istədiyimiz kimi keçirildi, koordinasiya, təşkilatçılıq isə şəffaf və obyektiv idi.   Qarşıda isə İngiltərədə keçiriləcək 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcəm. Bu olimpiadada Azərbaycanı yüksək zirvələrə qaldırmaq bizim ən böyük hədəfimizdir.   “10 dəfə Beynəlxalq Olimpiadada iştirak etmişəm”   Murad  Ağazadə,  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi: -Artıq 4 ildir ki, riyaziyyat fənnindən olimpiadaya hazırlaşıram. 10 dəfə Beynəlxalq Olimpiadada iştirak etmişəm: 3 gümüş, 5 bürünc əldə etmişəm. Balkan Olimpiadasında isə 3-cü iştirakım idi. Bundan əvvəlki Balkan olimpiadalarında 2 bürünc medal qazanmışdım. Bu ildən başlayaraq olimpiadaya hazırlıq müəllimimiz Cəfər Cəfərovla dərslərimiz başladı. Balkan Olimpiadasından 15 gün əvvəl isə komanda ilə birlikdə bir yerə toplaşıb səhərdən axşama qədər dərs oxuyurduq. Hədəfim Azərbaycanı bu olimpiadada ən yaxşı şəkildə təmsil etmək və ən azı gümüş qazanmaq idi.  Olimpiada istədiyim kimi keçdi və gümüş qazandım. Növbəti hədəfim isə İngiltərədə keçiriləcək Dünya Riyaziyyat Olimpiadasında ölkəmizi ən yaxşı şəkildə təmsil etməkdir.   “İmtahan tam obyektiv və şaffaf keçirildi”   Abbas Məmmədov,  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi: - Mən 3 ildir ki,  riyaziyyat olimpiadalarına hazırlaşıram və bu olimpiada mənim 2-ci beynəlxalq olimpiadam idi. Bu olimpiadada bürünc medala layiq  görüldüm. Həmçinin komanda olaraq Azərbaycan çox yaxşı çıxış etdi. Buna görə isə müəllimimiz,   ABŞ-ın Stanford Universitetinin məzunu Cəfər Cəfərovun dərslərinə və komandanın inamına borcluyuq. İmtahan tam obyektiv və şaffaf keçirildi. Təşkilatçılıq çox yüksək səviyyədə idi.  Hazırda isə iyul ayında İngiltərədə keçiriləcək 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlaşıram. Burada da Azərbaycanın adını, bayrağımızı  yüksəldəcəyimə inanıram.   “Beynəlxalq olimpiadalarda 8 medal qazanmışam”   Ramil Cəbiyev,  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi: - Beynəlxalq olimpiadalara 13 yaşından qatılıram. Bu günə qədər 12 dəfə Beynəlxalq olimpiadada iştirak etmişəm. 4-ü gümüş,  4-ü bürünc olmaqla 8 medal qazanmışam. Respublika fənn olimpiadalarında 3 iştirakım olub və 2 qızıl,1 gümüş medal qazanmışam. 2016-cı ildə Respublika fənn olimpiadasında  “Birincilər birincisi” nominasiyasına layiq görülmüşəm. Bu il keçirilən 15-ci Beynəlxalq Zhautykov Olimpiadası və 4-cü Qafqaz Riyaziyyat Olimpiadasında gümüş medal qazandığım üçün Balkan Riyaziyyat Olimpiadasında seçim mərhələsinə qatılmadan iştirak etdim və gümüş medala sahib oldum. Qarşıda bizi Respublika fənn olimpiadalarının final turu və 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadası gözləyir. Hədəfim bu olimpiadalarda əlimdən gələnin ən yaxşısını etməkdir. Sonda biz də şagirdlərimizə qarşıdan gələn bilik yarışlarında yüksək zirvələr fəth etməyi arzulayırıq.   "Azərbaycan müəllimi" qəzeti

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində ekskursiyalar

“Məktəblilər üçün muzey həftəsi” çərçivəsində paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir. Ekskusiyalar 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə reallaşdırılır.  “Məktəblilər üçün muzey həftəsi”nin təşkil olunmasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Qeyd edək ki, “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. “Muzeylər və Nəsimi irsi” proqramı üzrə məktəblilər Heydər Əliyev Mərkəzi, "İçərişəhər" və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqları, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Üzeyir Hacıbəyovun ev muzeyi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylər daxil olmaqla ümumilikdə 28 muzeyə səfərlər edirlər. Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olurlar. Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edir, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilir.

“Bizim müəllim”

Şəbnəm Məmmədli Oğuz rayonu Yaqublu kənd tam orta məktəbində çalışır. O, 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 57 bal toplayıb. Tarix fənnini tədris edən Şəbnəm Məmmədli müəllimin şagirdlərə qarşı tələbkar, eyni zamanda qayğıkeş olmasının vacibliyini qeyd edir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Nazir müavini şimal-qərb bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 16-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki, Qax və Zaqatala rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şəki, Qax və Zaqatala rayonlarının təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər təhsil sahəsində aparılan islahatları və əldə edilən uğurları diqqətə çatdırıb. Qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb, həmçinin təhsil müəssisələrinin rəhbərlərinə bir sıra göstəriş və tövsiyələrini verib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra 2018-2019-cu tədris ili ərzində Şəki, Qax və Zaqatala rayonlarının təhsil uğurlarından və təhsil müəssisələrinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Sonda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi

“STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika, nanotexnologiyalar və s.) tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stav, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları və digər şəxslər iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək son illər ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və uğurlu layihələr barədə məlumat verib. Nazir müavini  elm, təhsil və sənaye müəssisələrində innovativ inkişafın təmin edilməsi üçün konkret layihələrin icra olunduğunu xatırladıb və əlavə edib ki, təhsilin qarşısında dayanan vəzifə innovasiya fəaliyyətinin gücləndirilməsidir.  Daha sonra çıxış edən İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanla İsrail arasında mövcud əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb. Səfir bütün sahələrdə, o cümlədən təhsil müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri  Emin Əmrullayev öz növbəsində bildirib ki, nazirliyin təşəbbüsü ilə 3-31 mart və 13-18 may tarixlərində 50 təhsil mütəxəssisi (müəllim və digər təhsil müəssisəsində işləyən mütəxəssislər) İsraildə və Bakıda 5 həftəlik təlimlərdə iştirak edib. Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması, məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən metodik dəstəyin göstərilməsi üzrə kurslar təşkil olunub. Emin Əmrullayev qeyd edib ki, cari ilin yanvar ayında STEM təhsil proqramı çərçivəsində 10 məktəb direktoru İsrailə 1 həftəlik səfər edib. İsrailin “ORT” məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild STEM təhsil metodu barəsində məlumat verərək deyib ki, bu metod təhsilalanlara dörd spesifik sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.  STEM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarət olaraq dörd fərqli fənni real həyatda tətbiq olunan formada və vahid paradiqma kimi öyrədir. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı