• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib. Festival çərçivəsində Mərkəzin parkında uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak ediblər. Festival saatlarında uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınayıblar. Azyaşlılar “face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, DJ, karaoke meydançalarında maraqlı anlar yaşayıb, sirk nömrələri izləyib, animatorlarla əyləniblər. Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkib, avtomobilsevərlər isə ralli meydançasında maşın sürüblər. Mərkəzin parkında heyvansevərlər də müxtəlif macəralar yaşayıblar. Onlar burada safari turuna çıxa, mini zoo və mini ferma zonalarında heyvanlarla canlı təmas qura, sualtı dünyanın möcüzələri ilə tanış ola, xidməti itlərin sərgisini izləyə biliblər. Balacalar, həmçinin “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin viktorinasında iştirak imkanı qazanıblar. Həmçinin arxeologiya və astronomiya ilə maraqlanan uşaqlar üçün də xüsusi meydançalar fəaliyyət göstərib. Əyləncəli və maarifləndirici zonalar “Studyland” uşaq inkişaf mərkəzi, “Creative TK Kids” uşaq mərkəzi, “Sevimli bala” elm mərkəzi, “EkoSfera” sosial-ekoloji mərkəzi, “Megafun” əyləncə mərkəzi, “Bolşoy Prazdnik” ticarət evi, “Tusi Bohm Planitarium”un dəstəyi ilə yaradılıb. Bakı Kitab Mərkəzi və “3 alma” uşaq ədəbiyyatı nəşriyyatı isə mütaliə zonaları təşkil edib. Tədbirin keçirildiyi müddətdə Heydər Əliyev Mərkəzinin parkında musiqi proqramları təqdim olunub. Uşaqlar, həmçinin Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında müxtəlif tamaşalar izləyiblər. Mərkəzin parkında “İnnoFest kəndi” də fəaliyyət göstərib. Bu zona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya Festivalı” (“İnnoFest”) çərçivəsində təşkil olunub. “İnnoFest kəndi”ndə innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, dron və robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi “Robopark”, interaktiv muzey, VR oyunlar, “Baku Open Cyber Cup“, “TechFest Bakı” zonaları, əyləncə meydançası fəaliyyət göstərib. Bayram münasibətilə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr verilib. Beləliklə, uşaqlar iyunun 1-də gün ərzində Heydər Əliyev Mərkəzinin parkında öz arzu və xəyallarını gerçəkləşdirmək, dostları ilə birgə səmərəli asudə vaxt keçirmək, bayramlarını birgə qeyd etmək imkanı qazanıblar.   AZƏRTAC  

“Dayanıqlı inkişaf: problemlər və perspektivlər-2019”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında “Dayanıqlı inkişaf:  problemlər və perspektivlər-2019” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, UNEC-in rektoru Ədalət Muradov və SABAH qruplarının müəllim-tələbə heyəti iştirak edib. Konfransda çıxış edən Ədalət Muradov SABAH qrupları layihəsini Azərbaycan ali təhsil sisteminin uğurlu modeli adlandırıb. SABAH tələbələrinin təxminən üçdə birinin UNEC-də təhsil aldığını deyən rektor təhsil müəssisəsində SABAH modelinin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Ədalət Muradov həmçinin UNEC tələbələrinin uğurlarından söz açıb. Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın aktual mövzuya həsr olunduğuna diqqət çəkərək dayanıqlı inkişafın məqsədlərindən, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir müavini bildirib ki, SABAH layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış bir təhsil modelidir.  SABAH qruplarının əsas məqsədinin ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir müavini bu qrupların gənclər üçün açdığı imkanları diqqətə çatdırıb. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov da öz növbəsində tələbələrin elmi fəaliyyətə maraqlarının artmasını yüksək qiymətləndirərək, bunun onların gələcək fəaliyyətlərində, araşdırma qabiliyyətlərinin inkişaf etdirilməsində  mühüm rol oynadığını bildirib.Konfransın mövzusunun aktual xarakter daşıdığını qeyd edən Hüseyn Hüseynov dayanıqlı inkişaf üzrə milli prioritetlərdən və onlara dair göstəricilərin müəyyən edilməsindən bəhs edib. Konfransın plenar iclasında  IV kurs tələbəsi Aydın İsmayilov “Dayanıqlı inkişafda müasir kommersiya banklarının biznes sahəsində perspektivləri”, Xəyal Məmmədli “Development of social media marketing campaign for small businesses” mövzularında çıxış ediblər. Plenar iclasın yekunundan sonra konfrans üç bölmə üzrə davam etdirilib. Sonda Macarıstan, Polşa, Belarusiya,  İtalya, İngiltərə, Almaniya və digər ölkələrdən həm xarici, həm də yerli məzunlar tərəfindən konfransa təqdim olunan məqalələrdən 50-i sertifikatla mükafatlandırılıb.

İnternat məktəbinə mediatur

Mayın 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinə mediatur təşkil edilib. 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan mediaturda tədbir iştirakçıları valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkiblər. Tədbirdə media nümayəndələri və qonaqlar  öncə internat məktəbinin həyətində  şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra mediatur iştirakçıları internat məktəbinin qonağı olan Xəzər rayonu 230 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları  ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. 24 nömrəli on bir illik musiqi məktəbinin ansamblının müşayiəti ilə konsert proqramı təşkil edilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin şagirdlərinin də maraqlı musiqi, şeir, rəqs  nömrələri qonaqlar tərəfindən maraqla qarşılanıb. Tədbirdə iştirak edən De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu, onların əlverişli mənəvi və sosial mühitdə böyümələri  üçün  hər cür şəraitin yaradıldığını vurğulayıb. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün də ölkə Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Şöbə müdiri belə tədbirlərin valideyn himayəsindən məhrum olmuş uşaqlara müsbət təsirindən danışıb və sonda bütün uşaqların bayramını təbrik edib. İnternat məktəbinin direktoru Dilarə Məşədiyeva çıxış edərək respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görüldüyünü, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər yaşayan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara yüksək həssaslıq göstərildiyini bildirib.  Media nümayəndələrinə məlumat verilib ki, internat məktəbi 1985-ci ildən fəaliyyət göstərir. Məktəb 2016-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Burada 224 şagirdin təlim-tərbiyəsi ilə 36 nəfər pedaqoji işçi məşğul olur. Məktəbdə rəsm dərnəyi və şagirdlərdən ibarət nəfəsli orkestr fəaliyyət göstərir.  Digər qonaqlar da bu cür tədbirlərin təşkilinin əhəmiyyətinə toxunub.  Tədbir konsert proqramı ilə davam etdirilib.

Maarifləndirici təlim başa çatıb

Mayın 31-də Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işini yekunlaşdırıb.  Təlimdə İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Təhsil mövzusu mətbuatda”, İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi”, Aparat rəhbərinin müavini, Elm, ali və orta  ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı” mövzularında təqdimatlarla çıxış ediblər. Təlimdə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinin qaydaları barədə məlumat verilib və  cari ildə keçirilmə tarixləri elan edilib. Eləcə də bu il ali məktəblərə qəbulda dövlət sifarişli yerlərin sayının artırıldığı qeyd edilib. Daha sonra Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Təqaüdlərin və təqaüd yerlərinin artımı”, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsildə İKT” və mövzularında təqdimatları diqqətə çatdırıblar. Günün ikinci yarısında Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin  sektor müdiri Hilal Salmanov “Məktəbdənkənar fəaliyyətin təşkili”, Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi”, De-institutlaşma və uşaqların müdafiəsi  idarəsinin şöbə müdiri Anar Xələfov “Sağlamlıq imkanları məhdud uşaqların təhsili”,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə  müdiri Məcid Bayramlı   “Peşə təhsili” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra jurnalistlərin mövzularla bağlı çoxsaylı sualları cavablandırılıb.  İkigünlük təlim başa çatıb. Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması,  media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Gəncə, Göygöl və Samux təhsil işçiləri ilə görüş

Mayın 31-də Gəncə şəhərindəki Heydər Əliyev  Mərkəzində Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl Rayon Təhsil Şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.    Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl Rayon Təhsil Şöbələrinin müdirləri və həmin bölgələrin təhsil işçiləri iştirak ediblər.  Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Nazir müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, prioritet fəaliyyət istiqamətlərindən söz açıb. Ümumi təhsil pilləsinin əhəmiyyətindən söz açan nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlarda həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını da bildirib. Təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyən  Məhəbbət Vəliyeva həmçinin, məktəb rəhbərlərinə bu və digər məsələlərlə bağlı tövsiyələrini verib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.  Daha sonra Gəncə Şəhər Təhsil İdarəsi, Samux və Göygöl Rayon Təhsil Şöbələrinin müdirlərinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” üzrə görülən işlərə dair hesabatları dinlənilib.  Hesabatlar dinlənildikdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  

İqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrlərin I beynəlxalq elmi konfransı keçirilir

Mayın 31-də Bakıda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrlərin I beynəlxalq elmi konfransı öz işinə başlayıb. Konfrans Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı və ICLEL-in (International Conference on Lifelong Education and Leadership) dəstəyi ilə reallaşıb. Giriş sözü ilə çıxış edən rektor Ədalət Muradov tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, konfransın keçirilməsində məqsəd magistrlərin öz tədqiqatlarını təqdim etməsi üçün beynəlxalq platforma yaradılmasıdır. Tədbirdə təhsil naziri Ceyhun Bayramov bildirib ki, bilik iqtisadiyyatı dövründə hərtərəfli inkişafın təmin ediməsində elm və təhsilin rolu artmaqdadır. Yeni biliklər, tətbiq edilən texnologiyalar və onların nəticələri iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməkdə mühüm amillərdir. Rəqabətin kəskinləşdiyi və qloballaşdığı bir şəraitdə insan kapitalının inkişafının, innovasiyaya əsaslanan ekosistemin qurulmasının zəruriliyini anlayan ali təhsil müəssisələri və elmi-tədqiqat institutları yeni təşəbbüslər, innovativ yanaşmalarla seçilməyə çalışdı və bununla da öz sahələrinin prioritet istiqamətlərini elan etdilər. Danılmaz faktdır ki, iqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20,8 faiz artım müşahidə edilib, 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ali məktəblərdə 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edir. Hazırda magistratura səviyyəsində qəbul dinamikası müşahidə olunur. UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. İyunun 2-dək davam edəcək konfransda iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ölkələrdən olan gənclər bir araya gələrək, magistr tədqiqatlarının nəticələrinin paylaşılması, elmi araşdırmaların keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.   AZƏRTAC

Maarifləndirici təlimin ikinci günü

Mayın 31-də Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin ikinci günü öz işinə başlayıb.  Günün birinci yarısında İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Təhsil mövzusu mətbuatda”, İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi”, Aparat rəhbərinin müavini, Elm, ali və orta  ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev isə “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı” mövzularında təqdimatlarla çıxış ediblər.  Daha sonra Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Təqaüdlərin və təqaüd yerlərinin artımı” və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsildə İKT”  mövzularında təqdimatları diqqətə çatdırıblar.  Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması,  media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Təlim işini davam etdirir.

Olimpiadalara qatılanların bilik səviyyəsi ildən-ilə yüksəlir

274 qalibin 127-nin kənd məktəblərindən olması bölgələrdə də təhsilin keyfiyyətinin artdığını göstərir   Yanvar ayından başlayan Respublika fənn olimpiadaları marafonu başa çatıb. 33 min şagirdin qatıldığı bu marafonun 274 qalibi var. Ölkəmizdə keçirilən ən nüfuzlu bilik yarışında 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc medal qazanıb. Onlar final mərhələsinə qatılan 588 şagird arasından seçilərək yarışın əsas mükafatına layiq görülüblər. 8 fənn üzrə keçirilən Respublika fənn olimpiadalarının nəticələri onu deməyə əsas verir ki, marafona qatılan şagirdlərin bilik səviyyəsi ildən-ilə artır. Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev istər humanitar, istərsə də dəqiq fənlər üzrə şagirdlərin nəticələrini əvvəlki illərlə müqayisədə qənaətbəxş saysa da, bəzi fənlər üzrə nəticənin gözləniləndən aşağı olduğunu da vurğulayıb:   Bütün fənlər üzrə şagirdlərin nəticələri əvvəlki illərlə müqayisədə yaxşıdır.   Ancaq bəzi fənlər üzrə iştirakçılar aşağı nəticə göstəriblər. Məsələn, fizika və nisbətən də riyaziyyat üzrə gözlədiyimizdən zəif çıxış ediblər. Bu, təqdim edilən sualların səviyyəsindən, yaxud hansısa mövzuların şagirdlərə tanış olmamasından da irəli gələ bilər. Ümumiyyətlə götürdükdə, olimpiadanın nəticələri qənaətbəxşdir”.   Bölgələrdə də keyfiyyət yüksəlib   Olimpiadalara qatılanların sayı və uğur qazananların keyfiyyət göstəriciləri şagirdlərin yaş qrupundan və təhsil aldığı məktəbin kənddə, ya da şəhərdə yerləşməsindən asılı olmayaraq, ildən-ilə yüksəlir. Bir şagirdin olimpiadada uğur qazanması onun yaşından asılı olmadığı kimi, neçə şagirdinin olimpiada qalibi olması da məktəbin kənddə, ya da şəhərdə yerləşməsindən asılı deyil. Məhz bu məqam olimpiadada iştirak şərtlərində də özünü göstərib. Belə ki, olimpiadanın rayon, şəhər mərhələsində şagirdlərin iştirakına heç bir məhdudiyyət qoyulmayıb. F.Qarayevin sözlərinə görə, ən istedadlıları seçmək məqsədi ilə keçirilən olimpiadalarda məhz ayrı-ayrı fənlər üzrə fərqlənən uşaqların iştirakını təmin etmək üçün məktəb turlarının keçirilməsi tövsiyə edilib. Bununla yanaşı, fənn müəllimlərinin, məktəb psixoloqunun rəyi ilə də istedadlı şagirdlərin iştirakı təmin edilir: “Bu il respublika fənn olimpiadalarının 274 qalibi olub ki, onların 127-si bölgə məktəblərinin payına düşüb. Əsas qaliblərin arasında nəinki rayon mərkəzlərində yerləşən, hətta kənd məktəblərinin şagirdləri var. Sumqayıt, Mingəçevir, Lənkəran, Oğuz, Bərdə, Şəki, Quba, İsmayıllı, Gəncə, Ağcabədi, Cəlilabad, Göyçay və Neftçala məktəblilərinin adı  məhz qızıl medalçıların siyahısındadır. Məsələn, Bərdədən 1 şagird qızıl, 2 şagird gümüş, 2 şagird bürünc medal qazanıb. Bu da göstərir ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında bölgələrdə də kifayət qədər işlər həyata keçirilir”.   Xüsusi siniflər sayəsində olimpiadalara hazırlıq daha mütəşəkkil olacaq   Qeyd etdiyimiz kimi, ölkəmizdə 8 fənn üzrə olimpiadalar keçirilir. Ancaq həmin olimpiadalara xüsusi hazırlıq təşkil edilmir. Şagirdlərin olimpiadalarda iştirakında və yüksək nəticələr göstərməsində maraqlı olan məktəblər hazırlığı ayrı-ayrılıqda həyata keçirir və həmin təhsil müəssisələrinin nəticələri də ildən-ilə keçirilən fənn olimpiadalarında yüksəlir. Ancaq respublika fənn olimpiadalarında fərqlənənlər beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb edilirlər. Beləliklə, beynəlxalq yarışlara iştirakçı seçimində bir mərhələ rolunu oynayan respublika  fənn olimpiadaları ölkəmizdə ayrı-ayrı fənlər üzrə xüsusi istedadlı uşaqların və onları hazırlayan müəllimlərin seçilməsində müstəsna rol oynayır. Hazırda 300-ə yaxın şagird Olimpiada Hazırlıq Mərkəzlərində məşğələlərə cəlb edilib. F.Qarayevin sözlərinə görə, gələcəkdə bu mərkəzlərin sayının artırılması üçün işlər aparılır: “Hazırlıq mərkəzlərində yerli və əcnəbi müəllimlər dərs deyir. Ali təhsil müəssisələrinin və AMEA-nın ayrı-ayrı institutlarının mütəxəssisləri ilə əməkdaşlıq edilir. Son zamanlar məktəblilərimizin qatıldığı beynəlxalq yarışlarda qazandıqları uğurlar da təsdiq edir ki, həmin mərkəzlərdə hazırlıq düzgün təşkil edilib”. F.Qarayev əlavə edib ki, istedadlı uşaqların bölgələrdə də hazırlığını təşkil etmək məqsədi ilə artıq işlərə başlanılıb: “4 il əvvəl sadəcə 972 şagirdin iştirakı ilə respublika fənn müsabiqələri keçirmişdik. Həmin fənn müsabiqələrinin nəticələrinə əsasən müəyyən etdiyimiz şagirdlər bu gün müxtəlif  beynəlxalq olimpiadaların qalibləridirlər. Artıq bölgələrdə də fənn müsabiqələrinin qalibi olan istedadlı uşaqlar üçün xüsusi siniflərin yaradılmasına başlamışıq. Hazırda 16 müxtəlif rayonun 48 ayrı-ayrı məktəbində 60 belə sinif fəaliyyət göstərir. Növbəti tədris ilindən nəinki belə siniflərin, hətta onların təşkil olunduğu rayonların sayını artırmaq istəyirik. Xüsusi siniflərin təşkili respublika fənn olimpiadalarında şagirdlərin daha yüksək nəticə göstərəcəyinə, beynəlxalq olimpiadalarda iştirak edəcək namizədlərin sayının artmasına, rəqabətin güclənməsinə və nəticədə keyfiyyətin artmasına səbəb olacaq”.   Fənn olimpiadalarının proqramları www.olimpiada.edu.az saytında yerləşdiriləcək   Respublika fənn olimpiadalarına hazırlaşmaqda şagirdlərə kömək məqsədi ilə daha bir addım da növbəti tədris ilindən atılacaq: “Məktəblilərin olimpiadalara hazırlığında əlçatanlığı artırmaq məqsədi ilə gələn ildən www.olimpiada.edu.az saytında hər bir fənn və hər bir yaş qrupu üzrə respublika fənn olimpiadalarının proqramları yerləşdiriləcək. Şagirdlər olimpiadalara ilin əvvəlindən məhz həmin proqramlar üzrə hazırlaşa biləcəklər”. F.Qarayevin sözlərinə görə, əslində, həmin proqramlar hər tədris ilinin əvvəlində təhsil şöbələrinə göndərilib: “Ancaq müşahidələrə görə, göndərilən proqramların şagirdlərə çatdırılması aşağı səviyyədədir. Proqramların saytda yerləşdirilməsi şagirdlərin onlara əlçatanlığını təmin edəcək. Artıq kiminsə onlara proqram verməsini gözləməyəcək, www.olimpiada.edu.az saytından özləri əldə edərək hazırlaşa biləcəklər”.   Beynəlxalq olimpiadalar   Qarşıda isə ölkə məktəblilərini  8 önəmli beynəlxalq olimpiada gözləyir. Həmin olimpiadalara yay olimpiada düşərgəsində hazırlaşan komandalarımız və onların müəllimlərinin qarşıdakı iki aya yaxın zaman kəsiyini maksimum qiymətləndirəcəyi şübhə doğurmur. Riyaziyyat üzrə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına, İngiltərədə keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasına (İMO - İnternational mathematics olympiad), fizika üzrə İsraildə keçiriləcək Beynəlxalq Fizika Olimpiadasına, kimya üzrə Parisdə keçiriləcək Beynəlxalq Kimya Olimpiadasına, Macarıstanda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlıqlar artıq başlayıb. Nəhayət, avqustun 4-11-də Bakıda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək: “Bu olimpiadalarda iştirak edəcək məktəbliləri müəyyənləşdirmək məqsədi ilə seçmə turu keçirilib. Fizika istisna olmaqla, digər fənlər üzrə milli komandalarımız formalaşıb. Fizika üzrə imtahanlar isə bu həftə  keçirilir. Qarşımızda iki ay var və ümid edirik ki, həm müəllimlər, həm də şagirdlər bu iki ayı düzgün dəyərləndirəcəklər”. F.Qarayev onu da deyib ki, olimpiadalara hazırlıq məqsədi ilə Biologiya üzrə milli komandamızın üzvlərinin 14-25 iyun tarixlərində İran İslam Respublikasının Tehran Universitetində, Riyaziyyat olimpiadasına qatılacaq məktəblilərimizin isə Türkiyədə  İnformasiya Texnologiyaları Araşdırma İnstitutu (BİLTEN) nəzdində hazırlıq-məşq toplantısına qatılma ehtimalları var. Bu hazırlıqların uğurlu nəticələrinin olacağına isə hamımız inanırıq.   Nazirlər Kabinetinin qərarı olimpiada hərəkatına təkan verəcək   Dövlət səviyyəsində olan bu inamın nəticəsidir ki, Nazirlər Kabineti “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nı təsdiq edib. Bu qaydalara uyğun olaraq, beynəlxalq olimpiada qalibləri ali məktəblərin istənilən, respublika fənn olimpiada qalibləri isə qalib olduqları fənn üzrə ixtisaslara imtahansız qəbul oluna biləcəklər. F.Qarayevin fikrincə, bu qərar məktəblilərin daha yüksək səviyyədə hazırlığını stimullaşdıracaq: “Beynəlxalq olimpiada qalibi olan məktəblilərimizi dünyanın nüfuzlu universitetləri dəvət edirdilər. Artıq beynəlxalq olimpiada qaliblərinin Azərbaycanın istənilən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbulu gələcəkdə beynəlxalq olimpiada hərəkatına yüzlərlə şagirdin qatılmasına səbəb olacaq”.    “Azərbaycan müəllimi” qəzeti

Müəllimlərin yerdəyişməsinə başlanılır

İyun ayının 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər. Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər. Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək.

“Bizim müəllim”

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsi bu dəfə Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayılı təqdim edir. "Şagirdlərimin oxumaq həvəsi, gələcəyə olan inamı, vətənə, millətə olan bağlılığı məni qürurlandırır” - deyən Şəbnəm Cəbrayıl 2017-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində 55 bal toplayıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı