• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil işçiləri ilə görüşüb

Noyabrın 12-də Zərdab rayonu Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ağcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər. Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Tədbirdə Ağcabədi, Ağdam, Zərdab və Laçın rayonlarının təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib. Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hesabatları təhlil edərək öz münasibətini bildirib. Nazir müavini ölkə Prezidenti cənab  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə və olimpiada uğurlarına toxunan nazir müavini bu nəticələrin daha da yaxşılaşdırılması üçün lazımi işlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva  bildirib ki, hər bir bölgənin təhsilinin inkişafı üçün yerli təhsili idarəetmə qurumları deyil, həm də məktəb direktorları məsuliyyət daşıyır. Nazir müavini bölgələrin təhsil sahəsində əldə etdiyi uğurların, həmçinin göstərdiyi zəif nəticələrin hər zaman nazirliyin diqqətində olduğunu söyləyib. Məhəbbət Vəliyeva bildirib ki, zəif nəticələr təhlil edilir, səbəblər araşdırılaraq müvafiq tədbirlər görülür, yüksək nəticələr isə qiymətləndirilir. Nazir müavini ümumi təhsil müəssisələrində sağlam, keyfiyyətli təhsil mühitinin təşkilinin vacibliyini vurğulayaraq bildirib ki, bunun üçün Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən risk qrupuna daxil olan şagirdlərlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Məhəbbət Vəliyeva qarşıda duran prioritet məsələlərlə bağlı işlərin davam etdirilməsinin önəminə diqqət çəkib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə tövsiyə və tapşırıqlarını verib, onlara uğurlar arzulayıb. Sonra təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən müəllim və məktəb direktorları təltif edilib.

İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Qazaxıstanın Aktobe şəhərində gənc istedadların "Alem Talant Star" müsabiqəsi keçirilib. Müsabiqəyə musiqi, xoreoqrafiya, rəngkarlıq, teatr nominasiyaları üzrə Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynadan 800 iştirakçı qatılıb. Azərbaycan Milli Konservatoriyası tərkibində Incəsənət Gimnaziyasının şagirdləri də müsabiqədə uğurla çıxış edərək Azərbaycanı layiqincə təmsil ediblər. VI sinif şagirdi Toğrul Məmmədov və VII sinif şagirdi Nuranə Əliyeva fortepiano nominasiyası üzrə “Gran Prize” mükafatına layiq görülüb. Nuranə Əliyeva həmçinin ansambl nominasiyasında “Gran Prize” mükafatı qazanıb. Teatr şöbəsinin şagirdləri Almaz Həsənzadə və Fidan Tahirova isə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə müsabiqəyə qatılaraq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib, I dərəcəli diplomlarla təltif olunublar. Rəsmləri ilə müsabiqəyə qatılan təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Natiqə Əsədli və Nəzrin Əliyeva da müsabiqədən uğurla geri qayıdıblar. X sinif şagirdi Natiqə Əsədli I yerə, Nəzrin Əliyeva isə II yerə layiq görülüb.

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı 

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihədə bu il 49 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Tədbirdə məlumat verilib ki, 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Builki yarış isə 12 noyabr - Konstitusiya Gününün qeyd olunduğu tarixdə keçirilir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ilin məhz bu günü ümumxalq səsverməsi ilə qəbul edilib. Tədbirdə ulu öndər Heydər Əliyevin Konstitusiya Günü ilə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub. Diqqətə çatdırılıb ki, “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edən komandalar hazırlıq məqsədilə oktyabrın 29-dan noyabrın 7-dək Mərkəzdəki Heydər Əliyev Muzeyini ziyarət edib, burada toplanmış məlumat və eksponatlar, foto və videomateriallarla tanış olublar. Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub. Bu il Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandasi ilk dəfə, Naxçıvan Dövlət Universitetinin komandası isə dördillik fasilədən sonra yenidən bilik yarışına qatılıb. Bilik yarışında suallar ulu öndər Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar. Bilik yarışında Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası üçüncü yerlərə layiq görülüblər. Qalib komandalar mükafatlandırılıb. Onlara diplom və medallar, qalib komandanın kapitanına kubok təqdim edilib. Yarışın qalibi olan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı Bəxtiyar Əlizadə bu cür genişmiqyaslı bilik yarışlarının təşkil edilməsində böyük rolu olan Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Ulu Öndərin irsinin, tariximizin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edən ali təhsil müəssisələrinin komandaları yüksək bilik nümayiş etdiriblər. Buna baxmayaraq, biz qələbə qazandıq. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllim-professor heyətini, kursantlarımızı və komandamızın üzvlərini təbrik edirəm.   AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində 13 noyabr 2019-cu il tarixində keçiriləcək Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Fransa Respublikasının Paris şəhərində rəsmi səfərdədir. Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə YUNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində Ceyhun Bayramovun YUNESKO Baş Direktorunun təhsil üzrə müavini Stefani  Giannini  ilə görüşü, eləcə də YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransa Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirakı planlaşdırılır.

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə 

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün 2019-2020-ci tədris ili ərzində Türkiyədə təşkil olunan təlimlər davam edir. Təlim çərçivəsində iştirakçılar İzmirdə təşkil olunan “Elm və texniki layihə” sərgisində iştirak ediblər. Qeyd edək ki, təlimlər Azərbaycan və Türkiyənin peşə təhsili sahəsində əməkdaşlığı çərçivəsində təşkil olunub. Təlimlər  Peşə Təhsili üzrə Dövlət Agentliyi rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul və İzmir şəhərlərində keçirilir. Liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi planlaşdırılan 2-12 həftəlik təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin ixtisasartırılmasıdır.

“Məktəbimizdə”

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Abşeron rayonu, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdəndir. Ümumtəhsil məktəbi 1983-cü ildə tikilib. Hazırda təhsil müəssisəsində 1790 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə qabaqcıl, peşəkar müəllim kollektivi məşğul olur. Ötən tədris ilində məktəbi bitirən məzunların ali təhsil müəssisələrinə qəbul göstəricisi 88 faiz təşkil edib. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

Bayrağımız qürurumuzdur!

Ağdamda möhtəşəm Bayraq yürüşü   Ağdam rayonu, Quzanlı qəsəbəsi. Təhsil və Müdafiə nazirlikləri 9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirir. Rayon Təhsil şöbəsinin yanından başlayan yürüş Bayraq meydanına qədər davam edəcək. Yürüş məsafəsi 1 kilometrdən çoxdur. Bu məsafəni yürüyəcək minlərlə insan toplaşıb. Əllərində bayrağı, ürəyində bayrağına, torpağına, vətəninə sevgisi ilə hər kəs öz yerini tutmağa çalışır. Öndə Azərbaycan bayrağının bugünkü “daşıyıcıları”dır. Onlar  Azərbaycan müdafiə sənayesinin istehsalı olan zirehli texnikanın üzərində daha güvənli, daha cəsur görünürlər. “Bayraq yürüşü”nün önündə məhz onlar gedir. Azərbaycan ordusunun ağır artilleriyasını Azərbaycanın gənc bayraqdarları izləyir. İndiki nəsildən bayrağı məhz onlar təhvil alacaqlar - Azərbaycan məktəbliləri. Əllərində “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür”, “Qarabağ Azərbaycandır!”, “Bayrağımız qürurumuzdur!” şüarları, dillərində vətən, ürəklərində təpər, damarlarında  dəliqanlı qanı. Onlardan biri də Samir Alıyevdir. Ağdam şəhər 18 nömrəli tam orta məktəbin şagirdidir. Əlində tutduğu şüar onun üçün bu günü tam anlamı ilə ifadə edir: “Bayraq mənim üçün qürur mənbəyidir. Hər zaman başımızın üstündə saxlayacağımız, sancıldığı yeri vətənimiz saydığımız atributdur bayraq. Mənim üçün bayraq müstəqillik, suverenlik deməkdir. Bayrağım varsa, deməli, dövlətim var, vətənim var”.   Bayrağımız Vətənimizdir   Məktəbli qızlar da oğlanlardan geri qalmır. Aynişan Zeynalova X sinif şagirdidir. O da bayraq yürüşünün bayraqdarlarından biridir: "Bayraq oğlan-qız demədən, hamımızındır. Onu daşımaq, qorumaq hər birimizin vəzifəsi, başucalığıdır. Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü liseydə  təhsil alıram. Bu gün bayramdır hər birimiz üçün. Gördüyü mənzərə qarşısında insan qürur keçirməyə bilmir. Ölkəmlə, dövlətimlə, millətimlə, ordumla, məktəbli yoldaşlarımla fəxr edirəm. Biz bu bayrağı daim ucaltmağa qadirik və onun enməsinə heç vaxt yol verməyəcəyik. Çünki bayrağımız vətənimizdir. Biz hər birimiz günün birində o bayrağa sarılıb torpağın canına can qatmağa hazırıq”.   Qazilər ön sıralardadır   Azərbaycan ordusunun piyadaları nizamlı addımlarla məktəbliləri təqib edir. Onların arxasında isə bayrağımızın keçmiş keşikçiləri, Qarabağ qaziləri,  bayrağı qanı-canı ilə qoruyan və bu yolda sağlamlığını ortaya qoyan keçmiş döyüşçülər addımlayır. Ayaqları özünün olmasa da, illər öncəki döyüş ruhu hələ aşıb-daşır. Çingiz Məmmədov Qarabağ döyüşçüsü olaraq bu yürüşdə iştirakından doğan hisslərindən danışır: “Hər birimiz bu bayraq üçün savaşdıq. Bundan sonra da savaşmağa hazırıq. Bayraq günü münasibətilə keçirilən yürüşün ötürdüyü hisslər çox yüksəkdir. Burada ön sıralarda addımlamağım isə mənim üçün xüsusilə önəmlidir. Azərbaycanın süverenliyi və ərazi bütövlüyünün qorunmasında əməyi keçmiş bir insan kimi qiymətləndirilməyim mənim üçün bu günün belə möhtəşəm qeyd edilməsi qədər qürurludur. Əslində, vətəni qorumaq, onun üçün canından keçmək bizim borcumuzdur”.   Bu yürüş onu göstərir ki...   Qazilərdən sonra xalq gəlir. Təhsil nazirinin müavini Firudin Qurbanov ucu-bucağı görünməyən yürüşün ön sıralarında durmağın, böyük Azərbaycan ordusunun arxasınca  addımlamağın verdiyi qürur hissindən, “Bayraq yürüşü”nün təşkilindəki məqsədlərdən danışır: “Bu yürüşün hər bir iştirakçısı kimi mən də qürur duyuram. Qürur duyuram ki, dövlət atributlarına sevginin bu cür nümayişinin şahidiyəm. Bu yürüş onu göstərir ki, Qarabağın azad olunmasına xidmət edəcək belə yürüşlərə hər bir ölkə vətəndaşı hazırdır. Bayrağımız ölkəmizin varlığını, eyni zamanda gücünü bütün dünyaya - həm dostlarımıza, həm də düşmənlərimizə göstərir. Ona görə də fəxr etməliyik ki, Azərbaycan kimi ölkədə yaşayırıq”. Nazir müavini müstəqilliyini qazandığı qısa dövrdə bir ölkə, dövlət olaraq əldə etdiyimiz uğurlara diqqət çəkir: “Azərbaycan çox sürətlə inkişaf edir. Bayrağımız mötəbər beynəlxalq təşkiltlarda, idman yarışlarında, mədəniyyət forumlarında, ən yüksək səviyyələrdə dalğalanır. Bu, dövlətimizin gücünü, qüdrətini göstərir. Müstəqilliyimizi bərpa edəli cəmi 28 il olsa da, çox sürətli inkişafa nail olmuşuq. Çox qısa müddətdə böyük nailiyyətlər əldə olunub”.   Xalq öz ordusunun arxasındadır   Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “Bayraq yürüşü” tarixində Ağdamın kütləviliyi ilə özünəməxsus yer tutacağına diqqət çəkir: “Bayraq xalqın qürurunu ifadə edir. Fəxr edirəm ki, bayraq gününü Ağdam rayonunda belə möhtəşəm qeyd edə bilirik.  Bunun  üçün Təhsil Nazirliyinə də, Azərbaycan ordusuna da təşəkkür edirəm. Yürüşdə iştirak üçün təxminən 4 min nəfər nəzərdə tutmuşduq. Ancaq hesab edirəm ki, bu gün iştirakçı sayı 10 minə yaxınlaşıb”. Xalq  artisti Nurəddin Mehdixanlı xalqla ordunun birliyinə diqqət çəkir: “Millət hər zaman ordusunun arxasında olmalıdır. Bu da o günlərdən biridir. Təhsil Nazirliyi artıq 5 ildir hər il bir cəbhə bölgəsində bayraq yürüşü keçirir. Bu qədər insanın bura toplaşması bilirsiniz nə deməkdir? Xalqımız, millətimiz bayrağına sahib çıxmağı bacarır. Bayrağımız hər zaman uca olsun. Əsgərlə xalq, millətlə ordu bir yerdə olanda yenilməz”. Birlik komandirinin müavini, polkovnik Babək Səmidli “Bayraq yürüşü”nün əhəmiyyətini, məqsədlərini önə çəkir: “Vətəndaşlarımızda bayraq sevgisini artırmaq, dövlətçiliyimizin möhkəmlənməsi üçün dövlət başçısının ətrafında sıx birləşmək üçün bayraq yürüşünü həyata keçiririk. Hər il bu yürüşün iştirakçıları genişlənir. Bayrağımızın dalğalanması üçün minlərlə şəhid vermişik. Onları indi yetişməkdə olan nəslə nümunə göstəririk ki, bayrağımızın dəyərini bilsinlər”. Millət vəkili Aydın Mirzəzadə deyir ki, bu bayrağı işğal olunan ərazilərə sancmağa da, sancıldığı yerlərdə dalğalandırmağa da gücümüz var: “Artıq ikinci dəfə, yəni ikinci ildir bayraq yürüşündə iştirak edirəm. Bir dəfə Tərtərdə keçirilən yürüşə qatılmışam. İndi isə Ağdamın Quzanlı qəsəbəsində keçirilən yürüşdə iştirak edirəm. Buradan təmas xəttinə bir neçə kilometr var. İşğalçılar da bizi görürlər. Yürüşə qatılanlar da sadəcə Ağdam sakinləri deyil. Bu yürüşə qatılmaq üçün başqa yerlərdən, ətraf rayonlardan gələnlər var.  Burada 20-30 nəfər Qarabağ qazisi də iştirak edir. Qürur hissi keçirirəm. Hər kəsin dövlətə bağlılığı hiss olunur. Bu gün Azərbaycan dünyada öz sözünü deyə bilən bir dövlətdir. Bayrağımız mötəbər tədbirlərdə dalğalanır. İşğalçılar bilməlidir ki, bu gün başımızın üstünə qaldırdığımız bu bayrağı işğal olunan ərazilərimizə sancmaq niyyətindəyik. Biz bunu mütləq edəcəyik. Azərbaycan xalqı bir parça torpağını da güzəştə getməyəcək. Ermənistan öz cavabını alacaq. Harada bayraq varsa, Azərbaycan vətəndaşı ordadır. O bayrağı qorumaq üçün ölkə vətəndaşları canından keçməyə hazırdır”. Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul  katibi İlqar Orucov: “Biz Azərbaycan vətəndaşlarının bayrağa olan sevgisinin şahidi olduq. Böyük izdiham gördük. Mənim üçün əhəmiyyətli məqamlardan biri yeniyetmə və gənclərin, xüsusən məktəblilərin yürüşdə xüsusi fəallığı oldu. Bu, onu göstərir ki, yetişməkdə olan nəslin vətənpərvərlik hissi çox yüksəkdir. Ağdam rayonu Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir rayondur. Ərazilərinin böyük hissəsi işğal altında olan bu rayonda insanlar ordusuna, bayrağına sayqıyla yanaşır. Hər kəs torpaqlarının azadlığı üçün döyüşməyə hazırdır. Bu yolda Ali Baş Komandanın əmrlərinə müntəzirdir”.   BAYRAQ sevdalısı  məktəblilərimiz   Yürüşdə 118 nömrəli tam orta məktəb xüsusi ilə seçilir. Üzünü bayraq rəsmi ilə boyamış, başdan-ayağa bayrağı və ona həsr olunan günü ifadə edən Ağdam məktəblilərinin qışqırmaqdan səsi dəyişib. Məktəbin tarix müəllimi Hacı Əmirov X-XI sinif şagirdlərinin öz təşəbbüsü ilə bayraq gününə xüsusi hazırlaşdıqlarını deyir: “İlkin təşəbbüs göstərib. Hansı şüarla çıxış edəcəklərinə də özləri qərar veriblər”. XI sinfin ən fəal şagirdlərindən biri ismayıl Məmmədquliyev Ağdam sakinidir: “Sinif yoldaşım İlkin və mənim təşəbbüsüm idi. Hesab etdik ki, bayraq günündə sakit yürümək məqsədəuyğun olmaz. Əgər yürüşdə mahnı oxuyar, ruh yüksəldən şüarlar səsləndirəriksə, daha böyük motivasiyaya nail ola bilərik. Əvvəlcə himnimizi səsləndirdik. Aşağı siniflərdən əzbərlədiyimiz bayraq haqqında şeirlər ifa etdik.  Bayraqla bağla maraqlı fikirlər tapıb dedik. Yoldaşlarımız da seçdiyimiz bu fikirləri xorla təkrarlayırlar. Daha doğrusu, İlkin deyir, hamımız təkrarlayırıq”. İlkin Haqverdiyev “Bu gün bütün məktəbli dostlarımıza bir nümunə olmağa çalışdıq. Onlara göstərməyə çalışdıq ki, yumruq kimi birləşməliyik. “Bayraq mənliyimdi, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim”, “Ölkəmiz türk ölkəsi, aşiq edər hər kəsi. Üstümüzdən əksilməsin üçrəngli bayrağımızın kölgəsi”, deyə arzuladıq, haykırdık”. X sinif şagirdi Elvin Orucov isə deyir ki, “biz burdayıqsa nə bayraq enər, nə də vətən basılar”. Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü lisey müəllim və yuxarı sinif şagirdləri ilə birlikdə bayraq yürüşünə qatılıb. Təhsil müəssisəsinin direktoru Zərif Mehtiyeva deyir: “Məktəb bir vəzifə olaraq vətənpərvər, dövlətinə və millətinə bağlı vətəndaş yetişdirməyi üzərinə götürüb. Bizim regionda vətənpərvərlik yüksək səviyyədədir. Bu, həm də sərhəd böləsində yaşamağımızla bağlıdır. Burada doğulub böyüyən hər kəs vətənpərvərdir. Hər birimiz bayrağa xüsusi hisslərlə bağlıyıq. Yaşından, işindən asılı olmayaraq hər kəs bayrağını da, dövlətini də, ərazi bütövlüyünü də qorumaq üçün savaşmağa hazırdır”. Sosial-iqtisadi kollecin II kurs tələbələri də burdadır. Kollecdə fiziki tərbiyə ixtisası üzrə təhsil alan Elbəy İmanov deyir ki, bu mənzərəni telefonun yaddaşına köçürmək də o sıralarda yürümək qədər qürurvericidir: “Biz də bu yürüşün iştirakçılarıyıq”. Ağdam şəhərindəki 97 nömrəli tam orta məktəb 26 müəllim və 40  şagirdi ilə yürüşə qatılıb. Məktəbin tədris işləri üzrə direktor müavini Şücaət Bağırovanın sözlərinə görə, şagirdlər arasında vətənpərvərlik hissləri çox yüksəkdir: “O qədər həvəslidirlər ki, yerlərində dura bilmirlər. Bu ruh yüksəkliyi ilə onlar çox güclü gələcək vəd edirlər”. Ağdam rayon uşaq və ailələrə dəstək mərkəzinin direktoru Yaqut Qəhrəmanova da rayonda yüksək bayram əhvali-ruhiyyəsinin olduğunu vurğulayır. Bu hisslər elə yüksəkdir ki, bir anda döyüş ruhuna çevrilə bilər: “İnsan az qalır bayraq meydanını da keçib getsin. 5-6 kilometr sonra ermənilərlə təmas xəttidir. Bu ruhla biz o təmas xəttini müqavimətsiz keçərik”. Dünən gerçəkləşən  yürüş bayram əhvali-ruhiyyəsi yaratdı. Sadəcə bayram əhvali-ruhiyyəsimi? Dalğalanan dəniz kimi meydanı rəngləndirən üçrəngli Azərbaycan bayrağı ürəklərdə, düşüncələrdə döyüş ruhu da yaratdı. Təbii ki, insanların Quzanlı qəsəbəsindəki möhtəşəm Bayraq meydanından cəmi 5 kilometr məsafədə olduğunu bilməsi də öz sözünü dedi. Bayraq Meydanından cəmi 5 kilometr sonra ermənilərin işğal etdiyi Baş Qərvənd ərazisi başlayır. Yürüşün yaxın illərdə Bayraq meydanında bitməyəcəyi, əksinə burdan başlayacağına ümid yarandı. Baş Qərvəndə yürüməyə hazır minlərlə insan Bayraq meydanına çatsa da, durmaq istəmirdi. Hisslər elə coşmuşdu ki, təmas xəttinə qədər yürüyə bilərdilər...   “Azərbaycan müəllimi” qəzeti

Sambo üzrə açıq birincilik başa çatıb

“Zuğulba” Tədris İdman Bazasında sambo idman növü  üzrə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. Yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 8 komanda olmaqla 100-dən artıq idmançı mübarizə aparıb. Birincilikdə komanda hesabında I yerə “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, II yerə Sumqayıt şəhər 1 nömrəli, III yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəblərinin komandaları layiq görülüb. Qaliblər kubok, medal və diplomlarla təltif edilib. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında sambo idman növünün təbliğ edilməsi, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.  

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinin coğrafiya müəllimi Cəmilə Əliyevaya həsr olunub. O, 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 50 bal toplayıb. Cəmilə Əliyeva deyir ki, dünyanı kəşf etmək arzusu onun coğrafiya müəllimi olmaq istəyini, bu fənnə olan sevgisini daha da artırıb. Şagirdlərinə də bu sevgini aşılamağa çalışan Cəmilə müəllim deyir ki, hər müəllim bu peşənin müqəddəsliyini və məsuliyyətini dərindən dərk etməlidir. Çünki hər bir şəxsin həyatda formalaşmasında, tərbiyələnməsində müəllimin əməyi, zəhməti çox böyükdür. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Noyabrın 8-də dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb. Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində addımlar atıldığını deyib. Nazir əlavə edib ki, son illərdə Təhsil Nazirliyinin fəaliyyətində müəllimlərlə bağlı siyasət prioritet təşkil edib, ən ciddi uğurlar da məhz müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində əldə edilib. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə görülən işləri diqqətə çatdıran  nazir bildirib ki, bu gün qarşıda duran ən vacib vəzifələr təhsilin hər bir vətəndaş üçün əlçatanlığının təmin edilməsi, keyfiyyət göstəricilərinin yüksək və rəqabətli olmasıdır. Bununla əlaqədar hər bir təhsil işçisi qeyd edilən məsələləri əsas fəaliyyət istiqaməti kimi nəzərə almalı və təmin etməlidir. Nazir çıxışının sonunda bir daha təltif edilən təhsil işçilərini təbrik edib.               Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər. Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 126 nəfər “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı