SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Vətənimdir” adlı rəqs festivalı keçirilib. Festivalda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu ilə yanaşı, Sumqayıt şəhər 1 nömrəli, Quba rayonu, Salyan şəhər və Gəncə şəhər uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, eləcə də Gürcüstandan dəvət olunmuş “Ceyran” rəqs ansamblı iştirak edib. Festivalın keçirilməsində məqsəd mədəni irsimizi, folklorumuzu uşaqlara sevdirmək, milli rəqslərimizin gözəlliklərini, incəliklərini nümayiş etmək, uşaq-gənclər inkişaf mərkəzləri arasında dostluq körpüsünü möhkəmləndirmək və təcrübə mübadiləsini artırmaqdır. Festival çərçivəsində rəqs qruplarının nümayiş etdirdiyi nömrələr maraqla qarşılanıb. Sonda rəqs qrupunun üzvləri və xoreoqraflar diplom və hədiyyələrlə təltif olunublar.
18/11/2019 16:09
“Məktəbimizdə” - fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbindəndir. Məktəb 1924-cü ildə fəaliyyətə başlayıb. Ümumi təhsil müəssisəsi 2013-cü ildə əsaslı təmir olunub. Ümumtəhsil məktəbində 530-a yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində məktəbi bitirən 17 nəfərdən 9-u tələbə adını qazanıb. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
18/11/2019 15:36
Təhsil Nazirliyində mətbuat konfransı
Noyabrın 18-də Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib. Məlumat verilib ki, sözügedən Dövlət Proqramı milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur. Məqsəd yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsidir. Bununla bağlı olaraq Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsilin prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək. Qeyd olunub ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının “Times Higher Education (THE) World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai)” reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialının formalaşdırılmasına nail olunması və yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması nəzərdə tutulur. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün 18 noyabr 2019-cu il tarixində müvafiq elan verilib. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
18/11/2019 14:33
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək
Ağdaş və Yevlax rayon sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 28 noyabr 2019-cu il tarixində saat 10:00-da Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdaş və Yevlax rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağdaş və Yevlax rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 18-22 noyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
18/11/2019 11:22
Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər
Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər davam edir. Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlimi ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul, İzmir şəhərlərində təşkil olunub. Təlimlər liderlik, dərzi, dizayn, elektrik, mebel, avtomobil, turizm və qida istiqamətləri üzrə həyata keçirilir. Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə birinci katibi Nəcibə Nəsibova təlimlərə qoşularaq peşə təhsili müəssisələrinin nümayəndələri ilə görüşüb, ümumi vəziyyətlə tanış olub. İzmir şəhərində keçirilən liderlik təlimləri zamanı bir neçə peşə liseyinə səfərlər təşkil olunub, onların maddi-texniki bazası, tədris olunan ixtisaslar haqqında məlumatlar əldə edilib. Həmçinin liderlik, strateji planın hazırlanması, işəgötürənlərlə əməkdaşlıq və büdcədənkənar gəlirlərin idarə olunması ilə bağlı təlimlər keçirilib. Sözügedən təlimlər zamanı incəsənətlə bağlı nümayəndə heyəti TRT kanalına səfər edib, iş prosesi və dekor işləri ilə yaxından tanış olublar. Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə keçirilməsi nəzərdə tutulub.
16/11/2019 14:40
Mingəçevirdə gənc müəllimlərlə görüş
Noyabrın 15-də Mingəçevir şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlərlə görüş keçirilib. Görüşdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə təhsil sahəsində aparılan islahatlardan və əldə edilən nəticələrdən danışıb. Nazir müavini çıxışında müəllimlərin bilik və bacarıqlarının artırılması, təhsildə baş verən yeniliklərin mənimsənilməsi, şagirdlərlə qarşılıqlı ünsiyyətin uğurlu formalaşması mövzularına da toxunub. Nazir müavini müəllimlərin peşə fəaliyyətinin artırılması məqsədilə İKT, dil bacarıqlarının inkişaf etdirilməsi və onların tədris prosesində tətbiqi, eləcə də gələcək nəslin daha rəqabətcil, tənqidi yanaşma bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Firudin Qurbanov həmçinin şagirdlərin sağlam həyat tərzi üçün valideynlərin maarifləndirməsində müəllimlərin aparıcı rolunun vacibliyini diqqətə çatdırıb. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
15/11/2019 18:08
Nazir müavini Şamaxı şəhərində
Noyabrın 15-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Şamaxı rayonuna səfər edib. Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonda yerləşən Avropa məktəbi, eləcə də İqbal Rəsulov adına Muğanlı kənd və 6 nömrəli tam orta məktəblərə baş çəkib. Nazir müavini qeyd olunan təhsil müəssisələrində dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub. Məhəbbət Vəliyeva həmin məktəblərin pedaqoji kollektivləri ilə görüşdə tədris prosesi zamanı müasir təhsil texnologiyalarından, həmçinin interaktiv tədris metodlarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini eyni zamanda Şamaxı şəhəri 6 nömrəli tam orta məktəbdə rayonun qabaqcıl təhsil işçiləri və gənc müəllimləri ilə görüş keçirib. Görüş zamanı təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva müəllimlərə öz tövsiyələrini verib, onlara uğurlar arzulayıb. Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb. Daha sonra nazir müavini Qobustan rayonu Bədəlli kənd tam orta məktəbində də olub, məktəbin şəraiti ilə tanış olub və pedaqoji kollektivi ilə görüşərək onlarla söhbət aparıb.
15/11/2019 17:51
Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib
Noyabrın 15-də Təhsil nazirinin müavini Firudin Qurbanov Mingəçevir şəhərindəki Gənclər Evində Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Qəbul 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Qəbulda sözügedən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsilalanların köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
15/11/2019 17:34
Bu il 259 azərbaycanlı gənc xaricdə təhsil almaq hüququ qazanıb
2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təhsili Macarıstan, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Latviya, Rumıniya və Qazaxıstan Respublikası üzrə ayrılmış təqaüd yerlərinə əsasən həyata keçirilib. Cari tədris ili üzrə Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
15/11/2019 15:42
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı