SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda
Noyabrın 20-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Goranboy rayonuna səfər edib. Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonda yerləşən Qızılhacılı qəsəbə Dilbazi Qasımov adına 1 nömrəli, Qızılhacılı qəsəbə Mahir Dosuyev adına 2 nömrəli və Goranboy şəhəri 2 nömrəli tam orta məktəblərə baş çəkib. Nazir müavini qeyd olunan təhsil müəssisələrində pedaqoji kollektivlə görüşüb, sinif otaqları və onların tərtibatı barədə öz tövsiyələrini bildirib. Nazir müavini Goranboy şəhəri 2 nömrəli tam orta məktəbdə rayonun qabaqcıl təhsil işçiləri və gənc müəllimləri ilə görüş keçirib. Məhəbbət Vəliyeva görüş zamanı təhsil sahəsində aparılan islahatlar barədə danışıb, təlim nailiyyətlərinin təkmilləşməsi ilə bağlı öz tövsiyələrini verib, onlara uğurlar arzulayıb. Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb. Daha sonra nazir müavini Goranboy şəhəri İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada olub, gimnaziyanın şəraiti ilə tanış olub və pedaqoji kollektivi ilə görüşərək onlarla söhbət aparıb.
20/11/2019 14:52
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirin keçirilməsində məqsəd Qəbələdə yerləşən ümumtəhsil məktəblərinin şagirdləri və onların valideynlərini peşə təhsil mərkəzi ilə tanış etmək, mərkəzdə tədris olunan ixtisaslar və təlim prosesi barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də peşə təhsilini təbliğ etməkdir. Tədbirdə pedaqoji heyət mərkəzin fəaliyyəti, duala bənzər peşə təhsili və təlimi yanaşmasının tələbələr üçün yaratdığı imkanlar barədə ətraflı məlumat veriblər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə çıxış edərək peşə təhsilinə göstərilən qayğı, bu sahədə əldə olunan nailiyyətlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə danışıb. Tədbirdə tələbələrin tərəfdaş müəssisələrdə qatıldıqları təlimlər, müəssisələrə təşkil olunan səfərlər haqqında məlumat verilib, video-çarx və fotoşəkillər nümayiş etdirilib. Tədbirin növbəti hissəsində Mərkəzin qənnadçı – şirniyyatçı qrupunun məzunu tərəfindən şirniyyatın bəzədilməsi üzrə master klas təşkil olunub. Qeyd edək ki, tədbir Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə icra olunan “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə keçirilib. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili ixtisasları üzrə müasir kurikulum, tədris materiallarının hazırlanması, eyni zamanda müəllim və usta heyətinin təlimləndirilməsini nəzərdə tutur.
20/11/2019 12:26
“Sağlam təhsil-sağlam millət” layihəsinin inkişafına dair qrant müsabiqəsi
Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafına dair qrant müsabiqəsi elan edir. Qrant müsabiqəsinin keçirilməsində məqsəd ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində təhsilə cəlb olunmuş şagirdlərin sağlamlığının qorunması, fiziki-psixi inkişafının, təlim nailiyyətləri və təhsil ehtiyaclarının qiymətləndirilməsidir. Həmçinin həmin şagirdlərin arasında sağlam həyat tərzinin təşviqi, ümumi və xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının monitorinqi və bu istiqamətlərdə işlərin aparılması üçün kadr hazırlığını təmin etmək də məqsədlər sırasındadır. Müsabiqədə dövlət qeydiyyatı olan qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatları qranta müraciət üçün layihə təklifi, layihənin icra planı və xərclər smetasını, reyestr məlumatını, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini və digər tələb olunan sənədləri təqdim etməlidirlər. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər 30 noyabr 2019-cu il saat 18:00-dək st2019@edu.gov.az ünvanına göndərilməlidir. Təqdim olunan ərizələr qiymətləndirilərkən qurumun təhsil sahəsi üzrə layihələrdə iştirakı, layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması, cəlb ediləcək mütəxəssislərin eyni məzmunlu layihələrdə təcrübəsi, eləcə də qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması, layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və icrası ilə bağlı risklərin göstərilməsi nəzərə alınacaq. Qeyd edək ki, ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində layihə üzrə təhsil alan şagirdlərin sayı 4500 nəfərdən çoxdur.
20/11/2019 11:08
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş
Noyabrın 19-da Goranboy rayonu Heydər Əliyev Mərkəzində Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər. Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Tədbirdə Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib. Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, prioritet fəaliyyət istiqamətlərindən söz açıb. Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açaraq təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən danışıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.
19/11/2019 17:49
“Məktəblinin dostu” layihəsi
“Məktəblinin dostu” layihəsi 70 ümumtəhsil məktəbini əhatə edir. Layihə çərçivəsində hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində “Məktəblinin dostu” fəaliyyət göstərir. Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihə ilk olaraq 30 məktəbdə fəaliyyətə başlayıb. “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.
19/11/2019 17:36
Müəllimlər İsraildə STEM təlim kursunda
Təhsil Nazirliyinin “ORT İsrael” məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 50 nəfər təhsil mütəxəssisi İsraildə təşkil edilmiş 24 günlük STEM (Science, Technology, Engineering and Mathematics) təlim kursuna qatılıb. Səfər çərçivəsində İsraildən olan mütəxəssislər tərəfindən STEM mövzusunda olan proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun ölkəmizdən olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı müəllimlərə metodik dəstəyin göstərilməsi nəzərdə tutulub. Təlim kursunda Təhsil Nazirliyinə, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan məktəblərdən və bir sıra rayonlardan müəllimlər iştirak edirlər. Təlimlər ümumtəhsil məktəblərinin müəllim-pedaqoji heyətinin, eləcə də təhsilin idarə olunması sahəsində çalışanların dünyanın bir sıra universitetlərində, təhsil mərkəzlərində təşkil edilmiş təlim və konfranslarda iştirak etməsi onların peşə hazırlığının artırılması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
19/11/2019 17:20
SABAH teatrı Beynəlxalq Festivalda mükafat qazanıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs SABAH tələbələri Rusiyada keçirilən Ümumrusiya Dövlət Kinemotoqrafiya İnstitutunun 39-cu Beynəlxalq Tələbə Festivalında iştirak edib. V.Şekspirin pyesinin motivləri əsasında hazırlanmış və quruluşçu rejissoru SABAH müəllimi Gümrah Ömər olan tamaşada SABAH tələbələri Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər. Qeyd edək ki, “Otello əfsanəsi” bu ilin mart ayında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” festivalında “Ən orijinal tamaşa” seçilib. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş münsiflər heyətinin qərarına əsasən, ADMİU-nun SABAH qrupları tələbələrinin “Otello əfsanəsi” tamaşası “Dünya klassikasının yozumunda milli yanaşma”, “Klassik dünya ədəbi motivlərinin çevik təcəssümü” nominasiyaları üzrə qalib olub.
19/11/2019 17:09
Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri
“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Quba, Siyəzən və Xızı rayonlarının ümumtəhsil məktəblərində çalışan fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib. Təlimlərə Quba rayonunun 137 ümumtəhsil məktəbindən 150, Siyəzən rayonunun 25 ümumtəhsil məktəbindən 35, Xızı rayonunun 15 ümumtəhsil məktəbindən isə 20 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Qeyd edək ki, TOPs proqramı Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir. Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün Fiziki Tərbiyə üzrə Tədris Planları araşdırılaraq, TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub. Layihə çərçivəsində hazırlanmış fiziki tərbiyə üzrə innovativ vəsait olan metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edərək müəllim fəaliyyətini stimullaşdıraraq tədrisdə daha yaxşı nəticələrin əldə edilməsinə hesablanıb. TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını tətbiq etməklə açıq dərslər keçəcək, həmçinin dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsi ilə bərabər, erkən yaşlarından idmana olan bağlılıqlarını artırmağa imkan yaradacaq. Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb və ölkənin bütün ümumtəhsil məktəblərinin bu layihəyə cəlbi nəzərdə tutulub.
19/11/2019 09:38
Respublika çempionatının rayondaxili mərhələsinə yekun vurulub
Məktəblər arasında basketbol, voleybol, atletika, şahmat və stolüstü tennis idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsinin yarışları başa çatıb. Ölkə üzrə 2515 ümumi təhsil müəssisəsinin qatıldığı rayondaxili mərhələdə 50 mindən çox məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə 778 məktəb qoşulub. Yekunda hər idman növü üzrə zona mərhələsinə vəsiqə qazanan məktəblər müəyyən edilib. Çempionatın zona mərhələsinə isə 2020-ci ilin aprel ayından start veriləcək. Zona mərhələsinin yarışlarında hər idman növü üzrə 76 məktəb komandası olmaqla 3 minə yaxın məktəbli mübarizə aparacaq. Çempionatın əsasnaməsinə uyğun olaraq bu mərhələdə I-II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanacaq. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Şahmat, voleybol və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, stolüstü tennis və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir.
18/11/2019 17:40
Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirilmənin cari ilin dekabr ayında keçirilməsi nəzərdə tutulub. Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
18/11/2019 16:33
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı