SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu Pirəmsən kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olan Ağaəli Hümbətova həsr olunub. Ağaəli Hümbətov sözügedən məktəbdə riyaziyyat fənnini tədris edir. O, 2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğurla iştirak edərək 50 bal toplayıb. Müəllimi cəmiyyətin sütunu hesab edən və buna görə də bu peşəni seçən Ağaəli Hümbətov riyaziyyat fənninin incəliklərini şagirdlərinə sevə-sevə öyrədir. Ağaəli müəllim deyir ki, bu peşənin sahibi olanlar hər bir şagirdin fikrinə hörmətlə yanaşaraq tolerantlıq nümayiş etdirməlidir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
22/11/2019 15:08
V SABAH Tələbə Debat Forumu
“Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsi çərçivəsində SABAH qrupları layihəsinin və Milli Debat Proqramının birgə təşkilatçılığı ilə “V SABAH Tələbə Debat Forumu” keçirilib. “SABAH Tələbə Debat Forumu”nun əsas məqsədi SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinin təminatı, onların müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, natiqlik bacarıqlarına yiyələnməsidir. Həmçinin, tələbələrdə intellektual oyunlarda iştiraka maraq yaratmaq, müxtəlif universitetlərdə təhsil alan SABAH tələbələri arasında ünsiyyətin artırılmasına şərait yaratmaq da əsas məqsədlərdəndir. “Ekoloji problemlərin əvvəlcədən qarşısının alınmasında və mövcud problemlərin aradan qaldırılmasında innovativ metodlar tətbiq olunmalıdır” mövzusu ətrafında keçirilən Forumun qrup və “play-off” oyunlarında ümumilikdə 6 universiteti təmsil edən 22 komanda mübarizə aparıb. Debat raundlarında uğurlar qazanan Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) “Tanrının övladları” və “Alpha” komandaları finala vəsiqə qazanıblar.11 tələbə forumun ən yaxşı natiqləri adına layiq görülüb. Finalda Azərbaycan Dövlət İqtisad Universitetinin “Tanrının övladları” komandası Forumun qalibi olub. Qalib komandaya kubok təqdim edilib Forum Təhsil Nazirliyinin dəstəyi ilə, Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən keçirilib. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı və bacarıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir. SABAH qrupları 2014-2015-ci tədris ilində 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat) 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 36 ixtisas və 2400-dən çox tələbəni əhatə edir.
22/11/2019 12:55
İsveçrənin Cenevrə Universiteti təqaüd proqramı elan edir
İsveçrənin Cenevrə Universiteti Avropa və Beynəlxalq İdarəçilik Elmləri üzrə 2020-2021-ci tədris ili üçün magistratura təqaüd proqramı elan edir. Təqaüdün müddəti 10 aydır. Təqaüd proqramında iştirak etmək istəyənlər 25 dekabr 2019-cu il tarixinədək müraciət edə bilərlər. Təqaüd proqramı, tələb olunan sənədlər haqqında ətraflı məlumat və müraciət formasını əldə etmək üçün müvafiq keçiddən - http://www.meig.ch/admission/full-programme/ istifadə etmək mümkündür.
22/11/2019 10:21
Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin hesabat tədbiri
Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının binasında Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Mingəçevir,Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Tədbirdə Mingəçevir, Tərtər, Bərdə və Yevlax təhsil şöbə müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib. Nazir müavini bildirib ki, zəif nəticələrin səbəbi araşdırılmalı, məktəb və təhsil şöbələrinin əməkdaşları birgə fəaliyyət göstərməlidir. Məhəbbət Vəliyeva məktəblərdə xarici dil fənninin tədrisinin aşağı səviyyədə olduğunu bildirib, günün tələblərinə uyğun tədbirlər planının tərtib edilməsini tövsiyə edib. Nazir müavini çıxışının sonunda təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb. Sonra qeyd olunan şəhər və rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəbəhazırlığın təşkilinin vacibliyindən, məktəbdaxili qiymətləndirmədən danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb. Sonda görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Tərtər rayonu Uşaq-Gənclər İdman Şahmat məktəbində də olub, məktəbin gənc şahmatçıları ilə görüşüb. Nazir müavini rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub.
21/11/2019 17:49
Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib
Noyabrın 21-də Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirliklərinin rəhbərlərinin V iclasında iştirak edib. İclasda ŞƏT-ə üzv, müşahidəçi və tərəfdaş olan 15 ölkədən 50 nümayəndə iştirak edib. Tədbiri Rusiya Federasiyasının Elm və Ali Təhsil naziri Mixail Kotyukov açıq elan edib. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda elmi tədqiqatların faizinin artmasında ali təhsil müəssisələrinin rolu nəzərəçarpacaq qədər yüksəkdir. Nazir müavini qeyd edib ki, azərbaycanlı alimlərin xarici həmkarları ilə birgə nəşr etdirdiyi elmi işlərin sayının artması ölkəmizin beynəlxalq tədqiqat layihələrində fəal iştirakının göstəricisidir. 2017-ci ildə dünyanın aparıcı elmi jurnallarında Azərbaycan alimlərinin ən çox sayda tədqiqat nəticələri nəşr edilib (1160 nəşr). “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə məlumat verən Firudin Qurbanov bildirib ki, Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu proqram Azərbaycan Respublikasının vətəndaşları üçün Şanxay reytinq cədvəlinə daxil olan 500 universitetdə doktorantura səviyyəsində təhsil almaq imkanı yaradır. Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının vacibliyini vurğulayan nazir müavini təhsildə texnoloji innovasiyaların tətbiqindən danışaraq “Rəqəmsal bacarıqlar” və STEAM layihələri barədə məlumat verib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasının təmin olunması istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq addımların atıldığını qeyd edən nazir müavini əldə olunmuş nailiyyətlər, o cümlədən İnformasiya Resursları Mərkəzi, Təhsil şəbəkəsi, bu sahədə kadr potensialının inkişafı və elektron resurslar barədə də məlumat verib. Tədbir çərçivəsində nazir müavini Firudin Qurbanov Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini Qriqori Trubnikov ilə görüşüb. Görüşdə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbirin sonunda növbəti iclasın Pakistan İslam Respublikasında keçirilməsinə qərar verilib.
21/11/2019 16:40
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji işçiləri üçün seminarlar
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün seminarların təşkilinə başlanılıb. Seminarlar “Gender bərabərliyi və insan haqları”, “Sağlam həyat tərzi və fiziki aktivlik”, “Tarixi şəxsiyyətlərin, milli qəhrəmanların məktəblilər arasında tanıdılması” və “Milli-dini ayrı-seçkiliklə mübarizədə təhsilin rolu” mövzularında keçirilib. 19-20 noyabr tarixlərində Lənkəran şəhərində keçirilən tədbirdə Bakı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən məktəbdənkənar təhsil müəssisələrindən 140 nəfər nümayəndə iştirak edib. Seminarda peşəkar təlimçilər tərəfindən zərərli vərdişlər, onların sağlamlığa mənfi təsiri, yetkinlik yaşına çatmayanların və gənclərin idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalarının müsbət təsiri, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi, gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülər, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərləri və digər mövzularda çıxışlar edilib, bu kimi məsələlərinin uşaq-gənclər arasında təbliğ edilməsinin əhəmiyyətindən danışılıb. Qeyd edək ki, min nəfərə yaxın əməkdaşın iştirak etməsi nəzərdə tutulan seminarlar respublikanın bütün bölgələri əhatə olunmaqla ilin sonuna qədər davam etdiriləcək.
21/11/2019 15:42
“eTwinning” layihəsi çərçivəsində regional konfrans
Lənkəran şəhərində “eTwinning” layihəsi çərçivəsində “Layihə yönümlü təhsil” mövzusunda regional konfrans keçirilib. Konfransda Lənkəran Şəhər Təhsil İdarəsinin müdiri Aslan İbrahimov, müdir müavini Güloğlan Bağırov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova, şəhər və bölgələrdən 60 nəfər müəllim iştirak edib. Tədbirin keçirilməsində məqsəd müasir tədris metodologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsi, layihə əsaslı tədrisin müzakirəsi, müəllimlərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi, “eTwinning” layihəsinin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi olub. 3 gün davam edən tədbirdə müəllimlər tərəfindən 5-i beynəlxalq olmaqla, 14 yeni layihə yaradılıb. Konfrans çərçivəsində təlimlər təşkil olunub. Daha öncə Avropada təlimlərdə iştirak edən müəllimlər öz təcrübələrini paylaşıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda tədbirdə iştirak edən müəllimlər sertifikatlarla təltif olunub. Qeyd edək ki, Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış “eTwinning” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulub. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.
21/11/2019 14:39
“Fərman Salmanov adına təqaüdün” verilməsi Qaydası” təsdiqlənib
Nazirlər Kabineti tərəfindən “Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavriat səviyyəsində əyani təhsil alan və bu Qaydaya müvafiq olaraq keçirilən müsabiqənin qalibi elan olunmuş Azərbaycan vətəndaşları bu təqaüdü almaq hüququna malikdirlər. Müsabiqədə iştirak üçün sözügedən universitetdə bakalavriat səviyyəsində əyani təhsil alan, xüsusi istedadı ilə fərqlənən (təhsildə yüksək göstəricilərə malik olan, ADNSU-da keçirilən tələbələrin elmi-texniki konfransının mükafatçısı olan) tələbələr təhsillərinin üçüncü ilindən başlayaraq təqaüdün alınması üçün namizəd ola bilərlər. Tələbənin ali təhsil müəssisəsinə qəbul zamanı 600-dən yuxarı bal toplaması, son iki tədris ilinin yekunlarına görə ümumi orta müvəffəqiyyət göstəricisinin 91-100 olması əsas şərtlərdəndir. Təqaüd iki tələbə üçün, hər birinə “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” ölkə Prezidentinin müvafiq sərəncamı ilə müəyyən edilmiş adlı təqaüd məbləğində ödənilir və bir tədris ili müddətinə təyin edilir. Təqaüdün təyin olunması tələbənin digər təqaüdləri almaq hüququnu istisna etmir. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" 9 iyul 2019-cu il tarixli sərəncamına əsasən, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib.
21/11/2019 12:04
Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib
Noyabrın 20-də Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib. Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq. Proqramın icra dövrü ərzində yerli ali təhsil müəssisələrində 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Sözügedən proqramların seçimində əsas meyar kimi xarici tərəfdaş ali təhsil müəssisəsinin beynəlxalq reytinq siyahılarında yer alması, bakalavr ali peşə-ixtisas dərəcəsi və magistr ali elmi-ixtisas dərəcəsi vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması, həmin ali təhsil müəssisəsinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma ali təhsil müəssisələri ilə əməkdaşlıq etməməsi kimi şərtlər öz əksini tapır. Bununla yanaşı, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hər iki icra istiqaməti üzrə nəzərdə tutulmuş məqsədlərin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin nəzdində İdarəetmə Qrupu formalaşdırılacaq.
21/11/2019 11:36
Bolonya prosesi üzrə İşçi Qrupunun növbəti iclası
Finlandiyanın paytaxtı Helsinki şəhərində Bolonya prosesi üzrə İşçi Qrupunun (Bologna Follow-Up Group - BFUG) növbəti iclası keçirilib. 48 Avropa ölkəsinin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov təmsil ediblər. Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin evsahibliyi etdiyi tədbirdə Bolonya prosesinin icrası üzrə Koordinasiya Qrupunun, eləcə də Kvalifikasiya çərçivəsi, Diplomların tanınması və Keyfiyyətin təminatı üzrə müvafiq İşçi Qruplarının hesabatları dinlənilib. Sosial məsələlər üzrə, Təlim və Tədris üzrə Məsləhət Qrupları tərəfindən təqdim edilən növbəti hesabatlarda Avropa Ali Təhsil Məkanında (EHEA) ali təhsilin müvafiq istiqamətlərdə inkişaf trendləri diqqətə çatdırılıb. Qlobal Siyasət Dialoqu üzrə Koordinasiya Qrupu tərəfindən EHEA ilə dünyanın digər regionları arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat təqdim edilib. İclasda EHEA ilə Avropa Tədqiqat Məkanı (ERA) arasında daha səmərəli işbirliyinin qurulması, EHEA-nın gələcəyi, San Marino dövlətinin EHEA-ya qoşulmaqla bağlı müraciəti, 2020-ci ildə Romada keçiriləcək Nazirlər Konfransına hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. İclasda təşkilati məsələlərə də baxılıb və 2022-ci ilin 1 iyul - 31 dekabr tarixlərində Azərbaycan Respublikasının Çex Respublikası ilə birlikdə BFUG-yə həmsədrlik etməsinə dair qərar qəbul edilib. Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində aparılan müzakirələrdə fəal iştirak edib.
20/11/2019 16:29
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı