SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb
Dekabrın 26-da Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə ali təhsil müəssisələrinin prorektorları ilə görüş keçirilib. Orta ixtisas təhsili müəssisələrinin direktorları, direktor müavinlərinin də iştirak etdiyi görüşdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, tədbirin məqsədi təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlıdır. Firudin Qurbanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirdəki konseptual çıxışında dünyadakı çağırışlar, Azərbaycanın bu çağırışlara müvafiq yanaşması, ölkəmizdə aparılan islahatlar, eləcə də təhsil müəssisələri qarşısında duran həlli vacib vəzifələrə, həmçinin bir sıra digər məsələlərə toxunub. IV sənaye inqilabından danışan Təhsil nazirinin müavini qeyd edib ki, bu dövr həm də süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə müşayiət olunur. Yeni çağırış və dəyişikliklərin təhsil sisteminə təsirindən danışan Firudin Qurbanov bildirib ki, belə bir şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənclərin yetişdirilməsi mühüm şərtdir. Nazir müavininin sözlərinə görə, ali təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, həm də müxtəlif insani keyfiyyətlərə, qabiliyyətlərə malik insan yetişdirməlidir ki, onlar cəmiyyətə fayda versinlər. Bu mənada ali təhsil müəssisələri qarşısında çətin, məsuliyyətli vəzifə durur. Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Ali təhsil müəssislərində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mühüm mədəni-kütləvi, incəsənət tədbirlərinə, intellektual oyunlara, idman yarışlarına cəlb olunmasının vacibliyini qeyd edib. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq monitorinqlər aparılacağını əlavə edib. Daha sonra qarşılıqlı fikir mübadiləsi şəkilində davam etdirilən görüşdə təhsil müəssisələrində tərbiyə işinin gücləndirilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
26/12/2019 14:34
“Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib
Dekabrın 25-də Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Amil Əlili, Xəzər Rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov, tanınmış ictimaiyyət nümayəndələri, peşə təhsili mərkəzlərinin direktorları, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər. İştirakçılar əvvəlcə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin zərgər, kostyum ustası və dərzi , interyer və eksteryerin bədii tərtibatçı qruplarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra tələbələrin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Ədəbi-bədii kompozisiyada tələbələrin ifasında ilk insan yaranışı İmadəddin Nəsiminin qəzəllərində təcəssüm olunmuş ilahi yaranış, od, su, torpaq fəlsəfəsinin səhnə həlli nümayiş olunub. Tədbirin sonunda Təhsil nazirinin müavini İdris İsayev və digər qonaqlar çıxış edərək lisey tələbələrinin təqdim etdikləri bu kompozisiyadan məmnunluqlarını ifadə ediblər.
26/12/2019 10:57
"High Performance Computing" (HPC) mərkəzinin açılış mərasimi keçirilib
Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "High Performance Computing" (HPC) Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektoru Mustafa Babanlı, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Təhsil nazirinin müavini İdris İsayev, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, digər hökumət üzvləri, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları, AMEA-nın institut direktorları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADNSU-nun rektoru Mustafa Babanlı qonaqları salamlayaraq HPC Mərkəzi haqqında məlumat verib. Mustafa Babanlı bildirib ki, yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən müasir elmi istiqamət olan HPC Mərkəzi kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elm sahələrində kvant mexanikası, hava proqnozlaşdırıması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi istiqamətlərdə çox böyük tətbiq imkanlarına malikdir. Belə bir mərkəzin təsis olunmasında əsas məqsəd ölkədə HPC ilə bağlı elmi texnoloji məsələlərin həlli və kadr hazırlığını təmin etməkdir. Açılış mərasimində HPC Mərkəzinin elmi-təşkilatı işlər üzrə icraçısı Nigar İsmayılova məruzə ilə çıxış edərək mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib. Sonra Təhsil nazirinin müavini İdris İsayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək ADNSU-da yaradılan HPC Mərkəzinin ölkəmizdə innovasiya proseslərinin inkişafına töhfə verəcəyini vurğulayıblar. Qeyd edilib ki, universitet ilkə imza atmaqla cəmiyyətimizin bütün fəaliyyət sahələri üçün faydalı ola biləcək bir layihəni reallaşdırıb. Tədbir çərçivəsində mərkəzdə çalışan universitet tələbələrinə və mərkəzin bir neçə əməkdaşına sertifikatlar təqdim olunub. Sonra mərkəzin fəaliyyəti ilə bağlı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
26/12/2019 10:26
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 100 illiyi qeyd olunub
Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) 100 illiyi ilə bağlı videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən ADPK-nın direktoru İsrayıl İsgəndərov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə məlumat verib. İsrayıl İsgəndərov qeyd edib ki, hazırda kollecdə 7 ixtisas üzrə 4800-ə yaxın tələbə subbakalavr dərəcəsi üzrə təhsil alır. Bu tələbələrin təhsili ilə 270 müəllim, 135 inzibati və tədris-köməkçi heyəti məşğul olur. İsrayıl İsgəndərov deyib ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci milli-mənəvi dəyərlərə xidmət edən, vətənpərvərlik ruhunda tərbiyə olunan, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, yüksək ixtisas bacarığına malik kadrlar hazırlanılmasını ən ümdə məqsəd və vəzifəsi bilir. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva kollecin fəaliyyətini yüksək qiymətləndirib. ADPK-nın keçdiyi tarixi yola nəzər salan nazir müavini qeyd edib ki, 1919-cu ilin sentyabrında Azərbaycan Dövlət Pedaqoji Kollecinin bilavasitə sələfi olan Bakı Darülmüəllim (Kişi Müəllimlər Seminariyası) açılıb. Məhəbbət Vəliyevanın sözlərinə görə, kollec 100 il ərzində müxtəlif adlar altında fəaliyyət göstərsə də öz xalqının maariflənməsi istiqamətində əvəzedilməz işlər görüb, on minlərlə layiqli kadrlar yetişdirib. Nazir müavini kollecin bu gün də öz tarixi missiyasını uğurla həyata keçirərək pedaqoji kadr hazırlığını davam etdirdiyini xüsusi olaraq qeyd edib. Nazir müavini Məhəbbət Vəliyeva çıxışının sonunda bütün kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. ADPU-nun rektoru Cəfər Cəfərov öz növbəsində kollecin kollektivini təbrik edib. ADPK-nın bacarıqlı müəllim heyəti ilə təmin olunduğunu deyən rektor bu təhsil müəssisəsinin peşəkar müəllim kadrlarının hazırlanmasında rolunu xüsusi vurğulayıb Sonra bir qrup əməkdaşa diplom və fəxri fərman təqdim olunub. Tədbir bədii proqramla davam etdirilib.
25/12/2019 17:32
Təhsil naziri Qəbələdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb
Dekabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun Bayramov qeyd edib ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, davranışı ilə də şagirdlərinə nümunə olmalıdır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətini qiymətləndirən nazir deyib ki, bu qurum müəllimlərin inkişafına stimul verir. Assosiasiyanın fəaliyyəti çərçivəsində gənc müəllimlər üçün onlayn platformanın istifadəyə veriləcəyini deyən nazir müəllimlərin bu platforma vasitəsilə fəaliyyətlərinə dair məlumatları, yenilikləri paylaşa biləcəklərini qeyd edib. Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə uğurlar arzulayıb. Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
25/12/2019 16:10
Təhsil naziri Vəndam qəsəbəsindəki yeni məktəbin açılışında
Dekabrın 25-də Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət olan məktəbdə 15 sinif otağı ilə yanaşı məktəbəhazırlıq, tibb, texnologiya, kompüter otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 162 yerlik akt zalı, 100 yerlik yeməkxana, texniki otaq və kitabxana da vardır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.
25/12/2019 15:45
Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək
Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Bilik yarışının ilkin mərhələsində bu il təxminən 35000 şagirdin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Olimpiadalar rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.
25/12/2019 13:57
2019-cu təqvim ili rəqəmlərdə- icma əsaslı məktəbəqədər təhsil
Cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb. Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
25/12/2019 12:57
TOPs təlimləri Xaçmaz məktəblərində
“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Xaçmaz rayonunun ümumtəhsil məktəblərində təlimlər keçirilib. Təlimlərə Xaçmaz rayonunda fəaliyyət göstərən 123 ümumi təhsil müəssisəsindən 150-ə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədrisi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib. Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib. Qeyd edək ki, TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir. Ümumilikdə cari tədris ilində Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan 546 məktəb layihəyə cəlb olunub, həmin məktəblərin 800-dən artıq fiziki tərbiyə müəllimi üçün təlimlər keçirilib. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.
25/12/2019 12:27
Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb
Təhsil nazirinin müavini Firudin Qurbanov “Liderliyin inkişafı proqramı” çərçivəsində Almaniya, Fransa, Gürcüstan, Ukrayna və Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb. Görüş zamanı nazir müavini təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, son illərdə bu sahədə mühüm strategiya və proqramların qəbul edildiyini diqqətə çatdırıb. Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib. Firudin Qurbanov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib. Nazir müavini deyib ki, istedadlı uşaqlarla bağlı həyata keçirilən ardıcıl tədbirlər nəticəsində respublika və beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşıb. 2013-2019-cu illərdə şagirdlərimiz tərəfindən 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb. Nazir müavini diaspor nümayəndələrini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında da məlumatlandırıb. Firudin Qurbanov qeyd edib ki, sözügedən proqram çərçivəsində 3500-dən artıq gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Nazir müavini bildirib ki, yeni qəbul olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə yerli və xarici ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinə töhfə verəcək. Görüş zamanı diaspor nümayəndələrini təhsil sahəsi ilə bağlı maraqlandıran suallar cavablandırılıb, mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
25/12/2019 11:21
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı