SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Vəndam qəsəbəsindəki yeni məktəbin açılışında
Dekabrın 25-də Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət olan məktəbdə 15 sinif otağı ilə yanaşı məktəbəhazırlıq, tibb, texnologiya, kompüter otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 162 yerlik akt zalı, 100 yerlik yeməkxana, texniki otaq və kitabxana da vardır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.
25/12/2019 03:54
"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans
Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın ənənəvi olaraq ilin sonuna yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirdiyini, fikir mübadiləsi apardığını diqqətə çatdırıb. Konfransın mövzusunun təhsil sahəsi ilə bağlı olduğunu deyən Əli Əhmədov bildirib ki, bütövlükdə inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Baş Nazirin müavini deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib, məktəblər tikilib, təhsilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb. Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Nazir ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Ceyhun Bayramov diqqətə çatdırıb ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. Nazir bildirib ki, 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsil layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur. Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlbi istiqamətində görülən işlərdən də söz açıb. İstedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc olmaqla ümumilikdə 180 medal qazanıblar. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihəsi barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, cari tədris ilində məktəblərdə ilk dəfə olaraq STEAM-ın tədrisinə start verilib. Nazir deyib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.
24/12/2019 16:18
2019-cu təqvim ili rəqəmlərdə - məktəbəhazırlıq
Cari ildə ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 80 faizə çatdırılıb. Bu dövr ərzində 100 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib.
24/12/2019 15:51
“Məktəbimizdə” - fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdəndir. 1975-ci ildən fəaliyyət göstərən məktəb 2017-ci ildə əsaslı şəkildə təmir olunub. Hazırda ümumi təhsil müəssisəsində 1221 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 88 müəllim məşğul olur. Məktəbdə təşkil edilən 5 məktəbəhazırlıq qrupuna 95 uşaq təhsilə cəlb edilib. 2018-2019-cu tədris ilində məktəbin texniki və təbiət təmayüllü sinfini bitirən 21 məzundan 19-u tələbə adını qazanıb. Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
24/12/2019 15:34
Psixoloqların diaqnostik qiymətləndirilməsinə start verilib
Dekabrın 24-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesinə start verilib. Dekabrın 28-dək davam edəcək prosesdə 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur. Qeyd edək ki, diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
24/12/2019 10:11
PİSA 2018-in nəticələri müzakirə olunub
Dekabrın 20-də Təhsil İnstitutunda PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələrinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak ediblər. Tədbirdə Təhsil İnstitutunun əməkdaşı Leyla Abbaslı nəticələrlə bağlı təqdimatla çıxış edib, PİSA Proqramı haqqında ümumi məlumat verib. Qeyd edək ki, PİSA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir keçirilir. PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PİSA tədqiqatında 80-dən artıq ölkə iştirak edir. 2018-ci ildə PİSA tədqiqatında Azərbaycanı Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib.
20/12/2019 19:53
Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil işçiləri ilə görüş
Dekabrın 20-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Tədbirdə Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil şöbələrinin müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib. Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini məktəblərdə tədris prosesinə rəhbərlik və nəzarət mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb, həmçinin təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Sonra qeyd olunan rayonların məktəb direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə ümumi təhsil müəssisələrində həyata keçirilən tədbirlərin məqsədyönlü və səmərəli təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi məsələlərinə toxunulub. Çıxışının sonunda Məhəbbət Vəliyeva tövsiyə və tapşırıqlarını verib, təhsil işçilərinə uğurlar arzulayıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.
20/12/2019 17:39
Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi
“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi keçirilib. İlk olaraq həndbol üzrə yarışların final oyunları baş tutub. Daha sonra birinciliyin proqramına daxil olan badminton, həndbol və velosiped idman növləri üzrə qalib komandalar mükafatlandırılıb. Qalibləri Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev, Azərbaycan Həndbol Federasiyasının baş katibi Orxan Məmmədov, Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftahətdinova və Lüdmila Şubina təltif edib. I, II, III yer tutan məktəb komandalarına kubok, diplom, medal və həvəsləndirici hədiyyələr təqdim olunub. Qeyd edək ki, noyabr-dekabr aylarında keçirilən yarışlara badminton, həndbol və velosiped idman növləri üzrə Bakı şəhərinin 12 rayonundan 291 məktəb, 13 mindən çox məktəbli qatılıb. Badminton idman növü üzrə I yeri Yasamal rayonu 286 nömrəli, II yeri Xətai rayonu 260 nömrəli, III yeri Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin komandası, Velosiped idman növü üzrə I yeri Yasamal rayonu 308 nömrəli, II yeri Xətai rayonu 29 nömrəli, III yeri Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin komandası tutub. Həndbol idman növü üzrə isə I yerə Xəzər rayonu 183 nömrəli, II yerə Nizami rayonu 12 nömrəli, III yerə 80 nömrəli tam orta məktəbin komandası layiq görülüb. Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında olimpiya hərəkatını təşviq etmək, təhsil müəssisələri ilə idman federasiyaları arasında əməkdaşlığı gücləndirmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, olimpiya idman komplekslərindən səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir. “Olimpiya hərəkatı” layihəsi Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə keçirilir.
20/12/2019 17:11
Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib
Dekabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), təhsil sənədlərinin verilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
20/12/2019 16:35
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Vasif Hüseynov adına Nərimanabad qəsəbə tam orta məktəbinin informatika müəllimi Şahanə Heydərovaya həsr olunub. O, 2015-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 54 bal toplayıb. Şahanə Heydərova deyir ki, zəif oxuyan şagirdə belə stimul verməklə nəticələrinin yaxşılaşmasına nail olmaq mümkündür. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
20/12/2019 16:16
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı