SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“GəncLİK” proqramının gənc liderləri ilə görüş
Təhsil nazirinin müavini Firudin Qurbanov “GəncLİK” proqramının gənc liderləri ilə görüşüb. Görüş zamanı nazir müavini Azərbaycanda gənclərin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatların bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, təhsilin inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Ölkəmizdə istedadlı gənclər üçün yaradılan imkanlardan və ölkə başçısının müvafiq Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsindən bəhs edən Firudin Qurbanov gənclərin müasir çağırış, innovasiya, rəqəmsal texnologiyalar və süni intellektin inkişafına hazır olmalarını, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməli olduqlarını bildirib. Nazir müavini proqram iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb. Sonda gənclər maraqlı görüş görə minnətdarlıqlarını bildirib və xatirə şəkili çəkdirilib. Qeyd edək ki, gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən fəaliyyətə başlayan “GəncLİK” proqramının məqsədi potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir. “GəncLİK” proqramına mindən çox gənc müraciət edib və 4 pilləli seçim mərhələsinin nəticəsi olaraq onlardan meyarlara tam uyğun gələn 30 nəfər gənc lider seçilib. Seçilən gənc liderlər üçün cari ilin oktyabr-dekabr aylarında peşəkar xarici və yerli mentorların iştirakı ilə təlimlər keçirilib, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunur.
24/02/2020 11:21
Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin peşə təmayüllü siniflərinin şagirdləri üçün təcrübə səfəri təşkil olunub. Təcrübə səfərinə 9 ümumi təhsil müəssisəsindən 200-ə yaxın şagird cəlb edilib. Səfərin təşkil edilməsinin əsas məqsədi şagirdləri potensial iş yerləri ilə tanış etmək və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir. Təcrübə “Hilton Baku” oteldə həyata keçirilib. Şagirdlər kiçik qruplara bölünərək otelin qeydiyyat, mətbəx, restoran, texniki şöbə və təhlükəsizlik departamentlərində təlim keçərək iş prosesi ilə yaxından tanış olublar. Hər bir qrup öz departamenti ilə tanışlıqdan sonra rotasiya üsulu ilə digər departamentlərlə tanış olmaq imkanı əldə ediblər. Qeyd edək ki, Təhsil İnstitutunun icra etdiyi "Ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin təşkili" layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib. Peşə təmayüllü siniflərin yaradılmasında məqsəd X-XI sinif şagirdlərinin peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
24/02/2020 09:29
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib
Fevralın 23-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Yarımfinal turu Bakı şəhərində 7, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 18 mərkəzdə təşkil edilib. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib. Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33 mindən çox şagirdin iştirakı ilə keçirilib. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
23/02/2020 14:55
“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Respublika İncəsənət Gimnaziyasında “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbir keçirilib. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə “Nargis” Nəşriyyat Evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyinin əməkdaşı, məktəblərin pedaqoji kollektivi, şagirdlər və təşkilatçı qurumların nümayəndələri iştirak edib. “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işlərinin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü layihələrə məktəblilərin cəlb olunmasının əhəmiyyətindən danışıb. Layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” mövzusunda təqdimatla çıxış edib, uşaqların suallarını cavablandırıb.Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri qısa musiqi parçaları ilə çıxış edib. Sonda şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə və əl işlərinə baxış keçirilib. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.
22/02/2020 10:20
Peşəyönümü istiqamətində təbliğat və maarifləndirmə işləri
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün müəllim və pedaqoji-mühəndis heyətindən ibarət təbliğat qrupları yaradılıb. Təbliğat işinə məsul olan qruplar tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlər keçirilir. Peşəyönümü işinin optimal şəkildə təşkili məqsədilə təqdimatlar həyata keçirilir, bukletlər və digər əyani məlumat daşıyıcı sənədlər paylanılır. Bu məqsədlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri 183 və 284 nömrəli tam orta məktəblərdə peşəyönümü istiqamətində maarifləndirmə tədbirləri keçirilib. Tədbirdə məktəbin rəhbər və müəllim heyəti, valideynlər və IX-XI sinif şagirdləri iştirak edib. Tədbirdə peşə təhsilinin vacibliyi, yeni istifadəyə verilmiş mərkəzin imkanları, işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Həmçinin mərkəzdə tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib. Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonda şagirdlərə sorğu vərəqələri paylanılıb və gələcəkdə üstünlük verəcəyi peşə ixtisasları barədə qeydlər aparılıb.
22/02/2020 10:00
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Fevralın 23-də cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarımfinal turu Bakı şəhərində 7, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 18 mərkəzdə təşkil ediləcək. Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçiriləcək. Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33784 şagirdin iştirakı ilə keçirilib. Qaydalara əsasən, respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər və əvvəlki tədris ilində beynəlxalq olimpiada qalibi olmuş məktəblilər (ümumilikdə 5396 nəfər) iştirak etmək hüququ qazanıb. Bu mərhələdə IX sinif və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri aşağı yaş qrupu, X və XI sinif şagirdləri yuxarı yaş qrupu üzrə yarışacaqlar. Yarımfinal turunda ən çox iştirakçı 1387 nəfər olmaqla Azərbaycan dili və ədəbiyyat fənni üzrə, ən az iştirakçı isə 161 nəfər olmaqla informatika fənni üzrədir. Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
22/02/2020 09:40
Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Fevralın 21-də Təhsil naziri Ceyhun Bayramov Kürdəmir şəhərindəki Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının əsaslı təmir və tikintisi, təhsil haqqı, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
21/02/2020 17:01
Bakı Mühəndislik Universitetində tələbələrə smart tələbə kartları təqdim olunub
Fevralın 21-də Bakı Mühəndislik Universitetində smart tələbə kartının təqdimat mərasimi keçirib. Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, "Kapital Bank"ın Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə, tərəfdaş qurumların rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini İdris İsayev çıxışında qeyd edib ki, smart tələbə kartlarının hazırlanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini bildirib ki, bununla bağlı ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartı müəyyən edilib və onun əsasında müasir ödəniş funksionallı tələbə kartları hazırlanaraq tələbələrə təqdim olunur. Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd edib. BMU-nun rektoru Havar Məmmədov universitetdə İKT-nin bir çox istiqamətlərdə tətbiq olunduğunu qeyd edib. O bildirib ki, “Universitet Elektron Məlumat Sistemi” tətbiqi nəticəsində idarəetmədə şəffaflıq, dəqiqlik, sürətlilik və hesabatlılıq təmin olunub. Tədris prosesində müasir kompüter avadanlıqlarından, elektron resurslardan istifadə olunmaqdadır. Rektor görülən işlərin davamı olaraq, təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib. Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar Azərbaycan smart kartın tələbələrə verəcəyi üstünlüklərdən danışıb. Kapital Bankın Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə də öz növbəsində smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib. Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilib və universitetin ən yüksək göstəriciləri olan 20 tələbəsinə smart tələbə kartları təqdim olunub. Təqdimatda bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin, regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartı vasitəsi ilə universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb. Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir.
21/02/2020 15:59
Bu ildən ölkə üzrə I siniflərə qəbul elektron qaydada aparılacaq
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar Tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər. Martın 10-dan etibarən həmin uşaqların valideynləri və ya qanuni nümayəndələri şəxsi elektron kabinetlərindən (www.mektebeqebul.edu.az) ərizə formasını çap edərək hazırda təhsil aldıqları məktəbə təqdim etməlidirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir. Məktəbəhazırlıq qruplarında təhsil almayan uşaqlar Məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu da elektron qaydada (www.mektebeqebul.edu.az) həyata keçiriləcək. Bunun üçün valideynlər martın 10-dan başlayaraq elektron qeydiyyatdan keçməlidirlər. Martın 13-dən isə məktəb seçimini həyata keçirə bilərlər. Eyni qaydada, digər dildə təhsil almaq istəyən uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Bu müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.
21/02/2020 15:33
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı