SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Cəlilabad rayon Alar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Elçin Abbasova həsr olunub. 2006-cı ildən həmin məktəbdə pedaqoji fəaliyyət göstərən Elçin müəllim riyaziyyat və fizika fənnlərini tədris edir. O, 2015-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 54 bal toplayıb. Elçin müəllim tədris apardığı siniflərdə yeni “STEM” təlim metodundan istifadə edərək uğurlu nəticələr əldə edir. Gənc müəllim şagirdləri ilə birgə Təhsil Nazirliyinin rəsmi “STEM Azərbaycanda” layihəsi çərçivəsində bir neçə tədbirdə də iştirak edib. Bundan əlavə, yaşadığı rayonda ilk Skaut dəstəsi - “Turan” Skaut dəstəsini yaradıb. Elçin müəllim Milli Məclisin Gənclər və İdman komitəsinin təşəbbüsü, "AzEdu.az" təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi-2019” müsabiqəsinin qalibi olub. Elçin Abbasov düşünür ki, müəllim olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Valideyn tək övladının gələcəyi barədə düşünürsə, müəllim bütün şagirdləri üçün bu baxımdan narahat olur. Müəllim olmaq onlarla uşağı sevmək deməkdir. Elçin Abbasovun sözlərinə görə, şagirdlərin sevgisini qazanmaq üçün müəllim əvvəlcə şagirdə sevgi ilə yanaşmalıdır. Yalnız səmimiyyət, sevgi olan yerdə uğurlu nəticələr əldə etmək mümkündür. Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
21/02/2020 14:25
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
Fevralın 21-də Təhsil naziri Ceyhun Bayramov Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Göyçay və Kürdəmir rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
21/02/2020 12:35
Təhsil naziri Hacıqabul şəhərindəki məktəb-liseydə olub
Fevralın 21-də Təhsil naziri Ceyhun Bayramov Hacıqabul şəhər 10 nömrəli Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə olub. Nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil müəssisəsinin ümumi şəraiti, dərs otaqları, kitabxanası, idman və akt zalı ilə tanış olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb. Daha sonra nazir məktəb-liseyin 5-ci sinfində tarix və alman dili dərslərinin tədrisi prosesini izləyib. Nazir şagidlərə elektron resurslardan daha fəal istifadəni tövsiyə edib, həmçinin təhsil ocağının rəhbərliyinə məktəb kitabxanasının zənginləşdirilməsinə dair tapşırıq verib.
21/02/2020 11:47
Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılmış, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınmış müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür. İstintaq zamanı toplanmış ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə məlumat vermələrini xahiş edir.
20/02/2020 17:46
“Təhlükəsiz internet” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “eTwinning Plus” layihəsi çərçivəsində şagirdlər üçün keçirilən “Təhlükəsiz internet” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlər tərəfindən kibertəhlükəsizlik mövzusunun əhəmiyyətini araşdırmaq və gəldiyi nəticələri həmyaşıdları ilə paylaşmaq olub. Müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər komanda şəklində “Təhlükəsiz internet” mövzusunda video materiallar hazırlayaraq müsabiqəyə müraciət ediblər. Müsabiqədə 6 regiondan ümumilikdə 117 şagird iştirak edib. Tədbir zamanı müsabiqədə iştirak edən 18 komandadan 7 komanda fərqlənən, 3 komanda isə qalib elan olunub. III yerin qalibləri Gəncə şəhər 24 nömrəli tam orta məktəbin, II yerin qalibləri Sumqayıt şəhər Təfəkkür Liseyinin, I yerin qalibləri isə İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin komandaları olub. Qalib və fərqlənən komandalara sertifikatlar, planşetlər və digər xüsusi mükafatlar təqdim olunub.
20/02/2020 14:54
“Yol hərəkəti qaydaları uşaqların gözü ilə”
Balakən rayonu Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı tədbir keçirilib. Tədbir ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq təşkil edilib. Tədbirin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri, hüquqları, ümumtəhsil məktəblərində təhsil alan uşaq və yeniyetmələrə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə məlumat verməkdir. Görüşdə çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev bildirib ki, sözügedən Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir. Balakən Rayon Polis Şöbəsinin yol patrul xidmətinin baş inspektoru Abuzər İsmayılov çıxış zamanı yol nişanları barədə məlumat verib, piyadanın vəzifələri haqqında ilkin təsəvvür yaratmağa çalışıb. Daha sonra sözügedən məktəbin “Yol Polisinin gənc dostları” klubunun üzvləri çıxış ediblər. Nizami adına şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında “Cırtdan yol hərəkət qaydalarını öyrənir” adlı səhnəcik nümayiş etdirilib. Hənifə, Qaysa, Talalar kənd 1 nömrəli, Şərif kənd 1 nömrəli, Zərifə Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəb və liseyin şagirdlərinin çıxışları dinlənilib.
20/02/2020 12:12
Gənc rəssamlar təltif edilib
Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında 2019-cu il ərzində beynəlxalq uşaq rəsm və incəsənət müsabiqələrində qalib olmuş dərnək üzvlərinin təltifetmə mərasimi və “Qış Möcüzəsi” adlı sərgi keçirilib. Tədbirdə Təhsil Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları, Mərkəzin kollektivi, dərnək üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçılarına ötən il Mərkəzin dərnək üzvlərinin Türkiyənin İstanbul şəhərində “Nəsimi İli”nə həsr olunmuş Beynəlxalq Uşaq Rəsm sərgisində, Rusiyada “Dialoq”, Qazaxıstanda “Kazaxstan qlazami detey mira” adlı beynəlxalq rəsm müsabiqələrində, Yaponiyada 20-ci “Kanaqava Biennalesi” Beynəlxalq İncəsənət sərgisində əldə etdikləri uğurlar haqqında məlumat verilib. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Elnur Əliyev beynəlxalq müsabiqələrin qalibi olmuş dərnək üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Arif Hüseynov uşaqların bədii zövqlərinin formalaşmasında bu cür müsabiqələrin xüsusi rolu olduğunu qeyd edib. Təltifetmə mərasimi yekunlaşdıqdan sonra Mərkəzin dərnək üzvlərinin “Qış Möcüzəsi” adlı rəsm sərgisinə baxış keçirilib.
19/02/2020 17:35
Zərdab şəhərində vətəndaşlar qəbul ediləcək
Ucar və Zərdab rayon sakinlərinin nəzərinə! Təhsil nazirinin müavini Firudin Qurbanov 25 fevral 2020-ci il tarixində saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar və Zərdab rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar və Zərdab rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 19-24 fevral (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
19/02/2020 11:57
Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan olunub. Proqramda iştirak etmək istəyənlər üçün son müraciət tarixi 13 mart 2020-ci il nəzərdə tutulub. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
19/02/2020 10:02
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı