SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Fevralın 26-da Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə "Ana fəryadı" abidəsini ziyarət edərək önünə qərənfillər düzüb. Faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.
26/02/2020 16:33
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması, futbol idman növünün məktəblilər arasında təbliğ edilməsi, müvafiq yaş qrupu üzrə mərkəzin yiğma komandasının formalaşdırılmasından ibarət olub. Tədbirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, törədilən faciə ilə bağlı məktəblilərə məlumat verilib. 2008-2009-cu təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 8 komanda olmaqla 100-ə yaxın məktəbli mübarizəyə qoşulub. Birincilikdə I və II yerə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandaları, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası layıq görülüb. Qaliblər kubok, medal və diplomlarla təltif edilib.
26/02/2020 12:02
İlk dərslər Xocalı soyqırımına həsr edilib
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib. Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb. Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilib, sənədli və bədii filmlərin nümayişi təşkil edilib. Qeyd edək ki, təhsil müəssisələrinin müəllim və şagird kollektivinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunur.
26/02/2020 10:26
Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzi - Fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzindəndir. Mərkəz 1950-ci ildən “Pionerlər evi” adlandırılıb. 1992-ci ildən 2017-ci ilədək Uşaq Yaradıcılıq Mərkəzi, 2017-ci ildən bu günədək isə Uşaq-Gənclər İnkişaf Mərkəzi kimi fəaliyyətini davam etdirir. 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən mərkəzə görkəmli kinorejissor Rasim Ocaqovun adı verilib. Hazırda mərkəzdə 71 qrupda 1065 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur. Cari dərs ilində mərkəzdə bədii qiraət, rəsm, kompüter, musiqi, rəqs, ingilis dili, rus dili, tarix-diyarşünaslıq, gənc riyaziyyatçılar, dram, təyyarə modelçiliyi, gəmi modelçiliyi, bacarıqlı əllər, dərzilik, milli mətbəximiz, gənc ekoloqlar, əhali və ətraf mühit, güllərin sirri, otaq bilikləri olmaqla ümumilikdə 21 dərnək fəaliyyət göstərir. Mərkəzdə uşaq və yeniyetmələrin asudə vaxtının daha səmərəli təşkilinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərilir. Mərkəzin dərnək üzvləri qatıldıqları müsabiqələrdə uğurlu nəticə əldə edib, fəxri fərman və digər mükafatlara layiq görülüblər.
25/02/2020 16:44
Nazir müavini Firudin Qurbanov Zərdabda vətəndaşları qəbul edib
Fevralın 25-də Təhsil nazirinin müavini Firudin Qurbanov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Zərdab rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Qəbulda sözügedən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
25/02/2020 15:02
Beynəlxalq turnirdən daha bir uğur
Slovakiyanın Bratislava şəhərində karate idman növü üzrə 40-cı Slovakiya "Grand Prix" beynəlxalq turniri keçirilib. 32 dövlətdən 2118 idmançının qatıldığı yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri də ölkəmizi uğurla təmsil ediblər. Belə ki, komandanın üzvü Hüseyn Məmmədli 61 kq çəki dərəcəsində, Fərid Ağayev 76 kq çəki dərəcəsində qızıl, Abbas Dadaşov isə 68 kq çəki dərəcəsində gümüş medal qazanıb.
25/02/2020 11:44
Yeni Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Otokoç Azərbaycan” MMC və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri ilə görüş keçirilib. Əməkdaşlığın qurulması məqsədilə keçirilən görüşdə Mərkəzin pedoqoji-mühəndis heyəti və tələbələri də iştirak edib. Görüş zamanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov mərkəz haqqında ətraflı məlumat verib, strateji inkişaf hədəflərindən danışıb. Rəşad Xanlarovun sözlərinə görə, mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Görüş iştirakçıları mərkəzin cari standartlara tam cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı kadrları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Nümayəndə heyətinin üzvləri peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub, burada çalışan mütəxəssislər ilə gələcək perspektivlərə dair fikir mübadiləsi aparıb, emalatxanalarda və tədris-mühazirə otaqlarında dərs prosesini izləyiblər. Bildirilib ki, “Otokoç Azərbaycan” MMC ilə birgə fəaliyyət peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində müsbət nəticələr verəcək.
25/02/2020 10:35
Qubada regional müşavirə
Qubada Təhsil Nazirliyinin təşkilatçılığı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin dəstəyi ilə regional müşavirə keçirilib. Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı və yol-nəqliyyat hərəkətinin təhlükəsizliyi ilə əlaqədar maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar keçirilib. Müşavirədə Təhsil Nazirliyinin, Milli Agentliyin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional mərkəzinin əməkdaşı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı Rayon Təhsil şöbələrinin müdirləri və təhsil müəssisələrinin rəhbərləri, kollec, peşə və internat müəssisələrinin direktorları, eləcə də həmin regionlar üzrə çalışan gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərlər iştirak ediblər. Müşavirənin əsas məqsədi qeyd olunan məsələ ilə əlaqədar yerli təhsili idarəetmə orqanlarında çalışan rəhbər və digər aidiyyəti işçilərlə müvafiq maarifləndirmə işinin aparılması olub. Eyni zamanda gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninə aid kabinetlərdə təlim silahları, sursatlar və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək və çağırışaqədərki rəhbərlərin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək olub. Müşavirədə çıxış edən Təhsil Nazirliyinin Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verib. Yerli təhsili idarəetmə qurumlarının müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı yerlərdə aparılan işlər zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib. ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması, bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb. Fövqəladə Hallar Nazirliyinin Şimal regional Mərkəzinin əməkdaşı Mərdan Mərdanov idarə və təşkilatlarda bu səpkidə tədbirlərin keçirilməsinin vacibliyi, təhsil müəssisələrində fövqəladə halların proflaktikası və görüləcək tədbirlərdən danışıb. Çıxış edən Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov GÇH fənninin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib. Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə və Qaydaların mənimsədilməsinə xidmət etdiyini qeyd edib. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr də aparılıb. Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək yol hərəkəti qaydaları, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Müşavirə müzakirələrlə başa çatıb. Müşavirə iştirakçıları daha sonra Quba rayon Alekseyevka kənd tam orta məktəbinin hərbi kabineti və orda olan avadanlıqlarla tanış olublar.
24/02/2020 17:29
Xocalı dərsi
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslərdə şagirdlərə XX əsrin ən böyük faciəsi barədə ətraflı məlumat veriləcək, Vətənə məhəbbət hissləri təbliğ olunacaq. Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlərin keçirilməsi, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi nəzərdə tutulub. Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.
24/02/2020 12:06
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı