• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

Hazırda 35 min şagird "Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənni üzrə onlayn dərslərə cəlb olunub. Onlayn dərslər siniflərdən asılı olaraq həftədə 2-4 dəfə keçirilir. Statistik göstəricilərə əsasən, hər dərs üzrə orta müvəffəqiyyət nisbəti 68 faizə bərabərdir. Şagirdlərin dərs materiallarını yaxşı mənimsəmələri üçün platformada hər mövzu üzrə nəzəri məlumatların qeyd olunduğu təlimat və layihə metodisti tərəfindən dərsin ətraflı video izahı yerləşdirilir. Şagirdlər təlimat və video dərslərlə tanış olduqdan sonra mövzu üzrə yerləşdirilən praktiki tapşırıqları yerinə yetirirlər. Bununla yanaşı, layihə çərçivəsində müəllimlər üçün də 3-4 saat davam edən vebinarlar təşkil olunur. 1200 müəllimin iştirakı üçün ümumilikdə 25 vebinarın təşkili nəzərdə tutulub ki, bunlardan 13-ü artıq keçirilib. Vebinarlarda müəllimlər şagirdlər üçün keyfiyyətli onlayn dərslərin təşkili ilə bağlı biliklərə yiyələnirlər. Daha sonra müəllimlər müvafiq test tapşırıqları ilə yiyələndikləri bilikləri yoxlayırlar. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird informatika fənnini yeni formatda öyrənməkdədir. 2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

Aprelin 20-dən “Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsinə start verilir. Müsabiqə mayın 5-dək davam edəcək. İki mərhələdən ibarət olan müsabiqədə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilərlər. Müsabiqə 2 yaş qrupu üzrə (7-13; 14-20 yaş) keçirilir. Müsabiqəyə hər yaş qrupu üzrə bir mahnı təqdim olunmalıdır və mahnı seçimi sərbəstdir. Proqrama xalq mahnıları, Azərbaycan bəstəkarlarının mahnıları, vokal və xarici estrada əsərləri daxil edilə bilər. İştirakçının təqdim etdiyi mahnı 2-3 dəqiqədən çox olmamaq şərti ilə minus və akopella oxuna bilər. Videogörüntünün üzərində iştirakçının ad və soyadı, yaşı, təmsil olunduğu müəssisənin və rayonun  (şəhərin) adı qeyd edilərək aprelin 30-dək  Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin e-mail ünvanına (grbye@mk.edu.az)  göndərilə bilər. Sonda qaliblər diplomlarla mükafatlandırılacaqlar. Qeyd edək ki, Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən təşkil olunan müsabiqənin əsas məqsədi yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsi, istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.

Şahmat üzrə onlayn Qran-pri turniri keçiriləcək

19-26 aprel tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında onlayn Qran-pri turniri keçiriləcək. Turnirdə 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının şahmatçıları iştirak edə bilərlər. Oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçiriləcək. Məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli yığma komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılacaq. Belə ki, məktəblilər Rauf Məmmədov, Eltac Səfərli, Namiq Quliyev, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova kimi şahmatçılarla mübarizə aparmaq imkanı əldə edəcək. Hər seçmə mərhələ oyunlara qatılan fəxri üzvlərin adı ilə adlandırılacaq və onların yarışdakı nəticələri müsabiqədən kənar hesab olunacaq. Qeyd edək ki, onlayn formatda yarış  koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilir. Onlayn keçiriləcək Qran-pri turnirinə dair müvafiq məlumatlarla aşağıda qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:   Turnirin internet səhifəsi: https://www.tehsilchess.az/ogp2020/   Yarışın keçirilməsi barədə elan: https://www.tehsilchess.az/ogp2020-elan/   Əsasnamə: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/%C6%8Fsasnam%C9%99-OGP-T%C9%99hsil.pdf   Video təlimat: https://youtu.be/nagIF_4XKoQ   Yazılı təlimat: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/T%C9%99limat-OGP2020.pdf

Məktəbli qızlarımız Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında

Niderlandda keçirilməsi planlaşdırılan  IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO2020) Covid-19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub. Builki olimpiadaya dünyanın 52 ölkəsindən 205 şagird qatılıb. Bu il sözügedən olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Ləman Ağazadə və XI sinif şagirdi Zəhra Bayramlı,    Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı ölkəmizi təmsil edirlər. Həmin məktəblilər karantin dövründən əvvəl Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdləri arasında keçirilən seçmə imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilib.  Olimpiada 21 aprel tarixinədək davam edəcək.  Qeyd edək ki, ölkəmiz artıq 4-cü dəfədir ki bu elm yarışında təmsil olunur. Ötən il baş tutan Avropa Qızlar Riyaziyyat Olimpiadasında komandamız bir bürünc medal əldə edib. 

"Dərs vaxtı"nın 17 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 17-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil Nazirliyinin layihəsi YUNESKO-nun onlayn platformaları arasında

Azərbaycanda tətbiq edilən təhsil platforması YUNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Belə ki, dünyada COVID-19 koronavirus pandemiyasının yayılması ilə əlaqədar YUNESKO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqetmələrinin siyahısı təqdim edilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən  “Polyup” platforması da bu siyahıya daxil edilib.  2015-ci ildə Stanford Universitetinin professorları tərəfindən təsis olunmuş “Polyup” platforması real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq olan oyun tipli təhsil platformasıdır. Platforma hazırda 70-dən çox ölkədə istifadə edilir (ABŞ, Oman, Yunanıstan, Böyük Britaniya Krallığı, Azərbaycan, İspaniya, Fələstin və s.) və Azərbaycan dili də daxil olmaqla 26 dildə fəaliyyət göstərir.  2018-ci ilin dekabr ayından etibarən Azərbaycanda 90 məktəbdən ümumilikdə 1000-dən çox müəllim və 10 000 şagird “Polyup” layihəsinə qoşularaq fəal şəkildə respublika üzrə keçirilən müsabiqələrdə iştirak edirlər. 2019-cu ilin fevral ayından başlayaraq Azərbaycan üzrə 10 “Poly” müsabiqə həyata keçirilib. Müsabiqələrdə qalib gələn müəllim və şagirdlər müxtəlif qiymətli hədiyyə və sertifikatlarla təltif olunublar. Bundan əlavə, müəllim və şagirdlərin portal vasitəsilə beynəlxalq müsabiqələrdə iştirak imkanları da mövcuddur.  Qeyd edək ki, hazırda Təhsil Nazirliyi “Polyup” platformasındakı resursları teledərslərə və www.video.edu.az portalında yerləşən digər videoresurslara da inteqrasiya edir. Nəticədə şagirdlər dərs mövzuları üzrə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin onların həyatına təsirini əyani şəkildə anlayırlar. Ölkəmizdə tətbiq olunan bu təcrübədən artıq digər ölkələrdə də faydalanırlar.

“Virtual əlaçı” bilik yarışmasına start verilir

Aprelin 15-dən "Virtual məktəb" portalında “Virtual əlaçı” bilik yarışmasına start verilir. Məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır. Yarışmada iştirak etmək üçün portalda “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.  “Virtual əlaçı” bilik yarışmasının hər həftə təşkili nəzərdə tutulur. Qeyd edək ki, yaxın zamanlarda "Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, hazırda müəllimlərin portalda mərhələli şəkildə qeydiyyatı həyata keçirilir. Portalda qeydiyyatdan keçmək üçün virtual.edu.az saytına daxil olub, e-poçt və SMS vasitəsilə göndərilmiş rəqəm @student.edu.az istifadəçi adı və şifrədən istifadə etmək lazımdır. İstifadəçi adı və şifrəni itirmiş şəxslər yenidən virtual.edu.az saytında qeydiyyatdan keçməklə şəxsi hesablarını bərpa edə bilərlər. “Virtual məktəb” portalında qeydiyyat və istifadə üzrə çətinlik çəkən şagirdlər və onların valideynləri texniki dəstək üçün teams@tsii.edu.az e-poçt ünvanına müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, "Virtual məktəb" layihəsinə aprelin 2-də Təhsil Nazirliyi tərəfindən start verilib. Aprelin 14-dək ölkənin 65 şəhər və rayonundan 250 min şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirir, video dərsləri izləyə bilir, əlavə tədris resurslarından faydalanır və həmyaşıdları ilə fikir mübadiləsi apara bilirlər.

"Dərs vaxtı"nın 16 aprel cədvəli

“Mədəniyyət”  və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 16-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin  Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"STEAM Azərbaycan"- 1500-dən çox "üz sipəri" istehsal olunub

"STEAM Azərbaycan" layihəsi Covid-19 pandemiyasından qorunmaq üçün "üz sipəri", eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalını davam etdirir. Bu cihazlar tibbi personalın istifadəsi məqsədini daşıyır. Sözügedən proses çərçivəsində 1500-dən çox "üz sipəri" istehsal olunaraq tibb işçilərinə paylanılıb. İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. "Üz sipəri"nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.     Qeyd edək ki,  "STEAM Azərbaycan" layihəsinə 2019-cu ilin sentyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən start verilib. Layihə hazırda ölkənin 42 məktəbində 6 mindən çox şagirdi əhatə edir. Layihənin əsas məqsədi şagirdlər arasında yaradıcılıq, innovasiyalar və sahibkarlıq təfəkkürünü təşviq etməkdir.  

Təhsil naziri AzTV-nin "Hədəf" verilişində

Təhsil naziri Ceyhun Bayramov AzTV-nin "Hədəf" verilişində qonaq olub. Verilişdə Təhsil naziri ilə Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" qərarı, ölkəmizdə mövcud karantin rejimində Təhsil Nazirliyinin fəaliyyəti, bütün təhsil müəssisələrində tədrisin məsafədən təşkili, teledərslərin keçirilməsi, tədrisin başlanacağı tarix və hər kəsi maraqlandıran digər suallar ətrafında söhbət aparılıb.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı