• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsil müəssisəsində tibbi maska istehsalında yeni təşəbbüs

Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə ölkəmizdə koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlıqların satınalınması həyata keçirilib. Sözügedən təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılaraq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb. Qeyd edək ki, hazırda istehsal prosesinə 85 əməkdaş cəlb olunub. 24 saat fəaliyyət göstərən emalatxanada günlük 100,000 tibbi maska istehsal edilir. İstehsal olunan maskaları şəhərimizin apteklərindən əldə etmək mümkündür. Təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb. Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 31-dək fəaliyyətini dayandırıb. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb. Müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb. Test imtahanının mərhələsi barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.  Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu 16-25 iyul tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib.  

52-ci Beynəlxalq kimya olimpiadasından növbəti uğur

23-29 iyul 2020-ci il tarixlərində kimya fənni üzrə virtual şəkildə 52-ci Beynəlxalq kimya olimpiadası (IChO 2020) keçirilib. 60 ölkə və 235 məktəblinin qatıldığı bu olimpiadada iştirak edən məktəblilərimiz yeni uğura imza atıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Xanım Yaqublu gümüş medal, həmin liseyin XI sinif şagirdi Əjdər Fərzullazadə isə bürünc medala layiq görülüb.

Dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidməti

Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri tələb olunur.  Bildirək ki, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.  Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyini qiymətləndirəcəklər. Namizədlər müraciət etdiyi fənni göstərərək elana əlavə olunmuş formada öz qısa avtobioqrafiyasını (CV) avqustun 31-dək vusala.aliyeva@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.  Ətraflı məlumatı müvafiq elan vasitəsilə əldə edə bilərsiniz. 

Peşə təhsili sahəsində növbəti qarşılıqlı əməkdaşlıq

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tərəflərin təlim və istehsalat bazası, mövcud təcrübəli kadr potensialından bəhrələnərək əmək bazarının tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlığının təmin edilməsindən ibarətdir. Görüş zamanı tərəfləri maraqlandıran gələcək perspektivlər də müzakirə olunub.

“Azərbaycan qəhrəmanı” adlı virtual düşərgəyə yekun vurulub

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan qəhrəmanı” adlı düşərgəyə yekun vurulub. COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlib. Düşərgənin proqramına “Ölkənin tarixi”, “İlk tibbi yardım”, “Ərazidə sağ qalmaq”, “Səmti müəyyənetmə”, “Sağlam həyat tərzi”, “Döyüş sənəti növləri”, “Şahmat”, “Məntiqi kvest”, “Kosmik texnologiyalar” və “Liderlik” kimi 10 fərqli istiqamət daxil edilib. Virtual düşərgəyə Bakı şəhəri və respublikamızın regionları ilə yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan ümumilikdə 100 nəfər 12-15 yaşlı azərbaycanlı uşaqlar qatılıb. Layihə çərçivəsində gənclərə Qarabağ müharibəsi veteranları, xalq yazıçıları, alpinistlər, Avropa və dünya çempionları, respublikanın tanınmış müəllimləri də daxil olmaqla peşəkar təlimçilər tərəfindən təlimlər keçirilib. 7 gün davam edən virtual düşərgədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Mülki Müdafiə Qərargahının rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Mehman Həsənov, Bakı Dövlət Universitetinin dosenti, tarix elmlər namizədi, Qarabağ müharibəsi veteranı Atamoğlan Məmmədli, Azərbaycan Taekvando Federasiyasının milli məşqçisi və Milli Hakimi, Beynəlxalq dərəcəli 3-cü Dan qara kəmər sahibi Seymur Şahbazov, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının üzvü Süleyman Əliyev, Beynəlxalq Astronavtika Federasiyasının 2023-cü il Konqresinin həmsədri, Azərkosmos MMC-nin Kosmik Texnologiyanın tətbiqi üzrə məsləhətçisi, Kembric Astronomiya, Astrofizika və Kosmik elm nəşriyyatı üzrə məsləhət şurasının üzvü Rüstəm Rüstəmov, Azərkosmos MMC-nin böyük peyk mühəndisi Rüstəm Zalıyev, Tusi-Bohm planetariumun rəhbəri astrofizik Famil Mustafa, həkim İmran Orucov və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən təlimlər təşkil edilib. Sonuncu günü Azərbaycanın xalq yazıçısı, "Dostluq", "Şöhrət", "Şərəf" ordenli Çingiz Abdullayev və Azərbaycan Alpinizm Federasiyasının prezidenti, Himalayın səkkiz min metrlik zirvələrini fəth edən ilk azərbaycanlı, Azərbaycan Alpinizm tarixinin ilk “Qar bəbiri” fəxri adını qazanan, Şimal qütbünün ilk fəthçisi və Antaraktidanın ən hündür nöqtəsində Azərbaycan bayrağını ucaltmış ilk azərbaycanlı, "Tərəqqi" medalı, I və II dərəcəli Edelweiss Alpinizm Ordeninin sahibi İsrafil Aşurlu ilə onlayn görüş keçirilib. Virtual layihə çərçivəsində Həzi Aslanov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanların adlarını daşıyan komandalar arasında “Səmti müəyyənetmə”, “Kosmik texnologiyalar”, “Məntiqi kvest” istiqamətləri üzrə müsabiqələr keçirilib, “Döyüş sənəti növləri” - taekvando istiqaməti üzrə seçilən iştirakçılar sarı kəmərə layiq görülüb, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Təlimin sonunda iştirakçılar “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünü dayandırın!”, “Qarabağa azadlıq!”, “Məcburi köçkünlər doğma yurdlarına qaytarılsın!” və s. şüarlar yazılan plakatlar hazırlayaraq dünya ictimaiyyətinə səsləniblər.

Təhsil naziri kollektivə təqdim olunub

İyulun 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuş Emin Əmrullayevi nazirliyin kollektivinə təqdim edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Emin Əmrullayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.

Prezident İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib.   Prezident İlham Əliyevin çıxışı   -Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür. Bildiyiniz kimi, ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Gənc olmağınıza baxmayaraq, sizin təhsil sahəsində təcrübəniz var. Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmısınız. Bu günə qədər Təhsil İnstitutunun direktoru vəzifəsində işləyirsiniz. Ona görə əminəm ki, təhsil qarşısında duran problemlərlə bağlı sizin geniş fikriniz, məlumatınız var. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyur. Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər. Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunmuşdur - müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılmışdır. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı və bu da məni çox sevindirir. Çünki bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır. Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu, strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir. Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib. Ona görə bu proqram qəbul olunanda həm bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadımdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onların qarşısında şərt qoyulmalıdır ki, onlar təhsili başa vurandan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qaydada 5-10 il ölkəmizdə işləsinlər. Mən buna müsbət yanaşmadım. Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz. Bununla paralel olaraq, o vaxt növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması məsələsi gündəliyə salınmışdı. Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız. Bir məsələni də qeyd etmək istərdim. Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz. Digər vacib məsələ. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxır və olmayacaq. Ona görə buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik. Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər. Ona görə xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. Müxtəlif tədbirlər, diskussiyalar, müzakirələr keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər. Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır. Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır. Bir neçə ölkədən ilkin təkliflər də irəli sürüldü. Artıq bizim təcrübəmiz var. Biz bunu adətən bu formada edirik ki, misal üçün, Azərbaycan tərəfi bütün texniki məsələləri və maliyyə məsələlərini öz üzərinə götürür. Xarici tərəfdaş isə sadəcə olaraq, tədris proqramlarını, texnologiyaları və müasir standartları ölkəmizə idxal edir. Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir. Mən bir daha demək istəyirəm ki, sizə bu gün böyük etimad göstərilir. Siz öz işinizlə bu etimadı doğrultmalısınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram.   Nazir Emin Əmrullayev dedi:   Möhtərəm cənab Prezident. Mən, ilk növbədə, Sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də bu, böyük etimaddır. Eyni zamanda, böyük məsuliyyətdir. Qeyd etdiyiniz kimi, Sizin rəhbərliyinizlə son dövrdə təhsil sahəsində həqiqətən də, müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər istər şagirdlərin nailiyyətlərində, istərsə də bizim beynəlxalq reytinqlərdə əksini tapıb. Ən sevindirici hal ondan ibarətdir ki, bir çox dəyişənlər, yəni bir çox indikatorlar Təhsil Nazirliyi və yaxud da Azərbaycan hökuməti tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar və yaxud beynəlxalq olimpiadalarda şagirdlərimizin nailiyyətləri əsasında müşahidə edilir. Siz də qeyd etdiyiniz kimi, təhsil sahəsi hazırda bir çox uğurlar əldə etmişdir. Siz bu uğurların bir qismini sadaladınız. O cümlədən də mən qeyd etmək istəyərdim ki, bu vektorun, bu müsbət istiqamətin davamlılığını təmin etmək qarşıda duran ən vacib məqsədlərimizdəndir. Eyni zamanda, Siz dövlət proqramını qeyd etdiniz. Mən fürsətdən istifadə edib, bir vətəndaş kimi, istərdim, ilk növbədə, Sizə minnətdarlığımı bildirim. Çünki bu proqram həm mənim, həm də minlərlə Azərbaycan gəncinin həyatını dəyişən bir proqramdır. Sizin bu təşəbbüsünüz həqiqi mənada bir çox insanın həyatını yaxşıya doğru dəyişmişdir. Çünki Siz də qeyd etdiniz ki, bu proqram xaricə oxumağa gedəndə vətəndaşdan hər hansı öhdəlik tələb etmirdi. Bu, daha çox mənəvi öhdəlik idi, nəinki maddi və ya hansısa hüquqi. Düşünürəm ki, hazırda proqram məzunlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycandadır və həmin investisiyanı geri qaytarmaq vaxtıdır. Yaxud, belə deyək, bunu davamlı olaraq etmək hər bir proqram məzununun mənəvi borcudur. Sadaladığınız istiqamətlər üzrə müvafiq işlərin görülməsi təbii ki, qarşıda duran məsələdir. Təhsilin keyfiyyətinin artırılması və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə edilməsi, o cümlədən də dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması, düşünürəm ki, təhsildə qısa zamanda uğurların davamını gətirməyə imkan verəcək. Sizə bir daha dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sizə minnətdaram, təşəkkür edirəm.   Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.   www.president.az      

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı