SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Virtual məktəb”də ödənişsiz vebinar və təlimlər
Əziz müəllim və şagirdlər, müxtəlif mövzularda bacarıqlarınızı inkişaf etdirmək üçün əlavə kurs axtarmaqla vaxtınızı itirməyin. “Virtual məktəb”də yay müddəti ərzində keçirilən ödənişsiz vebinar və təlimlərə qatılaraq istədiyinizə nail ola, o cümlədən özünüzü inkişaf etdirə bilərsiniz.
10/08/2020 14:17
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir
Cari ilin avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək. Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!
10/08/2020 11:21
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək. Dövlət başçısının 8 avqust 2020-ci il tarixli "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq. Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
08/08/2020 17:11
Təhsil naziri ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib
Avqustun 7-də Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirib. Videogörüşdə Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ali təhsil müəssisələri ilə bağlı qarşıya qoyulan tapşırıqlara xüsusi diqqət çəkib. Bildirilib ki, təhsilimizin əsas fəaliyyət istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Ali təhsil müəssisələri tərəfindən ehtiyac duyulan sahələr üzrə mütəxəssislərin hazırlığının vacibliyinə, müasir dövrün yeni ixtisaslarına diqqət yetirilməli və gələcəkdə müxtəlif peşələr üzrə yaranması proqnozlaşdırılan ehtiyaclar dərindən təhlil edilməlidir. Nazir həmçinin vurğulayıb ki, ölkəmizdə mütəxəssis hazırlığı Dördüncü Sənaye İnqilabının tələbləri, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması ilə ayaqlaşmalı və rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır. Görüşdə, eyni zamanda, dayanıqlı və şəffaf keyfiyyət təminatı proseslərinin qeyd olunan hədəflərə nail olunmasında xüsusi rolu vurğulanıb və geniş ictimaiyyətin bu prosesə cəlb olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, ölkə başçısının müvafiq Fərmanı ilə keçən ilin sonunda yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu prosesdə təhsil müəssisələrinə zəruri dəstək göstərəcəyi bildirilib. Görüşdə ali təhsil müəssisələrində pandemiya şəraitində yeni tədris ili üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər də müzakirə edilib və təkliflər dinlənilib.
08/08/2020 11:15
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. Bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb. Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək. İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər. 2020-2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı ilə bağlı ən çox verilən suallar və onların cavabları
07/08/2020 18:13
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə
Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər avqustun 15-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/sabah-qruplarina-2020-2021-ci-tedris-ilinin-payiz-semestrine-muellim-qebulu daxil olaraq əldə edə bilərsiniz.
07/08/2020 16:25
Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib
Avqustun 6-da Təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib. Onlayn görüşdə koronavirus pandemiyası dövründə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili, 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışılıb. Bildirilib ki, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək. Qeyd edilib ki, pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır. Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.
06/08/2020 16:45
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları ilə bağlı qiymətləndirilmə həyata keçiriləcək
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi, eyni zamanda tanınması prosesinə başlanılacaq. Proses Nazirlər Kabinetinin 5 avqust 2020-ci tarixli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçiriləcək. Proses üzrə müvafiq mexanizm və prosedur qaydaları hazırlandıqdan sonra bu barədə Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, ölkəmizdə ömürboyu təhsilin təminatı hədəfinə nail olunması baxımından, vətəndaşların qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri kvalifikasiyaların tanınması, başqa sözlə onların malik olduğu bilik, bacarıq, səriştə və təcrübənin müvafiq ixtisas üzrə kvalifikasiya standartlarına uyğunluğunun müəyyənləşdirilməsi və yekunda aidiyyəti təhsil sənədinin verilməsi prosesi xüsusi önəm kəsb edir. Belə ki, bu proses nəticə olaraq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlarımıza təhsillərini davam etdirmək (peşə təhsili pilləsinin növbəti səviyyəsində) və ya ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququnun verilməsinə xidmət edəcək. “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi ilə bağlı suallar və onların cavabları
06/08/2020 12:54
Pandemiya ilə əlaqədar xarici ali təhsil müəssisələrində fiziki olaraq dərslərdə iştirak etməyən tələbələrin diqqətinə!
Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkələrində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb. Mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat Mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq. Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış olmaları tövsiyə olunur.
05/08/2020 15:47
Yeni dərs ilində tədris prosesinin təşkili haqqında
Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilməkdədir. Bu dinamikanın qorunub saxlanılması məqsədilə 31 avqust 2020-ci il tarixinədək ölkə ərazisində xüsusi, o cümlədən bir sıra şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən məhdudiyyətlər qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNESKO dünyadakı mövcud pandemiya şəraitində qeyd etmişlər ki, təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyətı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır. Ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilməkdədir. Tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Bununla bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.
05/08/2020 15:15
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı