SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ötən il Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220880 müraciət daxil olub
2016-cı il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220880 müraciət daxil olub. Onlardan 195573 müraciət Vətəndaşlarla iş bölməsi, 25307 müraciət (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 146038 zəng qəbul edib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 49535 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.
06/01/2017 11:02
İngiltərədə təhsil alan tələbə: “UNESCO-da çalışmaq planlarım arasındadır” - Uğur formulu
Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Leyla Qurbanovadır. Leyla Qurbanova 1992-ci ildə anadan olub. Bakı şəhərindəki 245 saylı tam orta məktəbi və Azərbaycan Dillər Universitetini bitirib. Hazırda magistratura səviyyəsi üzrə Böyük Britaniyanın Mançester Universitetində təhsil alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Burada beynəlxalq təhsil ixtisası üzrə təhsil alıram. Bizim ölkədə bu, yeni sahə hesab edilir və qısaca desək, təhsilin qanunvericiliyi, təşkili və idarəolunması ilə bağlıdır. Xaricdə təhsil, fikrimcə, daha dərin, çoxtərəfli düşünməyi və nəticədə hər hansısa məsələ ilə qarşılaşdıqda daha konstruktiv həll yolları təklif etməyi aşılayır. Burada təhsilin təşkili tamamilə fərqlidir və onun hər aspektini təcrübə etməyin özü fərdin dünyagörüşünü artırmaq üçün yaxşı şansdır. Bundan əlavə, araşdırma bacarıqlarının artırılması və daha yüksək yerlər haqda düşünə bilmək qazandıqlarım sırasındadır. Xaricdə təhsil hər şeyin mümkün və əlçatan olduğunu görməm üçün əyani imkan yaratdı. Fərdi olaraq isə müstəqil yaşadığımız üçün bütün işlərlə özümüz məşğul oluruq, bu da bizi büdcənin, vaxtın, eləcə də digər əldə olan resursların səmərəli idareetmə yolları haqda düşünməyə vadar edir. Mançester Universitetinin özündə də inkişafı lazım olan məqamlar var, lakin ümumi olaraq ümidlərimi doğrultdu. Universitetin texniki sistemi, bütün sahələrlə bağlı tələbələrlə iş şöbəsinin mövcudluğu və aktiv fəaliyyəti, bir sözlə, təhsilin təşkili gözləntilərimi qarşıladı. - Niyə məhz bu ixtisası seçdiniz? - Beynəlxalq təhsil ixtisasını seçməyimin əsas səbəbi təhsildə müşahidə etdiyim hadisələrlə bağlıdır. Gəlməmişdən öncə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İxtisas seçimi və təhsil vasitəsilə gənc potensialların idarəolunması” mövzusunda bir neçə layihədə çalışmışdım. Təhsil müəssisələri ilə tanışlıq zamanı götürdüyüm qeydlər məni bu sahəyə sövq etdi. Daha mükəmməl təşkil olunmuş təhsilin gənc potensiallar yetişdirəcəyinə, nəticədə ölkənin inkişafı və ümumi mənfəətinə çoxsaylı töhfələr verəcəyinə inanıram. Axı Azərbaycanın elm və təhsil müəssisələri dünya reytinq cədvəllərində niyə də yer almasın? - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? -Düzünü desəm mən oxuduğum bütün təhsil məkanlarında öz təkliflərimi həmişə yazıb vermişəm. Lakin ADU-dakı təhsil mühitinin bəzi resurslarla bağlı məsələlərini nəzərə almasaq, kifayət qədər yaxşı olduğunu deyə bilərəm. Yenə də dəyişilməsini istədiyim çox məqamlar var: ilk olaraq tələbənin öz kitabxanasının olması və akademik yolunu detallı şəkildə izləyə biləcəyi fərdi sistemin qurulması yaxşı olardı. Kitabxana və ixtisasla bağlı resursların zənginləşdirilməsi isə şərtdir. Bazarın tələbləri mütləq şəkildə nəzərə alınmalı və universiteti bitirən şəxslər öz işini sərbəst şəkildə görə bilməlidirlər. Azərbaycan universitetlərində sosial fəaliyyət üçün daha müfəssəl imkanların yaradılmasını və universitetlərarası rəqabət mühitinin formalaşdırılmasını istəyərdim. Bunun üçün lokal müqayisə portalının qurulması faydalı ola bilər. Metodiki olaraq, təhsil tələbədən öyrəndiklərini soruşmaqla deyil, daha konstruktiv metodla, tələbənin özünü hadisənin iştirakçısına çevirməklə müstəqil rəy bildirməsini təmin edərək verilərsə, daha faydalı olar-deyə düşünürəm. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? - Mançesterdə tələbə və digər azərbaycanlıları birləşdirən Azərbaycan Mançester Cəmiyyəti fəaliyyət göstərir. Üzvü olduğum cəmiyyət hər il dekabr ayında Azərbaycan milli mətbəxinin əsas təamlarının və mədəniyyətinin təqdim edildiyi “Azərbaycan gecəsi” adlı tədbir keçirir. Cəmiyyətdə çalışan biri olaraq mən də digər gənclərimiz kimi tədbirin təşkilində bacardığım qədər kömək etmişəm. Bununla yanaşı, əcnəbi dostlarımla ölkə barədə mütəmadi söhbətlərimiz də olub. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Çox sadə deyərdim. Onlar öyrədən deyil, bizlə birgə öyrənən tərəfdə daha çox olurlar. İstədiyimiz vaxt müəllimlərin elektron poçtuna suallarımızı ünvanlaya bilərik. İşləyəcəyimiz mövzu ilə bağlı ayrıca görüş almamız da mümkündür. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Bəli. Qruplarda yerli tələbələrdən çox əcnəbi tələbələr sayca üstünlük təşkil edir, xüsusilə magistratura pilləsində. Hamıya bərabər səviyyədə münasibət və xidmət göstərilir. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? -İngiltərədən baxdıqda Azərbaycan təhsili inkişaf etməkdə olan mühit kimi görünür. Bunun üçün də gənc alimlərin ölkədə qalmasına daha çox ehtiyac duyulur. İngiltərədə olduğu kimi öz sahəsində çalışan peşəkarların daha çox akademik fəaliyyətdə iştirakının təmin olunmasını istəyərdim. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımda rəqs, fitneslə məşğul oluram və bilməcə tərzli kinolara baxıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Planlar həddən artıq çoxdur. Məqsədim isə təhsilin inkişafı ilə bağlıdır. Gələcəkdə təhsil üzrə BMT- Azərbaycan layihələrində məsul şəxslərindən biri olmaq istərdim. UNESCO-da çalışmaq planlarım arasındadır. Bunun üçün bu sahədə daha çox çalışıb təcrübə toplamaq lazım gələcək. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? -Ö zlərini tanımalarını və bacarıqlarının sərhədlərini kəşf etməyi tövsiyə edərdim. Özlərinə uyğun bir peşə tapmadıqda qərar verməsinlər və çalışdıqları qədər praktiki təcrübə əldə etsinlər. Əlavə olaraq, öyrənməyi və araşdırma bacarıqlarını inkişaf etdirməyi deyə bilərəm. Daha böyük yerlər arzulamaqdan çəkinməsinlər. Sizi həvəsdən salacaq kimlərsə varsa, əmin olduğunuz yoldakı addımlarınızla qarşılıq verin. Lakin unutmayın ki, cəhdlərinizin sayı çox olduqca nəticə əldə etmək şansınız da artır. 1news.az
05/01/2017 17:55
2016-cı ilin təhsil xronikası
Təhsil Nazirliyi 2016-cı ilin təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahat və tədbirlərin qısa xülasəsini ictimaiyyətə təqdim edir. • Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır. • Respublika fənn olimpiadalarının birinci mərhələsində iştirak edən şagirdlərin sayı xeyli artıb və iştirakçıların sayı 27 500 nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəbliləri üstünlük təşkil edib, 260 şagird olimpiadanın qalibi adına layiq görülüb. • Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadası keçirilib. Məktəblilərimiz fizika fənni üzrə 2 gümüş, 1 bürünc, riyaziyyat fənni üzrə 2 bürünc və informatika fənni üzrə 2 bürünc medal olmaqla 7 medal əldə ediblər. • “Sabahın alimləri” V Respublika müsabiqəsi keçirilib. 8 nominasiya üzrə seçilən qaliblər ABŞ-ın Arizona ştatının Finiks şəhərində təşkil olunan InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Azərbaycanlı məktəblilər –Nərmin Aydarova və Arzu Məmmədova fizika, materialşünaslıq kateqoriyası üzrə IV yerə, Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər. • Təhsil Nazirliyi tanınmış alimlərin iştirakı ilə “Novruz mühazirələri”ni reallaşdırıb. Mühazirələrdə elm və təhsilin müxtəlif sahələri ilə bağlı fərqli yanaşmalar ortaya qoyulub, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. • 2016-cı ildə “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər tərəfindən dərslər tədris edilib. • Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün Vahid Qəbul Portalı yaradılıb. • 2016-cı ildə bütün rayon, şəhər təhsil şöbə və idarələrinin saytları hazırlanaraq istifadəyə verilib. Bununla bağlı təhsil şöbələri tərəfindən müəyyən edilmiş şəxslərə saytın və sosial şəbəkələrdəki səhifələrinin idarəolunmasına dair təlim keçirilib. • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap məktəbi fəaliyyətə başlayıb. Bu, yaradıcı gənclərin öz ideyalarını layihələndirib kommersiya yönümlü biznes strukturuna çevirə bilməsi məqsədlərinə xidmət edir. • Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edib. Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri əhatə edən təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirmək olub. • Məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub. • Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib. • Ötən il ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə verilib. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. • Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə oğlanlar üçün ailə tipli kiçik qrup evi tikilib və 6 internat məktəbi əsaslı təmir olunub. • Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2016"da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstəriblər. • Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. • Təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edib. • Təhsil Nazirliyi və Asan Radio “ASAN məktəb” layihəsinə start verib. Layihənin məqsədi vətəndaşlara təhsildə baş verən yeniliklər barədə məlumat vermək və təhsilin bütün sahələri ilə bağlı dinləyicilərin suallarının Təhsil Nazirliyinin məsul əməkdaşları tərəfindən cavablandırılmasını təmin etməkdən ibarətdir. • 2016-2017-ci tədris ilindən ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunub. • Təhsil Nazirliyi tərəfindən 8 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir. • Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi keçirilib. İmtahanın nəticəsinə görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb. • Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və idman federasiyalarının iştirakı ilə geniş tərkibli iclas keçirilib. İclasda idman obyektləri və qurğularından idmanın inkişafı üçün daha səmərəli istifadə etmək, təhsil və idman qurumları arasında əməkdaşlığı daha da gücləndirmək, həmçinin respublikada idmanın inkişaf istiqamətləri və ehtiyaclarının ödənilməsi ilə bağlı qərarlar qəbul edilib. • IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Hər kağızı bir yarpağa dəyişək” layihəsi keçirilib. Layihədə Bakı və Sumqayıt şəhərlərindəki təhsil müəssisələrinin şagird və tələbələri iştirak edib. • 2016-cı ilin fevral ayından start götürən əsaslı şəkildə təkmilləşdirilmiş I və V sinif, eləcə də yeni yaradılmış IX sinif dərslik layihələrinə dair ictimai rəy öyrənilib. Dərslik layihələrinə dair rəy və təkliflər Təhsil Nazirliyinin e-resurs.edu.az saytı və derslik@edu.gov.az elektron poçtu vasitəsilə qəbul edilib. Ümumilikdə I, V və IX siniflər üzrə 77 dərslik layihəsi sayta yüklənib. Həmin dərslik layihələrinə dair 1544 rəy və təklif daxil olub. Daxil olan rəylərin 91 faizi IX sinif, 6 faizi V sinif, 3 faizi isə I sinif dərslik layihələrinə aiddir. • 2016- cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. • Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb. • Bakıda keçirilmiş “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub. • Ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. • Təhsil Nazirliyinin təşəbbüsü ilə “Maarifçi” Tələbə Kredit Fondu yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. İlk kreditlər fondun meyarlarına cavab verən 22 nəfərə təqdim olunub və onlarla müqavilə imzalanıb. İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb. • Honq Konqda keçirilən məktəblilərin 57-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb. • Gürcüstanın paytaxtı Tbilisi şəhərində məktəblilərin 48-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. Elm yarışmasında hər il olduğu kimi, azərbaycanlı məktəblilər də iştirak edib. Azərbaycanı təmsil edən komanda (4 şagird və 2 nəfər rəhbər) 1 gümüş, 3 bürünc medal qazanıb. • Yerli təhsili idarəetmə qurumlarında ictimaiyyətlə əlaqələrin tənzimlənməsi və yaxşılaşdırılması üçün 9 rayonun (Abşeron, Ağstafa, Şəmkir, Şabran, Samux, Qax, İmişli, Daşkəsən, Göygöl) təhsil şöbəsində İctimaiyyətlə əlaqələr üzrə məsul şəxslər təyin olunub. • “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi təşkil olunub. Layihəyə uyğun olaraq Bakı, Lənkəran, Quba, Gəncə və Şəki şəhərlərində məktəblilər üçün hər biri iki gün olmaqla yay məktəbləri keçirilib. Yay məktəblərində sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 200-ə yaxın şagird iştirak edib. • Fransız-Azərbaycan Universitetində (UFAZ) tədrisə başlanılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 303 nəfər qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb. • 700-dən çox tələbə arasından yüksək akademik göstəricilərə və müsahibə nəticələrinə əsasən seçilmiş 10 nəfər SABAH tələbəsi Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak edib. • 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib. Ümumilikdə, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. • Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə “Məktəblinin dostu” pilot layihəsinə başlayıb. • Təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində transfer.edu.az elektron portalı yaradılıb. Bu, tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib. Orta-ixtisas təhsili müəssisələri tələbələrinin də bu portal vasitəsilə köçürülməsi nəzərdə tutulub. • Macarıstan ali məktəblərində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Seçimlərin nəticələrinə əsasən, 182 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. • Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb.“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə bu ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb. • Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub. • 9 nömrəli Bakı Peşə Liseyinin bazasında IT STEP Akademiyası yaradılıb. • Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində tələbələr üçün Şəki şəhərində təşkil olunmuş “Bir” Könüllülük Akademiyası uğurla başa çatıb. Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Mingəçevir şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən seçilmiş 60 nəfər tələbə-könüllü akademiyada iştirak edib, yeni bilik və bacarıqlar qazanıblar. • Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumat bazası istifadəyə verilib. • “ADA” Universitetində BP-nin maliyyə dəstəyi ilə “Big Data” Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılıb. • Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzi istifadəyə verilib. • Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” adlı müsabiqə keçirilib. • Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III ümumrespublika bilik yarışı keçirilib. • Mili Olimpiya Komitəsində (MOK) “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının yeni mövsümünə start verilib. • Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib. Minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş edib. • Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. • Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri yaradılıb. Ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasının məqsədi təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsindən ibarətdir. • “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib. • 2016-cı ildə ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədə 36 min nəfər müəllim iştirak edib. • “Məktəb direktorunun bir iş günü” layihəsi çərçivəsində qabaqcıl ümumi təhsil müəssisələri rəhbərlərinin tanıdılması davam etdirilib. • “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsi 2016-cı ildə də davam etdirilib. Təhsil Nazirliyinin illik hesabat jurnalı
05/01/2017 16:52
“Qar qızın nağılı” adlı yeni il şənliyi keçirilir
Dekabrın 29-da Mərdəkan Mədəniyyət Sarayında “Qar qızın nağılı” adlı yeni il şənliyi keçirilib. Şənlik 5 nömrəli Bakı Peşə Məktəbinin tədbir və mərasimlərin təşkilatçısı ixtisasında təhsil alan tələbələrin təşkilatçılığı ilə keçirilib. Şənlik 2017-ci il yanvarın 3-dək qeyd olunan mədəniyyət sarayında davam edəcək. Tamaşanın səhnə tərtibatı, dekorasiya işi, personajların kostyumları, qrim, səsyazma, bilet tərtibatı, çapı və s. məktəbin təlim emalatxanalarında istehsalat təlimi ustalarının rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanıb.
30/12/2016 15:14
Debat oyunlarının qalibləri müəyyən olunub
Təhsil Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilən "Bakı Məktəblərarası Debat Kuboku: 2016"-nın bağlanış mərasimi olub. Turnir debat təlim sessiyalarını uğurla tamamlayan Bakı Avropa Liseyi, akademik Zərifə Əliyeva adına lisey, 132-134 nömrəli Təhsil Kompleksi, İ.Əfəndiyev adına “Elitar” gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri arasında baş tutub. Debat oyunlarının nəticəsində Bakı Avropa Liseyini təmsil edən “DeBAL” komandası və “Elitar” gimnaziyanı təmsil edən “ElitARqument” komandaları final mərhələsində qarşılaşıb. Hakimlərin qərarı ilə “DeBAL” komandası turnirin qalibi seçilib. 132-134 nömrəli Təhsil Kompleksində keçirilən tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev, Milli Debat Proqramının eksperti Rüfət Əliyev və Milli Debat Proqramının meneceri Məhəmməd Səmədov çıxış edib. "Bakı Məktəblərarası Debat Kuboku: 2016" Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilib. Bu mövsüm ərzində adıçəkilən məktəblərdə Milli Debat Proqramının təqdimatı və debat təlimləri baş tutub.
30/12/2016 14:48
İtaliyada təhsil alan azərbaycanlı: “İnanıram ki, dəyişiklərin davamı olmasını görəcəyik” – Uğur formulu
Təhsil Nazirliyi və “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Rüstəm Ağazadədir. Rüstəm Ağazadə 1990-cı ildə Bakı şəhərində anadan olub. Baki şəhəri 248 saylı tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə 690 bal toplayaraq Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil olub, Prezident təqaüdünə layiq görülüb.Tələbə olduğu müddətdə bir çox yerli və beynəlxalq tədbirlərdə çıxış edən Rüstəm “Friadent World” simpoziumda “Best Student Poster Award” mükafatına layiq görülüb. 2012-ci ildə Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra magistratura təhsilini İtaliyada Sapienza Universitetində parodontologiya ixtisası üzrə alıb və hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Hazırda parodontologiya üzrə ən güclü mütəxəssislər məhz italyanlardır və müasir parodontologiyada istifadə olunan cərrahi əməliyyatlar italyanlar tərəfindən təklif olunub. Bu bilikləri yaradıcılardan öyrənmək özü bir üstünlükdür. - Niyə məhz bu ixtisası seçdiniz? - Parodontologiya stomatologiya elminin bir sahəsi olub, dişin ətrafında olan toxumaların quruluşunu, xəstəliklərini, həmin xəstəliklərin müalicə və profilaktikasını öyrədən elmdir. Daha sadə desək, diş əti xəstəlikləri haqqında elmdir. Stomatologiya Azərbaycanda çox yaxşı inkişaf etsə də, parodontologiya o qədər də inkişaf etməyib. Azərbaycan Tibb Universitetində parodontologiyaya çox az saat ayrılıb və terapevtik stomatologiyanın bir hissəsidir. Halbuki Avropa ölkələrində və Türkiyədə belə bu sahə üzrə kafedradan başqa ixtisaslaşmada mövcuddur. Parodontit karieslə birgə diş itirilməsinin əsas səbəblərindəndir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) araşdırmasına əsasən, parodontit ən çox yayılan 7-ci xəstəlikdir. Bu xəstəlik erkən diaqnostika olunub və müalicə olunmazsa, digər ümumi xəstəliklərin də ağır keçməsinə (şəkərli diabet, ürək-damar xəstəlikləri, revmatoid artır) səbəb ola bilər. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Mən Azərbaycan Tibb Universitetini 4 il bundan öncə bitirmişəm və bu qısa zamanda yaxşı tərəfə olan dəyişiklər haqqında xəbərdaram. İnanıram ki, dəyişiklərin davamı olmasını görəcəyik. Praktikaya gənc, müasir beynəlxalq təcrübəni tətbiq edən kadrları universitetlərə cəlb etmək məncə daha məqsədəuyğun olardı. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? - Mən İtaliyada doktorant olduğum üçün tələbələrlə çox ünsiyyətdə oluram, onlar üçün məruzələr edir və praktik seminarlar keçirirəm. Hamı mənim azərbaycanlı olduğumu bilir və onların da Azərbaycana olan münasibəti çox pozitivdir. 2015-ci ildə Azərbaycanda “PerioBaku2015” adlı parodontologiya aid elmi konfransın təşkilatçısı olmuş və İtaliyadan beş məşhur professoru dəvət etmişdim. Bu konqresdə Azərbaycandan 150 həkim iştirak edib. Bununla yanaşı, konqresdə iştirak etmək üçün Estoniya, İrlandiya, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrdən olan həkimlər Bakıya gəlmişdilər. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Burada müəllim –tələbə münasibətləri olduqca yüksək səviyyədədir. Hər bir köməyə hazırdırlar. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? -İnanıram ki, biz asanlıqla ölkədəki təhsili tez bir zamanda təkmilləşdirə bilərik və Avropa ölkəsində olan təhsil səviyyəsinə çatdıra bilərik. - Çətinlikləriniz varmı? - Çətinliklərsiz olmur. Mən ailəliyəm və bir uşağım var, ailədən uzaq olmaq mənim üçün ən böyük çətinlikdir. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtlarımda azərbaycanlı və italiyalı dostlarla futbol oynayırıq. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir ? -Azərbaycanda qayıdaraq xalqımıza xidmət etmək istəyirəm. Amma yəqin ki, İtaliya ilə də əlaqəni kəsmərəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Ən vacibi qarşınıza hədəf qoymaq və həmin hədəfə nail olmaq üçün kifayət qədər çalışmaq lazımdır. 1news.az
30/12/2016 14:25
Masallı şagirdləri debat yarışlarının iştirakçısı olub
Təhsil Nazirliyinin və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin tərəfdaşlığı ilə Milli Debat Proqramı çərçivəsində keçirilən "Masallı ASAN Məktəbli Debat Kuboku: 2016" yekunlaşıb. İlk mərhələdə “ASAN həyat” kompleksinin nəzdində yerləşən İntellektual Mərkəzdə Milli Debat Proqramının təlimçisi tərəfindən Masallı şəhərinin ümumtəhsil məktəblərinin müəllimlərinə təlim keçirilib. Daha sonra müəllimlər turnirdə iştirak edəcək komandaları müəyyənləşdirərək debat yarışına hazırlaşıblar. Qrup oyunları mərhələsində Masallının 7 məktəbindən olan 13 komanda sosial şəbəkələrin cəmiyyətdəki rolu haqqında debatlar aparıb. Debat oyunlarının nəticəsində final mərhələsinə Çaxırlı kənd tam orta məktəbini təmsil edən "Facebook" komandası və "Dəfinə" məktəb-liseyini təsil edən "Lider" komandası vəsiqə qazanıb. Hakimlərin qərarı ilə "Lider" komandası qalib olub. Turnirin qalib və finalçılarına, komandaları hazırlaşdıran müəllimlərə və ən yaxşı natiqlərə sertifikat verilib.
29/12/2016 17:41
“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 29-da Təhsil Nazirliyində “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron Təhsil" Respublika müsabiqəsinə ümumilikdə 6000-dən artıq layihə təqdim edilib. Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər. Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin I mərhələsinə ümumilikdə 1313 layihə təqdim olunub. Qəbul olunmuş 1220 layihə II mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim edilib. 7 nəfərdən ibarət Ekspert Komissiyası bu mərhələyə keçən layihələrin qiymətləndirilməsində müsabiqənin saytında verilən qiymətləndirmə meyarlarını əsas götürüb. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb. Bununla da 325 layihə III mərhələyə keçib. III mərhələdə qalib namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini təqdim ediblər. Müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyən edilib. Müsabiqə “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar", Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir. Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.
29/12/2016 17:15
Məktəbdənkənar müəssisənin əməkdaşları Çexiyada səfərdə olublar
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları Çexiya Respublikasında işgüzar səfərdə olublar. Təhsil Nazirliyi, Çexiyanın Azərbaycandakı səfirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil olunan səfərdə mərkəzin direktoru Firuzə Sultan-zadə, metodistlər və dərnək rəhbərləri iştirak edib. Səfər müasir tələblərə uyğun bilik və bacarıqların artırılması və Çexiya Respublikasının məktəbdənkənar təhsil müəssələrinin işi ilə tanışlıq məqsədi daşıyıb. Səfər zamanı mərkəzin əməkdaşları Praqa, Brno və Plzen şəhərlərinin tanınmış ekoloji və turizm təhsil təşkilatlarının rəhbərləri ilə görüşüb, texnoloji mərkəzləri ziyarət ediblər. Bir sıra ekoloji təşkilatların təhsil sahəsindəki proqramlar və dərs vəsaitləri ilə tanış olub, bu proqramların Azərbaycanın məktəbdənkənar təhsilində tətbiq olunması barədə müzakirələr aparıblar.
29/12/2016 14:53
Müəllimlər üçün onlayn kalkulyator xidməti
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib. Bunun üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər. Müəllimlər “Onlayn kalkulyator” (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər. Yeni xidmətin yaradılmasının məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun yüksəldilməsidir. Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əməkhaqlarının onlayn kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur.
28/12/2016 17:05
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı