SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub
Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat verdilər. Bildirildi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmamışdı. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir. Xanım Mehriban Əliyeva korpusun foyesində quraşdırılan “Rəşadətli Azərbaycan Ordusu” adlı stendə baxdı. Burada 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dağılan evləri və dinc əhaliyə dəyən ziyanı əks etdirən fotolar yer alıb. Stenddə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərləri, həmçinin düşmənin darmadağın edilməsini əks etdirən fotolar təqdim olunur. Birinci vitse-prezident Mehriban Əliyeva tədris korpusundakı “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə yaradılan şəraitlə də maraqlandı. Heydər Əliyev Mərkəzi 2015-ci ildən etibarən Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, inkişaf etdirilməsi, tədqiqi və daha geniş auditoriyalarda təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Heydər Əliyev məktəblərinin yaradılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi” yaradılıb. Bu Məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən, Prezident Administrasiyasının foto-arxiv şöbəsindən ulu öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir. Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab var. Azərbaycanın Birinci vitse-prezidenti universitetdəki kiçik səhnə ilə də tanış oldu. Məlumat verildi ki, əvvəllər burada normativlərə uyğun olmayan zal var idi. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris korpusu ən müasir işıq və səs avadanlığı ilə təchiz olunub, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir. Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “SABAH” qrupları da fəaliyyət göstərir. “SABAH” qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu artıq qastrol səfərlərinə də gedir. Onlar Lənkəranda, Mingəçevirdə və Polşada olublar. “SABAH” qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir. Məlumat verildi ki, korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər. Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident xanım Mehriban Əliyeva universitetə fəaliyyətində uğurlar arzuladı. AZƏRTAC
04/05/2017 20:41
Azərbaycanlı şahmatçılar dünya çempionatından medalla qayıdıb
Şahmat üzrə dünya çempionatında Azərbaycan komandasının üzvləri 3 gümüş, 1 bürünc medal qazanıb. Rumıniyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib. 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında II yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında III yeri tutaraq bürünc medal qazanıb. Qeyd edək ki, hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə I yeri tutan şahmatçılar dünya, II yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.
04/05/2017 15:47
SABAH qrupunun tələbəsi beynəlxalq təhsil proqramında iştirak edəcək
“Young Global Pioneers” (YGP) beynəlxalq təhsil proqramında iştirak üçün keçirilən müsabiqənin Azərbaycan üzrə qalibi müəyyən olunub. Qalib Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarının tələbəsi Nilgün Aslanovadır. “YGP Talent Network” proqramı iyulun 23-dən avqustun 12-dək Tanzaniya və Zanzibarda təşkil ediləcək təlim turu ilə başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünyadakı problemlərin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaq, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat toplayacaqlar. Həmçinin SOS Uşaq kəndindən olan gənclərlə görüşəcək, safari-tura yola düşəcəklər. Bu il müsabiqə “Carlsberg Fondu”nun bölməsi olan “Carlsberg Bequest”in dəstəyi ilə eyni anda Şərqi Avropa regionunun bir neçə ölkəsində - Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda təşkil olunub. Beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH qrupları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçirilib. Səyahət başa çatdıqdan sonra “Global Reflection” vebinarları kimi “Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Həmin şəbəkənin əsasında təlim və mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq. “YGP Talent Network” - 19-25 yaşarası gələcək liderlər üçün beynəlxalq təhsil proqramının missiyası dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir. Layihə haqqında http://youglo.org elektron ünvanında ətraflı məlumat almaq mümkündür.
04/05/2017 15:11
İsveçdə təhsil alan tələbə: "Xaricdə təhsil almağım bütün ümidlərimi doğruldub".
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı İsveç Krallığı Karolinsk İnstitutunun doktorantı Pərviz Məmmədzadədir. Layihə Təhsil Nazirliyi və 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir. Pərviz Məmmədzadə 1988-ci ildə Zaqatalada anadan olub. Orta məktəb təhsilini rayondakı 3 nömrəli tam orta məktəbdə alıb. 2005-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb. Tibb təhsilinin sonrakı 4 ilini (2007-2011) universitetlərarası müqaviləyə əsasən Türkiyə Respublikasında, İstanbul Universitetinin tibb fakültəsində davam etdirib və oradan məzun olaraq həkimlik dərəcəsi alıb. Universiteti bitirdikdən sonra, 2012-2014-cü illərdə İsveç Krallığının Karolinsk İnstitutunda göz xəstəlikləri üzrə elmi-tədqiqat işi ilə məşğul olub. 2015-ci ildən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Karolinsk İnstitutunda doktorantura təhsili alır. Evlidir, bir qızı var, həyat yoldaşı da həkimdir. P.Məmmədzadə ilə söhbətə orta məktəb illərindən başladıq. “İlk müəllimlərimi hörmətlə anıram” Orta məktəbdə oxuduğum illərdə, birinci sinifdən etibarən dərs əlaçısı olmuşam. Məktəb illərində daha çox fizika, kimya, riyaziyyat və biologiya fənlərinə həvəs göstərmişəm. İlk müəllimlərimi hələ də hörmətlə anıram. Onlar mənim təhsil həyatımda mühüm rol oynayıblar. İbtidai sinif müəlimim Səfiyyə xanımı çox müsbət bir insan kimi xatırlayıram. Hər bir şagirdi öz balası kimi sevərdi və ona can yandırardı. Orta təhsil illərində sinif rəhbərim Solmaz xanım ana dili və ədəbiyyat müəllimi, çox peşəkar və ədalətli bir insan kimi xatirimdə qalıb. İxtisas seçiminə gəlincə məktəb illərimin ortalarında, ixtisas olaraq nəyi seçəcəyimi dəqiq bilmirdim. Bildiyim tək şey, nə etsəm də, o işi sevərək etməyin vacibliyi idi. Valideynlərimin həkim olması ailəmizdə həkimliyə ənənəvi bir meyil yaratmışdı. Böyük qardaşım da Tibb Universitetində oxuyurdu və buna görə mən də həkimliyə üstünlük verdim. “10 ildən çoxdur ki, xaricdə təhsilimi davam etdirirəm” Hələ orta məktəbdə oxuyarkən valideynlərim mənə və qardaşlarıma xarici dili öyrənməyimizi aşılayırdılar. Ailəmizdə savada və elmə dəyər verirdilər. Xaricdə təhsil almağımda valideynlərimin həm mənəvi, həm də maddi dəstəyi çox olub. Təbii ki, mən də dövlətin biz gənclərə verdiyi imkandan yararlanaraq xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün Dövlət Proqramına müraciət etdim. Azərbaycanda istedadlı gənclərimiz çoxdur, bu proqram sayəsində onların arzusu reallaşır və istədikləri savada nail ola bilirlər. İxtisaslı gənclərimiz Azərbaycana geri dönüb, ölkədə gedən inkişaf prosesinə öz müsbət töhfəsini verirlər. Artıq 10 ildən çoxdur ki, xaricdə təhsilimi davam etdirirəm. Ölkəmizin təhsil sistemində baş verən dəyişikliklərə gəlincə, ali məktəblərimizdə ən çox görmək istədiyim yeniliklər arasında təhsilin kompüterləşdirilməsi, internet və kitabxana xidmətlərinin elektronlaşdırılması, tələbələrimizin köhnə və əhəmiyyətsiz ədəbiyyatlarla yüklənməməsi və s. misal çəkə bilərəm. İsveçdə doktorantın iş günü əsasən klinikalarda keçir. Boş vaxtım olanda isə onu ailəmə ayırıram, bəzən dostlarla və həmkarlarımla görüşürəm, idmanla da məşğul oluram, müxtəlif tibbi ədəbiyyat oxuyuram. “İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur” İsveç Avropada çox sürətlə inkişaf edən və daim innovasiyalarla yeniləşən təhsil sisteminə malikdir. İsveç təhsilində müasir pedaqogika metodları tətbiq olunur. Orta məktəblərdə şagirdlərə ev tapşırığı verilmir, bütün tapşırıqlar məktəb saatı müddətində tədris prosesində həll olunur. Şagirdlər dərs saatı bitdikdən sonra evə gedib ürəkləri istədiyi kimi vaxt keçirirlər və çox savadlı bir gənc kimi formalaşırlar. Ali təhsil ocaqlarında təhsildə ən son yeniliklər tətbiq olunur. Ölkənin bütün təhsil müəssisələrində elektronlaşma və internet yüksək səviyyədədir. Hazırda Karolinsk İnstitutunda doktorantura təhsili alıram. Karolinsk İnstitutu yalnız tibbə və tibb elmlərinə yönəlmiş yeganə universitetdir və İsveçdə tibbi təhsilin ən geniş diapazonunu təklif edir. Əsası 1810-cu ildə qoyulmuş Karolinsk İnstitutu dünyanın ən yaxşı 50, Avropanın 10 tibb universiteti sırasındadır. Hər il Nobel mükafatlarının təqdim olunduğu ali məktəb özünün ənənələri ilə məşhurdur. Qeyd etməliyəm ki, doktorantura təhsili universitet təhsilindən fərqlidir. Daha çox tətbiqi xarakter daşıyır. Elmi işimin mövzusu oftalmologiya, daha dəqiq desək, gözün torlu qişasının qan-damar xəstəliklərini əhatə edir. Göz insan bədənində nisbətən balaca orqan olmasına baxmayaraq çox mürəkkəb bir quruluşa malikdir və elmə məlum olmayan müəmmaları çoxdur. Yaşadığım şəhərdə azərbaycanlı tələbələr azdır, buna baxmayaraq səfirliyimizin və diaspor təşkilatlarının keçirdiyi tədbirlərdə iştirak etməyə çalışıram. İmpakt-faktorlu jurnallarda dərc olunan azərbaycanlı tələbə. Çox sevindirici haldır ki, Pərviz İsveçin məşhur klinikalarında aparılan ciddi elmi tədqiqatlarda iştirak edir. Onun apardığı tədqiqatların nəticələri Avropanın impakt-faktorlu jurnallarında dərc olunub. Onun bu barədə fikirləri də maraqlı və aktualdır. Qeyd etdiyim kimi, elmi işimin əsas mövzusu gözün torlu qişasının qan-damar xəstəliklərinin genetik və hüceyrə transplantasiyası metodları ilə müalicəsidir. Bildiyiniz kimi, yaşlı əhalidə görmə zəifliyinin və korluğun əsas səbəbi şəkərli diabet xəstəliyidir. Bu xəstəlik düzgün müalicə olunmadığında müəyyən müddət sonra bir çox digər orqanlarda olduğu kimi (ürək, böyrək, ətraf nahiyyənin sinir və damarları və s), gözdə də fəsadlar meydana gəlir. Belə ki, şəkər xəstəliyi gözün torlu qişasını qanla təchiz edən damarlarda dönməz mikro-patalogiyalara səbəb olur və bu da, öz növbəsində, torlu qişanın işığı qəbul edən və görmə prosesinin gerçəkləşməsində rol oynayan hücəyrələrinin zədələnməsinə və görmə zəifliyinə yol açır. Hazırda tətbiq olunan müalicə üsulları patalogiyanın gecikdirilməsinə və yaxud ən yaxşı halda prosesin dayandırılmasına yönəlir, zədələnmiş hüceyrələr və zəifləyən görmə aktı demək olar ki, bərpa olunmur. Dərc etdiyim ilk elmi məqaləmdə biz torlu qişanın qan-damar hüceyrələrinin molekulyar və genetik səviyyədə xüsusiyyətlərini araşdırmışıq və patalogiya zamanı hansı genlərin və pataloji faktorların fəallaşdığını diqqətə çatdırmışıq. Bu məqalə Avropanın ən nüfuzlu oftalmologiya jurnalında çap olunub (Acta Ophthalmologica). İkinci məqaləmdə biz heyvanlar üzərində laboratoriya şəraitində süni üsulla şəkərli diabet bənzəri şərait yaradaraq gözün torlu qişasında patalogiya yaratmışıq. Sonra isə genetik transfeksiya və hüceyrə transplantasiya vasitəsilə bu patalogiyanı müalicə etmişik. Məqalə dünyanın ən nüfuzlu elmi nəşrlərindən birində (Nature Publishing Group, Scientific Reports) çap olunub. Ümid edirik ki, bu metod gələcəkdə insanlara da tətbiq oluna bilinəcək. Tədqiqatlarımız davam edir. Sonda xaricdə təhsilin üstünlüklərindən qeyd edə bilərəm. Üstünlüklər, təbii ki, çoxdur. Misal olaraq, keyfiyyətli təhsil, xarici dillərə yiyələnmək, beynəlxalq aləmdə olmaq və yeni mədəniyyət və insanlarla tanış olmaq, şəxsiyyət olaraq daha fərqli inkişaf etmək və s. Bu mənada xaricdə təhsil almağım bütün ümidlərimi doğruldub. İstərdim ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqları universitet tədrisinin bir hissəsi olaraq tələbələri bir neçə aylıq da olsa, xarici universitetlərə göndərsin. Bu yolla tələbələrdə elmə və xarici dilə olan həvəs daha da artar. Gələcək planlarıma gəlincə isə, İsveçdə və Azərbaycanda elmi tədqiqat qrupu təşkil etmək, Azərbaycanda elmi tədqiqatın inkişafına töhfə verməkdir. www.1news.az
04/05/2017 14:42
Təhsil naziri Misirin ali təhsil və elmi tədqiqat nazirinin birinci müavinini qəbul edib
Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Misir Ərəb Respublikasının ali təhsil və elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam El-Din El-Sayed El-Malehini qəbul edib. Görüşdə Azərbaycan və Misir arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin universitetlər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
04/05/2017 11:42
Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri “Qala” konsertində iştirak edib
Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupunun üzvləri Türkiyənin Nevşehir stadionunda “Qala” konsertində iştirak edib. Səfər çərçivəsində Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu və “Çiçəyim” uşaq teatr studiyasının üzvləri Fəthiyyə, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Könül” rəqs qrupunun üzvləri Bartın, Mingəçevir Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin “Sevinc” rəqs qrupunun üzvləri Yalova şəhərində festivala qatılıblar. Bir həftəlik səfərdə olan rəqs qrupları müxtəlif diplom və hədiyyələr ilə mükafatlandırılıblar.
04/05/2017 11:29
Növbəti diaqnostik qiymətləndirməyə start verilib
Mayın 4-də Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilib. Tovuz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Qiymətləndirmə 3 gün davam edəcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
04/05/2017 09:41
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 3-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, bu sahənin cəmiyyətdə rolunu, şəxsiyyətin formalaşmasında əhəmiyyətini yüksək qiymətləndirib. Nazir dahi şəxsiyyətin təhsillə bağlı dəyərli ideyalarının ölkəmizdə təhsil islahatlarının istiqamətlərini müəyyənləşdirdiyini, onun tövsiyələrinin təhsil sisteminin əsas proqramına çevrildiyini vurğulayıb. Ulu öndər tərəfindən əsası qoyulan mühüm islahatların son 14 ildə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən təhsil naziri ölkənin sosial-iqtisadi, intellektual-mənəvi yüksəlişinə güclü təkan verildiyini və inkişafın Azərbaycan modelinin formalaşdırıldığını diqqətə çatdırıb. Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb. Son illərdə təhsil islahatlarının yeni düşüncəli, geniş dünyagörüşlü, səriştəli və bacarıqlı gənclərin hazırlanmasına yönəldiyini qeyd edən nazir təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəf olduğunu deyib. Nazir qeyd edib ki, gənclərimizin əsl vətəndaş kimi yetişdirilməsi üçün hər bir məktəblinin vətənə məhəbbət ruhunda tərbiyə olunması, milli özünüdərkmə və milli iftixar hissinin aşılanması mühüm əhəmiyyət kəsb edir. Təhsil naziri ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsində mühüm rolunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin gənc nəslin ümummilli lider Heydər Əliyevin zəngin irsini daha dərindən öyrənməsinə, şagirdlərdə azərbaycançılıq məfkurəsinin formalaşmasına və onların layiqli vətəndaş kimi yetişməsinə müsbət təsir etdiyini bildirib. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb, qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
03/05/2017 16:00
Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib
Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini deyib. Nazir müavini bildirib ki, festivalda 14 ali, 17 orta ixtisas, 18 ilk peşə-ixtisas təhsili müəssisəsinin bədii özfəaliyyət kollektivləri iştirak edib. Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək bədii yaradıcılıq festivalının gənclərin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib. Konsertdə incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilər çıxış ediblər. Festivalın keçirilməsində məqsəd tələbə və şagirdlərin milli vətənpərvərlik, mədəniyyət və incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi, qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılmasıdır. Festivalın birinci mərhələsində 1000-ə yaxın şagird və tələbə öz bacarıq və istedadlarını nümayiş etdirib. Bu il keçirilən festivalda ötən illərdən fərqli olaraq, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri də qatılıb. Yekun konsertdə 250-yə yaxın şagird və tələbə iştirak edib. Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb. Münsiflər heyətinin qərarı ilə 12 qalib I yerə, 11 qalib II yerə, 10 qalib isə III yerə layiq görülüb. Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar. Həmçinin fəal iştirakçılara diplomlar təqdim ediləcək.
03/05/2017 09:53
Respublika şahmat festivalı başa çatıb
“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının final yarışlarına yekun vurulub. Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən yarışlara 400-ə yaxın şagird qatılıb. Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilib, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarət olub. Komanda hesabında I yeri Nərimanov, II yeri Ucar, III yeri Suraxanı rayonunun məktəbliləri tutub. Siniflər üzrə oğlan və qızlar arasında və komanda hesabında qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar diplomla təltif olunub. Qeyd edək ki, festivalın I mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan beş yüzə yaxın pilot məktəbdən üç min nəfərdən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak etmək hüququ qazanıb.
02/05/2017 12:48
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı