• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş fləşmob keçirilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fləşmob və konsert keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliği, onların idmana və yaradıcılığa maraqlarının artırılması, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. 1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub. Daha sonra tədbir Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı ilə davam etdirilib.

Azərbaycanlı məktəblilərin növbəti uğuru

Makedoniyanın Oxrid şəhərində məktəblilərin 34-cü Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Bolqarıstan, Rumıniya, Serbiya, Türkiyə, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı İngiltərə, İtaliya, Qazaxıstan, Səudiyyə Ərəbistanından şagirdlərinin iştirak etdiyi bu elm yarışında Azərbaycan 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə iştirak edib. Orta yaş həddi 15-dən kiçik olan, yeni formalaşmış komandamız olimpiadada uğurlu nəticə göstərib. Hər biri maksimum 10 bal ilə qiymətləndirilən 4 müxtəlif sualın həllərini yazmaq üçün şagirdlərə 4 saat 30 dəqiqə vaxt verilib. Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 9-cu sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Anar Abbaslı, Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin 11-ci  sinif şagirdi Mirəli Əhmədli və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Murad Ağazadə olimpiadanın bürünc medalına layiq görülüb.  Qeyd edək ki, bu şagirdlərin  hər biri  Fizika riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.

Qanvermə aksiyası keçirilib

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları, müəllimlər fəal iştirak edib. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaqdır.

“Yaşıl şəbəkə”- Bakı məktəblilərinin II Ekoloji Forumu

Mayın 6-da “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində Bakı məktəblilərinin və “Ekoklub” üzvlərinin II Ekoloji Forumu keçirilib. II Ekoloji Forumun keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Yaşıl Şəbəkə” devizi altında ekoloji hərəkatın genişləndirilməsindən ibarətdir. Forumda 400-ə qədər gənc ekoloqun iştirakı ilə “Yaşıl məktəb”, “Yaşıl turizm”, “Yaşıl elm və texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər və cəmiyyət”, “Yaşıl kənd təsərrüfatı”, “Yaşıl iqtisadiyyat” adlı 7 bölmə üzrə müzakirələr və yeni fəaliyyət planlarının müzakirəsi təşkil edilib. 30 orta məktəbdə fəaliyyət göstərən “Ekoklub” liderlərinin “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə hesabatlarında yaşıl infrastrukturun yaradılması, enerji ehtiyatlarının səmərəli istifadəsi, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması məqsədilə görülən işlər haqqında məlumat verilib. Forumun yekununda iştirakçılarla Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Səmti Müəyyənetmə Federasiyası tərəfindən ilk dəfə olaraq “QR code” yeni səmti müəyyənetmə oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd uşaqların aktiv həyat tərzinə, idman oyunlarında daha yaxından iştiraka cəlb olunmasıdır.

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib

Mayın 8-də təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Heydər Əliyev Mərkəzində ümummilli liderin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, gənc müəlimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, diaqnostik qiymətləndirmədə iştirak və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Növbəti diaqnostik qiymətləndirmə

11-16 may 2017-ci il tarixlərində Qax Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə  keçiriləcək. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, 4-6 may tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan 6 min nəfərə yaxın müəllim iştirak edib.

“Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusu müzakirə edilib

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”da çıxış edən Mehriban ƏLİYEVA dedi: - Sizi Azərbaycanda salamlayıram, ölkəmizə, paytaxtımıza xoş gəlmisiniz. Böyük və vacib toplantıda iştirakınıza görə sizə dərin minnətdarlığımı bildirirəm. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında bu gün çox sözlər söyləndi. Biz çox şadıq ki, bu Forum artıq hər dəfə daha da genişlənir. Forumda 100-dən çox ölkənin nümayəndəsi iştirak edir. Mövzu bütün dünya üçün çox vacibdir. Mən çox şadam ki, biz Forum çərçivəsində digər vacib görüşlər də keçiririk. Bu gün xanım İrina Bokovanın təşəbbüsü ilə biz qızlar üçün təhsil məsələsindən danışırıq. Əlbəttə, təhsil sisteminin inkişafı hər bir dövlət üçün, hər bir ölkənin gələcəyi üçün ən vacib məsələdir. Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən prioritet istiqamətlərdən biridir. Yəni, bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Bizim bu sahədə böyük təcrübəmiz və tariximiz var. Eyni zamanda, biz dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənirik və beynəlxalq təşkilatlarla bu sahədə fəal işləməyə hazırıq.   X X X   “Dəyirmi masa”da iştirak edən UNESCO-nun baş direktoru xanım İrina Bokova, Efiopiyanın birinci xanımı Roman Tesfaye, Malinin birinci xanımı Keita Aminata Maiqa, İordaniya şahzadəsi Dana Firas qızlara təhsil verilməsinin əhəmiyyətini qeyd edərək, mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bununla bağlı keçiriləcək sessiyada bu mövzu ətrafında fəal müzakirələrin aparılacağını bildirdilər.  Görüşdə qaçqın və məcburi köçkün ailələrindən olan qızların təhsilə cəlb edilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsi vurğulandı. “Dəyirmi masa” iştirakçıları bildirdilər ki, ölkəmizin bu sahədə təcrübəsi digər ölkələr üçün maraqlı ola bilər. Görüş zamanı xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açıldı, Fond tərəfindən Pakistanda qızlar üçün məktəbin yenidən qurulması yüksək dəyərləndirildi.   AZƏRTAC 

Yüksək təhsil ekstremizmlə mübarizədə bir çox proseslərin qarşısını ala bilər

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş keçirilib. UNESCO-nun gender bərabərliyi sektorunun direktoru Saniye Gülser Coratın moderatorluğu ilə keçirilən görüşdə dünyada baş verən zorakı ekstremizmə qarşı mübarizədə qızların təhsilinin rolu müzakirə edilib. Saniye Corat Azərbaycan hökumətinə və tədbirin təşkilatçılarına dəvətə görə minnətdarlığını bildirib. UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya Forumun yüksək səviyyədə təşkilinə və xüsusi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Təhsilin cəmiyyətdəki mühüm rolundan danışan İ.Bokova bildirib ki, qızların təhsil almaları və cəmiyyətdəki fəaliyyətləri gender bərabərliyinin əsas məqsədlərindəndir. Dünyanın bir çox ölkələrində qadınlar və qızlar zorakı ekstremizmin qurbanı olurlar. Hüquqları pozulan qadınlar cinsi istismara məruz qalır, təhsildən uzaq düşürlər. Biz ekstremizmə qarşı mübarizədə bütün səylərimizi birləşdirməli, bu bəlanın aradan qaldırılması üçün birgə mübarizə aparmalıyıq. Cəmiyyətlərin inkişafında qadınların və təhsilin rolunu xüsusi vurğulayan baş direktor bəzi müsəlman ölkələrində qızların təhsilə cəlb olunmasında birgə addımların atılmasının vacibliyini vurğulayaraq deyib: “Bu bizim qlobal şəkildə mübarizəmizin əsas tərkib hissəsidir. Təhsil ekstremizmlə mübarizədə bir çox proseslərin qarşısını ala bilər”. Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Azərbaycanda qadınların və qızların cəmiyyətdəki rolundan danışan təhsil naziri müsəlman Şərqində ilk dəfə olaraq qızlar məktəbinin məhz Bakıda açıldığını və ilk dəfə olaraq səsvermə hüququnun da azərbaycanlı xanımlara verildiyini qeyd edib. Təhsil naziri deyib: “Ölkəmizin ali məktəblərində təhsil alanların 50 faizini qızlar təşkil edir, orta və ali təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizdən çoxu qadınlardır. Bir sıra ali məktəblərimizdə gender sahəsində tədqiqatlar aparılır. Respublikamızda qaçqın, köçkün və dünyadakı çoxsaylı miqrasiyalara baxmayaraq, ölkəmizdə bir çox sahədə olduğu kimi, təhsildə də təqdirəlayiq nəticələr əldə olunub”. Təhsilin qızların həyatındakı vacib rolundan danışan Efiopiyanın birinci xanımı Roman Tesfaye cəmiyyətdə qadınların hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Bildirilib ki, təhsil vasitəsilə cəmiyyətə inteqrasiya olunan qadınlar bir çox qlobal problemlərin həllində xüsusi yer tuturlar. Təhsil onların yoxsulluqdan azad olunmasında, həmçinin maliyyə sahəsində bir sıra məsələlərin həllində də böyük rol oynayır. Erkən nikahlar, müxtəlif dini və ekstremizm qrupları tərəfindən zorakılıqlar qızların təhsil almasına mane olur. Biz bu cür xoşagəlməz halların qarşısının alınmasında birgə mübarizə aparmalıyıq. Efiopiya hökuməti bu sahədə bir sıra uğurlar əldə edib. Uşaqların və qızların məktəbə cəlb olunmasında maarifləndirmə tədbirləri davam edir. Foruma dəvətə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirən Malinin birinci xanımı Keita Aminata Maiga görüşün yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, terrorizm və zorakı ekstremizmə qarşı mübarizədə qadınlara dəstək göstərilməsinin vacibliyini qeyd edib. Qadın və qızların cəmiyyətin inkişafında mühüm rolunu vurğulayan Malinin birinci xanımı ölkəsində bu sahədə aparılan islahatlar barədə məlumat verib. Qeyd edib ki, Malidə qızların təhsilə cəlb olunması ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Çox vaxt zorakı ekstremizmin qurbanına çevrilən qızlar hətta ibtidai təhsil ala bilmirlər. Qızlardan müxtəlif terrorçu qruplaşmalar tərəfindən sui-istifadə edilməsi cəmiyyətin əsas problemlərindən biridir. K.Maiga qeyd edib ki, yoxsul ailələrdən olan qız uşaqlarının təhsilinə ayrılan sərmayə ekstremizmlə mübarizədə ən öndə gedən məsələlərdəndir. Ruandanın birinci xanımı Janet Kagame bir çox ölkələrdə qadınlara qarşı törədilən zorakılıq hallarından danışıb, bunun qızların təhsil almasına əks təsirini vurğulayıb. O deyib: “Biz dünyada, xüsusilə müsəlman ölkələrində qadın və uşaqların hüquqlarının pozulmasının şahidi oluruq. Onlara qarşı törədilən cinayətlərlə mübarizədə birləşməli, bu istiqamətdə birgə tədbirlər həyat keçirməliyik”. Ölkəsinin tarixi barədə məlumat verən birinci xanım bildirib ki, qızların təhsilə cəlb olunması gender bərabərliyinin təminatıdır. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirə olunan mövzunun vacibliyini qeyd edib. Bildirilib ki, radikalizm, zorakılıq, ksenofobiya, ayrıseçkilik bəşəriyyətin ən böyük bəlasıdır və bunlar insanlığa ciddi ziyan vurur. Zorakı ekstremizmdən daha çox qadınlar və uşaqlar, xüsusilə qızlar əziyyət çəkirlər. Hər il milyonlarla uşaq məcburi əməyə cəlb edilir, qızlar cinsi istismara məruz qalır və insan alverinin qurbanına çevrilirlər. Elə ölkələr vardır ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrıseçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, onların sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur. Bunlar əsasən yoxsulluq, erkən nikahlar, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlərdir. Hər bir ölkə uşaqları qorumağı və onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Bu müdafiənin daha möhkəm olması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılır, qlobal səviyyəli sənədlər qəbul olunur. Komitə sədri bildirib ki, Azərbaycanda uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil alması, sağlam və savadlı mühitdə böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması və hüquqlarının qorunması sahəsində mühüm işlər görülüb. Milli strategiya kimi formalaşan dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daha da gücləndirilib. Ölkəmizdə təhsilin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edən komitə sədri bu sahədə Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Qeyd edilib ki, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi, həmçinin konkret tədbirlərin həyata keçirilməsi ilə də reallaşdırılır. Bu layihələr qaçqın və məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib. Bildirilib ki, hazırda bəşəriyyəti düşündürən məsələ isə davamlı inkişaf və sülhə, əmin-amanlığa, rifaha mane olan problemlərin, məhdudiyyətlərin aradan qaldırılması və bu istiqamətdə mexanizmlərin tapılmasıdır. Təhsil radikalizmə, ortodoksal baxışlara, terrorizmə qarşı ən yaxşı vasitədir. Elm və mədəniyyət bütün problemlərin həllində böyük əhəmiyyətə malikdir. Yüksək səviyyəli görüşün iştirakçıları birgə qlobal humanitar çağırış qəbul ediblər. Çağırış tədbirdə oxunub.   AZƏRTAC 

“Muzeylər və İslam Həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı

Məktəblilər üçün  “Muzeylər və İslam həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı həyata keçirilir. Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Proqram bu il Bakı şəhərində fəaliyyət göstərən 16 aparıcı muzeylə yanaşı ilk dəfə olaraq 11 xatirə ev-muzeyini  əhatə edəcək. Üçüncü ildir ki, keçirilən proqramın müddəti məktəblilərin fəallığını, müəllim və valideynlərin marağını nəzərə alaraq, “Muzey həftəsi”ndən “Muzey ayı”na qədər  genişləndirilib. Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir. Yeni proqram üçün Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf  Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və “İslam həmrəyliyi”nə uyğun olaraq mövzular seçilib. Proqram mayın 28-dək davam edəcək.

SABAH tələbələri qalib oldular

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Seedstars World” müsabiqəsinin qalibi bəlli olub. “PAŞA Bank” və ABŞ səfirliyinin dəstəyi ilə “ADA” Universitetində azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri baş tutub. Azərbaycanın 10 ən yaxşı startapının mübarizə apardığı müsabiqədə Baramanın “Wake me up” layihəsi qalib gəlib. Layihənin iştirakçıları SABAH qruplarının tələbələridir. Yerli seçim mərhələsində 2-ci və 3-cü yerin qalibləri "TechSos" və "Buglance" komandaları olub. “Wake me up” 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək “Seedstars” Sammitində ölkəni təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. "Azercell Telekom" MMC Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin "Seedstars" şirkəti ilə tərəfdaşlıq edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı