SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir
Mayın 25-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Üç gün davam edəcək qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. 4500-dən çox müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər. Qeyd edək ki, ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cari ilin aprel ayından başlanılıb.
24/05/2017 10:05
Bilik yarışının qalibləri bəlli olub
Məktəblilər arasında www.e-test.edu.az portalı vasitəsilə keçirilən bilik yarışının qalibləri bəlli olub. Təhsil Nazirliyi tərəfindən keçirilən bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib. Nəticələrə görə, 35 məktəbli bilik yarışında yüksək bal toplayaraq qalib adını qazanıb. Artıq paytaxtın 283 və 83 nömrəli məktəblərinin bilik yarışında uğur qazanan şagirdləri təltif olunublar. Digər qaliblər dərs ilinin sonuna qədər Təhsil Nazirliyi tərəfindən sertifikat, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Qeyd edək ki, portal vasitəsilə elektron qeydiyyatdan keçən şagirdlər 8 fənn üzrə 30 000-dən artıq test çalışmasını həll edərək bilik yarışının iştirakçısı olurlar. Çalışmaları həll etdikcə hər bir şagird müvafiq ballar qazanır. Toplanan ballar artdıqca şagirdlərə virtual simvolik həvəsləndirici medallar verilir. Cavabların düz və ya səhv olması barədə məlumat interaktiv şəkildə dərhal ekranda görünür. Portala digər fənlər üzrə də yeni test tapşırıqlarının əlavə olunması nəzərdə tutulur.
23/05/2017 16:55
Tələbə-könüllülər IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edib
Mayın 23-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərlə bağlı brifinq keçirilib. Brifinqdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın növbəti dəfə dünyaya sülhsevərliyini və yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini qeyd edib. Nazir müavini IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinin hər kəsdə qürur hissi doğurduğunu söyləyib və bildirib ki, oyunlarda yüksək nəticə göstərən idmançılarımız arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısı da var. Onlar 8 idman növü üzrə milli yığma komandaların tərkibində iştirak edib. Həmin idmançıların 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanılıb. “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının keçirilməsinin həm də böyük insan resursları hesabına başa gəldiyini qeyd edən nazir müavini bu işdə tələbə-könüllülərin xüsusi rolu olduğunu qeyd edib. Könüllülərin fəaliyyətinə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdıran təhsil nazirinin müavini oyunların bağlanış mərasimində Birinci Vitse-prezidentin könüllülərə təşəkkür nitqini xatırladıb. Firudin Qurbanov bildirib ki, könüllülər oyunların keçirildiyi müddətdə idmançılara və rəsmi şəxslərə kömək edib, tamaşaçılara, ictimaiyyətə, əcnəbi qonaqlara, turistlərə və media nümayəndələrinə dəstək göstəriblər. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “BİR” Tələbə-Könüllü Proqramının könüllülərin məlumatlandırılmasında və toplanmasında mühüm rol oynadığını vurğulayan nazir müavini İslam Oyunlarında könüllülük fəaliyyəti ilə bağlı Azərbaycanın 6 şəhərinin 20 ali təhsil və 16 orta ixtisas təhsili müəssisələrində 20290 tələbənin iştirakı ilə 100-dən artıq görüş keçirildiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, könüllülər indiyədək ölkəmizdə keçirilmiş mötəbər tədbirlərdə fəal iştirak ediblər. “Bakı 2015” Birinci Avropa Oyunlarına 12 min, “Bakı Marafonu-2017”yə 350, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 3000-dən artıq, IV İslam Həmrəyliyi Oyunlarına isə 11 mindən çox tələbə-könüllü cəlb olunub. 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisində isə 3500-ə yaxın tələbə-könüllü iştirak edəcək. Brifinqdə qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən cari ilin mart-aprel aylarında IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliği, onların idmana marağının artırılması, məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarət olub. Bu müddət ərzində ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika idman növləri üzrə 50 zona yarışları təşkil olunub. Həmin yarışlara 70 minə yaxın məktəbli qatılıb, 600-dən çox fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib. Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərin iştirakı ilə yürüş, fləşmob və konsert keçirilib.1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub. IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi keçirilib. Daha sonra könüllülər öz təəssüratlarını bölüşüblər.
23/05/2017 15:35
“eTwinning Plus” layihəsi üzrə təltifetmə mərasimi
Mayın 23-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, nümayəndələri məktəb direktorları və müəllimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Monitorinq və treninq şöbəsinin müdiri Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu qeyd edib və bildirib ki, Azərbaycan 2013-cü ildə qonşuluq siyasəti əsasında bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 113 məktəbdən 282 müəllimin iştirakı ilə 315 layihə həyata keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb, təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyası”na uyğun olaraq beynəlxalq təcrübədən istifadə etməklə təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar “eTwinning Plus” layihəsinin həyata keçirildiyini vurğulayıb. Layihə çərçivəsində Azərbaycan şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. “eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər. Daha sonra müsabiqə qaliblərinə diplomlar təqdim olunub. Qeyd edək ki, “eTwinning Plus” layihəsi üzrə keçirilmiş müsabiqələrin nəticələrinə əsasən 2016-cı ilin 6 ayı üzrə layihədə iştirak edən 18 müəllim mükafat əldə edib.
23/05/2017 12:52
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş müsabiqəyə yekun vurulub
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş respublika təsviri sənət müsabiqəsinə yekun vurulub. Azərbaycanın bütün bölgələrindən məktəblilərin iştirak etdiyi müsabiqənin təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarını təbliğ etmək, şagirdlərdə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaqdır. İki mərhələ üzrə keçirilən müsabiqədə ümumilikdə 753 rəsm əsəri qiymətləndirilib. I zona üzrə müsabiqəyə 83 ümumtəhsil müəssisəsindən 270 rəsm əsəri təqdim edilib. Əsərlər Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, “Təhsil” Respublika İdman Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasına dəvət olunub, diplom və hədiyyələrlə mükafatlandırılıb.
22/05/2017 13:18
Təhsil nazirinin müavini Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub
Təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti 17-19 may 2017-ci il tarixlərində Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub. Forumun açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, habelə assosiasiyanın həmsədrləri olan Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universitetinin rektorları çıxış ediblər. Açılış mərasimindən sonra assosiasiya çərçivəsində görülən işlər və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Forum çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb, nümayəndə heyəti Başqırdıstan Respublikasının ali təhsil müəssisələrinin imkanları ilə tanış olub. Səfər zamanı təhsil nazirinin müavini Mətin Eynullayev Başqırdıstan Respublikasının rəhbəri Rustem Xamitovla görüşüb. Görüşdə, həmçinin Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, Başqırdıstan Respublikasının təhsil naziri Gulnaz Şafikova iştirak edib. Görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlıq, Başqırdıstan və Azərbaycan ali təhsil müəsisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Başqırdıstan tərəfi Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq arzusunu ifadə edib. Nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin fəaliyyəti ilə tanış olub. Daha sonra Başqırdıstan Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
22/05/2017 12:55
İbtidai sinif müəllimləri üçün təlim kursu
Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “İbtidai sinif müəllimi” adlı təlim kursu keçirilir. Təlim kursunun əsas məqsədi ibtidai sinif müəllimlərinə qabaqcıl təhsil sistemi və effektiv sinif idarəetməsi haqqında məlumat vermək, yeni qiymətləndirmə metodları ilə müəllimləri tanış etmək və onların liderlik potensialını inkişaf etdirməkdir. Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi, xüsusi dəvət olunmuş Çan Vi Bun tərəfindən keçirilir. Kurs çərçivəsində şagirdlər ilə ünsiyyət bacarıqlarının inkişafı, dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur. Təlim kursunda iştirak etmək məqsədilə 28 nəfər ibtidai sinif müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçilib. Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.
22/05/2017 12:10
Ali məktəb müəllimlərinin I Forumu
Mayın 19-da “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumu keçirilib. Forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparması və ali təhsilin müasir trendlərinin müzakirə olunmasıdır. Forum Təhsil Nazirliyinin SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Forumda təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektor və prorektorları, eləcə də İsrailin Təhsil Nazirliyinin, “Microsoft”, “British Council”, Alman Akademik Mübadilə Xidməti təşkilatlarının (DAAD) rəsmiləri iştirak edib. Tədbirdə əvvəlcə SABAH müəllimlərinin fəaliyyəti haqqında film nümayiş olunub. SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tədbiri açaraq SABAH qrupları barədə məlumat verib və forumun işinə uğurlar arzulayıb. Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müasir dünyanın yeni çağırışlarına və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib. Nazir müavini forumun “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni rəhbər tutmaqla, müəllimləri qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verməyə təşviq etmək, müəllimlərə dəstək olmaq məqsədi ilə keçirildiyini nəzərə çatdırıb. SABAH qruplarında təhsilin inkişafı üçün görülən tədbirlərin əhəmiyyətindən, müəllimlərin davamlı elmi inkişafının aktuallığından danışan Ceyhun Bayramov bildirib ki, son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris il üçün bu rəqəm 1790 olub. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, “Microsoft” Korporasiyasının MDB ölkələri üzrə baş direktoru Ronald Binkofski, İsrailin Təhsil Nazirliyinin rəsmisi İris Zur çıxış ediblər. Forum işini “Təhsildə beynəlxalq trendlər və imkanlar” paneli üzrə davam etdirib. Panel sessiyada “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, “ADA” Universitetinin təhsil fakültəsinin dekanı Vəfa Kazdal, DAAD-nin təhsil üzrə müşaviri Hikmət Kamallı və “Thomson Reuters” agentliyinin Azərbaycanda elmi informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış ediblər. Daha sonra isə “Müasir trend və çağırışlar” adlı növbəti panel sessiya üzrə müzakirələr aparılıb. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.
19/05/2017 14:46
Təhsil naziri Böyük Britaniyada səfərdə olub
Təhsil naziri Mikayıl Cabbarov 15-17 may 2017-ci il tarixlərində ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub. Mayın 16-da keçirilən tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən Şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami açılış nitqi ilə çıxış edib. Mərasimdə eyni zamanda Malayziyadan Sultan V Məhəmməd, Bəhreyn Krallığının vəliəhdi Şahzadə Salman bin Həməd, Küveytin keçmiş baş naziri və xarici işlər naziri Məhəmməd Sabah əl-Salem, İordaniya Kralının nümayəndəsi Şahzadə Qazi bin Məhəmməd və digər rəsmilər iştirak edib. Çıxışlarda Mərkəzin dinlərarası dialoqun inkişafında oynadığı əhəmiyyətli roldan söz açılıb, islam araşdırmaları sahəsində görülmüş işlər və Mərkəzin yaranmış yeni imkanlar hesabına gələcəkdə daha da inkişaf edəcəyinə dair fikirlər səslənib. Tədbir çərçivəsində keçirilən rəsmi qəbul zamanı Mikayıl Cabbarov Mərkəzin rəhbərliyinə Azərbaycan Respublikasının Prezidentinin təbrik və salamlarını çatdırıb. Səfər çərçivəsində Mikayıl Cabbarov eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayevanın təşəbbüsü əsasında 2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin akademik heyəti ilə görüş keçirib. Oksford Universitetinin qədim Bodleian Kitabxanasında professor Nərgiz Paşayevanın iştirakı ilə baş tutan görüş zamanı iştirakçılar burada Azərbaycan dili, tarixi, və mədəniyyəti sahəsində aparılan araşdırmalar və eləcə də orta əsrlərdə Azərbaycana səfər edən səyyahların nadir əsərləri ilə tanış olublar. Səfər zamanı təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin rektoru Dr. Xalid Azzam ilə görüşüb. Görüşdə 2012-ci ildən etibarən bu məktəblə əməkdaşlıq çərçivəsində Bakıda fəaliyyət göstərən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ölkəmizin zəngin mədəni irsinin qorunması sahəsində həyata keçirdiyi layihələrin spektrinin genişləndirilməsi, eləcə də mərkəz tərəfindən Azərbaycan universitetləri ilə birgə proqramların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfərin yekununda isə təhsil naziri ölkəmizin Böyük Britaniyadakı səfirliyində xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Təhsil naziri görüşdə iştirak edən tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub, onların problemləri ilə maraqlanıb və suallarını cavablandırıb. Oksford İslam Araşdırmaları Mərkəzi (OİAM) 1985-ci ildə islam dünyasında elmi tədqiqatların və dinlərarası dialoqun inkişaf etdirilməsi məqsədi ilə yaranmış müstəqil mərkəzdir. Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz Mərkəzin himayədarıdır. OİAM Böyük Britaniyada rəmzi məna daşıyan “Kral Nizamnaməsi” əldə etmiş yeganə İslam Araşdırmaları Mərkəzidir. Mərkəzin yeni binası Oksford Universitetinin ənənəvi və islam memarlığının vəhdəti üslubunda inşa olunub.
19/05/2017 09:46
İnternat məktəbində “Beynəlxalq ailə günü”
Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində “Beynəlxalq ailə günü” ilə bağlı tədbir keçirilib. Mərasimdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin könüllü tələbələri uşaqlarla birlikdə “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş rəsmlər çəkiblər. 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli İnteqrasiya təlimli və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli internat məktəblərinin şagird kollektivi həyətyanı sahədə tələbələrlə birgə güllər əkiblər. Tədbirdə, həmçinin hər üç müəssisə üzrə may ayında anadan olmuş şagirdlərin doğum günləri qeyd olunub. Daha sonra media nümayəndələri 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, məktəb 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur. 2015-2016-cı tədris ilində internat məktəbini bitirən 39 nəfər məzundan 10 nəfəri sağlamlıq imkanları məhdud şagirddir. Ümumtəhsil siniflərindən məzun olan 29 nəfər şagirddən 9-u ali təhsil müəssisələrinə, 1 nəfəri isə kollecə qəbul olunub.
18/05/2017 18:13
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı