• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

İyunun 14-də Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Clarivate Analytics” (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri düzüblər. UNEC-in rektoru Ədalət Muradov bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsinin təsadüfi olmadığını bildirib. Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas tutulmaqla universitetlərdə həyata keçirilən islahatlardan danışan rektor ali məktəblərin təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirildiyini deyib. Rektor keyfiyyətli təhsilin ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva etdiyini diqqətə çatdırıb və  konfransdan elmi fəaliyyətin idarə edilməsi istiqamətləri üzrə faydalı nəticələr əldə olunacağına əminliyini ifadə edib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir: “Bizim çox güclü və zəngin ənənələrə malik elmi sistemimiz mövcud olub. Bu gün universitetlər iqtisadi artımın təmin edilməsində olduqca önəmli rol oynayır. Eyni zamanda universitetlər əmək bazarı üçün yeni iş yerləri təklif edir”. Mikayıl Cabbarov qeyd edib ki, elmin müasirləşdirilməsi, dünya elminə inteqrasiyasının rolunun artırılmasını təmin etmək müasir dövrdə qarşıda duran əsas çağırışlardandır. Bu sistemə cavab vermək imkanlarımızın genişliyini diqqətə çatdıran nazir yolun ilk mərhələsində olduğumuzu qeyd edib. Nazir bildirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: “Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur”. İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan elm və texnologiyanı müasir dünyada ölkənin uğurunu müəyyən edən əsas amil kimi dəyərləndirib, bu sahədə universitetlərin üzərinə böyük iş düşdüyünü nəzərə çatdırıb. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ölkədə həyata keçirilən innovasiya və startap layihələrindən danışıb. Azərbaycanın innovasiya sahəsində MDB məkanında birinci yerdə olduğunu bildirən Kamran İmanov qeyd edib ki, ümumilikdə ölkəmiz bilik iqtisadiyyatına görə 146 ölkə sırasında 76-cı yerdə qərarlaşıb. Beynəlxalq Elm və Texnika İnformasiya Mərkəzinin direktoru Yevqeniy Uqrinoviç Azərbaycanla uğurlu əməkdaşlıqdan söz açıb. Elmmetriya sahəsində müştərək layihənin icrasına başladıqlarını bildirib. Daha sonra ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Əziz Sancarın məruzəsi dinlənilib. Əziz Sancar çıxışında elm və təhsilə göstərilən diqqətin mühüm amil olmasından və elmi-tədqiqat işlərindən bəhs edib. Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Yunanıstan, Macarıstan, Rumıniya, İsveçrə, İngiltərə, Litva, Qazaxıstan, Gürcüstan, Polşa, Moldova, Belarus, Qırğızıstan və digər ölkələrin nüfuzlu ali təhsil müəssislərinin rəhbərləri, elm adamları və tədqiqatçılarının qatıldığı konfrans öz işini panellərdə davam etdirib.  

Biz məzunuq…

İddialar və hədəflər böyük olduğu kimi, bilik və bacarıqları da yüksəkdir   Bir təhsil ili də beləcə başa çatır. Bu gün XI sinfi bitirən 84088 məzun üçün məktəblərdə sonuncu dəfə zəng çalınacaq. Amma bu zəng onları məktəbdəki növbəti dərsə yox, həyat məktəbinin bitməyən sınaqlarına hazır olmağa səsləyəcək. Yarı kövrək, yarı əyləncəli bu günün sonunda onlar məktəblə birdəfəlik vidalaşacaqlar. Bundan sonra bəlkə də oturacaqları bir parta olacaq, amma o, heç vaxt bir məktəb partasını əvəz edə bilməyəcək. Bu gün məzun olan şagirdlərin məktəbə “son sözü” nədir, görəsən? Məktəblə sağollaşacağıma görə kədərlənirəm Fatimə Keyseruxskaya, Balakən şəhər 1 nömrəli tam orta məktəbin məzunu: - Təhsil elə bir pilləkəndir ki, məncə, burada aşağıya yol yoxdur. Həmin pilləkənin ən əhəmiyyətli, ən vacib pilləsi məktəbdir və mən məktəblə sağollaşıram. Buna görə çox kədərlənirəm. Ancaq arzularım var. “ADA” Universitetinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmaq istəyirəm. Məktəb bu arzuma çatmaq, uğur qazanmaq üçün kifayət qədər bilik verib. Birinci qəbul imtahanında 637 bal toplayaraq bunu sübut etmişəm. Qazandığım uğura görə müəllimlərimə təşəkkür edirəm və düşünürəm ki, onların etimadını doğruldaraq ikinci qəbul imtahanında 700 bal yığacağam. Hədəfim 700 bal yığmaqdır Səyyad Yusifli, Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunu: - Oxuduğum məktəb hər yerdə uğurları ilə seçilir. Mən də bu məktəbin şagirdi olduğuma görə həmişə fəxr etmişəm. Qazandığım uğurlarda müəllimlərimin zəhməti, əziyyəti böyükdür. Onlar mənə sadəcə təhsil almaqda yox, şəxsiyyət kimi formalaşmaqda, cəmiyyətdə müəyyən mövqeyə sahib olmaqda çox kömək ediblər. Artıq dərs ilinin son günüdür və məktəblə vidalaşacağıma görə çox üzülürəm. Lakin müstəqil həyata atılacağıma görə də həyəcanlanıram. Birinci qəbul imtahanında 682 bal toplamışam. Arzum hüquqşünas olmaqdır. İkinci qəbul imtahanında da iştirak etmək niyyətindəyəm. Hədəfim 700 bal yığmaqdır. Müəllimlərimə çəkdikləri əziyyətə görə dərin minnətdarlığımı bildirirəm. Neft mühəndisi olacağam Aytən Nuriyeva, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunu: - Daşkəsən şəhərində anadan olmuşam. Məktəbi bitirməyim nə qədər sevindirici olsa da, bir o qədər də çətindir. Çünki 11 il eyni sinifdə oxuduğum şagird yoldaşlarımdan və məktəb rəhbərliyindən, əziz müəllimlərimdən ayrılıram. Amma sevincliyəm ona görə ki, yeni həyata qədəm qoyuram. Ali məktəblərə I qrup üzrə ilk qəbul imtahanında 450 bal toplamışam. Növbəti imtahanda da iştirak etmək fikrindəyəm və buna səylə hazırlaşıram. Neft ölkəsində yetişən neft mühəndisi olmaq istəyirəm. Magistraturanı isə dövlət proqramı ilə xarici universitetlərin birində davam etdirmək niyyətindəyəm. Ailəmə və məktəbimə borcluyam Elgün Cumayev, Qax rayonu Qum kənd tam orta məktəbinin məzunu: - İndiyə kimi keçirilən bütün sınaq imtahanlarında 650-670 bal toplamışam. Qəbul imtahanında birinci qrup üzrə 670 bal topladığımı biləndə sevincimi qardaşlarımla bölüşdüm. Çünki qarşıma məqsəd qoymağı, uğur qazanmağı onlardan öyrənmişəm. Böyük qardaşım BDU-nun dünya iqtisadiyyatı fakültəsini bitirib. İkinci qardaşım isə hazırda Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin 4-cü kursunda oxuyur. Ancaq mən hələlik hansı ixtisası seçəcəyimə qərar verməmişəm. İkinci imtahanda da iştirak edəcəm. Hədəfim 700 bal toplamaqdır. Təhsilimi ingilis dilində davam etdirmək istəyirəm. Qazandığım uğurlara görə ailəmə və məktəbimə borcluyam. Hər ikisinə “Sağ ol” deyirəm. Xəyallarımın, arzularımın arxasınca getməliyəm Ramil Tağıyev, Ağstafa rayonu Qırılı kənd tam orta məktəbinin məzunu: - Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bizə ikinci bir ailə olub. Burada yazıb-oxumağı , vətəni sevməyi, bir-birimizə qardaş-bacı olmağı öyrənmişik. Bəzən 11 il bu məktəbdə oxuduğuma, indi onunla sağollaşacağıma inanmıram. 1-ci sinfə gəldiyim gün hələ yadımdadır. Bir yandan anamız qədər doğma olan sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə təbaşirlə yazılar yazdığımız sinif lövhələrindən necə ayrılacağam deyə fikirləşirəm. Digər tərəfdən də düşünürəm ki, xəyallarımın, arzularımın arxasınca getməliyəm. Uşaqlıqdan polis olmağı arzulamışam. Böyüdükdən sonra da buna tam qərar verdim. III qrupa hazırlaşıram. Sənədlərimi Polis Akademiyasına təqdim etmişəm. Birinci imtahanda 619 bal toplamışam. Amma bu balla kifayətlənmirəm, 700 bal toplamağı qarşıma məqsəd qoymuşam. Müəllimlərimin etimadını doğruldacam Jalə Məmmədova, Abşeron rayonu Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu: - 2006-cı ilin sentyabr ayında valideynlərim əlimdən tutub məni ilk dəfə məktəbə gətirdilər. O gün çox həyəcanlı idim, yeni bir mühitə düşmüşdüm, həyatımda yeni səhifə açılırdı. 11 ildə həyatım dəyişdi, mənə dərs dəyən müəllimlər və sinif yoldaşlarım mənim ikinci ailəm oldular. Bu illərin demək olar ki, hər günü onlarla keçdi. Düşünürəm ki, insanın xasiyyətinin formalaşmasında, özünü tanımasında məktəb mühitinin, sinif yoldaşlarının, müəllimlərin müstəsna rolu var. Bu cəhətdən özümü şanslı hesab edə bilərəm ki, mən Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunuyam. Müəllimlərim bizə bilik verməklə yanaşı, həmişə yol göstərib, dəyərli məsləhətlər veriblər. Onların öyrətdikləri sayəsində bir sıra bilik yarışlarında qalib olmuşam. “Fənlərin dostluğu” olimpiadasında I yerə çıxmışam, kimya üzrə respublika fənn olimpiadasının final mərhələsində iştirak etmişəm. Bu qədər fəal, həyəcanlı 11 il artıq geridə qaldı. Ümman dolu xatirələrlə ayrılıram məktəbdən. Müəllimlərim daha mənə dərs deməyəcək, sinif yoldaşlarımla bir sinifdə oxumayacam... Bunlar bir az kədərləndirir. Ancaq sevinirəm də. Tələbə, sonra kimya mühəndisi olmaq istəyirəm. I qrup üzrə qəbul imtahanında 695 bal toplamışam, lakin bununla kifayətlənmirəm. Hədəfim 700 baldır və inanıram ki, müəllimlərimin etimadını doğrulda biləcəm. Məşhur beyin cərrahı olub... Gülşən Qurbanova, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin məzunu: - Qəbul imtahanında IV qrup üzrə 672 bal toplayaraq arzularımı reallaşdırmağa nail oldum. 11 il təhsil aldığım məktəbdən və sinif yoldaşlarımdan ayrılacağım üçün çox təəssüflənirəm. Ancaq bilirəm ki, hər bir yenilik və inkişaf üçün həyatımız müəyyən istiqamətdə dəyişməlidir. Təbii ki, bu gün hər kəsin ürəyindən çox söz keçir. Məktəb və müəllimlərimizin bizim üçün etdikləri əvəzsizdir. Seçdiyim yolda irəliləməyə hər zaman stimul verən, istədiyimi edə biləcəyimə inandıran riyaziyyat müəllimim İlhamə müəllimə isə xüsusi təşəkkürümü bildirirəm. Ən böyük arzum həkim, məşhur beyin cərrahı olub, ölkəmi, təhsilimizi bütün dünyada tanıtmaq, vətənimə və millətimə layiqli vətəndaş olmaqdır. Gərək hər bir şagird qarşısına məqsədlər qoysun Bəxtiyar Nəzərli, Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin məzunu: - Məktəbimizdə intellektual bilik yarışmaları keçirilirdi. Mən də “Xəmsə” milli intellektual bilik yarışmasında iştirak edirdim. Elə 2017-ci ildə məktəbimizin komandası respublika üzrə I yerə çıxdı. Mən “Ən yaxşı oyunçu” adına layiq görüldüm. Bu mənim ilk böyük uğurum oldu. İkinci böyük uğurum da var. Birinci qəbul imtahanında 663 bal toplayaraq rayon üzrə ən yüksək göstəricini əldə etdim. Mənim üçün ən böyük problem iradəsizliyimdir. Sosial şəbəkələrə daxil olmağı özümə qadağan edə bilmirdim. Nəticədə də bu il keçirilən birinci qəbul imtahanlarında 700 bal toplaya bilmədim. Gərək hər bir şagird qarşısına məqsədlər qoysun və hədəfinə çatanda özünü mükafatlandırsın. Arzum Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaqdır. Bu uğurumda məktəbimin payı var Yadulla Həsənli, Sabirabad rayonu Nəsimi kənd tam orta məktəbinin məzunu: - Heç bir əlavə hazırlığa getmədən qəbul imtahanlarının birinci mərhələsində 691 bal toplamışam. Bunu ən böyük uğurum sayıram. Təbii ki, bu uğurumda məktəbimin, xüsusən, riyaziyyat müəllimim Hicran Qurbanovanın payı olub. Hər şey üçün bütün müəllimlərimə minnətdaram. Məqsədim 700 bal toplamaq olub. Amma diqqətsizliyim üzündən birinci imtahanda səhvə yol verdim. Amma ikinci imtahanda 700 bal toplayacağıma inanıram. Arzum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaqdır. Sonra magistratura pilləsini xaricdə davam etdirəcəyəm. Məktəb mənə sadəcə bilik verməyib Nəzrin Quliyeva, Şabran şəhər R.Yusifov adına məktəb-liseyin məzunu: - 2006-cı ilin sentyabrında birinci sinfə daxil olanda bu uzun və şərəfli yolda məni nə gözlədiyini hələ bilmirdim. İndi hamıdan çox əlimdən tutub hərfləri yazmağı, riyaziyyatı sevməyi öyrədən ilk müəllimim Ağababa müəllimə minnətdaram. Elə o vaxtdan hədəfim yaxşı oxuyub əlaçı olmaq idi. Hədəfimə çatmaqda müəllimlərimin rolu və valideynlərimin dəstəyi əvəzsizdir. Məktəb mənə sadəcə bilik verməyib, şəxsiyyət kimi formalaşmağımda böyük rol oynayıb. Müəllimlərimiz sadəcə ayrı-ayrı fənlər üzrə bilik verməklə kifayətlənməyib, həmçinin bizi həyata hazırlayıblar. Sinif yoldaşlarımla birlikdə bu qədər vaxt keçirmək, birlikdə oxumaq, tədbirlər təşkil etmək bizdə kollektivdə münasibətlərin düzgün formalaşmasına kömək edib. Ən böyük məqsədim peşəkar həkim olub insanlara xidmət etməkdir. Birinci qəbul imtahanında 641 bal toplamışam . Növbəti cəhdimin daha uğurlu olacağına inanıram və bunun üçün səylə çalışıram. Çalışacağam ki, etimadı doğruldum Gültac Ələkbərova, Samux şəhər 1 nömrəli məktəb-liseyin məzunu: - Orta məktəbdə oxuyanda humanitar fənləri daha çox sevir, fənn olimpiadalarında fəal iştirak edirdim. Arzum hüquqşünas olmaqdır. Ali məktəbə I qəbul imtahanlarında 634 bal toplasam da, nəticəm məni qane etmir. Ona görə daha ciddi hazırlaşıram ki, yüksək nəticə əldə edim. Çalışacağam ki, müəllimlərimin və valideynlərimin etimadını doğruldum.

Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb

İyunun 14-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə  təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb. Görüşdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri, müəllim və direktorlar iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb. Son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan nazir Respublika fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların daha yaxşı təşkili üçün görülən məqsədyönlü işləri və qazanılan uğurları diqqətə çatdırıb. Təhsil naziri Azərbaycanın gələcəyinin bugünkü gənclərdən yüksək bilik və bacarığa, kreativ düşüncəyə malik olmağı, müasir çağırışlara cavab verməyi tələb etdiyini deyib, gənc yaşlardan uğur əldə etməyin önəmini vurğulayıb. Görüşdə peşə seçiminin ən vacib məsələ olduğunu xatırladan Mikayıl Cabbarov bu yolda düzgün qərar verilməsinin və gələcək hədəflərin müəyyən edilməsinin  əhəmiyyətini qeyd edib. Təhsil naziri müstəqil dövlətimizin gələcək inkişafı naminə həyata keçirilən tədbirlərdə gənclərimizin uğurla təmsil olunacağına əminliyini ifadə edib və məzunlara bir daha xoş arzularını çatdırıb. Sonra Mikayıl Cabbarov məzunlarla söhbət edib, gələcək planları ilə maraqlanıb və onların suallarını cavablandırıb. Görüşdə məzunlara təşəkkürnamələr təqdim edilib, xatirə fotoşəkli çəkilib.  

Təhsil naziri Mikayıl Cabbarovun məzunlara təbriki

Əziz məzunlar! Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm! Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir. Dünyanın inkişaf sürəti Sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız. Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm! Yolunuz açıq olsun!

Bu il XI sinifləri 84 088 nəfər şagird bitirir

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək. 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945  nəfərdir. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur. Məzunları təbrik edir, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq. 

Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir

“ADA” Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir. İyunun 13-də “ADA” Universitetində simpoziumun rəsmi açılışı olub. Açılış mərasimində “ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal simpoziumun Azərbaycanda təhsilin davamlı inkişafına dəstək məqsədilə keçirildiyini bildirib. O, simpozium çərçivəsində innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssislərinin təcrübə mübadiləsi aparacaqlarını qeyd edib. V.Kazdal qısa müddətdə böyük nüfuz və hörmət qazanmış “ADA” Universitetində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Təhsil nazirinin müavini Ceyhun BayramovAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, əldə olunan nəticələrdən bəhs edib. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsindən danışan nazir müavini son üç ildə müəllimlərin maaşlarının təxminən 30 faiz artdığını deyib. BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, təhsilə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. BP Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi müddətdə təhsil sisteminə təxminən 72 milyon ABŞ dolları məbləğində sərmayə yatırdığını deyən B.Aslanbəyli bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib. ABŞ səfirliyinin müşaviri Uilyam Gill ikitərəfli münasibətlərdə təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. U.Gill ABŞ mübadilə proqramları üzrə təhsil almış təxminən 6 min azərbaycanlı məzunun təhsil sektorunun inkişafında yeniliklər tətbiq etdiklərini diqqətə çatdırıb. İyunun 16-dək davam edəcək simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar keçirəcəklər. Müzakirələr əsasən təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazırlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsilinə fərqli yanaşma istiqamətlərində aparılacaq.   AZƏRTAC

Maliyyə savadlılığına dair təlimlər

"Məktəblinin dostu" pilot layihəsinin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib. Təlimlər Təhsil NazirliyiAzərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb. Təlimlərin keçirilməsinin əsas məqsədi "Məktəblinin dostu" pilot layihəsi əməkdaşlarının ilkin iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.         Ümumilikdə, pilot layihənin 100 iştirakçısı maliyyə savadlılığının kurikuluma inteqrasiya edilən elementlərinə dair peşəkar təlimlərə qatılıb. Layihə çərçivəsində qruplar üzrə təşkil edilmiş təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə və istehsal infrastrukturları barədə təqdimatlar keçirilib, mövzular üzrə interaktiv oyunlara, çalışmalara yer verilib. Təlimlərin yekununda qiymətləndirmə aparılıb. Nəticələrə uyğun olaraq, pilot layihənin əməkdaşlarına sertifikatlar təqdim ediləcək.

“Erkən yaş təhsili proqramı” adlı təlim kursu

Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Erkən yaş təhsili proqramı” adlı təlim kursu keçirilir. Təlim kursunun əsas məqsədi erkən yaş dövrü təhsilinə cəlb olunan müəllimlərə qabaqcıl təhsil sistemi, erkən yaş dövründə uşaqların təhsili və onların intellektual, fiziki və emosional inkişafının təmin edilməsi yolları barədə məlumat vermək, beynəlxalq səviyyəli düşüncə tərzi və güclü şəxsi dəyərlər də daxil olmaqla müxtəlif xüsusiyyətlərin öyrədilməsi mexanizmləri ilə tanış etməkdir. Təlim kursu Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Keren Komala Subramaniam tərəfindən keçirilir. Kurs çərçivəsində kiçik yaşlı uşaqlar ilə ünsiyyət bacarıqlarının inkişafı, onlar üçün dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur. Təlim kursunda iştirak etmək məqsədilə ibtidai sinif müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan və məktəbəhazırlıq kurslarına cəlb olunan müəllimlər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçilib. Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

Göygöl müəllimləri “Bizim müəllim” layihəsində

Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Göygöl rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.   Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində  (http://edu.gov.az/upload/file/mektebeqeder/mektebeqder-tehsilin-kurikulumu-layihe.pdf) həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür. Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı