SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilərarası I Robot Olimpiadasının qalibləri mükafatlandırılıb
İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra İstək liseyinin direktoru vəzifələrini icra edən Elxan Əliyev olimpiadanın keçirilməsi və təşkili haqqında məlumat verib. Daha sonra təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilər arasında keçirilən bu olimpiadanın əhəmiyyətindən danışıb və qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda istedadlı şagirdlərin inkişafı və stimullaşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən davamlı tədbirlərin görüldüyünü nəzərə çatdıran Ceyhun Bayramov Məktəblilərarası I Robot Olimpiadasının daha geniş çərçivədə təşkilinin mümkünlüyünü bildirib. Tədbirdə Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi və olimpiada qalibləri haqqında hesabat videoçarxı nümayiş olunub. Qeyd olunub ki, Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır. 3 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərinin təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə çıxış edib. Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub. Məktəblilərarası I Robot Olimpiadası Təhsil Nazirliyi və İstək liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA), Bakı Mühəndislik Universiteti, “Edumedia-Azərbaycan”, “Edutainment” şirkəti, “Microsoft Azərbaycan” şirkəti və STEP Kompüter Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilib.
23/06/2017 16:27
Ali təhsilin əlçatanlığı istiqamətində vacib addım
Tələbələr tədris qrafikini özləri tərtib edə biləcəklər Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edib. Ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası, tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi məqsədi ilə həyata keçirilən bu yenilikdən sonra bir sıra tələblər dəyişib. Tutaq ki, indiyə qədər yay semestrində tələbə 9-dan artıq fəndən kredit götürə bilməzdisə, bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır. Yeni qaydalar kredit sistemi ilə tədrisə nə gətirəcək? Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, yeni qaydalar kredit sistemi ilə tədrisə çox yenilik gətirəcək: “Elə götürək, əyani təhsilalma forması olan tədrisə qismən cəlb olunmada. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir. O, fənnə qoyulan bütün tələbləri ödəməlidir”. Bundan başqa, tədrisə qismən cəlb olunanla (parttime) və tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində müəyyənləşdirilən kredit sayı fərqlənir. Belə ki, “parttime” tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit götürə bilər. Bir semestrə, tədrisə tam cəlb olunan tələbəyə müəyyənləşdirilən kredit sayı isə 30-a qədərdir. Üstəlik, həmin tələbələrə əlavə fənn seçməyə də icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcəklər Yeni qayda tələbənin ali təhsil müəssisəsini tez qurtarmasına da imkan yaradacaq. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcək. İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən hər fəndən bir dəfə olmaqla, ümumilikdə iki fənn üzrə imtahanda iştirak edə bilər. Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə faydalanacaq. İmtahanda iştirak etməyən tələbənin həmin fənn üzrə təkrar imtahanı ödənişlidir. Ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Tələbənin imtahana qatıla bilməməsi üzrlü səbəbdən olarsa, ondan ödəniş tələb olunmur. İstənilən halda, akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Ali təhsil müəssisələrinə sərbəstlik verildi Qayda dəyişikliyi tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə bəzi sərbəstlik verib. Məsələn, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə şamil olunmur. Şamil olunan tələbələrlə bağlı da hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Bu dəyişikliklər bu ildən, 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunacaq. Belə ki, təhsil naziri Mikayıl Cabbarov “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə əmr imzalayıb. Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə qərarın indiki yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etmək tapşırılıb. "Azərbaycan müəllimi" qəzeti
23/06/2017 15:20
Məktəblilər arasında çempionat
“Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının yekun mərhələsi keçirilib. Azərbaycan Şən və Hazırcavablar Klubu ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir. Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb. Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından, əməkdar incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bakı şəhərindəki 7, 160, 227, 18, 16 nömrəli tam orta məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, 132-134 nömrəli təhsil kompleksinin, Bakı Modern Məktəbin və Mahaçqala şəhərinin komandaları finala vəsiqə qazanıblar. Finalda Dağıstan Respublikasını təmsil edən komanda qalib gəlib.
23/06/2017 14:53
Beşyaşlı uşaqların 65 faizi məktəbəhazırlıq təhsilinə cəlb ediləcək
Növbəti tədris ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqların sayının ümumilikdə, 5 yaşlıların 65 faizi həddinə çatdırılması nəzərdə tutulub. 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Ötən dərs ili BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib. Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs keçəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqramına uyğun olaraq, keçirilən öyrədici təlimlərə 850 müəllim cəlb edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb. Qeyd edək ki, məktəbəhazırlıq qruplarının fəaliyyətinin təmin olunması məqsədilə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 və 272 nömrəli qərarlarının icrası barədə əmrlərinə əsasən, məktəbəhazırlıq qrupları yaradılacaq ümumi təhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülüb.
23/06/2017 12:59
Adları “Qızıl kitab”a yazılanlar
Onlar yüksək etimadı gələcək uğurları üçün stimul hesab edirlər. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər. Gənc istedadların bir neçəsini sizə təqdim edirik. Nihad Orucov 1999-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasında təhsil alıb. Kiçik yaşlarından musiqiyə böyük maraq göstərdiyi üçün valideynləri onu incəsənət gimnaziyasına yönəldiblər. Məlahətli səs tempri olduğuna görə incəsənət gimnaziyasının vokal sinfinə qəbul olunub. - 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramında fəallıq göstərərək ilk uğuruma imza atdım. İncəsənət gimnaziyasında oxuduğum müddət ərzində dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etdim. 2012-ci ildə Uluslararası Türkçə Olimpiyyatlarında müxtəlif kateqoriyalarda iştirak edərək qızıl və gümüş medala layiq görüldüm. 2015-ci ilin aprel ayında “13-cü Uluslararası Dil və Mədəniyyət Festivalı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu-York şəhərlərində, Mərakeşdə keçirilən konsertlərdə çıxış etmişəm. Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini böyük həvəslə öyrənirəm, vokal sənətinin sirlərinə yiyələnirəm. 21 iyun 2017-ci il həyatımda yaddaqalan oldu. Sevincli anlar yaşayıram. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüşəm. Bu gün özümü dünyanın ən xoşbəxt adamı sayıram. İstedad və bacarığıma dövlət səviyyəsində yüksək qiymət verilməsi ifaçılıq sənətimə məhəbbətimi birə-beş artırıb. Bu gün daha da böyük məsuliyyətlə, əzmlə çalışmalıyam ki, mənə göstərilən etimadı layiqincə doğruldum. Mükafata görə Prezident İlham Əliyevə və müəllimlərimə minnətdarlığımı bildirirəm. Gələcəkdə daha böyük uğurlara imza atacağıma söz verirəm. Milli Konsevatoriyaya daxil olmuşam. Tələbə adını qazanmışam. Qarşıda məni böyük, izdihamlı konsert salonları gözləyir. Bu salonlarda da öz dəst-xəttimlə, bir çox musiqi nömrəsi ilə dünya dinləyicilərini ram edəcəyimə söz verirəm. Haqqında söhbət açacağım digər bir gənc istedad Lalə İbrahimovadır. O, 2001-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin IX sinif şagirdidir. Onun da beynəlxalq müsabiqələrdə və festivallarda qazandığı nailiyyətlər çoxdur: - Fortepiano sinfində təhsil almağıma baxmayaraq, vokal sənətinin sirlərini də öyrənirəm. Ən böyük uğurlarım vokal sənəti ilə bağlıdır. 2013-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsində laureat adı və III dərəcəli diplomla təltif olunmuşam. 2014-cü ildə “Barokko musiqisi” festivalında laureat adını qazanmışam. 2015-ci ilin aprelində “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı I Respublika festivalında laureat adını qazanmışam. 2015-ci ilin mart ayında Latviyanın Talsu şəhərində keçirilən uşaq və gənclər arasında Akademik Vokal üzrə I beynəlxalq müsabiqənin laureatı seçilərək I dərəcəli diplomla təltif olunmuşam. Bu müsabiqədə həmçinin “Bədii səhnə performansına” görə ikinci diploma da layiq görüldüm. 2016-cı ilin mayında “Səni tərənnüm edirəm Azərbaycan” adlı mahnı müsabiqəsində Asəf Zeynallının “Ölkəm” romansını ifa edərək I yeri qazandım. Həmin ilin aprel ayında Sidney şəhərində keçirilən Dil və Mədəniyyət adlı Beynəlxalq Festivalda yüksək səviyyəli çıxışım ilə ölkəmizi layiqincə təmsil etdim. 2016-cı ilin iyulunda Sankt-Peterburq şəhərində keçirilənYelena Obraztsova adına VI gənc vokalistlərin beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görüldüm. Uğurlarımı sadalamaqla qurtaran deyil. Belə ki, 2017-ci ilin mart ayında Estoniyada keçirilən uşaq və gənclər arasında akademik vokal üzrə XII beynəlxalq müsabiqədə laureat adını qazandım. Həmin ildə Uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsində III dərəcəli diplomla mükafatlandırıldım. Beynəlxalq müsabiqə və festivallarda qazandığım uğurlar öz bəhrəsini verdi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazıldı və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm. Mənə verilən mükafatı yüksək dəyərləndirirəm və bundan sonra da öz üzərimdə daha səylə çalışacağam. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi də Bakı şəhərinin ən qabaqcıl təhsil müəssisələrindən biridir. Bu məktəbdə hər il istedadlı şagirdlər yetişir. Qeyri-adi istedadı ilə seçilən şagirdlərdən biri də Cavid Yusifzadədir. Müxtəlif beynəlxalq müsabiqə, festivallarda qalib olan Cavid Yusifzadə ilə söhbət əsnasında uğurlarından bəhs etdi: - 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllimim Dilarə Manafovanın sinfində fortepiano ixtisası üzrə təhsil alıram. Musiqi təhsilinə başladığım illərdən məktəbin mədəni və ictimai həyatında fəal iştirak etmişəm. Belə ki, 2012-ci ildə Gənc pianoçuların II Respublika müsabiqəsində uğurlu çıxışıma görə “Tərifnamə”yə layiq görülmüşəm. Həmin ildə məktəbin yekun konsertində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxış etmişəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçirilən Y.Haydn adına festivalda uğurlu ifama görə Qala konsertdə çıxış etmək üçün vəsiqə qazanmışam. 2013-cü ilin aprel ayının 22-26 tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyasının təşkil etdiyi “Gənc musiqiçilər təhlil və ifa edir” adlı II Respublika Elmi-İfaçılıq müsabiqəsində laureat adına layiq görülmüşəm. 2015-ci ildə keçirilən IV Beynəlxalq “Harmony” festivalında laureat adını qazanmışam. Uğurlarım bununla bitmir. 2016-cı ilin aprelində keçirilən “İslam ölkələri musiqiçilərinin V Beynəlxalq müsabiqəsi”ndə çıxış edərək I, II Respublika müsabiqəsində fortepiano ansamblı üzrə keçirilən müsabiqədə III, Kaunasda keçirilən VI Beynəlxalq “Gradus ad Parnassum” adlı müsabiqədə isə I yerlərə layiq görülmüşəm. Ədilə Əliyeva adına Pianoçuların XI beynəlxalq müsabiqəsində mükəmməl çıxışıma görə laureat və “Gənc istedad” adına layiq görülərək Alfred Korto adına Paris Konservatoriyasında təhsil almaq hüququ qazanmışam. 2017-ci il iyunun 21-i mənim üçün uğurlu oldu. Beynəlxalq müsabiqələrdə və festivallarda qazandığım uğurlar dövlətimiz tərəfindən qiymətləndirildi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazıldı və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm. Ölkə rəhbəri İlham Əliyevin imzaladığı müvafiq sərəncamda öz adımı görəndə sevincimin hədd-hüdudu olmadı. İstedadıma verilən bu qiymət mənim yaradıcılıq həvəsimi daha da artırıb. Öz üzərimdə səylə çalışaraq mənə göstərilən etimadı yüksək səviyyədə doğruldacağıma söz verirəm. "Azərbaycan müəllimi" qəzeti
23/06/2017 12:14
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqə
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqə elan edilib. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə
23/06/2017 09:54
Məktəblilərimiz Avropa çempionatında 6 medal qazanıb
Monteneqro Respublikasının Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatı başa çatıb. Ümumilikdə 22 ölkədən 400-ə yaxin şahmatçının iştirak etdiyi çempionatda “Təhsil” Respublika İdman Mərkəzinin komandası tam heyətlə çıxış edərək 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Komandanın üzvləri - Gəncə Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səadət Bəşirli 7 yaşadək qızlar arasında, Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sevil Tahirova 15 yaşadək qızlar arasında, Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sahil Mehrəliyev 15 yaşadək oğlanlar arasında gümüş medal, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Xanım İsmayılova 7 yaşadək qızlar arasında, Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında, Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Kənan Əhədzadə 17 yaşadək oğlanlar arasında bürünc medal qazanıblar.
22/06/2017 17:57
Bakı məktəblilərindən növbəti qələbə
Paytaxtda taekvando idman növü üzrə IV Bakı Açıq Çempionatı keçirilib. Yarışda Azərbaycan və Gürcüstanı təmsil edən 6-15 yaş arasında olan idmançılar mübarizə aparıb. Turnirin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə təhsil alan 49 şagird çempionatın qalibləri sırasında yer alıb. Müxtəlif çəki dərəcələri üzrə məktəblilərdən 14-ü I, 19-u II, 16-sı III yerə layiq görülüb. Qeyd edək ki, yarışda Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 5, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 4, Cəbrayıl rayon Ə. Veysəlov adına Sirik kənd tam orta məktəbin 2, Laçın rayon 28 nömrəli tam orta məktəbin 1, “Ankara məktəbi” məktəb-liseyin 1 şagirdi və Gürcüstandan olan 2 idmançı da qaliblər sırasına düşüb. Qaliblər medal və diplomla təltif edilib. Xatırladaq ki, bir müddət əvvəl kikboksinq idman növü üzrə Gürcüstanda təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb
22/06/2017 14:20
“Müasir Azərbaycan Peşəkarları” layihəsi üzrə məzunlar işlə təmin olunub
“Müasir Azərbaycan Peşəkarları Layihəsi” çərçivəsində 37 şagird işlə təmin olunub. Həmin şagirdlər “Eldar Studio” və şəhərin digər gözəllik salonlarında işə başlayıblar. Belə ki, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyi ilə “Eldar Studio” arasındakı əməkdaşlığa əsasən 2016-2017-ci tədris ilində 19 şagird ödənişli əsaslarla, 18 şagird isə dövlət sifarişi əsasında 1 illik təhsil müddətinə “bərbər” ixtisası üzrə tədris proqramına cəlb olunub. Proqrama həmçinin inklüzivlik komponenti də tətbiq olunub. Sağlamlıq imkanları məhdud 3 şagird inklüziv təhsilə cəlb olunmaqla istehsalat təcrübələrini uğurla başa vurub və “Eldar Studio”da işə başlayıblar. Qeyd edək ki, “Müasir Azərbaycan Peşəkarları Layihəsi”nin icrasına 2013-ci ildən başlanılıb. Layihə peşə təhsili sistemində dövlət-biznes əməkdaşlığının qurulması, işəgötürənlərin tədris prosesinə cəlb edilməsi və peşə təhsilli məzunlarının məşğulluq imkanlarının artırılmasına xidmət edir. İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn və işəgötürənlərlə əməkdaşlığa əsaslanan və sosial xarakter daşıyan bu layihə çərçivəsində ilk-peşə ixtisas təhsil müəssisələrində quru-inşaat və suvaq işləri ustası ixtisasları üzrə “Knauf”, bərbər və vizajist ixtisasları üzrə “Eldar Studio” kimi özəl şirkətlərlə kadr hazırlığı aparılmaqdadır. Layihə çərçivəsində gənclərin peşə təhsilinə cəlb olunması, peşə təhsilinin nüfuzunun artırılması, özəl sektorla təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, müasir tələblərə cavab verən resurs mərkəzlərinin yaradılması, təhsil vəsaitlərinin, dərslik və materiallarının hazırlanması kimi tədbirlər həyata keçirilir.
22/06/2017 12:58
Saatlı müəllimləri “Bizim müəllim” layihəsində
Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Saatlı rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
22/06/2017 11:42
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı