SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili sahəsində Almaniya təcrübəsinə dair seminar
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində seminar keçirilib. Hər iki layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində həyata keçirilir. Seminarın keçirilməsində məqsəd model və kompetensiya peşə təhsili mərkəzlərinin yaradılması istiqamətində Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarının müzakirə edilməsi olub. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisələrinin nümayəndələri, layihənin və özəl sektorun təmsilçiləri iştirak edib. Seminarda layihənin beynəlxalq eksperti Rüdiger Heining kompetensiya və model peşə təhsil mərkəzlərinin yaradılması, ixtisaslar üzrə beynəlxalq standartlara cavab verən kurikulumların və modul tədris vəsaitlərinin hazırlanması, mühəndis-pedaqoji heyətin peşəkarlığının artırılması, işəgötürənlərlə əməkdaşlıq istiqamətində Almaniya təcrübəsinə dair təqdimatla çıxış edib. Tədbirin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
10/09/2018 15:44
165 780 şagird birinci sinifdə təhsil alacaq
Yeni tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. 165 780 şagird isə birinci sinifdə təhsil alacaq. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub. Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin təmir və tikintisi davam etdirilir. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır. 2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.
10/09/2018 11:01
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb
2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 7144 namizəd vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Qeyd edək ki, müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə isə 48 bal müəyyən edilib.
10/09/2018 10:04
Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə dərsliklər göndərib
Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəblərinə 2018-2019-cu tədris ili üçün dərsliklər göndərib. Göndərilən vəsaitlərə 1-11 ci siniflər üçün, ümumilikdə, 24 127 ədəd "Azərbaycan dili” və "Ədəbiyyat” dərsliyi daxildir. Dərsliklər Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Nazirliyin Məktəbəqədər təhsil və ümumi təhsil departamentinin rəhbəri Mariam Çikobava dərsliklərə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Dərsliklərin yeni tədris ilinin başlanmasına qədər Azərbaycandilli məktəblərə çatdırılması planlaşdırılır. Qeyd edək ki, Təhsil Nazirliyinin Gürcüstanın Azərbaycandilli məktəblərə builki tədris ili üçün göndərdiyi dərsliklər 2017-2018-ci tədris ilə müqayisədə çoxdur. Belə ki, ötən il Azərbaycandan ümumi sayı 11 500 ədəd "Azərbaycan dili” və "Ədəbiyyat” dərsliyi və müəllim üçün metodik vəsaitlər təqdim edilmişdi. www.report.az
09/09/2018 16:07
Olimpiadaçılarımız 4 medalla qayıdır
Sentyabrın 2-dən 7-dək Rusiya Federasiyasının Moskva şəhərində III Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Olimpiadada ölkəmizi təmsil edən məktəblilər fərdi və komanda yarışlarında uğurla çıxış ediblər. Belə ki, kimya fənni üzrə Kimya-biologiya respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş medal əldə edib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 10-cu sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medala layiq görülüb. Beynəlxalq Meqapolis Olimpiadasında olimpiada nailiyyəti ilə seçilən ölkələrdən iştirakçılar qatılıb. Olimpiada 4 fərqli fənlər (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Birinci mərhələdə komanda üzvlərinin tapşırıqları düzgün həll etmələri yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika fənləri üzrə qatılan iştirakçılar nəzəri və təcrübi hissələrdən ibarət olan müsabiqədə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat və informatika fənləri üzrə qatılan iştirakçılar isə onlara təqdim olunan tapşırıqları həll edirlər. İştirakçıların yazı işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qeyd edək ki, ilk dəfə 2017-ci ildə bu olimpiadaya qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər. Olimpiadada iştirak edən şagirdlər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin və Kimya, biologiya təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər. 2014-cü ildən etibarən Təhsil Nazirliyinin müvafiq əmri əsasında yaradılmış mərkəzlərdə artıq 4 ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb olunurlar. 200-dən çox şagirdin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl məktəblərin şagirdləri dəvət edilir. Tədris ilinin əvvəlində namizəd şagirdlərin seçimi ilə müəyyən edilən şagirdlər ali məktəblərdən, ayrı-ayrı institutların alim və professorlarının, eləcə də əcnəbi mütəxəssislərin dərslərində iştirak edirlər. Olimpiadalara hazırlıq mərkəzləri yerli və ölkədən kənarda bir neçə ali məktəblə sıx əməkdaşlıq yaradaraq, nəzəri və praktiki dərslərin hazırlığı prosesini təşkil etməkdədir.
08/09/2018 13:14
Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə 7 nəfər Latviyanın “Riga Technical University” və “University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura ( 6 nəfər ) və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb. Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.
07/09/2018 16:02
Təhsil Nazirliyində YUNİSEF-in nümayəndələri ilə görüş
Sentyabrın 7-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi ilə bağlı YUNİSEF-in təhsil məsələləri üzrə məsləhətçisi Leyla Həsənova və layihənin beynəlxalq eksperti Peter Grimeslə görüşüb. Görüş zamanı 2 il ərzində icra olunacaq layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.
07/09/2018 12:18
Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verilir
Sentyabrın 8-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Bu prosesə həmçinin ötənilki müsabiqədə iştirak etmiş namizədlər də qatıla bilər. Onlar miq.edu.az saytı vasitəsi ilə yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər. Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib. Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyarın 9-dək davam edəcək. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar
07/09/2018 10:50
İşə qəbul müsabiqəsində yüksək nəticə göstərmiş müəllimlər
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci və ikinci mərhələsi üzrə 4053 namizəd işə qəbul edilib. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə bağlı məlumatları təqdim edirik.
06/09/2018 15:48
Təhsilimizin artan balı
Müstəqillik tarixində rekord tələbə sayı - 40806 Ən uğurlu universitetlərin innovasiya və iqtisadi artım mərkəzlərinə transformasiyası gözümüzün önündə baş verir. İstər birinci, istər ikinci amil bilik iqtisadiyyatının mövcudluğunu şərtləndirir. İstənilən iş yerini tutmaq üçün əmək bazarına daha bilikli insanlar dəvət olunur. İnsanlar bunu anlayaraq ali təhsilə üz tutur. Müasir dövrdə insan kapitalı fenomeninin əsas şərtlərindən biri ali təhsilin əlçatan olmasıdır. Bu əlçatarlıq həm də ali təhsillə əhatə olunma səviyyəsini müəyyən edir. Sevindirici haldır ki, son 5 il ərzində ölkəmizin universitetlərinə qəbul olunan tələbələrin sayında davamlı artım müşahidə olunur.Və cari tədris ilində bu say indiyədək rekord göstəricidir- 40 806 tələbə. Son 5 tədris ilində tələbə qəbulunun proqnoz yerləri 20,8 faiz, faktiki qəbul olunan tələbələrin sayı isə 21,2 faiz artıb. Bu faiz təkcə tələbələrin ümumi sayı kimi deyil, həm də ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri ilə həmahəngdir. İkinci cədvəldən də aydın göründüyü kimi, son 5 ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlikdə tələbə qəbulunun keyfiyyət göstəricilərində nəzərəçarpacaq dərəcədə (18.2 faiz) artım müşahidə olunur. Qeyd edək ki, keyfiyyət qöstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir. Bu il qəbul imtahanlarında I-IV ixtisas qrupları üzrə 200-dən yuxarı bal toplayanların sayı 38 201 nəfərdir. Bu da imtahan iştirakçılarının 52.9 faizi deməkdir. Deməli, qəbulun ekvator xətti müsbət dinamika nümayiş etdirir. 300-dən 700-ə davamlı artım... Son 5 ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26.5 faiz, 400 baldan çox toplayanların sayı 35.1 faiz, 500 baldan çox toplayanların sayı 51.5 faiz, 600 baldan çox toplayanların sayı isə 81.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir. Bu ilin qəbul imtahanlarında 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Həmin göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər olub. Bu tədris ilində 29 nəfər abituriyent 700 bal toplayıb. Ötən il bu göstərici 15 nəfər idi. Bu dinamikanı həm də son 5 ildə təhsil sistemimizdə aparılan islahatların nəticəsi kimi xarakterizə etmək olar. Belə ki, sözün həqiqi mənasında, son illər ərzində təhsil sistemimiz kifayət qədər dəyişib, strateji hədəflər müəyyən olunub və XXI əsrin reallığı tam dərk olunub. Gələcəyin inkişaf motoru - İKT Sirr deyil ki, İKT ixtisaslarına qəbulun keyfiyyəti həm də hər bir ölkənin gələcək inkişafının təminatıdır. Əbəs yerə demirlər ki, 4-cü sənaye inqilabına hazır olmayanlar inkişafın yüksək fazasına əlvida deyirlər. Bəs ölkəmizdə İKT ixtisaslarına tələbə qəbulu keyfiyyət fərqi yarada bilirmi? 2018-2019-cu tədris ili üçün 5 İKT ixtisası üzrə tələbə qəbulu proqnozu ümumi tələbə qəbulunun 5.4 faizini təşkil edib. İKT ixtisaslarına ("Kompüter elmləri”, "Kompüter mühəndisliyi”, "İnformasiya texnologiyaları”, "İnformasiya təhlükəsizliyi”) tələbə qəbulu proqnozu ötən illə müqayisədə 40.2% (707 nəfər) artıb. Belə ki, bu ixtisaslara qəbul 1759-dan 2466 nəfərə yüksəlib. Bununla yanaşı, "Pedaqoji” ixtisas qrupuna aid olan "İnformatika müəllimliyi” və "Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu proqnozu da artıb. Belə ki, 2017-2018-ci tədris ilinə nisbətən cari ildə bu göstərici 16.6 faiz artaraq 1055 yer təşkil edib. İKT ixtisasları üzrə tədrisin ingilis dilində aparıldığı tələbə qəbulu proqnozu da ötən illə müqayisədə 24 faiz artaraq 465 nəfər təşkil edib.Eyni zamanda ali təhsilin magistratura səviyyəsinə İKT ixtisasları üzrə tələbə qəbulu proqnozunda ötən ilə nisbətən 34.1 faiz artım müşahidə olunub. Maraqlı fakt həm də ondan ibarətdir ki, 2007-2015-ci illər "Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində İKT ixtisasları üzrə 369 nəfər dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan 201nəfəri məzun olub (14 nəfər iki dəfə təqaüd almaq hüququ qazanıb). Məzunlardan 118 nəfər magistratura, 94 nəfər bakalavriat, 3 nəfər doktorantura səviyyəsində təhsil alıb. 12 nəfər isə Azərbaycanın aparıcı universitetlərində akademik fəaliyyətlə məşğuldur. Təhsilin qlobal dili Dünyada müxtəlif dillərdə ünsiyyət bacarıqları təkcə gündəlik münasibətlərdə deyil, eyni zamanda təhsil-elm müstəvisində də sürətlə genişlənir. Artıq ən azı bilinqual(ikidilli) mühit qlobal təhsil məkanının vazgeçilməz üstünlüyüdür. Xüsusilə də ingils dilinin təhsil sistemində təsir gücü günbəgün artır. Bəs Azərbaycanın ali təhsil müəssisələrinə qəbulda tədris ingilis dillində aparılan ixtisaslarda vəziyyət necədir? Yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla ölkəmizin ali təhsil müəssisələrinin tədrisi ingilis dilində aparılan ixtisasların sayı 44-dən 57-yə, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 15 faiz artıb. Son 3 tədris ilində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulunda proqnoz yerlərinin də sayı artıb və xüsusulə də bu ilin tələbə qəbulunda, demək olar ki, məzunlar 100 faizlik nəticə ilə xarici dildə tədrisi seçiblər. Magistratura cinsə baxmır Son iki ildə ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə nəticələr müsbətdir. Qeyd edək ki, ötən ildən başlayaraq magistratura təhsili almaq istəyənlərin sayında kəskin artım müşahidə olunur. Bu artım əsasən oğlanların hesabınadır və təbii ki, cənab Prezidentin sərəncamı ilə 2016-cı ildə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə bilavasitə bağlıdır. Və nəticələr sevindiricidir Gəlin möhlət hüququnun verilməsindən sonrakı rəqəmlərə baxaq. Belə ki, 2017-2018-ci tədris ili üçün magistraturaya aparılan qəbulun nəticələrinə görə qəbul olunan 6361 magistrdən 3590 nəfəri qız, 2771 nəfəri isə oğlan olub. Bu, oğlanların sayında əvvəlki illə müqayisədə 73.9 faiz artım deməkdir. Eləcə də cari ildə faktiki qəbul 6396 nəfər olub. Onlardan 3242 nəfəri qızdısa, 3154 nəfəri oğlanlardır. Yəni, oğlanlarla qızlar arasındakı kəskin fərq nəinki azalıb, demək olar ki bərabərləşib. Təhsilin yeni ili Adətən, ilin nəticələri həm də təhlil tərkib üçün yeni fürsətlər yaradır. Ələlxüsus, davamlı artım dinamikasını saxlamaq daha uzağa baxmağı tələb edir. Necə dəyərlər, tələbə doğru. Bir də ki, universitetin qarşısında duran vəzifə təkcə qəbulun nəticəsi ilə bitmir. Bu, sadəcə olaraq, başlanğıcıdır. Təhsildə nəticə qazanmaq həm də yeni yanaşmaların davamlı tətbiqidir. Bir sözlə, yaxşı material başlanğıc üçün əla imkandır. Bu imkanları dəyərləndirmək isə ali təhsil müəssisələrinin ixtiyarındadır. Yeni tədris ilinə isə 10 gündən də az vaxt qalıb. Gözləyək... “Azərbaycan” qəzeti
06/09/2018 09:11
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı