• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri ilə görüşüb

Sentyabrın 14-də təhsil naziri Ceyhun Bayramov İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri Muhadcir Effendi ilə görüşüb. Görüş zamanı Azərbaycan və İndoneziya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Prezident İlham Əliyev Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşdü. Prezident İlham Əliyev görüşdə çıxış etdi. Valideyn Hacıbala Babayev dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı müəllimlərlə söhbət etdi. Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu. Diqqətə çatdırıldı ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub. Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər. Burada yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı istiqamətində aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsi üçün dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmirin aparılması mühüm əhəmiyyət kəsb edir. Sonda xatirə şəkli çəkdirildi. www.president.az

Təhsildə yeni hədəflərə doğru

Cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilən təhsil XXI əsrin mühüm reallıqlarını özündə təcəssüm etdirir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli, gələcəkdə iqtisadiyyatın güclü və vətəndaşların rifah səviyyəsinin yüksək olmasına zəmin yaradır. Ötən tədris ilində də Dövlət Strategiyasında təhsil sisteminin inkişafını şərtləndirən 5 mühüm istiqamət üzrə bir sıra mühüm hədəflərə çatmaq yönündə ciddi addımlar atılıb. Təhsilin əhatəliliyi, bərabər imkanlar, şəffaflıq, səmərəlilik 2017-2018-ci tədris ilinin əsas keyfiyyət göstəriciləridir.   Regionlarda təhsilin müsbət inkişaf dinamikası   Regionlarda təhsilin inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Yeni tədris ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Meysəri kənd tam orta məktəbinin yeni binasının və İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışlarında iştirak ediblər. Son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Təhsil Nazirliyi cari il ərzində regionlarda təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirib. Nəticədə təhsilin inkişaf dinamikasında regionların göstəriciləri əhəmiyyətli dərəcədə artıb ki, bu da ötən tədris ilinin mühüm nəticələrindən hesab oluna bilər. Nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilməkdədir. Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlər müsbət nəticələr verib. Ötən tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxu ucqar bölgələrdə fəaliyyətə başlayıb. Hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stumullaşdırma tədbirləri tətbiq olunur. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu tədbirlər isə ümumilikdə regionlarda təhsilin inkişafına mühüm təkan verib.   Müəllim peşəsinin nüfuzu artır   2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunur. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi də sevindirici haldır. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu, həm də müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticəsidir. 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardısa, builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Gənclər həm də ona görə müəllim olmaq istəyirlər ki, bu peşənin nüfuzu ilbəil artır. Ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, müəllimlərin işə qəbulunun şəffaf təşkili bu peşənin cazibədarlığını artırmaqla yanaşı, həm də müəllim olmaq missiyasının yeni üfüqlərini müəyyən edib.   Məktəbəqədər təhsilin əhatəliliyi genişlənir   Təhsilin keyfiyyətinə və insanların uzun müddətdə rifahına təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Bu mənada məktəbəqədər hazırlıq təhsilin gələcəyini müəyyən edən mühüm faktorlardan biri hesab olunur. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. 2014-cü il fevralın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən müşavirədə "Məktəbəqədər müəssisələrin inkişafı” proqramı təqdim olunub. Bundan sonra ölkəmizin müxtəlif regionlarında məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilməyə başlanılıb. Vəziyyətin dəyişməsi üçün Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra vacib addımlar atılıb. 5 yaşlıların məktəbəhazırlığına dair xüsusi məzmun hazırlanıb. 2016-cı ildə hökumətin bununla bağlı xüsusi qərarı əsasında bu iş dövlət hesabına təşkil olunub. Nəticədə bir neçə il əvvəl bu sahədə başqa ölkələrdən çox geridə qalan Azərbaycanda sıçrayış xarakterli dinamika müşahidə olunub. Ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə 2017-2018-ci tədris ilində məktəbəqədər təhsilin əhatəliliyi xeyli genişləndirilib. 2017-ci ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24 faizdən 65 faizə qədər yüksəlib, heç bir zaman məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Bu vacib dəyişiklik nəticəsində həm təhsilin keyfiyyəti, həm də bərabər imkanlar baxımından müsbət nəticələr əldə olunub. 2018-2019-cu dərs ilində həmin göstəricinin 70 faizdən artıq olması, 2020-ci ilədək isə 90 faizə çatdırılması nəzərdə tutulur. Bu isə məktəbəhazırlığın səviyyəsinə görə beynəlxalq standartlara yaxınlaşmaq deməkdir. Həmin istiqamətdə digər hədəf isə keyfiyyətin yaxşılaşdırılmasıdır. Bu məqsədlə Təhsil İnstitutunun UNICEF-lə birgə layihəsi çərçivəsində məktəbəqədər təhsilin keyfiyyət standartları hazırlanıb. Mühüm yeniliklərdən biri də budur ki, 2018-2019-cu tədris ilində "Sağlam təhsil-sağlam millət” layihəsinin məktəbəhazırlıq qruplarında tətbiqinə də başlanılacaq. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir. Qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir.   Birinci siniflərə elektron qəbulda vətəndaş məmnunluğu   Təhsildə keyfiyyət ilinin ən mühüm göstəricilərindən biri də ölkəmizdə I siniflərə qəbulun sadələşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təhsil Nazirliyi vətəndaş məmnuniyyətinə nail olmaq və şəffaflığı təmin etmək üçün artıq 4 ildir ki, Bakı şəhərində məktəbə qəbulu elektron sistem vasitəsilə aparır. Təhsil Nazirliyinin 5 fevral 2018-ci il tarixli müvafiq əmrinə uyğun olaraq, 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilir. "Təhsil haqqında” qanuna edilən dəyişikliyə uyğun olaraq, ilin sonunadək 6 yaşı tamam olan uşaqlar məktəbə müsabiqəsiz qəbul olunacaqlar. Sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olmuş uşaqlar valideynlərin müraciətləri əsasında məktəblərə qəbul edilə biləcəklər. Bu vaxta kimi həmin kateqoriyadan olan uşaqlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunurdular.   Yeni dərs ilində kurikulumlar XI sinifdə tətbiq ediləcək   Məzmun istiqamətində ən mühüm nailiyyət ondan ibarətdir ki, 2008-ci ildən başlayaraq ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi prosesi başa çatmaqdadır. Artıq növbəti 2018-2019-cu dərs ilində yeni kurikulumlar XI sinifdə tətbiq ediləcək. Bu, uzun və çətin proses çərçivəsində hər bir fənn üzrə yeni məzmun standartları hazırlanıb, yeni məktəbdaxili qiymətləndirmə mexanizmi yaradılıb və tətbiq edilib. Eyni zamanda, yüzlərlə nüsxədə yeni dərslik və müəllimlər üçün vəsait, yeni məktəbdaxili qiymətləndirmə sistemi hazırlanıb. 2016-cı ildə keçirilmiş PIRLS tədqiqatının nəticələri göstərib ki, yeni kurikulumlarla təhsil almış şagirdlər ənənəvi proqramlarla təhsil almış şagirdlərdən üstün nəticə göstərib. PIRLS tədqiqatının nəticələrinə görə, Azərbaycanın nəticələri 2011-ci ildə aparılan tədqiqatlarla müqayisədə 462 baldan 472 bala yüksəlib. Burada yüksək və mükəmməl nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb. Bundan başqa, ölkəmiz bu il keçiriləcək PISA, 2019-cu ildə isə TIMSS beynəlxalq qiymətləndirməsində də iştirak edəcək. Bu isə şagird nailiyyətlərinə təsir edən amillərin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edəcək. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar da Təhsil Nazirliyinin maraq dairəsindədir.   Peşə təhsilinə maraq artır   İqtisadiyyatın müasir şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması mühüm əhəmiyyət kəsb edir. Ötən tədris ilində ilk dəfə olaraq bu sahənin inkişafına böyük təkan verən "Peşə təhsili haqqında” qanun qəbul olunub. "Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın, "Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb. Peşə təhsili müəssisələri üzrə 1350 mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib. 2018-ci il fevralın 27-də Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə” təhsil mərkəzi yaradılıb. 800-dən artıq ümumtəhsil, 200-dən çox ixtisas fənn müəllimləri və ustalar ölkəmizdə, ölkədən kənarda keçirilən seminarlarda, o cümlədən pedaqogika, didaktika, kurikulumun hazırlanması və tədrisi üzrə təlimlərdə iştirak ediblər. Ötən tədris ilində peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib, peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. 2018-ci il yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi olub. Mərkəzin 2019-2020-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur. Peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində layihələr həyata keçirilib. Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində quraşdırılması üçün Çin Xalq Respublikasından 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri ölkəmizə gətirilib. Mühüm nəticələrdən biri budur ki, Avropa İttifaqının 2018-ci il üçün Azərbaycan üzrə tərtib etdiyi biznes mühiti hesabatında Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılmasını, habelə peşə təhsili və təlimin müsbət nəticələrini qeyd ediblər. 2018-2019-cu tədris ili üzrə "ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub. Qeyd edək ki, Təhsil Nazirliyi və "ASAN xidmət”in birgə həyata keçirdiyi "ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin əhəmiyyətli şəkildə genişlənməsinin şahidi olacağıq.   Uğurlu qəbul kampaniyası   Ölkəmizdə 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən dövlət imtahanlarının nəticələri də uğurlu olub. Cari ildə keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticəsinə əsasən I-V ixtisas qrupları üzrə 40.806 abituriyent tələbə adını qazanıb. Qəbul imtahanlarında 3.127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Bu göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 29 abituriyent 700 bal toplayib. Ötən il bu göstərici 15 nəfər olub. Son beş ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir. Bu dövrdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 20,8 faiz artıb.   "Təhsil haqqında” qanuna dəyişikliklər   2017-2018-ci tədris ilində təhsil sahəsində ən mühüm yeniliklərdən biri "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərlə bağlı oldu. Məlum olduğu kimi, 2013-cü ildə qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesində bir çox yeniliklər, islahatlar tətbiq etmək zərurəti yaranıb. Həmin hədəflərə nail olunması istiqamətində tədbirlər həyata keçirmək üçün qanunda dəyişiklik edilməsi zərurətə çevrilib. Təhsil Nazirliyi dəyişikliklə bağlı təşəbbüs göstərərkən həmin zərurəti nəzərə alıb. Hər bir dəyişiklik öncə araşdırılıb. Araşdırmaların nəticələri geniş təhlil olunub. Yalnız bundan sonra qərara alınıb ki, "Təhsil haqqında” qanuna yeni yanaşmalar əsasında dəyişikliklər edilsin. Dəyişikliklər əvvəlcə Milli Məclisdə müzakirə olunub. Müzakirələr iyunun 12-də qanunun qəbul olunması ilə başa çatıb. İyulun 5-də Prezident İlham Əliyev qanunun tətbiqi haqqında fərman imzalayıb. Ümumilikdə qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliklər yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Belə ki, "Təhsil haqqında” qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib. Dəyişikliklər şərti olaraq iki qrupa bölünür. Texniki xarakterli dəyişikliklər uyğunluğun əldə edilməsi baxımından önəmlidir. Bir sıra normativ hüquqi aktlarda qəbul edilən dəyişikliklərlə təhsil haqqında qanun arasında uyğunluğun təmin edilməsi məqsədi daşıyır. İkinci qrupa aid edilən dəyişikliklər isə məzmun dəyişikliyini özündə ehtiva edir. Məsələ ondadır ki, təhsil sisteminin məqsədi sadəcə rəqəmlərlə ölçülə bilməz. Təhsil Nazirliyi olaraq hesab edirik ki, fəaliyyətimizdə prioritet məsələ şagirdlərdə vətənpərvərlik, milli-mənəvi dəyərlər, fəal vətəndaş mövqeyi, şagirdlərin yaradıcılıq və idman sahəsində istedadının aşkara çıxarılması və inkişaf etdirilməsi, onların sağlamlığıdır. Qiymətləndirmə və dərs yükü məsələləri də bizim üçün önəmli məsələlərdir. Bunları nəzərə alıb özümüz üçün konkret və spesifik hədəflər müəyyən etmişik. Həm məktəblərin, həm də yerli təhsili idarəetmə orqanlarının fəaliyyətində bu prioritetlər öz əksini tapacaq. "Təhsil haqqında” qanuna edilmiş bir sıra dəyişikliklər üzrə yeni qaydalar cari tədris ilindən tətbiq ediləcək.   Qəbul imtahanlarında yeniliklər olacaq   Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni kurikulumlar əsasında ümumi təhsil müəssisələrini başa vuran ilk məzunlar olacaqlar. Yeni məzmun yeni qiymətləndirmə tələb edir. Məhz bu səbəbdən də bu il tam orta təhsili başa buran məzunlarımız buraxılış imtahanlarını yeni formatda verəcəklər. Əlavə olaraq ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq. İmtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həll etmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil ediləcək. Biz beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də görürük ki, bu bacarıqlar şagirdlərimizdə daha aşağı səviyyədə formalaşıb. Hal-hazırda Dövlət İmtahan Mərkəzi ilə sıx əlaqədə imtahanların yeni formatı istiqamətində əməkdaşlıq edirik. Qısa olaraq yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan verirlər və verdikləri hər bir imtahanın onların həyatına təsiri olur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir.   Yeni tədris ilində yeni hədəflər   Qeyd edilməlidir ki, 2017-2018-ci dərs ilində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumu təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin dəstəyi və qayğısının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib. Buna görə də Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub. Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan”, V-IX siniflərdə "Dövlət rəmzləri -müstəqilliyimizin simvolu”, X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. Həmçinin bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib. Bu da təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşı kimi formalaşmasını təhsil müəssisələri qarşısında prioritet istiqamət olaraq müəyyənləşdirir. "Təhsildə keyfiyyət ili”ndə əldə olunmuş nailiyyətlər ümid etməyə əsas verir ki, qarşıdan gələn növbəti dərs ilində də düzgün seçilmiş strategiya bizə öz hədəflərimizə çatmaqda kömək edəcəkdir.   Ceyhun BAYRAMOV, Azərbaycan Respublikasının təhsil naziri   “Azərbaycan” qəzeti

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tura start verilir

Sentyabrın 14-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun ikinci turu üzrə elektron sənəd qəbuluna başlanılır. İkinci tura müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci turda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər. Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə Azərbaycan bölməsində musiqi üzrə 30, fiziki tərbiyə üzrə 36, informatika və təsviri incəsənət üzrə 42, digər fənlər üzrə 48 bal, rus bölməsində isə fiziki tərbiyə üzrə 30, biologiya, coğrafiya, təsviri incəsənət, fizika, ibtidai sinif, kimya, musiqi, rus dili və ədəbiyyatı üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib. Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu birinci turda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu sentyarın 15-dək davam edəcək.

Təhsil Nazirliyində kollegiya iclası

Sentyabın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, nazirliyin struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlu nailiyyətlərdən söz açıb, bu sahədə aparılan əsaslı islahatları diqqətə çatdırıb.  Sonra təhsil nazirinin müavini Firudin Qurbanov “Paris Nazirlər Konfransının nəticələri və qarşıda duran əsas vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini çıxışında cari ilin 23-25 may tarixlərində Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Parisdə Avropa Ali Təhsil Məkanı ölkələri Təhsil Nazirlərinin Konfransı və Bolonya Təhsil Siyasəti Forumunda 77 ölkədən, eləcə də 40 beynəlxalq və regional təşkilatdan ümumilikdə 550 nəfərin iştirak etdiyini vurğulayıb. Firudin Qurbanov Paris Nazirlər Konfransı Bəyannaməsi və Bolonya Siyasət Forumu Bəyannaməsinin əsas müddəaları barədə məlumat verib. Nazir müavini bildirib ki, Paris Nazirlər Konfransı Bəyannaməsində diplomların tanınması üzrə Lissabon Konvensiyasının tətbiqi sahəsində problemlərin həllinin diqqətdə saxlanılacağı, Erasmus+ proqramı, mobillik, inklüzivlik, ömürboyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil və innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi qeyd olunur. Eyni zamanda ali təhsilin rəqəmsal mühitdə çalışa biləcək mütəxəssis hazırlığına istiqamətləndirilməsi təşviq edilir. Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2018-2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri barədə” məruzə ilə çıxış edib. Şöbə müdiri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının statistik təhlili, son 5 tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edən abituriyentlərin imtahan ballarında əhəmiyyətli artımın olması və müəllimlik peşəsinin artan nüfuzu ilə bağlı geniş məlumat verib. Kollegiya iclasında Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov “Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq: uğurlar və çağırışlar” mövzusunda məruzəsində qeyd olunan şirkətlə əməkdaşlığın mövcud vəziyyəti, əldə olunmuş uğurlar və əsas çağırışlar barədə məsələlərə toxunub. Daha sonra məruzələrlə bağlı çıxışlar dinlənilib, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Kollegiya iclasında həmçinin “Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi Qayda və əsasnamələrin müzakirəsi və təsdiqi barədə”, “2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri”, “2019-2020-ci tədris ili üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə tələbə qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin konsepsiyası” mövzularında  məruzələr dinlənilib.  

Prezident İlham Əliyev Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Hüseynqulu Əliəsgərov Prezident İlham Əliyevə təmir və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, 192 nömrəli tam orta məktəbin binası 1936-cı ildə inşa olunub və bu günədək burada heç bir əsaslı təmir işləri aparılmayıb. Məktəbin binası 1941-1945-ci illərdə təxliyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayından əsaslı təmir və bərpa işlərinə başlanıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə 2136 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 22 sinif, 5 laboratoriya, akt zalı, hərbi otaq, kitabxana və yeməkxana var. Qeyd olundu ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Zəngin təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan insan kapitalının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları, yeni korpuslar tikilir. Bu proses Azərbaycanın bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 192 nömrəli tam orta məktəbdir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb müasir tədris avadanlıqları və dərs ləvazimatları ilə təchiz edilib. Bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.   www.president.az

Prezident İlham Əliyev Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Diqqətə çatdırıldı ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı təmirə başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb. Məktəbdə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısına bildirildi ki, burada 2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb lazımi avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün bütün şərait yaradılıb. Məktəbin akt zalında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada məktəblilərin yüksək texnologiyalar sahəsində biliklər əldə etmələri üçün kompüter otaqları var. Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da olacaq. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri həyata keçirilib, idman meydançası yaradılıb. Bu gün 82 yaşı olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək üçün bütün şərait yaradılıb. Təhsil ocağında tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi 2010-cu ildə “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının ali məktəblərə qəbul səviyyəsi ildən ilə artır. Bu il bu göstərici 50 faiz təşkil edib. Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var. Dövlətin həyata keçirdiyi siyasətə hər zaman dəstək olan Heydər Əliyev Fondu da bu işlərə öz töhfəsini verir. Bu gün təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. www.president.az

Prezident İlham Əliyev Nardarandakı 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Dilarə Cəbrayılova dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, məktəbin binası 2003-cü ildə inşa olunub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq məktəbin binasında əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Əsaslı təmir işləri zamanı təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin nəzəri biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbin bütün sinif otaqları zəruri avadanlıqla təchiz edilib. Hazırda birnövbəli sistemlə məktəbdə 886 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. Burada tədris Azərbaycan dilində aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində təhsilin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə çoxlu sayda yeni məktəb binasının inşası, mövcud təhsil müəssisələrinin isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu layihələr paytaxtımızla yanaşı, respublikanın ən ucqar kənd və qəsəbələrini də əhatə edir. Bu işlərlə yanaşı, Azərbaycanda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi istiqamətində də mühüm işlər görülür. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bütün bunlar isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində mühüm rol oynayır.   www.president.az

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan M.Vəliyeva ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. Məhəbbət Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. Nazir müavini qeyd edib ki, son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dinamika müşahidə olunmaqdadır. Sonra konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. Nazir ölkə prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsinin 5 illik müddətinin təhsil islahatlarına və təhsil sistemində baş verən dəyişikliklərə qiymət vermək baxımından əhəmiyyətinə diqqət çəkib.   Ceyhun Bayramov çıxışında I sinfə və məktəbəhazırlığa qəbulun elektronlaşdırılması, şagirdlərin dərs yükü, ibtidai təhsil, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələlərdən geniş şəkildə danışıb. Təhsil naziri respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib. Nazir eyni zamanda, buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Təhsil naziri çıxışında məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd edib. Daha sonra 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Ülvi Şamilov, 244 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 666 bal toplayan, Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Rəşidə Həqiqətli çıxış ediblər. Sonda pedaqoji ixtisaslar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə təşəkkürnamələr verilib. Həmçinin, yüksək balla müəllim kimi işə qəbul olunan, eləcə də uzun müddət təhsil sistemində çalışan müəllimlər mükafatlandırılıb.  

Müddətli müqavilə ilə işə qəbul olmuş müəllimlərin nəzərinə!

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində 1178 nəfər müəllim adını qazanıb. İşə qəbul olmuş müəllimlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Ərazi Maliyyə Hesablaşma mərkəzləri ilə bağlı məlumatları əks etdirən infoqrafikanı təqdim edirik:

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı