SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Qrant müsabiqəsi çərçivəsində qalib layihələr icra olunmaqdadır
Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində qalib olan layihələrin icrası davam edir. 41 ümumi təhsil müəssisəsi və 125 fərdi kateqoriya üzrə seçilən layihələr ölkəmizin 50-ə yaxın rayon və şəhərində icra olunmaqdadır. Layihələr müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir. Buraya pedaqoji işçilərin peşəkarlıq bacarıqlarının artırılması ilə əlaqədar təlim, seminar, yay düşərgələri, ixtisasartırma kursları və konfranslar, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif növ fəaliyyətlər, istedadlı şagirdlərin intellektual səviyyəsinin artırılması aiddir. Eyni zamanda şagirdlərin düzgün peşə və ixtisas seçimlərini formalaşdırmaq üçün müxtəlif zavodlara ekskursiyalar, ustad müəllimlər tərəfindən texniki bacarıqları artıran dərslər təşkil olunur. Psixoloji xidmətin yüksəldilməsi üçün icra olunan layihələr daha çoxdur. Bundan əlavə, müsabiqə çərçivəsində inklüziv təhsil alan şagirdlər üçün təhsil səviyyəsinin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyasına kömək və təhsil həyatlarında manelərin aradan qaldırılması ilə bağlı layihələr də reallaşdırılmaqdadır. Layihələrin icrasına nəzarət məqsədi ilə Təhsil Nazirliyinə tabe olan müxtəlif qurumlar tərəfindən monitorinqlər həyata keçirilir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
17/09/2018 11:03
Məktəblilər Avropa birinciliyinin qalibi olublar
Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo idman növü üzrə gənclərin Avropa birinciliyi keçirilib. 42 ölkənin 405 cüdoçusunun mübarizə apardığı yarışa Azərbaycan milli yığma komandasının tərkibində Bakı şəhəri 1 nömrəli idman liseyinin 3 cüdoçusu qatılıb. Birinciliyinin ilk günündə idman liseyinin yetirməsi Tofiq Məmmədov 60 kq çəki dərəcəsində Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu adını qazanıb. Liseyin digər idmançısı 44 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidova isə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.
17/09/2018 10:28
Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlər
Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir. Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyindəki (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekunda qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Direktor, direktor müavinləri və müəllimlər üçün təlimlərin keçirilməsinə dair elan
17/09/2018 10:06
Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşdü. Azərbaycan Prezidenti görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Sabahınız xeyir olsun, mən sizi ürəkdən salamlayıram və qarşıdan gələn yeni dərs ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni dərs ili ərəfəsində biz Maştağa qəsəbəsinin Savalan yaşayış massivində yeni məktəbin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu məktəb sakinlərin xahişi ilə tikilib. Mənə verilən məlumata görə, bu yaşayış massivində məktəb yox idi. Ona görə həm uşaqlar, həm valideynlər böyük əziyyət çəkirdilər. Göstəriş verildi və qısa müddət ərzində belə gözəl məktəb tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək üçün bütün şərait yaradılıb. Ərazisi də böyükdür. Böyük idman meydançası var. Yəni, burada işlər ən yüksək səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir. Əlbəttə, harada ki, məktəbin inşasına ehtiyac var, biz orada mütləq məktəb tikintisi ilə məşğul oluruq, o cümlədən bu yerdə. Demək istəyirəm ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir. Məktəbdə uşaqlar yaxşı oxumalıdır. Bir halda ki, belə gözəl şərait var, burada təhsilin keyfiyyəti də yüksək olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayı artır, müəllim peşəsinin hörməti artır və bu, çox sevindirici haldır. Çünki müəllim uşaqların, gənclərin tərbiyə olunmasında valideynlərlə bərabər aparıcı rol oynayır. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir. Uşaqlar isə yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün, ilk növbədə, gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Ona görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar. Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu, əhəmiyyəti artır. Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Hesab edirəm, Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb. İndi baxın, dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər böyük investisiyalar qoyulur. Əgər biz təkcə təhsil sahəsini götürsək, üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti tələb edir. Yollar, su xətləri, elektrik xətləri, qazlaşdırma, hərbi gücümüzün möhkəmləndirilməsi, energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza etmişik. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik. Bunu təmin etmək üçün biz, ilk növbədə, daha güclü olmalıyıq. Bir daha demək istəyirəm ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə bilməz. Bunu son 15 il ərzindəki vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Ölkəmizin, xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki, ilk növbədə, milli maraqlardır, ilk növbədə, Vətənin xoşbəxtliyidir, ilk növbədə, müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu işdə öz rolunu oynayır və oynayacaq. Belə gözəl məktəbdə oxumaq və tərbiyə almaq üçün bütün şərait var. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun. X X X Dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirən valideyn Hacıbala BABAYEV dedi: -Cənab Prezident, Maştağa sakinləri adından Sizi ürəkdən salamlayır və Sizə "Xoş gəlmisiniz!” deyirik. Cənab Prezident, bu gün bizim çoxdan arzuladığımız bir gündür. Bu yeni təhsil ocağı övladlarımızın xoş gələcəyini göstərir. Cənab Prezident, biz bu münasibətlə Sizə Maştağa qəsəbəsinin və yeni yaşayış massivinin sakinləri adından ürəkdən "Çox sağ olun!” deyirik. Sizi əmin edirik ki, bu məktəbdə təhsil alacaq gənclərimiz gələcəkdə dövlətinə, millətinə, Prezidentinə layiqli övladlar olacaqlar. Uzun illərdir ki, cənab Prezident, bizim övladlarımız çətinliklə uzaq məsafə qət edərək təkcə Maştağa qəsəbəsindəki orta məktəblərdə deyil, rayonumuzun digər qəsəbələrindəki məktəblərdə də təhsil alırdılar. Bu da övladlarımız üçün çətinlik yaradır, biz valideynləri narahat edirdi. Çox sağ olun ki, cənab Prezident, Sizin təhsilə və biz sakinlərə göstərdiyiniz qayğının nəticəsində bu narahatlığımıza son qoyuldu. Cənab Prezident, biz daim Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və həmişə Sizinləyik. Möhtərəm cənab Prezident, biz sakinlər adından Sizə, Sizin ailənizə, övladlarınıza cansağlığı, uzun ömür, işlərinizdə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Allah Sizi qorusun. Prezident İlham ƏLİYEV: Sağ olun. X X X Dövlətimizin başçısı müəllimlərlə söhbət etdi. Müəllimə Arizə MAHMUDOVA: Cənab Prezident, Sizi salamlayırıq, "Xoş gəlmisiniz!” deyirik. Tikilən bu möhtəşəm bina bizim narahatlığımıza son qoydu. Buna görə də Sizə dərindən minnətdarıq, Allah Sizi var eləsin! Prezident İlham ƏLİYEV: Çox sağ olun. Burada neçə müəllim işləyir? Direktor Qənirə ƏMİRCANOVA: 70 müəllim fəaliyyət göstərəcək. 960 nəfərlik şagird heyəti nəzərdə tutulub. İnşallah, çox yaxın müddət ərzində məktəb fəaliyyətə başlayacaq. Prezident İlham ƏLİYEV: Bəli, mütləq. Müəllimlər başqa məktəblərdən gəliblər. Qənirə ƏMİRCANOVA: Bəli, nümunəvi məktəblərdən seçiləcək. Çünki bu cür məktəbdə elə müəllimlər işləməlidirlər ki, həqiqətən layiqli olsunlar. Prezident İlham ƏLİYEV: Təhsilin səviyyəsi yüksək olmalıdır. Uşaqlar da gedib Maştağa qəsəbəsində oxuyurdular. Qənirə ƏMİRCANOVA: Bəli, kənar yerdə oxuyurdular. Prezident İlham ƏLİYEV: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik yaradırdı. Savalan yaşayış massivində son illər əhali artıb. Qənirə ƏMİRCANOVA: Bəli, 30 minə yaxınlaşıb, 25 mindən artıqdır. Prezident İlham ƏLİYEV: Yəqin ki, gələcəkdə bir məktəbin tikintisinə də ehtiyac olacaq. Qənirə ƏMİRCANOVA: Bizim orada sahəmiz də var. Planlaşdırılır, hərtərəfli perspektiv düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə minnətdarıq. Prezident İlham ƏLİYEV: Yaxşı ki, siz bu məsələni qaldırdınız. Mənə məlumat çatan kimi dərhal göstəriş verdim ki, tezliklə məktəb tikilsin. Bu, bir daha onu göstərir ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən qaldırılsın. Mən dəfələrlə çıxışlarımda demişəm ki, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də bizi narahat edən məsələlər kifayət qədər var və onları həll etmək üçün gərək bizdə məlumat olsun. İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır. Ona görə bir daha bu fürsətdən istifadə edərək Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm. Öz xahişlərini, onları narahat edən məsələləri çatdırsınlar ki, biz də onları həll edək. Qənirə ƏMİRCANOVA: Biz də çox sevinirik ki, Siz buna dərhal reaksiya verirsiniz. Yəni, bunu arxa plana keçirmirsiniz. Elə bil ki, bu, Sizin stolunuzun üstündə gündəlik bir məsələdir. Bu, sakinləri, bütün xalqı, bütün milləti çox sevindirir. Prezident İlham ƏLİYEV: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri həll etməkdən ibarətdir ki, insanları narahat edən məsələlər aradan götürülsün. İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha da çox iş görə bilək. Ona görə hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl təşəbbüsün təzahürüdür. Vətəndaşlar müraciət ediblər, biz isə tezliklə göstəriş verib bunu təşkil etmişik və bu gün burada yeni dərs ili ərəfəsində bərabər sevinirik. Qənirə ƏMİRCANOVA: Siz bizim sevincimizə qatıldığınız, bizimlə bərabər sevindiyiniz üçün biz ikiqat sevinirik. Prezident İlham ƏLİYEV: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb istifadəyə verilib. Bəziləri tikilib, bəziləri əsaslı təmir edilib. Adətən yeni dərs ili ərəfəsində mən məktəblərin vəziyyəti ilə tanış oluram. Əvvəlki illərdə adətən bir məktəb seçilirdi ki, biz bu məktəbdə öz sözümüzü deyək. Bu il mən xüsusilə bu məktəbi seçdim. Çünki bu məktəbin çox özəl yeri var, bax, dediyim bu məsələlərə görə. Ona görə bir daha sizi təbrik edirəm. X X X Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu. Diqqətə çatdırıldı ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub. Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər. Burada yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı istiqamətində aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsi üçün dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmirin aparılması mühüm əhəmiyyət kəsb edir. X X X Sonda xatirə şəkli çəkdirildi. "Azərbaycan" qəzeti
15/09/2018 20:35
15 sentyabr–“Bilik günü” tədbirləri keçirilib
Sentyabrın 15-də Bakı şəhəri 156 nömrəli tam orta məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Elşən Salahov, Bakı Şəhəri Təhsil İdarəsinin nümayəndələri, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərildiyini deyən təhsil nazirinin müavini qeyd edib ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir. 156 nömrəli tam orta məktəbin tarixindən söz açan nazir müavini təhsil ocağının ən qədim məktəblərindən biri olduğunu və ölkə təhsilinə öz məzunları ilə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Tədbirdə digər çıxış edənlər “Bilik günü” münasibətilə məktəb kollektivini təbrik edib. İlk zəng çalındıqdan sonra nazir müavini Firudin Qurbanov sinif otaqlarında olub, birincilərlə səmimi söhbətlər edib. 156 nömrəli tam orta məktəb 1935-ci ildə mədrəsə adı ilə tikilib, daha sonra məktəb kimi fəaliyyətə başlayıb. Heydər Əliyev Fondu tərəfindən yenidən tikilən məktəb 1140 şagird yerlikdir, sinif otaqları, laboratoriyalar, kitabxana, akt zalı ilə təchiz olunub. * * * “Bilik günü”ndə Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Abşeron Rayonu İcra Hakimiyyətinin başçı İradə Gülməmmədova, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tədbir iştirakçılarını yeni dərs ili münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir müavini təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb. Nazir müavini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan Məhəbbət Vəliyeva təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Daha sonra çıxış edənlər “Bilik günü” münasibətilə ilə təbriklərini səsləndiriblər. İlk zəng çalındıqdan sonra məktəbin açılışını bildirən rəmzi lent kəsilib, qonaqlar sinif otaqlarında olub, birincilərlə söhbətlər edib. Məlumat verilib ki, 1,7 hektar ərazisi olan məktəb 50 sinif otağından ibarətdir. 1200 şagird yerlik məktəbdə kimya, fizika və biologiya daxil olmaqla 4 ədəd laboratoriya, 6 ədəd kompüter otağı, yeməkxana, akt zalı, idman zalı və meydança vardır.
15/09/2018 14:24
Təhsil naziri “Bilik günü”ndə internat məktəbində olub
Sentyabrın 15-də təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibəti ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində olub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 5 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova məlumat verib ki, bu il təhsil müəssisəsindən 24 nəfər məzun olub. Onlardan 10 nəfər ali məktəbdə, 9 nəfər isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirəcək. Bu il isə bir birinci sinif təşkil edilib və həmin sinifdə 12 nəfər təhsil alacaq. Sonra 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri şeir, mahnı və musiqi nömrələri ilə çıxış ediblər. 2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 555 bal toplayaraq ali məktəbə qəbul olunan Elmir İbrahimov məktəblərində yaradılan şəraiti yüksək qiymətləndirib və burada təhsil alan şagirdləri müvafiq imkandan yararlanmağa çağırıb. Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir həmçinin son illərdə təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Təhsil naziri “Bilik günü” münasibəti ilə internat məktəbinin kollektivini təbrik edib, bu gün ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə uğurlar diləyib. Nazir əminliklə bildirib ki, builki birincilər də məktəbdə əldə etdikləri bilik, bacarıq və kompetensiyalarla yüksək balla tələbə adı qazanan Elmirdən daha yaxşı nəticə göstərməyə nail olacaqlar. Gələcəkdə sadəcə məktəbin deyil, bütövlükdə xalqımızın qürur duyacağı mütəxəssis, incəsənət xadimi kimi yetişəcəklər. Tədbirin sonunda ilk zəng çalınıb. Daha sonra təhsil naziri Ceyhun Bayramov siniflərə baş çəkib, şagirdlərlə, xüsusən, birinci sinfə gələn uşaqlarla görüşüb, məktəbin şəraiti ilə tanış olub. Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir və uşaqların tam orta təhsilini həyata keçirir. İnternat məktəbində 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onlardan 98 nəfəri qız, 209 nəfəri isə oğlandır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Müəssisənin ərazisində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqi məktəbində internat məktəbinin 150 nəfər şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka üzrə siniflərdə təhsil alır.
15/09/2018 12:04
Təhsil naziri Ceyhun Bayramovun “Bilik günü” münasibəti ilə təbriki
Əziz müəllimlər, şagirdlər və tələbələr, Hörmətli valideynlər, Sizi “Bilik günü” və yeni dərs ili münasibətilə təbrik edirəm! Hər birinizə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu edirəm. YUNESKO XXI əsri təhsil əsri adlandırmışdır. Təhsil insan şəxsiyyətini formalaşdırır, onun sosiallaşmasına və peşə səriştələrinin yaranmasına xidmət edir. Təhsilin dörd təməl daşı bilik vermək, bacarıqlar formalaşdırmaq, yaşamağı öyrətmək və başqaları ilə birlikdə yaşamağı öyrətməkdir. “Bilik günü” kimi bir bayramı qeyd etməyimiz bizim biliyə, təhsilə verdiyimiz əhəmiyyəti nümayiş etdirir. Bu bayram məktəbli statusu almış uşaqlarımız, tələbə adını yenicə qazanmış gənclərimiz üçün xüsusilə əzizdir. “Bilik günü” şagirdlər, tələbələr, müəllimlər, inkişaf etmək əzmində olan bütün insanlar üçün planlar qurmaq, prioritetlər müəyyənləşdirmək, hədəflər seçmək üçün də əla vaxtdır. Əziz müəllimlər, şagirdlər və tələbələr! Təhsildə atılan hər bir uğurlu addım bizim həyat keyfiyyətimizi yüksəldir, ümumxalq firavanlığına aparır. Elm, inkişaf, tərəqqi simvolu olan “Bilik günü”nüzü təbrik edir, hər birinizə uğurlar arzulayıram!
15/09/2018 08:38
“Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans
Sentyabrın 14-də “Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. Tədbirin keçirilməsində məqsəd peşə təhsili sahəsində yeniliklər və yeni dərs ilində qarşıda duran vəzifələrin müzakirəsi olub. Konfransda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları, peşə təhsili müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar tərəfindən peşə təhsili sahəsində həyata keçirilən layihələrin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Amil Əlili ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verib. Amil Əlili peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasının və "Peşə təhsili haqqında" Qanunun qəbul edilməsinin bu sahənin inkişafına töhfə verəcəyindən, əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadr hazırlığını həyata keçirən çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən danışıb. Yeni tədris ilində qarşıda duran məqsəd və vəzifələri xüsusi qeyd edən Amil Əlili iştirakçılara uğurlar arzulayıb. Tədbirdə peşə təhsilində normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, yeni kurikulumların tətbiqi, dayanıqlı və çoxmənbəli maliyyələşdirmənin formalaşdırılması, peşə təhsili sahəsində həyata keçirilən layihələrin əsas istiqamətləri barədə məruzələr dinlənilib. Tədbirin sonunda qarşıda duran vəzifələri vaxtında və keyfiyyətlə icra etmək, mövcud problem və nöqsanları aradan qaldırmaq üçün peşə təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə və tapşırıqlar verilib.
14/09/2018 16:30
“Maarifçi” Tələbə Kredit Fondu yeni elan sessiyasına start verir
Sentyabrın 17-dən “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyasına start verilir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulur. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://www.maarifci.az) qeyd olunub. Müraciətlər oktyabrın 19-dək davam edəcək. Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu 14 ali təhsil müəssisəsini əhatə edir. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 5 elan sessiyası keçirıb. Bu müddət ərzində fonda daxil olan elektron müraciətlər əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 201 təhsil krediti müqaviləsi imzalanıb.
14/09/2018 16:07
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı