SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlar nələrə diqqət etməlidirlər?
Təhsil Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb. Eyni zamanda ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil. Son dövrdə tələbələrimizin bir sıra xarici ali təhsil müəssisələri tərəfindən “məsafədən təhsil” adı ilə həmin ali məktəbin digər ölkələrdəki filiallarına köçürülməsi halları da aşkarlanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, yuxarıda göstərilən təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Xaricdə ali təhsil almaq istəyən vətəndaşlardan təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa və təhsil alacaqları ali məktəbin yerləşdiyi ölkədə akkreditə olunduğuna diqqət etməyə çağırırıq. Ölkə ərazisində tanınan əyani və qiyabi təhsilalma formaları üzrə müraciət qaydaları ilə Akkreditasiya və Nostrifikasiya İdarəsinin ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə tanış olmaq mümkündür.
19/09/2018 11:53
Xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlar nələrə diqqət etməlidirlər?
Təhsil Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb. Eyni zamanda ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyildir. Bu səbəbdən Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, həmin təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları təhsil sənədlərinin (diplomların) ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Xaricdə ali təhsil almaq istəyən vətəndaşların hər birindən təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa çağırırıq.
19/09/2018 10:30
Təhsil naziri Latviya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Sentyabrın 18-də təhsil naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Latviya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
18/09/2018 17:37
“Bir” Könüllülük Akademiyası çərçivəsində tədbir
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən tələbələr üçün Şamaxı şəhərində “Bir” Könüllülük Akademiyası çərçivəsində tədbir keçirilib. Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Lənkəran və Masallı şəhərlərində fəaliyyət göstərən 21 ali və 16 orta ixtisas təhsili müəssisəsindən seçilmiş 40 tələbə-könüllü “Bir” Könüllülük Akademiyası çərçivəsində keçirilən tədbirdə iştirak edib, yeni bilik və bacarıqlar qazanıblar. Tələbə-könüllülər “Birinci addım” adlı təlim və “Code Tusi” məntiqi-intellektual komanda oyununda iştirak ediblər. Bundan əlavə, keçirilən görüşdə “Kapital Bank”ın nümayəndəsi öz təcrübəsini tələbə-könüllülərlə bölüşüb. Sonda “Code Tusi” məntiqi-intellektual komanda oyununun qalibləri mükafatlandırılıb və xatirə şəkli çəkilib. “Bir” Könüllülük Akademiyası çərçivəsində tələbə-könüllülər üçün mütəmadi olaraq təlimlər, ustad dərsləri, görüşlər və intellektual oyunlar keçirilir. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşaiyət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.
18/09/2018 14:36
Yeni işə qəbul olunan müəllimlər
2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci və ikinci mərhələsi üzrə 4053 müəllim işə qəbul edilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun iki turu üzrə ümumilikdə 1667 nəfər müəllim adını qazanıb. Bu proses üzrə üçüncü tura elektron sənəd qəbulu 22-23 sentyabr tarixlərində həyata keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərlə bağlı növbəti məlumatları təqdim edirik:
18/09/2018 12:08
"ASAN Peşə" Təhsil Mərkəzində ilk dərs
Sentyabrın 17-də Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili, Mingəçevir "ASAN Xidmət" Mərkəzinin nümayəndələri, peşə təhsili müəssisəsinin müəllim-pedoqoji heyəti, valideynlər və tələbələr iştirak edib. Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, birinci müavin İlham İsmayılov müəllimləri, tələbə və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıb. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edib, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Amil Əlili peşə təhsili müəssisələrinə qəbulda “ASAN peşə” layihəsinin tətbiqinin, Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin yaradılmasının peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlərdən olduğunu diqqətə çatdırıb. Sonra tədbir iştirakçıları "ASAN Peşə" Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olublar. Cari tədris ilindən etibarən fəaliyyətə başlayan “ASAN Peşə” Təhsil Mərkəzində 5 ixtisas üzrə tədris aparılacaq. 3 mərtəbədən ibarət olan mərkəz müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, tədris olunacaq peşələrə uyğun ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub.
17/09/2018 17:17
SABAH qruplarının yeni müəllimlərinə təlimlər keçirilib
SABAH qruplarında yeni tədris ilinin payız semestrində dərs deyəcək professor-müəllim heyəti və mütəxəssislər üçün “ADA” Universitetində təlimlər keçirilib. Təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır. Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlimin proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtib etmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, öyrənmə mərhələləri və müvafiq fəaliyyət növləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və qiymətləndirmə sistemləri, İKT-nin tədris prosesinə təsiri və təhsildə İKT vasitələri kimi mövzular da daxil edilib. İki günlük təlimlərdə 80 nəfər iştirak edib.
17/09/2018 15:40
Şəkinin Baş Zəyzid kəndində yeni məktəb binasının açılışı olub
Sentyabrın 17-də Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Açılış mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Cavanşir Feyziyev, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik edib. Elxan Usubov son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov “Bilik günü” və məktəbin açılışı münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir müavini son 10 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binasının tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Təhsilə olan qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan Firudin Qurbanov qeyd edib ki, hər bir ölkənin inkişafının təməlində təhsil durur. Nazir müavini təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Millət vəkili Cavanşir Feyziyev məktəb binalarının əsaslı təmir olunmasının, müasir standartlara uyğun təhsil müəssisələrinin istifadəyə verilməsinin önəmini qeyd edib. Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Məlumat üçün qeyd edək ki, məktəb 624 şagird yerlikdir. Məktəbin tikintisinə 2017-ci ilin dekabr ayından başlanılıb. Sahəsi 2.5 hektarlıq ərazidə yerləşən məktəbin 25 otağı, 6 labaratoriyası, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti və idman zalı vardır.
17/09/2018 14:19
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq olunub
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olunub. Təhsil Nazirliyinin “2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə” əmrinə əsasən, işə qəbul olunmuş müəllimlərin siyahısı təsdiq edilib. 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlərin siyahısı I turun yekun nəticələri II turun yekun nəticələri
17/09/2018 13:40
Müddətli müqavilə ilə işə qəbulun ikinci turu üzrə nəticələr məlum olub
2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun ikinci turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 489 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabrın 18-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə üçüncü tur həyata keçiriləcək. Üçüncü tura elektron sənəd qəbulu isə 22-23 sentyabr tarixlərində aparılacaq.
17/09/2018 11:55
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı