SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Şamaxı Safari Parkına ekskursiya
Oktyabrın 20-də respublika və beynəlxalq fənn olimpiadaları qaliblərindən ibarət bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Həmin sənədə əsasən, Şamaxı rayonunun Pirqulu dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun çəpərlənərək vəhşi heyvanlar üçün ekoloji qoruq - Şamaxı Safari Parkı yaradılıb. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb. Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr və aprel, may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub. Ekskursiyalar ekoloji turizm sahəsində xüsusi təcrübəsi olan Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən həyata keçiriləcək. İDEA İctimai Birliyi, Respublika İnkişaf Mərkəzi, Ümumdünya Vəhşi Təbiət Fondu ilə birgə bir çox ekoloji yönümlü layihələr həyata keçirir. Bu layihələrdən “Ceyranları qoruyaq”, “Bəbirləri mühafizə edək”, “Zubrları təbiətimizə qaytaraq” adlı layihələr ekoloji sahədə uşaq və gənclərin maarifləndirilməsi, onlarda doğma təbiətə sevgi və qayğı hisslərinin aşılanması, vəhşi təbiətdə olan müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan heyvan cinslərinin qorunması, onlara qayğının təbliği, müvafiq sahələrdə praktik biliklərin əldə edilməsi məqsədilə davamlı olaraq keçirilir. Ekskursiyada Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və media nümayəndələri iştirak edib.
20/10/2018 17:22
Təhsil nazirinin müavini Firudin Qurbanov Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb
Təhsil nazirinin müavini Firudin Qurbanov Qazi Universiteti İncəsənət kafedrasının müdiri Alev Çakmakoğlu Kurunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir müavini qonaqları salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Firudin Qurbanov Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümündə Qazi Universitetində, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Anadoludan Qafqaza ermənilərin həyata keçirdiyi mədəni soyqırım” mövzusunda konfransın və “Duyulmayan çığlık Hocalı” beynəlxalq sərginin təşkil edilməsinə, Türkiyə və digər ölkələrdə Qarabağla bağlı davamlı tədbirlərə, o cümlədən sərgidə nümayiş olunan əsərlərin Azərbaycan Respublikasına hədiyyə edildiyinə görə Alev Kuruya minnətdarlığını bildirib. Qonaq Azərbaycan-Türkiyə dostluq münasibətlərinin sarsılmaz olduğunu qeyd edib. Həmçinin, səfərin təşkilində göstərilən dəstəyə və fəxri professor adı ilə təltif edildiyinə görə Təhsil Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təşəkkürünü bildirib. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib. Səfər çərçivəsində Quba rayonunda olan Türkiyə nümayəndə heyəti Heydər Əliyev Mərkəzi, Quba Soyqırımı Memorial Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Xalçaçılıq emalatxanası və digər tarixi yerləri ziyarət edib.
19/10/2018 17:30
Rusiyalı uşaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində
Oktyabrın 19-da Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinləri Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində qonaq olublar. Valideyn himayəsindən məhrum uşaqlar üçün mərkəzdə çoxlu ustad dərsləri təşkil olunub. Məktəblilər rəsm çəkib, elmi laboratoriyada müxtəlif təcrübələrə baxıb, açıqçalar hazırlayıblar. Qonaqlar həmçinin milli rəqs hərəkətləri öyrənib, üç ölçülü model robotlar inşa ediblər. Müxtəlif dərnəklərdə iştirak edən qonaqlar görüşdən məmnun qalıblar. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
19/10/2018 17:20
Hədəf hamı üçün keyfiyyətli təhsilə əlçatanlıqdır
Dövlət Strategiyası 5 il ərzində müəllimlərin peşəkar inkişafı üçün yeni imkanlar yaradıb “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasından 5 il keçir. Dövlət Strategiyasının əsas istiqamətlərindən biri də təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasıdır. Başqa sözlə, təhsildə keyfiyyət müəllimdən başlamalıdır. Oktyabrın 18-də 'Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda keçirilən seminarda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rəhbər heyəti - direktor Vəfa Yaqublu, müavinlər Nəzakət Mehdiyeva və Namiq Nağıyev təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin etmək üçün müəllimlərlə apardıqları işin hesabatını veriblər. ”5 il ərzində gördüyümüz işin real təsirini hiss etmək o qədər də asan olmayacaq” "Oktyabr ayında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunmasının 5 ili tamam olur. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) bu Strategiyanın "övladı” sayılır”. Bunu Dövlət Strategiyasının hədəflərinə uyğun olaraq yaradılan TİPİİ-nin direktoru Vəfa Yaqublu deyib. O, qeyd edib ki, hesabat vermək, nə etdiyini, niyə etdiyini sübut edə bilmək üçün 5 il iqtisadiyyatın başqa sahələri üçün kifayət qədər uzun vaxtdır: “Ancaq təhsil elə spesifik sahədir ki, 5 il ərzində gördüyümüz işin real təsirini hiss etmək o qədər də asan olmayacaq. Müqayisə üçün deyim ki, “Toyota” kimi nəhəng şirkət bir maşını sıfırdan yığıb satışa hazır vəziyyətə gətirmək üçün 29 saat vaxt sərf edir. Ancaq bir uşağın icbari təhsilini sona çatdırması üçün 9 il lazımdır. Odur ki, bu gün təhsillə bağlı verdiyimiz hər hansı qərarın kimin həyatında hansı təsir buraxacağını yalnız 9 il sonra müəyyənləşdirmək mümkündür. Kimdən sitat gətiririk-gətirək, görəcəyik ki, təhsildə bu gün verilən qərar onilliklərə hesablanacaq”. Təhsil bu missiyanı yerinə yetirə bilirsə TİPİİ rəhbəri Dövlət Strategiyasından irəli gələn tədbirlərə, rəhbərlik etdiyi qurumun 3 illik hesabatına məhz bu nöqteyi-nəzərdən baxmağı təklif edib: “Bu gün ən böyük uğurumuz Azərbaycanda təhsilin hamı üçün de- fakto və de-yure əlçatan olmasıdır. İndi hədəfimiz hamı üçün keyfiyyətli təhsilə əlçatanlıqdır”. V.Yaqublu keyfiyyətli təhsil haqqında danışanda Avropa Şurasının təhsil siyasəti üzrə məşhur nümayəndələrindən biri olan Jak Delorun bir fikrini xatırladıb: “Delor deyirdi ki, təhsilin 4 missiyası var: bilik vermək, bacarıq aşılamaq, yaşamağı öyrətmək, başqaları ilə birgə yaşamağı təlqin etmək. Təhsil bu missiyanı yerinə yetirə bilirsə, deməli, keyfiyyətli təhsildir”. Səbəb məktəblərdə biliklərin verilməməsi deyil... TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva təmsil etdiyi qurumun 3 illik hesabatını kiçik dövrdə böyük işlərin ilk addımı kimi dəyərləndirib. N.Mehdiyeva deyib ki, müəllimin peşəkar inkişaf imkanlarının düzgün müəyyənləşdirilməsi üçün əsas mənbə diaqnostik qiymətləndirmənin nəticələridir: “Diaqnostik qiymətləndirmə aşkar etdi ki, standartlara əsaslanan tədrisin təşkilində müəllimlərin böyük problemləri var. Uzun müddət ərzində fənnini yalnız ümumi orta təhsil səviyyəsində tədris edən müəllim artıq tam orta təhsil səviyyəsi üzrə məzmundan uzaq düşüb. Müəllimlər öz fənni ilə bağlı elmi, ya da ictimai olmasından asılı olmayaraq, yeniliklərlə tanış deyillər. Eyni zamanda, elmin sürətli inkişafı, informasiya bolluğu, dərsliklərin yenilənməsi və digər məsələlərin ortaya çıxardığı səbəblərlə əlaqədar olaraq peşəkar inkişafa ehtiyac duyurlar”. Diaqnostik qiymətləndirmənin nəticələri təhsilverənlər üçün 3 vacib tələbi üzə çıxarıb. Təhsilverən fənnin məzmunu ilə bağlı mövcud biliklərini yeniləməli, fənnin tədrisi metodikası üzrə səriştəliliyi artırmalı və müasir pedaqoji yanaşmaların tətbiqi yollarını öyrənməlidir. N.Mehdiyeva buraxılış imtahanlarında şagirdlərin nümayiş etdirdiyi təlim nəticələrinə və burada müşahidə olunan problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, şagirdlər nəzəri biliyin yoxlanmasına yönələn sualların cavablandırılmasında çətinlik çəkmirlər. Amma oxuduğu mətni təhlil etmək, ümumiləşdirib əsaslandırmaqla fikir yürütmək, riyazi, ya da təbiət fənninin sualı əsasında müəyyən bacarıqları nümayiş etdirmək lazım gələndə problemləri ortaya çıxır: “Səbəb məktəbdə biliklərin verilməməsi deyil. Beynəlxalq qiymətləndirmələrin nəticələri də göstərir ki, şagirdlərimiz əldə etdikləri biliklərlə bağlı sualları cavablandırırlar. Ancaq bacarıqların nümayişində əziyyət çəkirlər. Məsələn, son illərdə buraxılış imtahanları nəticələrinin davamlı təhlili göstərdi ki, ana dili və riyaziyyat fənlərindən şagirdlərin əsas çətinliyi məntiqi, tənqidi və yaradıcı təfəkkür bacarıqlarını tələb edən tapşırıqlarda olur. Belə ki, riyazi situasiyaların həllini, fikrin əsaslandırılmasını tələb edən tapşırıqları yerinə yetirmək üçün şagird bu fəaliyyətləri illər ərzində dərs prosesində təkrar-təkrar etməlidir. Bu isə yalnız səriştəli müəllimin planlı fəaliyyətinin nəticəsi ola bilər. Buradan belə nəticə çıxır ki, məktəbdə müəllim bilik verdiyi üçün şagirdlər çətinlik hiss etmirlər. Bacarıqlar da aşılansaydı, onu da nümayiş etdirərdilər. Yəni, səbəb məktəblərdə biliklərin verilməməsi deyil, biliklərdən müvafiq şəkildə istifadə etmək bacarıqları üzrə aparılan işin səmərəliliyinin aşağı olmasındadır"’. Aparılan monitorinqlər davranışla bağlı məsələləri də ortaya çıxarıb. Məlum olub ki, müəllimlər heç də yeniliklərin əleyhinə deyillər. Onlar yenilikləri qəbul edir və dəstəkləyirlər. Ancaq həmin yeniliklərin tətbiqinin daha səmərəli yollarını bilmədiklərindən bəzi məsələlərin tədrisini tələb olunan səviyyədə təşkil edə bilmir və ya diqqətdən kənarda saxlayırlar. Ehtiyaca uyğun təlimlər Beləliklə, araşdırma, təhlil və müşahidələr əsasında müəllimlərin ehtiyacı müəyyənləşdirilir və həmin istəyə uyğun olaraq ixtisasartırma proqramları təklif edilir. Proqramlarda standartlara əsaslanan məzmun öyrədilir. Müəllimlərlə düşünmə bacarıqları tələb edən tapşırıqlar həll olunur və hazırlanması təcrübəsi həyata keçirilir. Onlara məqsədəmüvafiq və etibarlı qiymətləndirmə öyrədilir. Məlumata görə, 2018-ci ildə fənnin məzmunu üzrə aparılan ixtisasartırma təlimləri 2 şəhər, 31 rayon üzrə 12050 nəfəri əhatə edib. Onların qiymətləndirilməsi hələ keçirilməyib. TİPİİ-də sadəcə fənnin məzmunu üzrə proqramlar deyil, müxtəlif adda proqramlar hazırlanıb. “Yazı işinin təşkili metodikası”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası”, “Sinfin idarə edilməsi”, “Nitq qüsurlarının korreksiyası”, “Qeyri-ənənəvi rəsmçəkmə texnikaları”, “İnklüziv siniflərdə təlimin təşkili”, “Həyat bilgisi fənninin tədrisi metodikası”, “Alqoritmika. Proqramlaşdırmanın tədrisi metodikası”, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” adlanan həmin proqramlar müəllimlərin ehtiyacına uyğun hazırlanıb. TİPİİ məktəb direktorları üçün də ixtisasartırma proqramları hazırlayıb sınaqdan keçirir. Direktorlar “Təhsildə idarəetmə və təşkilatçılıq”, “Sənədlərlə iş”, “Kurikulum. Məktəbdaxili qiymətləndirmə”, “Məktəb idarəçiliyində maliyyə”, “Məktəb idarəçiliyində İKT-dən istifadə”, “Statistika”, “Tənqidi və məntiqi təfəkkürün əsaslan”, “Emosional intellektin inkişafı” proqramları üzrə təlimlərə cəlb ediliblər. Əlavə təhsilin keyfiyyətinə nəzarət Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu müxtəlif ali və əlavə təhsil müəssisələri tərəfindən ölkədə aparılan təlimlərin ixtisasartırma təhsili kateqoriyasına daxil edilməsi üçün müəyyən qaydalara cavab verməsini tənzimləyir və buna görə məsuliyyət daşıyır. Bundan başqa, müəllimlərin işə qəbulu müsabiqəsini də məhz TİPİİ təşkil edir. Təhsil işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, ixtisasartırma proqramlarının hazırlanması, rəy üçün təqdim edilmiş proqramların təsdiqi, təlimlərin monitorinqi, təlim iştirakçılarının yekun qiymətləndirilməsi və müvafiq sertifikatların verilməsi TİPİİ-nin vəzifəsidir. Müəllimlər üçün öyrədici təlim resursları da TİPİİ-də hazırlanır. Tövsiyələr, videoçarxlar, elektron metodik vasitələr və s. hər zaman maraqla qarşılanır. Qiymətləndirmədə 2 məqsəd Peşəkar İnkişaf proqramlarının yekununda müdavimlərin qiymətləndirilməsinin məqsədlərinə də toxunan Nəzakət Mehdiyeva deyib: “Burada 2 məqsədimiz var. Həm ixtisasartırma təlimində iştirak edən müdavimlərin nə dərəcədə müvəffəqiyyətlə həmin təlimlərin məzmununu mənimsədiyini, həm də təlim proqramının özünün nə qədər müvəffəqiyyətli olduğunu müəyyənləşdirmək üçün qiymətləndirilmələr keçilir. Həmin qiymətləndirilmənin nəticəsi olaraq da proqramlar təkmilləşdirilir”. TİPİİ direktorunun müavini Namiq Nağıyev qiymətləndirmənin əhatə dairəsi və qiymətləndirmə sistemindəki yeniliklərlə bağlı məlumat verib. Onun sözlərinə görə, 2015-2018-ci illər ərzində Bakı şəhərindən 10645, ölkənin digər bölgələrindən isə 19002 olmaqla, ümumilikdə 29647 müəllim qiymətləndirmələrə cəlb olunub. Qiymətləndirmənin məzmunu və təşkilindən danışan N.Nağıyevin sözlərinə görə, müdavimlər tədris olunan material əsasında hazırlanan qiymətləndirmədə iştirak edirlər: “Bu ilin 9 ayı ərzində qiymətləndirməyə cəlb olunan müəllimlərin sayı 6074 nəfərdir. Onlardan 1981 nəfəri Bakı, 4093 nəfər regionları təmsil edir. Hazırda təlimə cəlb olunmuş 25182 müəllimin qiymətləndirilməsinin həyata keçirilməsi və prosesin bu ilin sonunadəkyekunlaşdırılması planlaşdırılır. Bununla da 2018- ci ildə qiymətləndirməyə cəlb olunan müəllimlərin sayı 31256 nəfərə yüksələcək”. Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində media nümayəndələri üçün seminarlar davam edəcək. Növbəti seminar Mingəçevirdəki “ASAN Peşə” Təhsil Mərkəzində olacaq “Azərbaycan müəllimi” qəzeti
19/10/2018 10:05
Təhsil naziri “Clarivate Analytics” şirkətinin icraçı direktoru ilə görüşüb
Oktyabrın 16-da təhsil naziri Ceyhun Bayramov “Clarivate Analytics” ("Thomson Reuters") şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə icraçı direktoru xanım Viji Krişnan ilə görüşüb. Görüş zamanı Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” arasında 2015-ci ildən başlanılmış əməkdaşlığın mövcud vəziyyəti, bu müddət ərzində əldə olunmuş uğurlar və əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
18/10/2018 16:09
Dövlət Strategiyasının 5 ili: media nümayəndələri üçün seminar
Oktyabrın 18-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində media nümayəndələri üçün “Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və jurnalistlər iştirak ediblər. Tədbirdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır. İnstitut direktoru qeyd edib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilib. Ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha artıq bal toplayan abituriyentlər arasında 2090 nəfər müəllim peşəsini seçib. Daha sonra institutun direktor müavini Nəzakət Mehdiyeva “Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda təqdimatla çıxış edib. Direktor müavini təqdimatda təhsil sistemində keyfiyyəti yüksəltmək və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirilən tədbirlər, ixtisasartırma təlimlərinin ehtiyaclara uyğunluğu, əhatə etdiyi fənn sahələri və yeni ixtisasartırma proqramları barədə məlumat verib. 2018-ci ildə 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 050 müəllimə ixtisasartırma təliminin keçirildiyi barədə məlumat verən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev qeyd edib ki, ümumilikdə 2015-2018-ci illərdə 29 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub. Həmçinin əlavə edib ki, bu ilin 9 ayı ərzində 6074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib, cari ilin sonunadək daha 25182 nəfər müəllimin qiymətləndirilməsi planlaşdırılır. Seminarda təqdim olunan mövzu üzrə müzakirələr aparılıb, KİV nümayəndələrinin sualları cavablandırılıb. Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində media nümayəndələri üçün seminarlar davam edəcək. Növbəti seminar Mingəçevirdəki “ASAN Peşə” Təhsil Mərkəzində olacaq.
18/10/2018 12:02
Direktor, direktor müavini və müəllimlər üçün təlimlərin üçüncü mərhələsi
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin üçüncü mərhələsinə başlanılır. Müsabiqənin üçüncü – müsahibə mərhələsi oktyabrın 24-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (ünvan: Bakı şəhəri Mir Cəlal küç. 71) keçiriləcək. Bu mərhələ ilə bağlı məlumatlar namizədlərə telefon vasitəsilə bildiriləcək. Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, statistika və təhlil, maliyyənin idarəolunması, idarəetmənin hüquqi əsasları, eləcə də digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirməyə qatılacaqlar. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.
17/10/2018 13:54
“Sahibkar – peşə təhsili əməkdaşlığı”
Oktyabrın 16-da “Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Sahibkar – peşə təhsili əməkdaşlığı” mövzusunda milli konfrans keçirilib. Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi, Almaniya İqtisadi İnkişaf Fondu tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi ölkədə gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır. Tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev iqtisadiyyatın müxtəlif sektorlarının inkişafı üçün sahibkarlarla peşə təhsili müəssisələri arasındakı əlaqələrin daha sıx qurulmasının əhəmiyyətini vurğulayıb. Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir. “Peşə təhsili haqqında” qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu qeyd edən nazir müavini bildirib ki, bu, özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacaq. Tədbirdə Almaniyanın ölkəmizdəki səfirinin müavini xanım Andrea Sühl çıxış edərək təmsil etdiyi ölkənin Azərbaycanda peşə təhsilinin inkişafında maraqlı olduğunu bildirib, xarici sahibkarları da peşə təhsili müəssisələri ilə əməkdaşlığa dəvət edib. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zamin Bədirxanov işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Daha sonra ekspertlər layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
16/10/2018 18:05
“Kənd təsərrüfatında logistika” ixtisası üzrə yeni kurikulum
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Kənd təsərrüfatında logistika” ixtisası üzrə yeni kurikulumun hazırlanmasına dair işçi qrupun ilk görüşü keçirilib. “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi proqramı” çərçivəsində keçirilən tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Gilan Holdinq”, Alman-Azərbaycan Ticarət Palatası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim-Tədris Mərkəzi və “Şəmkir Aqropark” MMC-nin nümayəndələri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) yerli və beynəlxalq ekspertləri iştirak edib. Görüşdə kənd təsərrüfatı sahəsində logistika və saxlama kameraları üzrə yeni kurikulumun hazırlanması, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə işəgötürənlərin kurikulumların hazırlanmasına cəlb olunması, beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsi və digər məsələlərə dair razılıq əldə edilib. Qeyd edək ki, “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramı” GİZ tərəfindən icra olunur.
16/10/2018 16:57
“CanSat Azərbaycan 2018” model peyk müsabiqəsinin qalibləri mükafatlandırılıb
Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında Təhsil Nazirliyi və “Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində uğur qazanan komandaların təltifetmə mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanmış peyk modellərinin sərgisi ilə tanış olublar. Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Kosmik Məsələlər üzrə Şuranın həmsədri, akademik Roald Saqdeyev, təhsil naziri Ceyhun Bayramov, AMEA-nın prezidenti Akif Əlizadə, “Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və ali təhsil müəssisələrinin rektorları iştirak edib. Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev çıxış edərək “CanSat Azərbaycan 2018” müsabiqəsinin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət etdiyini bildirib. Rektor müsabiqənin finalında iştirak edən hər bir komandanın qalib olduğunu və adlarını Azərbaycanın ilk “CanSat” müsabiqəsinin tarixinə böyük hərflərlə yazdıqlarını diqqətə çatdırıb. Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın həmsədri, Milli Aviasiya Akademiyasının aerokosmik məsələlər üzrə elmi məsləhətçisi, akademik Roald Saqdeyev müsabiqədə tələbələrin həvəslə iştirak etdiyini və bu tədqiqatların onların gələcək inkişafı üçün əhəmiyyətli olduğunu deyib. Təhsil naziri Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycanda ilk dəfə keçirilən “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində ölkənin 11 ali təhsil müəssisəsindən 31 komandanın iştirak etməsi tələbələrin bu yarışmaya olan yüksək marağından xəbər verir. Nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən insan kapitalının inkişafına göstərilən yüksək diqqət və qayğının müsbət nəticələr verdiyini nəzərə çatdırıb. Təhsil naziri bildirib ki, uğurla reallaşdırılan düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın adı kosmik sənayesi olan azsaylı ölkələrin siyahısına daxil edilib. Bu ilin sentyabrında Azərbaycanın sayca 3-cü peykinin orbitə çıxarılması ölkəmizin dünya kosmik sənayesindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından tarixi hadisə olub. Nazir onu da əlavə edib ki, gənclərdə kreativ düşüncələrin, innovativ yanaşma vərdişlərinin formalaşması müasir dövrümüzdə əsas proritetlərdən hesab olunur. Bu baxımdan “CanSat Azərbaycan 2018” müsabiqəsinin əhəmiyyətli olduğunu diqqətə çatdıran nazir müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu deyib. Təhsil naziri Ceyhun Bayramov müsabiqə qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, müsabiqə qalibləri gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. Ölkəmizdə ilk dəfə keçirilən müsabiqəyə böyük maraq olduğunu deyən “Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev qeyd edib ki, tələbələrin bu layihədə iştirakı onların gələcəkdə kosmosa doğru atdığı kiçik bir addımdır. Daha sonra müsabiqənin final mərhələsində uğur qazanan komandalara - birinci yerin qalibi Milli Aviasiya Akademiyasının “Envi_Sat”, ikinci yerin qalibi Bakı Ali Neft Məktəbinin “İnterstellar”, üçüncü yerləri bölüşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MS_U_FO” və Bakı Mühəndislik Universitetinin “Rodimus” komandalarına qiymətli hədiyyələr və sertifikatlar, müsabiqə müddətində göstərdikləri dəstəyə görə komandaların təmsil olunduğu təhsil müəssisələrinə təşəkkürnamə verilib. Müsabiqədə fərqlənən digər komandalara həvəsləndirici mükafatlar təqdim edilib. Tədbirdə “CanSat Azərbaycan” müsabiqəsinin ölkənin milli kosmik sənayesində innovasiyaların tətbiq edilməsi və bu sahədə yerli kadrların hazırlanmasında xüsusi önəm daşıdığı qeyd olunub. Növbəti illərdə “CanSat Azərbaycan” müsabiqəsinin davamlı olacağı və regional yarışa çevriləcəyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir Milli Aviasiya Akademiyasının təqdim etdiyi bədii proqramla başa çatıb. Qeyd edək ki, “CanSat Azərbaycan 2018” müsabiqəsinin əsas məqsədi tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması, bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.
16/10/2018 14:39
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı