SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblərdə payız tətili başlayır
Noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.
15/11/2018 10:05
Təhsil naziri Rusiya Federasiyasının ölkəmizdəki səfiri ilə görüşüb
Noyabrın 14-də təhsil naziri Ceyhun Bayramov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
14/11/2018 12:58
Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman ilə görüş keçirilib. Agentliyin direktor əvəzi Amil Əlili ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, bu sahədə həyata keçirilən layihələr və nəticələri barədə geniş məlumat verib, gələcək əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb. Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman peşə təhsilinin inkişaf etdirilməsi məqsədilə bir sıra ixtisaslar üzrə tədris proqramlarının - kurikulumların hazırlanması, peşə hazırlığı infrastrukturunun genişləndirilməsi, “dual” peşə təhsili və təlimi potensialının gücləndirilməsi istiqamətində agentliklə əməkdaşlığa hazır olduqlarını bildirib. Görüş zamanı peşə təhsili sahəsində birgə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13/11/2018 14:29
"Lego Education" təhsil robotlarından istifadə üzrə təlimlər
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 15 ümumi təhsil müəssisəsinə "Lego Education" təhsil robotlarının paylanılmasına başlanılıb. Bununla əlaqədar “Lego Education” şirkətindən dəvət olunmuş xarici mütəxəssislər tərəfindən müəllimlər üçün təlimlər keçirilib. Təlimlərdə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 müəllim iştirak edib. İnformatika və fizika müəllimləri “Mindstorms EV3”, ibtidai sinif müəllimləri isə “WeDo 2.0” model Lego robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təməl biliklərə yiyələniblər. Təlim proqramının sonunda müəllimlər “Lego Education” təlimçi sertifikatı ilə təltif olunublar. Robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. Məktəblərə “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün “Expansion” dəsti də paylanılır. Robot texnologiyasından istifadə məktəb həyatına innovasiya və yaradıcılıq gətirir, müəllimlər üçün unikal həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bununla da şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.
12/11/2018 17:38
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası
Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası olub. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev iclası giriş nitqi ilə açaraq layihənin əhəmiyyətindən danışıb. Layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin ölkəmizin ali təhsilinə verəcəyi töhfələrdən danışıb, layihə sayəsində ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da uyğunlaşacağına öz inamını ifadə edib. Tədbirdə layihənin Fransadan olan rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış ediblər. Layihənin Fransa üzrə koordinatoru Liza Baydanova ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb ərzində planlaşdırılan tədbirləri diqqətə çatdırıb. Tədbirin sonunda komitə üzvləri tərəfindən növbəti iclasın 2019-cu ilin fevral ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib.
12/11/2018 15:32
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimatı
Noyabrın 12-də Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (YUNİSEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində təhsil naziri Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iştirak ediblər. Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Nazir həyata keçirilən islahatlar nəticəsində təhsilin keyfiyyətinin daha da yüksəldiyini vurğulayıb. Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Heydər Əliyev Fondunun bu sahədə əvəzolunmaz fəaliyyətini xüsusi qeyd edən nazir bildirib ki, fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. 2017-2018-ci tədris ilində sağlamlıq imkanları məhdud 10130 uşağın xüsusi təhsilə cəlb edildiyini diqqətə çatdıran Ceyhun Bayramov Təhsil Nazirliyi tərəfindən “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə işlərə başlanıldığını deyib.Təhsil naziri bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı YUNİSEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji universitetlərin, ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, Bakıda və ölkəmizin digər bölgələrində məktəblərin daxilində 9 resurs mərkəzinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq məqsədilə ictimai davranış və sosial dəyişiklik kampaniyalarının keçirilməsi nəzərdə tutulub. Nazir həmçinin bu layihənin müvafiq Dövlət Proqramının uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların inkişafına müsbət təsir göstərir. Edvard Karvardin təhsilin hər bir uşaq üçün əlçatan olmasına şərait yaratmaqla daha çox sayda sağlamlıq imkanları məhdud uşağın öz potensiallarından hərtərəfli istifadə etməsinə imkan verən bu təşəbbüsün həyata keçirilməsində Təhsil Nazirliyi və Avropa İttifaqı ilə birgə işləməkdən məmnun olduğunu diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə inklüziv təhsilin tətbiqinin vacibliyindən danışıb. Aİ nümayəndəsi qeyd edib ki, hər kəsin əldə etdiyi bilik və bacarıqlarla ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq və həyat boyu öyrənmək hüququ var. Daha sonra layihə ilə bağlı təqdimatlar olub, çıxışlar dinlənilib. Qeyd edək ki, layihə üzrə 10 000 nəfərdən çox müəllim və məktəb direktoru inklüziv təhsil üzrə ixtisasartırma proqramlarından faydalanacaq. Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın təhsil almasına imkan yaradacaq.
12/11/2018 12:35
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb
2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.
12/11/2018 11:36
Peşə təhsili sahəsində həyata keçirilən layihələrin icrasına dair tədbir
Noyabrın 8-də Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda peşə təhsili və təliminin modernləşdirilməsinə Avropa İttifaqının dəstəyi: peşə təhsili müəssisələrinin inkişaf qrantları ilə bağlı təcrübələrin bölüşdürülməsi” mövzusunda seminar keçirilib. Tədbirin məqsədi Aİ-nin Azərbaycan üzrə “İllik Fəaliyyət Proqramı-2014” çərçivəsində peşə təhsili sahəsində həyata keçirilən layihələrin ilkin nəticələrinin müzakirə edilməsi, gələcək layihələrə dair tövsiyələrin hazırlanması olub. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, bir sıra peşə təhsili müəssisələrinin rəhbərləri, həyata keçirilən layihələrin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu istiqamətdə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr və əldə olunan uğurlar barədə ətraflı məlumat verib. Nazir müavini peşə təhsilinin inkişafı istiqamətində layihələrin icrasının uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas icra olunan layihələr çərçivəsində görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən və gözləntilərdən danışıb. 4 sessiyadan ibarət olan tədbir panel müzakirələrlə davam edib. Müzakirələrdə Aİ tərəfindən maliyyələşdirilən və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrin nümayəndələri özəl sektorla əməkdaşlıq, kurikulum hazırlanması, müəllimlərin təlimi, peşə məktəblərinin idarə olunması və digər mövzulara dair təqdimatlarla çıxış ediblər.
08/11/2018 17:17
Oktyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 9341 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 9341 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 5344 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3997 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2122 sənəd (854 ərizə, 1268 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının verilməsi və ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı məsələləri əhatə edib.
08/11/2018 15:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı