• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib. Mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz buraxdığını bildirib. Rektor bütün həyatını xalqına həsr edən ulu öndərin musiqiyə xüsusi bağlılığının olduğunu, onun əziz xatirəsinin hər il ali məktəb tələbələrinin ifasında konsert proqramı ilə anıldığını qeyd edib.  Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi mərasimdə əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin mahnı və romansları səslənib.

“Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Media və təhsil dialoqu” mövzusunda altıncı təlim-konfrans keçiriləcək. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının rəhbərləri, ali təhsil müəssisələrininin mətbuat xidmətlərinin rəhbərləri iştirak edəcəklər. Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır. Təlim-konfransdan əvvəl pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrin dərs prosesi izlənəcək. Daha sonra “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik”, “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri” mövzularında təqdimatlar olacaq.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəssamları mükafatlandırılıb

Çexiya Respublikasının Azərbaycandakı səfirliyində “Lidice 2018 - 46-cı beynəlxalq uşaq təsviri sənət sərgisi” rəsm müsabiqəsində qalib olmuş 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təltifetmə mərasimi keçirilib. Tədbirdə Çexiyanın Azərbaycan Respublikasındakı səfiri Milan Ekert, qalib uşaqlar, valideynlər, mərkəzin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən səfir Milan Ekert “Su qızıldan dəyərlidir” devizi altında keçirilən müsabiqənin qalibi olmuş mərkəzin dərnək üzvləri İnci Rəcəbli, Zöhrə Quliyeva, Jasmin Yəhyabəyovanı təbrik edib. Qaliblərə diplom və hədiyyələr verilib. Qeyd edək ki, 2018-2028-ci onillik BMT tərəfindən “Su resursları onilliyi” elan edilib. Lidice Rəsm Qalereyası tərəfindən təşkil edilmiş sözügedən müsabiqə həmin onilliyə həsr olunub. Müsabiqəyə Mərkəzdən 4-16 yaş arası 55 nəfər dərnək üzvü qatılıb.

Beynəlxalq Elm Olimpiadasından 5 medal

Botsvanada yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. Dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada ölkəmizi 6 şagird təmsil edib. Bu mötəbər elm yarışında öz bilik və bacarıqlarını nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin IX sinif şagirdi Sədiyar Qafarov, Fizika, riyaziyyat və infomratika təmayüllü liseyin X sinif şagirdi Məhəmməd Yusifov, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin IX sinif şagirdi Xanım Yaqublu və X sinif şagirdi Əjdər Fərzullazadə, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Murad Bəşirov bürünc medallara layiq görülüblər. Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub. Fizika, kimya və biologiya fənləri üzrə təşkil edilən olimpiada 3 mərhələdə keçirilib. İştirakçıların ilk iki mərhələdə nəzəri bilikləri, 3-cü mərhələdə isə praktiki bacarıqları yoxlanılıb. Şagirdlərin hazırlıq prosesi tədris ilinin əvvəlindən start götürüb. İki mərhələli imtahan əsasında seçilən şagirdlər hazırlıq prosesi zamanı laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunublar. 2004-cü ildən etibarən bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri 4 gümüş, 38 bürünc olmaqla 42 medal qazanıblar.

Azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadada uğuru

8-9 dekabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib. Beynəlxalq komanda olimpiadası 6 regionda təşkil olunur. Şagirdlərimiz Cənub regionu (Azərbaycan, Gürcüstan, Ermənistan) üzrə yarışda iştirak ediblər. Bu region üzrə 19 komandanın qatıldığı müsabiqədə Azərbaycanı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə təmsil edib. Yarışda Cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb. Müsabiqədə iştirak etməkdə məqsəd 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının (İOİ) hazırlıq planına uyğun olaraq, şagirdlərimizin səviyyələrini müəyyənləşdirmək, təcrübələrini artırmaq və hazırlıq prosesini daha da intensivləşdirməkdir.

Peşə təhsili sahəsində Koreya təcrübəsi öyrənilir

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri və Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin rəhbər heyəti Koreya Respublikasında təlim səfərində olublar. Koreya İnsan Resursları İnkişafı Xidmətinin dəstəyi ilə təşkil olunmuş “Koreyada menecerlər üçün təqaüd təlimi” proqramının məqsədi peşə təhsili və təlimi sistemi, peşə təhsili müəssisələrinin idarəedilməsi ilə bağlı təcrübənin öyrənilməsi olub. Koreyalı professorlar tərəfindən təlim iştirakçıları üçün müxtəlif ixtisaslar üzrə mühazirələr keçirilib, Koreyanın peşə təhsili sistemi və təcrübəsi, Milli Kvalifikasiya Sistemi, texniki təlim institutlarının fəaliyyəti və idarəolunması barədə müzakirələr aparılıb. İştirakçılar səfər çərçivəsində Seul Politexnik Kolleci, Busan Texniki Liseyi və Koreya Peşə Təhsili Tədqiqat İnstitutunun idarə olunması ilə yaxından tanış olublar.

Serbiyada təhsil təqaüd proqramı

 Serbiya Respublikası tərəfindən 2018-2019-cu tədris ilinin II semestri (yaz) üzrə Azərbaycan vətəndaşlarına ali təhsil üçün təqaüd proqramı elan olunub.  “Serbiyada Sülh” təqaüd proqramı çərçivəsində Belqrad Universiteti, Novi Sad Universiteti və Nis Universitetində təhsil almaq üçün bakalavriat (21 yaşadək namizədlər), magistratura (25 yaşadək namizədlər) və ya doktorantura (35 yaşadək namizədlər) təhsil səviyyəsi üzrə  1 təqaüd yeri ayrılıb. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları dekabrın 16-dək tələb olunan sənədləri Təhsil Nazirliyinin elektron ərizə sistemi (https://www.app.htp.edu.az/) vasitəsi ilə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsil ödənişsizdir. Müvəqqəti yaşayış üçün qeydiyyat, tibbi sığorta, serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil, yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri),  həmçinin  15.000 serb dinarı məbləğində aylıq təqaüd (nəqliyyat və dərslik xərcləri daxil) Serbiya hökuməti tərəfindən qarşılanır. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Nazir müavini Moskva şəhər hökumətinin nümayəndə heyəti ilə görüşüb

Dekabrın 7-də təhsil nazirinin müavini Firudin Qurbanov Moskva şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açıb. Nazir müavini tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində fənn olimpiadalarına marağın daha da artması, həmçinin 2019-cu ildə ölkəmizdə informatika üzrə beynəlxalq olimpiadanın keçiriləcəyi və rusiyalı şagirdlərin bu olimpiadada iştirak üçün dəvət olunduqları barədə məlumat verib. Firudin Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb. Moskva Dövlət Universiteti və M.T.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti filiallarının uğurlu fəaliyyətini qeyd edən nazir müavini ölkəmizdə rus sektorunda tədrisin aparıldığını, rus dili və ədəbiyyatı üzrə hər il olimpiadanın keçirildiyini, Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələrində azərbaycanlı gənclərin təhsil almaları üçün kvotaların ayrıldığını deyib. Vladimir Filippov Moskva şəhərində təhsil sahəsində həyata keçirilən yeniliklər, aparılan islahatlar, yeni informasiya texnologiyalarının tədrisdə tətbiqi və digər aktual məsələlərlə bağlı geniş məlumat verib. Azərbaycanda rus dilinə göstərilən diqqəti xüsusi vurğulayan Vladimir Filippov təhsil sisteminin informasiyalaşdırılması, məktəbdənkənar fəaliyyətin təşkili sahələrində təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edib. Görüşdə həmçinin Moskva şəhərinin şagirdləri ilə paytaxtımızın şagirdləri arasında idman yarışları və intellektual oyunların keçirilməsi təklif olunub.

Respublika çempionatının zona mərhələsi

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə zona yarışı keçirilib. "Sərhədçi" İdman Kompleksində keçirilən oyunlarda Şuşa, Zəngilan və Bakının 12 rayonunun məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin, II yeri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin, III yeri Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin komandası tutub. Daha bir zona yarışı basketbol idman növü üzrə Şəki Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Ağsu rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Şəki rayon Kiş kənd 1 nömrəli tam orta məktəbin, II yeri Oğuz şəhər 3 nömrəli tam orta məktəb-liseyin, III yeri Qax şəhər 2 saylı məktəb-liseyin komandaları tutub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qaliblərə diplomlar təqdim olunub. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Təhsil naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransında iştirak edir

Təhsil naziri Ceyhun Bayramov 7 dekabr tarixində Vyana şəhərində keçirilən “Daha güclü cəmiyyət üçün daha güclü iqtisadiyyat – davamlı inkişaf üçün insan resurslarına investisiya” adlı Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransda iştirak edir. Konfransdan öncə təhsil naziri Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı cənab Yohannes Han və Avstriyanın Xarici işlər, Avropa və İnteqrasiya məsələləri üzrə federal naziri xanım Karin Kneissl ilə görüşüb. Görüş zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində mövcud alətlərdən Şərq Tərəfdaşlığına üzv ölkələrdə təhsilin inkişafı naminə istifadə imkanları müzakirə edilib. Ceyhun Bayramov Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda təhsil sahəsində layihələrin həyata keçirildiyini vurğulayıb. Nazir görüş iştirakçılarına “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında ətraflı məlumat verib. Təhsil naziri daha sonra Avropa Komissiyasının təhsil, gənclər, idman və mədəniyyət üzrə baş direktor müavini xanım Vivian Hofmanla görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşlərdən sonra Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə yüksək səviyyəli illik konfransa qatılıb. Panel müzakirələri zamanı çıxış edən təhsil naziri Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. Daha sonra nazir  təhsildə əldə edilən bilik və bacarıqların əmək bazarına uyğunluğunun vacibliyini vurğulayıb. Müasir zamanda informasiya texnologiyalarının sürətli inkişafı bilik və bacarıqların mütəmadi yenilənməsini tələb edir. Buna nail olmaq üçün bütün maraqlı tərəflər qarşılıqlı şəkildə əməkdaşlıq etməlidirlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı