SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil nazirinin müavini Firudin Qurbanov YUNESKO-nun Qlobal Təhsil İclasında iştirak edib
Təhsil nazirinin müavini Firudin Qurbanov YUNESKO və Belçika hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Qlobal Təhsil İclasında iştirak etmək məqsədi ilə Belçika Krallığının Brüssel şəhərinə səfər edib. 3-5 dekabr tarixlərində keçirilən Qlobal Təhsil İclasında BMT, YUNESKO, Avropa İttifaqının məsul şəxsləri, YUNESKO-ya üzv dövlətlərin təhsil nazirləri, nazir müavinləri, BMT agentlikləri, beynəlxalq və regional təşkilatların, özəl sektorun nümayəndələri də daxil olmaqla 300-dən çox rəhbər şəxs iştirak edib. Qlobal Təhsil İclasının rəhbər şəxslər üçün olan bölməsinin açılış mərasimində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə BMT-nin xüsusi nümayəndəsi, Belçika kraliçası xanım Mathilde, YUNESKO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Giannini, BMT-nin Baş direktorunun müavini Amina Mohammed, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) direktoru İnqa Rhonda Kinq, təhsil, mədəniyyət, gənclər və idman üzrə Avropa komissarı Tibor Navraksis çıxış edib. Nazirlərin görüşünün ikinci “dəyirmi masa”sında çıxış edən Firudin Qurbanov ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri - hədəf 4 üzrə görülmüş işlər və gələcək perspektivlərə dair iştirakçılara məlumat verib. Firudin Qurbanov “Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi”nin (hədəf 4) Azərbaycan Prezidentinin 2013-cü ilin 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bir çox sahələrdə uyğunluq təşkil etdiyini diqqətə çatdırıb və strategiyada göstərilən islahatların aparılması sayəsində bir çox sahələrdə yüksək nəticələr əldə olunduğuna dair ətraflı məlumat verib. Firudin Qurbanov həmçinin ümumi təhsilin yeni standartlarının hazırlanması, təhsildə gender bərabərliyinin təmin edilməsi və inklüziv təhsil sahəsində görülən işlər barədə danışıb və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edildiyini vurğulayıb. Nazir müavini torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq, Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırmasını, son dövrlərdə məcburi köçkün uşaqların təhsil hüquqlarını təmin etmək məqsədi ilə onlar üçün yüzlərlə məktəb tikildiyini bildirib. Firudin Qurbanov ölkədə məktəblərin 70 faizdən çoxunun yenidən tikildiyini və ya əsaslı təmir olunduğunu da görüş iştirakçılarının diqqətinə çatdırıb. Tədbirin sonunda Dayanıqlı İnkişaf Məqsədləri - hədəf 4 üzrə “Əldə olunmuş nəticələr”ə dair tövsiyə xarakterli yekun bəyanat qəbul edilib.
07/12/2018 17:07
Təhsil sisteminə innovasiyalar gətirəcək mühüm qərar
Xaricdə təhsil alan gənclər yeni Dövlət Proqramı haqqında Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ölkəmizin təhsil ictimaiyyətində maraqla qarşılanıb. Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu sənəd dünyanın nüfuzlu universitetlərində təhsil alan və məzun olaraq hazırda əmək fəaliyyəti ilə məşğul olan gənclərimiz tərəfindən də maraqla qarşılanmaqdadır. “Azərbaycan müəllimi” qəzetinə fikirlərini bölüşən gənclər yeni Dövlət Proqramının qəbulunu ölkəmizin elmi potensialının inkişafına mühüm töhfə kimi qiymətləndirirlər. “Proqram ölkəmizin təhsil sisteminə müsbət təsirini göstərəcək” Ümid MEHDİYEV, Liverpul Universitetinin məzunu, ADPU-nun prorektoru: - Məlumdur ki, müasir dövrdə təhsil öz strateji əhəmiyyətinə görə dünyanın yeni inkişaf trendlərini, tərəqqinin konseptual əsaslarını, cəmiyyətin hərtərəfli inkişafını şərtləndirir. Qloballaşan dünyada dinamik inkişaf edən təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq rəqabətliliyini təmin edən və gücləndirən həlledici faktorlardan biri kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, bu proqramın həyata keçirilməsi gənclərə həm işlə təmin olunmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə imkanlar yaradacaq. İkili diplomlar ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin rəqabət qabiliyyətinin artırılması, ali təhsil müəssisələrinin Avropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətin təmin olunması, universitetlərdə infrastrukturun və idarəetmənin daha səmərəli qurulması, Bolonya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə yüksək ixtisaslı milli kadrların hazırlanması baxımından da çox faydalı olacaq. Dövlət Proqramında əksini tapmış strateji vəzifələr universitetlərimizin ikili diplom və doktorantura proqramları çərçivəsində dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığına təkan verəcək. Proqramın əhatə dairəsinin genişlənməsi, beynəlxalq təcrübənin öyrənilməsi gənclərin təhsilinə, onların zəruri bilik və səriştələr əldə etməsinə töhfə verəcək. Proqram doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqinə, məzunların işlə təmin olunmasına imkan yaradacaq. Həmçinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq. Proqramda nəzərdə tutulmuş hədəflərə nail olunması gələcəkdə ölkəmizin təhsil sisteminə müsbət təsirini göstərəcək. “Proqram təhsilin inkişafında gənclərin rolunun artırılmasına yönəlib” İnqilab ŞAHBAZOV, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu: - Dövlət Proqramının qəbul olunmasında qarşıya qoyulan əsas hədəf bundan ibarətdir ki, vətəndaşlarımız, bütövlükdə Azərbaycan gəncliyi elm və təhsilin inkişafında xarici təcrübədən faydalansınlar. Biz bunu ikili diplom və doktorantura təhsil proqramları, xaricdə təhsilin maliyyələşdirilməsi, xarici universitetlərlə əməkdaşlıq, nüfuzlu ali məktəblərin alimləri ilə birgə fəaliyyətin dəstəklənməsində görürük. Bu sərəncam həm də elm və təhsilin inkişafında xüsusən də gənclərin rolunun artırılmasına yönəlib. Burada diqqəti doktorantura təhsilinə cəlb etmək istəyirəm. Əvvəlki xarici təhsil proqramında əsas diqqət bakalavr və magistratura təhsilinin maliyyələşdirilməsinə ayrılırdısa, növbəti proqramda doktorantura təhsilinə ciddi üstünlük verilir. Bu da onu göstərir ki, dövlət sırf elm sahəsində ixtisaslaşan insanların yetişdirilməsində və onların işlə təmin olunmasında olduqca maraqlıdır. Bundan əlavə, proqramda xarici alimlərlə əməkdaşlıq nəzərdə tutulur, bu isə xarici təcrübənin öyrənilməsi, xarici təcrübə və biliyin Azərbaycana axını baxımından olduqca vacibdir. Qloballaşan dünyada mütləq şəkildə alimlərin birgə işləməsi elmin və ölkələrin inkişafına xidmət edir. Proqram çərçivəsində ölkəmizdə xüsusi qıtlıq hiss olunan elm sahələri - sosiologiya, mühəndisliyin bir sıra qolları, aviasiya və s. üzrə doktorantların yetişdirilməsi və onların işlə təmin olunması məsələsi də həllini tapacaq. Təcrübəyə baxsaq, doktorantlar əsasən akademik mühitdə fəaliyyət göstərir, təlim və tədrislə məşğul olur. Hesab edirəm ki, sərəncam vasitəsi ilə pedaqoji heyətin cavanlaşması, yeni müəllimlərin yetişdirilməsi, yeni biliklərin tələbələrə çatdırılması təmin olunacaq ki, bu da çox mühüm vəzifədir. Çünki məhz doktorantura təhsili bu hədəflərə çatmaqda kömək edir. Doktorantura vasitəsi ilə boşluq olan sahələrdə mütəxəssislərin hazırlanması təmin olunacaq. Doktorantlara ayrılan dəstək eyni zamanda ölkədə elmi tədqiqatların inkişafında mütləq rol oynayacaq, gənclərin elmə marağını artıracaq, onlar tədqiqatların aparılmasında maraqlı olacaq və beləliklə, araşdırılmamış mövzular araşdırılacaq. Doktorantlar lazım gəldikdə müvafiq sahələrdə məsləhət xidmətləri də göstərə biləcək. Xarici təcrübədə biz bunların bir çoxuna əmin ola bilərik. Doktoranturada təhsil alanlar oxuduqları müddətdə və ya məzun olduqdan sonra bu işlərlə məşğul olurlar. “Dəyişiklikləri böyük bir qürur hissi ilə izləyirəm” Mədinə QULİYEVA, London Universitet Kollecinin doktorantı: - London Universitet Kollecində (UCL) və Böyük Britaniyanın digər aparıcı universitetlərində doktorantlar tədqiqat aparmaqla yanaşı, Ali Təhsil Akademiyası (Higher Education Academy) tərəfindən müəyyənləşdirilmiş mühüm peşəkar dəyərləri də öyrənirlər. Britaniya ali təhsilinin əsas dəyərlərini bilməklə mən həmişə bu ölkənin təhsil sistemini doğma təhsil sistemimiz ilə müqayisə edirəm. Azərbaycan təhsil sistemindəki təkmilləşdirmələri və dəyişiklikləri böyük bir qürur hissi ilə izləyirəm. İldən-ilə bu inkişaf daha aydın görünür. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın bu müsbət dəyişiklikləri və proqram çərçivəsində ikili diplom proqramlarının təsis olunması və icrası milli təhsildə aparıcı təhsil sistemlərinin inteqrasiyasını sürətləndirəcəyinə ümid edirəm. İnanıram ki, xarici ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə tədris proqramlarının hazırlanması təcrübəsindən yararlanmaq, xarici professor-müəllim heyətinin kurikulumun yeniləşdirilməsində iştirakı, əlavə olaraq elmi-tədqiqat strukturlarının yaradılması və aparıcı mütəxəssisləri və istedadlı tələbələri bir araya gətirmək üçün elmi-tədqiqat proqramlarının hazırlanması Azərbaycan Respublikasının ali təhsil mütəxəssislərinin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsini asanlaşdıracaq və dünya reytinqində irəliləməsini təmin edəcəkdir. İnanıram ki, Azərbaycan təhsil sistemində tədqiqatlı təhsilin inteqrasiyası müsbət dəyişikliklərə səbəb olacaq. Hesab edirəm ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları olaraq xarici professorların və müəllimlərin cəlb olunmasına, xarici və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqənin genişləndirilməsinə kömək edə bilərik. Doktorantura səviyyəsində xaricdə təhsilin maliyyələşdirilməsi və Təhsil Nazirliyinin süni intellekt istiqamətində müraciətlərə müsbət yanaşacaqlarını bildirməsi sevindirici bir haldır. Süni intellekt səhiyyə, maliyyə, hüquq və neft-qaz sektoru daxil olmaqla bir çox sahəyə böyük təsir göstərir. Bu istiqamətdə milli kadrların təhsili prioritet sahələrdə yeni metodların tətbiqinə təkan verəcək. “Ali təhsil müəssisələrinə gətiriləcək innovativ investisiya” Aysel MUSAYEVA, Ankara Universitetinin və London Diplomatiya Akademiyasının məzunu: - Dövlət Proqramı Azərbaycan təhsil sisteminə innovasiyalar gətirəcək mühüm bir qərardır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə xaricdə təhsil alaraq ölkəmizə qayıdan gənclərimizə, universitetlərə qoyulan bu investisiya artıq yeni bir mərhələdə birbaşa ali təhsil müəssisələrinə gətiriləcək innovativ bir investisiyaya çevrilməkdədir. 2007-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə etməsi ilə ölkəmizin kadr siyasətində güclü və potensiallı dəyişikliklər müşahidə olundu. Bu proqram hazırda qəbul olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə həyata keçiriləcək tədbirlər üçün sağlam zəmin yaradıb. Əvvəlki Proqramın nəticəsi olaraq, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin nüfuzlu dünya universitetləri ilə ikili diplom proqramlarının sayının artırılması hədəfi son illərdə müsbət hal kimi qarşılanıb. Çünki Azərbaycan gəncləri nüfuzlu universitetlərdə təhsil alan digər gənclər ilə eyni səviyyəli mütəxəssislər kimi formalaşacaqlar. Proqram çərçivəsində qabaqcıl universitetlərdə təhsil alacaq gənclər akademik kadr potensialının, tədris proqramlarının və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəklər. Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi üzrə verilən bu qərar gənclərin gələcəyinə dair yüksək ümidlər vəd edir. Doktorantura səviyyəsi üzrə universitetlərdə akademik heyətin ixtisasca təkmilləşdirilməsi peşəkar mütəxəssislərin yetişdirilməsini təmin edəcək. Doktorantların elm sahəsində ixtiraları, beynəlxalq indeksli jurnallarda məqalələrinin çap olunması, beynəlxalq konfranslarda azərbaycanlı gənclərin iştirakı, qabaqcıl universitetlərdə mühazirə oxuması bu dövlət proqramının uğurlu nəticəsi olacaq. Azərbaycanlı doktorantların nüfuzlu universitetlərdə təhsil alması, birgə tədqiqatların aparılması, birgə kitab və məqalələrin hazırlanması, dünya miqyasında inkişaf edən sahələrdə Azərbaycanın dünyada daha da tanınması üçün müsbət rol oynayacaq. Bütün dünyada aktual mövzu olan təhsilin keyfiyyətinin dövlət səviyyəsində innovativ proqramlarla dəstəklənməsi nəzarətin, nəticələrin və uğurların müşahidə olunmasında mühüm əhəmiyyət daşıyacaq. Azərbaycan gənclərinin beynəlxalq səviyyədə həm ikili diplom, həm də doktorantura sahəsində dövlət səviyyəsində dəstəklənməsi müsbət bir hal kimi uğurların əldə edilməsində üstünlük təşkil edəcək. “Proqramın Azərbaycan gəncliyinə böyük töhfələr verəcəyi şübhəsizdir” Səncər ƏHMƏDOV, Kolumbiya Universitetinin doktorantı: - Bu proqramın Azərbaycan gəncliyi və elmi üçün böyük töhfələr verəcəyi şübhəsizdir. Həm gənclərimizin xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi, həm də ikili diplom layihəsinin əhatəliliyinin genişləndirilməsi müasir Azərbaycan elminin, təhsilinin daha da güclənməsinə, inkişafına və dərinləşməsinə yol açacağına inanıram. Xüsusən, kompüter elmlərinin bu proqram tərəfindən əhatə olunan əsas sahələrdən biri kimi diqqətə alınması məni çox sevindirdi. Çünki bu istiqamət çağdaş dünya elminin ən aktual sahələrindən biridir. Ölkəmizdə bu sahədə xeyli istedadlı və peşəkar gənclərin olduğunu düşünürəm. Proqram gənclərin dünyanın aparıcı təhsil ocaqlarında təhsil almalarına və tədqiqat aparmalarına şərait yaradacaq, gənclərimizin təkmilləşməsində, öz sahələrində dünya səviyyəli yaxşı mütəxəssis olmalarında çox böyük rol oynayacaq. Düşünürəm ki, xaricdə bu bilik və bacarıqlara yiyələnən gənclərimiz gələcəkdə nəinki Azərbaycan, hətta dünya elminə töhfələr verməyə qadirdirlər. Bu proqramda iştirak edən hər kəsə uğurlar diləyirəm. “Proqram elmimiz üçün geniş imkanlar açır” Olesya RAZUVAYEVSKAYA, Kembric Universitetinin doktorantı: - Dövlət Proqramında tədqiqatçı doktorantların təhsilinin maliyyələşdirilməsi gənclərimiz və elmimiz üçün geniş imkanlar açır. Bu, çox mühüm məsələdir. Doktorantura səviyyəsində araşdırılan mövzular çox spesifik olduğundan, dünyada bu mövzularla bağlı araşdırma aparan tədqiqat mərkəzlərinin sayı çox azdır. Bu səbəbdən hətta bir çox tədqiqat mərkəzləri və universitetləri olan böyük ölkələrdə belə öz maraqlarına uyğun olan tədqiqat qrupunu və elmi rəhbəri tapmaq çətin ola bilər. Bundan başqa, təbiət elmləri kimi sahələrdə qabaqcıl araşdırma aparmaq üçün innovativ avadanlığa və maliyyəyə ehtiyac var. Bu baxımdan, gənclərimizin doktorantura kimi yuxarı pillələrdə xaricdə təhsilinin maliyyələşdirilməsi, ölkəmizdə yalnız giriş səviyyəsində öyrədilən innovativ sahələr üçün çox faydalı ola bilər. Akademiya üçün zəruri olan başqa cəhətlərdən biri isə əməkdaşlıqdır, xüsusilə disiplinlərarası sahələr üçün. Bu səbəbdən, ikili diplom layihəsi xaricdəki universitetlərlə tədqiqat əməkdaşlığının qurulmasına və potensial olaraq elm mütəxəssislərimizin öz sahələrində ən qabaqcıl yerlərdə nəşrlərinə imkan verəcək. “Azərbaycan dünya elminə sürətlə inteqrasiya edəcək” Eltac ABBASOV, Antverp Menecment Məktəbinin məzunu: - Öncə onu vurğulamaq istərdim ki, cənab Prezident tərəfindən qəbul olunmuş bu sərəncam çox böyük əhəmiyyətə malikdir. Bu sərəncam “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məntiqi davamıdır. Əvvəlki proqram təhsilin bütün pillələrini nəzərə aldığından bu addımı gənclərin elm, bilik öyrənmə mərhələsi kimi xarakterizə edərdim. Lakin yeni qəbul olunmuş proqram özündə təhsilin ən yüksək pilləsini ehtiva etdiyindən və spesifik hədəf kütləsinə istiqamətləndiyindən mən bunu elm istehsalına yönəlik siyasət kimi şərh edərdim. Əminəm ki, öyrənmə mərhələsindən istehsal mərhələsinə keçid dövlətimiz və millətimiz üçün çox mütərəqqi nəticələr verəcək. Yerli gənc mütəxəssislərdən ibarət yüksək təhsilli akademik elitanın formalaşması və xarici mütəxəssislərlə əməkdaşlıq universitetlərimizin elmi potensialını artıracaq. Sonralar bu tendensiyanın əmək bazarına sirayət etməsi innovativ Azərbaycan məhsullarının istehsalına, iqtisadiyyatın elm və texnologiya tutumlu sferasının inkişafına gətirib çıxaracaq. Mən inanıram ki, bu addım sayəsində Azərbaycan dünya elminə sürətlə inteqrasiya edəcək və iqtisadi əhəmiyyətli yerini tutacaq. “Azərbyacan müəllimi” qəzeti
07/12/2018 12:07
Peşəyönümü işinin təşkili ilə bağlı yeni layihə
Lənkəran Peşə Liseyi “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” ilə bağlı yeni layihəyə start verib. Layihə çərçivəsində ilk tədbir V.Əliyev adına Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə sərgi –seminar formatında təşkil olunub. Tədbirdə ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, gənclər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi vurğulanıb. Tədbir çərçivəsində təşkil olunan sərgidə Lənkəran Peşə Liseyinin tələbələrinin əl işləri nümayiş olunub, peşə təhsili və təlimi ilə bağlı şagirdlərə və valideynlərə ətraflı məlumat verilib. Həmçinin şagirdlər istehsalat prosesində iştirak ediblər. Sərgi-seminar zamanı Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan mini futbol qapıları məktəb-liseyin ibtidai siniflərinə hədiyyə olunub. Peşəyönümü işinin təşkili çərçivəsində növbəti tədbirlər ölkənin digər ümumtəhsil müəssisələrində davam etdiriləcək.
07/12/2018 10:56
Kəmiyyətdən keyfiyyətə
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsi başlayır Qloballaşma dövrünün mühüm trendlərindən biri elmi biliklərin təhsil sistemində rolunun artması, innovasiya əsaslı təlim texnologiyalarının ali təhsil müəssisələrində tətbiqinin genişlənməsi və universitetlərin elmi-tədqiqat statusunun möhkəmlənməsi ilə müşayiət olunmasıdır. Dekabrın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinin başlanmasının rəsmiləşdirilməsi və elmi fəaliyyətinə görə fərqlənən alimlərin mükafatlandırılması mərasimində səsləndirilən fikirlər Azərbaycan təhsilində intellektual potensialın, elmi biliklərin inkişafına, elmlə-təhsilin inteqrasiyasına göstərilən yüksək diqqətdən xəbər verirdi. Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, elmin inkişafında təhsil və innovasiyaların nə qədər əhəmiyyəti varsa, innovasiyaların inkişafında da elm və təhsilin bir o qədər əhəmiyyəti mövcuddur. Bu isə onu deməyə əsas verir ki, bilik iqtisadiyyatı və informasiya cəmiyyəti dövründə hərtərəfli uğur modeli təhsil, elm və innovasiyaların vəhdətini təşkil edən alqoritmlərin düzgün istifadəsindən asılıdır. Bu baxımdan, təcrübə onu göstərir ki, dünya səviyyəsində belə bir əməkdaşlığın təşkil olunduğu ən uyğun məkanlar məhz universitetlər hesab olunur. “Biz dünya təcrübəsinə nəzər salsaq, görərik ki, Harvard, MİT, Stanford, Oksford, Kembric və bu kimi digər universitetlər bu vəhdəti çox yüksək səviyyədə təşkil etməklə nəhəng nailiyyətlər əldə edib, dünyada elm mərkəzlərinə çevriliblər”, - deyə C.Bayramov bildirib. Nazir əlavə edib ki, eyni zamanda elmi fəaliyyətin səmərəli təşkilinin real iqtisadiyyatın tələbatlarına uyğun həyata keçirilməsi bu təhsil müəssisələrini dünyada innovasiya istehsalçılarına və innovasiya ixracatçılarına çevirib. Bundan əlavə, innovasiyaların səmərəli istifadəçilərinin, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ali təhsil müəssisələrinin məzmununun daim təkmilləşdirilməsini zəruri edir. 3 illik fəaliyyət dövrünün müsbət nəticələri Nazir ali təhsilin inkişafı trendlərindən, universitetlərin inkişafında elmi fəaliyyətin rolundan danışarkən, xüsusu olaraq, 16 noyabr 2018-ci il tarixində ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “2019 -2023 -cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın xüsusu əhəmiyyət daşıdığını qeyd edib. Nazir bildirib ki, müasir dövrün trendləri nəzərə alınaraq, elmi fəaliyyətin stimullaşdırılması, innovasiyaların təlim-tədris metodologiyalarından istifadə olunaraq ikili diplom proqramlarının təsis edilməsi, qabaqcıl beynəlxalq professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsi, gənc alimlərin dünyanın aparıcı ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi və digər çox konkret hədəfləri müəyyən edən Dövlət Proqramı, tam əminliklə demək olar ki, digər komponentlərlə yanaşı, o cümlədən Azərbaycanın ali təhsil sistemində elmi fəaliyyətin inkişaf etdirilməsinə və stimullaşdırılmasına müstəsna xidmət edəcək: “Azərbaycan ali təhsil müəssisələrində elmi fəaliyyətin keyfiyyətcə yeni bir mərhələyə çıxarılması, onun inkişafına təkan verilməsi baxımından, hesab edirəm ki, 2015-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında Azərbaycan ali təhsil müəssisələrinin dünyanın ən böyük elmi məlumat platformasına çıxışının təmin olunmasına dair 2015-2018 -ci illər üzrə birgə əməkdaşlığı özündə ehtiva edən müqavilənin imzalanması da xüsusi yer tutur”. Bu müqavilə nəticəsində Azərbaycanın 40 ali təhsil müəssisəsi dünyanın aparıcı jurnallarının, yüksək impakt faktorlu jurnalların elmi bazalarına, konfrans materiallarına, monoqrafiyalara çıxış əldə edib: “Eyni zamanda ali məktəblərimizin professor-müəllim heyəti, o cümlədən təhsilalanlar üçün çoxsaylı seminarlar, treninqlər keçirilib. “Tədqiqat üsulları” adlı fənn hazırlanaraq universitetlərimizin magistratura pilləsində tətbiqinə başlanıb və bu 3 illik fəaliyyət dövründə həyata keçirilmiş işlərin artıq ilkin müsbət nəticələrini müşahidə edirik. Belə ki, bu müddət ərzində Azərbaycanda yüksək impakt faktorlu jurnallarda alimlərimizin dərc olunmuş məqalələrinin sayı 75 faiz artıb. Sırf ali təhsil müəssisələrindən danışırıqsa, bu artım dinamikası daha yüksək olub. Burada 88 faizlik bir fərq var, demək olar ki, rəqəmlər 2 dəfə artıb”. Publikasiya fəallığında tarixi göstərici “Clarivate Analytics”in 2017-ci il üçün təqdim etdiyi rəqəmlərə istinad edən nazir qeyd edib ki, Azərbaycan alimlərinin dünyanın yüksək impakt faktorlu jurnallarında dərc olunmuş məqalələrinin sayı 1160 olub ki, bu da müstəqillik dövründə maksimum göstəricidir. Azərbaycan inkişaf dinamikası və tempinə görə regionda birinci yeri qazanıb. Bundan əlavə, 2015-ci ildə Azərbaycanın beynəlxalq reytinqlərdə indeksləşən jurnallarının sayı 2 idisə, bu gün onların sayı 7-yə çatıb. “Bütün bu söylənənləri nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilib ki, “Clarivate Analytics” şirkəri ilə bu əməkadaşlıq növbəti 3 il ərzində də davam etdirilsin. Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında imzalanacaq növbəti müqavilə 2019-2021-ci illəri əhatə edəcək”, - deyə nazir bildirib. Kəmiyyətdən keyfiyyətə Son 3 ilin müsbət tendensiyalarını nəzərə alan Təhsil Nazirliyi növbəti əməkdaşlıq mərhələsində “Clarivate Analytics” şirkəti ilə elmi nəşrlərin keyfiyyətini də diqqətdə saxlayacaq. Bu barədə nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlər maraq cəlb edib: “Biz birinci mərhələdə daha çox maarifləndirici, daha çox imkanların təqdim olunması, bizim gənc alimlərin, tədqiqatçıların bu işdə daha fəal iştirakının təmin edilməsi və əsasən kəmiyyət göstəriciləri barədə danışırdıqsa, düşünürük ki, növbəti pillədə daha çox keyfiyyət göstəricilərinə diqqət yetirməliyik”. Sadəcə olaraq, dərc olunan məqalələrin sayından deyil, onlara istinad indekslərindən analiz edilməli, bizim alimlərin xarici ölkələrin alimləri ilə birgə fəaliyyətinin nəticələri təhlil olunmalıdır. Eyni zamanda, yeni imzalanan müqavilə digər dillərdə olan region ölkələrinin də aparıcı bazalarına daxil olma imkanlarını özündə ehtiva edir. Azərbaycan hər bir təhsil müəssisəsinin fəaliyyətinin analitik təhlilini aparmağı nəzərdə tutan InCites platformasına çıxış imkanlarına da sahib olur. Nazir əmin olduğunu bildirib ki, bu əməkdaşlıq nəticəsində biz növbəti illərdə də artıq müşahidə edilən müsbət dinamikanın davamını müşahidə edəcəyik. Elmin nəticələri o vaxt əhəmiyyətli olur ki... Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, alimlərimzin “Clarivate Analytics”in elmi bazasına çıxış əldə etməsi və bunun nətisəcində uğur qazanması bu əməkdaşlığın davam etdirilməsini zəruri edir. “Ölkədə elmlə təhsilin inkişafı üçün bütün zəruri şərait yaradılıb, kadr hazırlığına yüksək diqqət yetirilir və bu da öz bəhrəsini elmi məhsulda göstərməlidir. Bu elmi məhsulun özünün ərsəyə gəlməsi isə işin yarısıdır. Növbəti mərhələdə hədəf bu elmi məhsulların nüfuzlu jurnallarda nəşr olunması və onlara istinadların verilməsi, bunun da sayəsində beynəlxalq əməkdaşlığın qurulmasıdır. Elmin nəticələri o vaxt əhəmiyyətli olur ki, ölkəyə müasir dövrün tələbi olan innovasiyalar gətirsin və müxtəlif ölkələrdə olan alimlərlə əməkdaşlıq yüksək səviyyədə həyata keçirilsin”. O, mühüm vəzifələrdən danışarkən müəlliflik hüququnun qorunması, plagiat, “yırtıcı jurnal”ların fəaliyyətinin qarşısının alınmasını qeyd edib: “Biz çox sevinirik ki, bir neçə qurum bu məsələdə çox fəal surətdə öz töhfəsini verməkdədir. Eyni zamanda “Clarivate Analytics”in davamlı seminarlarını qeyd edə bilərik. Bundan başqa, Ali Attestasiya Komissiyasında son günlərdə başlamış yeni struktur islahatları, AMEA-nın özündə aparılan islahatlar, Təhsil Nazirliyi strukturlarında olan yüksək inkişaf dinamikası bizə ümid verir ki, gələcəkdə bu cür problemlərdən azad olacağıq”. Onun sözlərinə görə, Təhsil Nazirliyi hələ 2013-cü ildə “Thomson Reuters” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalamaqla qətiyyətli addımlar atdı. “Çoxları bəlkə də bu əməkdaşlığın bəhrə verməsinə şübhə ilə yanaşırdı. Bəhrə isə göz qabağındadır. Baxmayaraq ki, ilkin mərhələdə kəmiyyətə diqqət yönəldi, qarşıdakı illərdə bu, özünü keyfiyyətdə də göstərəcək. Əslində, Təhsil Nazirliyinin bu addımı hamımız üçün örnək olmalıdır”. Elçin Babayev Azərbaycanda nəşr olunan impakt faktorlu jurnalların sayının 2 dəfə arta biləcəyinin mümkünlüyünü və bu istiqamətdə müəyyən təlimlərin nəzərdə tutulduğunu deyib. “Yaxşı məlumat yaxşı innovasiyalara böyük bir cığır açır” “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss qeyd edib ki, Azərbaycanın 40 ali təhsil müəssisəsinin beynəlxalq elmi bazalara çıxışı təqdir olunmalıdır. Beynəlxalq bazalara çıxışın olması bizim doğru yolda olmağımıza dəlalət edir. Onun sözlərinə görə, müasir çağırışlara adekvat olaraq əsas diqqətimizi elmə, innovasiyalara yönəltməliyik. Bizim məlumatlara, verilənlərə böyük ehtiyacımız var. Biz kifayət qədər məlumat bolluğu içində yaşayırıq. Məlumatların doğru idarə edilməsi və bu işlə məşğul olan tədqiqatçıların bu sahəyə, bu məlumatlara çıxışı, üzləşdiyi bir sıra problemlərin həlli istiqamətində doğru-düzgün məlumatların seçilməsi çox vacibdir. Elə bu zərurətdən də “Clarivate Analytics” meydana çıxır: “Biz inanırıq ki, qlobal səviyyədə bizim bu günə kimi əldə etdiyimiz təcrübə və bilik, Azərbaycanın da zəngin elmi potensialının üfüqlərinin genişləndirilməsində, eləcə də Azərbaycan alimlərinin də elmi cameəyə qoşulması və onların ərsəyə gətirdiyi məhsulun, elmi işlərin beynəlxalq səviyyədə nəşrlərdə dərc olunmasına və tanınmasına rəvac verəcək. Yaxşı məlumat yaxşı innovasiyalara böyük bir cığır açır”. “Publikasiya aktivliyi elm və təhsilin inkişafını göstərir” Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyevin sözlərinə görə, dünyanın dinamik inkişafda olduğu heç kimdə şübhə oyatmır. Ancaq bu inkişafda Azərbaycanın yer alması çox sevindiricidir. Publikasiya aktivliyinə görə Azərbaycanın regionda birinci yeri tutması sevindiricidir. Bu, Azərbaycan elm və təhsilinin böyük uğurlarını göstərir. Elmi nəşrlərin qiymətini vermək, statistikasını aparmaq baxımından “Clarivate Analytics”in rolu böyükdür. Lakin elmi jurnalların səviyyəsi onların sayı ilə tərs mütənasibdir. Jurnalların sayı artdıqca orda hər cür işləri çap etdirmək mümkün olur. Bu, yalançı elmə, plagiata da yol açır. Ona görə də məhz nüfuzlu jurnalların olması, onların qiymətləndirilməsi və onlarda məqalələrin çap olunması, əlbəttə ki, elmi fəaliyyətin əsas növlərindən biri hesab olunur. Azərbaycanda çap olunan 1160 məqalədən təxminən 600-dən yuxarısı, daha dəqiqi 607-si AMEA-nın təşkilatlarının payına düşür. Ancaq ali təhsil sistemində bu rəqəm getdikcə sürətlə artır. Bu da elmlə təhsil arasında inteqrasiyaya xidmət edir. Alimlərin çap etdirdiyi məqalələrin 25 faizi beynəlxalq əməkdaşlıq çərçivəsində, yəni xarici alimlərlə birgə çap olunur. Bunu isə təbii ki, artırmaq lazımdır, çünki beynəlxalq əməkdaşlıq olmadan nə elmdə, nə innovasiyalarda sıçrayışlı inkişafa nail olmaq çətin məsələdir. Bu baxımdan “Clarivate Analytics”in ölkədə seminarlar keçirməsi, qiymətləndirmələr aparması bu işlərin gələcək inkişafı üçün gözəl stimul yaradır. Tədbirdə “Clarivate Analytics” şirkətinin Rusiya və MDB üzrə icraçı direktoru Oleq Utkinin “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimatı keçirilib. Sonra Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışının təmin olunmasını nəzərdə tutur. Daha sonra “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib. Son illərdə nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, publikasiya sayında ən yüksək nəticə göstərdiyinə görə Bakı Dövlət Universiteti, eləcə də ən məhsuldar regional universitet kimi Gəncə Dövlət Universiteti “Web of Science Azerbaijan-2018” mükafatlarına layiq görülüblər. Mükafatlar eyni zamanda impakt faktorlu jurnallarda yüksək publikasiya aktivliyi nümayiş etdirmiş ali məktəb alimlərinə, elmi tədqiqat institutlarının əməkdaşları və “Web of Science” elmi bazasında təmsil olunan jurnalların redaksiya heyətlərinə də təqdim olunub. “Azərbaycan müəllimi” qəzeti
07/12/2018 10:18
Koreyada təqaüd təlimində iştirak
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzində çalışacaq mütəxəssislər bu ölkədə təşkil olunan təqaüd təlimində iştirak edirlər. Təqaüd proqramının məqsədi Koreyanın peşə təlimi və mərkəzlərin idarəolunması strategiyası ilə bağlı yeni metodlar, tədris metodologiyaları, dərsliklər və dərs vəsaitlərinin hazırlanması barədə məlumat almaqdır. Təlimlər Chung-Nam Milli Universitetində və Koreyanın böyük sənaye müəssisələrində təşkil olunur.Təlim zamanı iştirakçılara Koreyada peşə təlimi və iqtisadi inkişaf arasında əlaqə, peşə təlimi sisteminin inkişafı, peşə təhsili müəssisələrinin idarə olunması, kvalifikasiya sınağının həyata keçirilməsi, milli sertifikatların tətbiq edilməsi, Milli Kompetensiya Standartları və onların inkişafı barədə məlumat verilib, mövzular ətrafında geniş müzakirələr aparılır. Mütəxəssislər həmçinin texnoloji təcrübədə iştirak edirlər. Təlimin sonunda iştirakçılar Chung-Nam Milli Universitetinin sertifikatını əldə edəcəklər. Təlim proqramı fevralın 22-dək davam edəcək.
06/12/2018 15:51
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılıb
Dekabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilir. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir. Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 700-dən artıq namizəd iştirak edəcək. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
05/12/2018 17:22
Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi yekunlaşıb
Məktəblər arasında idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsi yekunlaşıb. Ölkə üzrə 2397 ümumi təhsil müəssisəsinin qatıldığı yarışlarda 50 mindən artıq məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1442, voleybol üzrə 1303, atletika üzrə 2262 və şahmat üzrə 675 məktəb qoşulub. Rayondaxili mərhələnin nəticələrinə uyğun olaraq hər idman növü üzrə növbəti mərhələyə vəsiqə qazanan məktəblər müəyyən edilib. Dekabrın 5-dən voleybol və basketbol idman növləri üzrə zona yarışlarına start verilib. Məktəblər arasında respublika çempionatı cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.
05/12/2018 12:57
Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 14 dekabr 2018-ci il tarixində saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək. Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 5-11 dekabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
05/12/2018 12:07
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsi
Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, ali məktəblərin rektorları iştirak ediblər. Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atılır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın elmin inkişafına daha da təkan verəcəyini, ali təhsilin digər komponentləri ilə yanaşı, universitetlərin elmi fəaliyyətinin modernləşdirilməsi baxımından müstəsna rol oynayacağını vurğulayıb. 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişi imzalandığını xatırladan təhsil naziri qeyd edib ki, nəticədə Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib. “Clarivate Analytics” ilə əməkdaşlığın artıq müsbət nəticələr verdiyini deyən Ceyhun Bayramov diqqətə çatdırıb ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science®” elmi bazasında 2017-ci ildə 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science®” bazasında indeksləşdirmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb. Nazir “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qərar qəbul edildiyini bildirib. Həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının, ölkəmizin “Web of Science®” bazasında cari durumuna dair şirkət tərəfindən ildə iki dəfə əhatəli hesabatın hazırlanmasını təklif edib. Daha sonra çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkədə elm və təhsilin inkişafı üçün münbit şərait yaradıldığını, “Clarivate Analytics”lə əməkdaşlığın böyük səmərə verəcəyini qeyd edib. İcraçı direktor bildirib ki, elmi müəssisələr üçün müasir texnologiyalar alınır, kadr hazırlığına xüsusi önəm verilir, bunun sayəsində elmi nəticələr ildən-ilə yüksəlir. “Clarivate Analytics” şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss isə imzalanan müqavilənin əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib. İzabel Reiss həmçinin Azərbaycan alimlərinin onlar üçün yaradılan imkanlardan səmərəli istifadə edəcəyinə əminliyini bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanda əldə olunan elmi nəticələrin dünyada tanıdılmasının vacibliyindən danışıb. Tədbir “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimatla davam edib. Mərasimdə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışın təmin olunmasını nəzərdə tutur. Daha sonra “Web of Science Azerbaijan - 2018” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
05/12/2018 11:18
20 000-ə yaxın “Bir” tələbə-könüllü
Hər il 5 dekabr BMT Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkənin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəlsəfəsini aşılamaq üçün 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli proqramdır. 6 istiqamətdə fəaliyyət göstərən proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Proqram Azərbaycanda milli könüllü platformasını formalaşdıraraq 20 000-ə yaxın tələbə-könüllüdən ibarət vahid könüllü bazası yaradıb. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir. Proqramda tələbə-könüllülər üçün özünüinkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlim, kurs, seminar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Bunun sayəsində könüllülərin dil biliklərini inkişaf etdirilir, təcrübəsi artırılır və karyera imkanları genişləndirilir. Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarında ilk addımlarını atıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər. Proqram tərəfindən “Elektron könüllü portalı” yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Həmçinin bu sayt vasitəsilə tələbə-könüllü şəxsi hesabını yaradaraq şəxsi məlumatlarını hesabına yükləyə və bütün həyata keçirilən tədbirlərdən xəbərdar ola bilər. Minlərlə tələbə-könüllü 3 il ərzində 380 yerli və beynəlxalq səviyyəli tədbirin təşkilinə dəstək veriblər. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.
05/12/2018 10:46
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı