SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri
Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Tvinninq layihəsinin “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı dördüncü komponenti çərçivəsində Azərbaycana gələn ekspert qrupuna Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin milli təhsilin və tədqiqatın idarə edilməsi üzrə baş müfəttişi Mari-Odil Ott, Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktor müavini Aureliya Valeikiene və Latviyanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya şöbəsinin müdir müavini Yolanta Silka daxildir. Səfərin məqsədi ölkənin ali təhsil sistemi ilə bağlı qanunvericilik sənədlərinin nəzərdən keçirilməsi, həmin sənədlərin Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatları (ESG) ilə uyğunluğunun təmin edilməsi üçün tövsiyələrin verilməsidir. Missiya çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin, eləcə də Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları ilə görüşlər keçirilib, “Ali təhsilin dövlət standartı” adlı çərçivə sənədinin və akkreditasiya qaydalarının yeni layihələri müzakirə edilib. Missiyanın yekununda nəzərdən keçirilən qanunvericilik sənədlərinin Avropa təcrübəsinə uyğunlaşdırılması üzrə tövsiyələrin əks olunduğu hesabatın təqdim olunması gözlənilir. Qeyd edək ki, “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.
24/12/2018 15:24
“Gənc partizan Mixaylo” adlı hərbi vətənpərvərlik oyunu keçirilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Səmti Müəyyənetmə İdman Federasiyasının birgə təşkilatçılığı ilə məktəblilər arasında “Gənc partizan Mixaylo” adlı hərbi vətənpərvərlik oyunu keçirilib. Yarışın keçirilməsində məqsəd əfsanəvi azərbaycanlı partizan və kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı, rəssam Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması, məktəblilərin sağlamlığının, zehni inkişafının möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği, idman bacarıqlarının artırılmasıdır. Tədbir Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin sərəncamının icrası məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq keçirilib. Yarışdan əvvəl səmti müəyyənetmə üzrə Azərbaycan çempionu Süleyman Əliyev, taekvondo üzrə 3 qat Avropa çempionu Səbuhi İsmayılov, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə Mehdi Hüseynzadənin həyat və fəaliyyəti, vətənə xidməti və qəhrəmanlığı haqqında çıxış ediblər. Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində keçirilən hərbi vətənpərvərlik oyununda 150 məktəbli fərdi və komanda şəklində uzun və orta məsafə üzrə mübarizəyə qoşulub. Oyun üçün parkda axtarış nöqtələri ilə xüsusi xəritə hazırlanıb və elektron qeydlər aparılıb. Bu nöqtələrdə gənc rəssamlar molbert arxasında rəsm əsərlərini çəkərək Mehdi Hüseynzadənin son məktubunun hissələrini uşaqlara paylayıblar. Yarışın sonunda I, II, III yerlər üzrə qalib gələn məktəblilərə medal və diplomlar təqdim edilib, xatirə şəkili çəkilib.
24/12/2018 12:58
ADA Universitetində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir
ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tematik bal keçirilib. Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi (World Wide Diplomacy - WWD) tərəfindən təşkil olunan gecənin iştirakçıları Bakı Avropa Liseyinin və Müasir Təhsil Kompleksinin II-VI sinif şagirdləri olublar. Universitetin prorektoru Fariz İsmayılzadə iştirakçıları və qonaqları salamlayıb. Məktəblilər bayramda qədim dövrlərdən 1918-ci ilədək dünya diplomatiya tarixinə həsr olunmuş ədəbi-musiqili perfomans nümayiş etdiriblər. Tamaşada Misirin Amarna şəhərində tapılmış qədim diplomatiya arxivindən tutmuş Paris Sülh Konfransınadək sənədli materiallardan istifadə edilib. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış balın orijinal formatı, tarixi geyimlərdən istifadə olunması, pavana, menuet və digər orta əsr rəqsləri tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib. Tədbirdə əsas diqqət Paris Sülh Konfransının iştirakçılarına həsr edilmiş mini tamaşaya ayrılıb. Tamaşanın hazırlanmasında Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” sənədli filminin materiallarından istifadə edilib.
24/12/2018 12:07
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat
İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsil müstəsna əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, yeni məzmun və tədris texnologiyalarının tətbiqi baxımından ötən dövr ərzində bir sıra tədbirlər həyata keçirilib.
24/12/2018 09:42
"CanSat Azərbaycan 2019" müsabiqəsi elan edilib
Təhsil Nazirliyi və “Azərkosmos” ASC tərəfindən “CanSat Azərbaycan 2019” milli tələbə model peyk müsabiqəsi elan edilib. “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqənin keçirilməsi tələbələrin radiotexnika, mexanika, elektronika sahələri üzrə baza biliklərinin inkişafına, onlara kosmik sənayeyə asan çıxış imkanının verilməsinə xidmət edir. Müsabiqədə elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqədə qeydiyyatdan keçən komandalar bir tələbənin komanda kapitanı seçilməsi şərti ilə minimum 3, maksimum isə 6 nəfərdən ibarət ola bilər. Komanda üzvləri eyni təhsil müəssəsində təhsil almalıdır. Müsabiqədə iştirak etmək istəyən tələbələr http://cansat.az/registration keçidi vasitə ilə dekabrın 28-dək qeydiyyatdan keçməlidirlər. Müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos” ASC-də təşkil olunan təcrübə proqramında iştirak etmək, dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər Qaliblərə beynəlxalq “CanSat” müsabiqəsində iştirak edəcəkləri təqdirdə “Azərkosmos” tərəfindən texniki dəstək də göstəriləcək. Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az/ saytından əldə ermək mümkündür.
21/12/2018 16:52
Təhsil sənədin tanınıbmı?
İmtinaların əsas səbəbləri Azərbaycanı tərk etmədən, tədris dilini bilmədən əldə edilən diplomlardır Xaricdə oxuyan gənclərin təhsil sənədlərinin ölkəmizdə tanınması uzun müddət idi ki, təhsilin “yaralı yer”lərindən biri idi. Ancaq artıq bu “yara” da sağalmağa başlayıb. Elektron müraciətin təmin edilməsi, prosesin sadələşdirilməsi, problemin həlli istiqamətində çıxış yolunun tapılmasına və bu sahədə düyünün tezliklə çözüləcəyinə işarədir. Növbəti hədəf prosesi daha qısa müddətdə - üç aya qədər tamamlamaq və vətəndaşları “diplom fabrikləri”nin tələsindən qorumaq üçün onları yetərincə məlumatlandırmaqdır. Təhsil Nazirliyinin ən böyük idarələrindən biri olan Akkreditasiya və Nostrifikasiya İdarəsinə infotur zamanı bu sahədə görülən işlər, həyata keçirilən yeniliklər barədə jurnalistlər sadəcə məlumatlandırılmayıb, onları maraqlandıran məsələlər ətrafında mütəxəssislərlə müzakirə imkanı da yaradılıb. İlk olaraq vətəndaşların qəbulu otağındayıq. Burada gözləyən Emil Əsədovla söhbətləşirik. Dediyinə görə, Dağıstanda təhsil alıb. Nəinki təhsilini, elə sənədinin tanınması prosesini də uğurla başa çatdırıb. Buraya təhsil şəhadətnaməsini almağa gəlib: “Elektron müraciət etdim, sonra müsahibəyə çağırdılar. Müsahibədən uğurla keçdim və artıq bu yolun sonuna gəldim. Bu gün şəhadətnaməmi götürməyə gəlmişəm. Müraciətim bir neçə ay içərisində cavablandırıldı. Prosesi çox rahat başa vurdum. Hər hansı əngəllə qarşılaşmadım. Halbuki çətin olacağını deyirdilər. Prosesi keçdim və gördüm ki, təhsilində, təhsil sənədində hər hansı problem yoxdursa, vətəndaşların əngəllə qarşılaşacağından söhbət gedə bilməz”. Gündə 50-60 müraciət Buradakı ab-havadan hiss olunur ki, vətəndaş məmnuniyyəti prinsipi təhsilin bütün sahələrində olduğu kimi, burada da təmin edilib. Sadələşdirilmiş proses, vətəndaşların rahatlığının təmin edilməsi və şəffaflıq ilk baxışdan nəzərə çarpır. Vətəndaşların qəbuluna məsul əməkdaşlar iş başındadırlar. Hər biri öz sahəsində təcrübəli və məlumatlıdır. Vətəndaşlarla necə işləməyi bacarır, onlara ünvanlanan bütün suallara dolğun cavab verməyə çalışırlar. Özü də gün ərzində 50-60 müraciətə. Maraqlıdır, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədilə www.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılandan, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdiriləndən, eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə veriləndən sonra bu qədər müraciət haradan qaynaqlanır? Vətəndaşların şəxsən müraciəti nə ilə bağlıdır? Əməkdaşlardan biri - Lalə Bünyadzadə deyir ki, müraciətlərin müxtəlif səbəbləri olur. Məsələn, sənədlərlə bağlı məlumat almağa gələnlərə, sənədlərini yükləməkdə çətinlik çəkənlərə, yaxud bütün prosesi uğurla tamamlayıb şəhadətnamə almağa gələnlərə rast gəlinir: “Vətəndaş müsahibəyə gələcəksə, bunun üçün bir neçə gün öncədən gəlib qeydiyyata düşür, yaxud ərizə yazmağa gəlir. Tutaq ki, övladı hərbi xidmətdə olanlar ərizə ilə müraciət edərək oğlunun müsahibədə iştirak etməsi üçün müvafiq arayış tələb edirlər”. Lalə Bünyadzadənin sözlərinə görə, vətəndaşların qəbulu otağının əməkdaşları bütün müraciətləri cavablandırır, sadəcə, sənədlərlə bağlı zərurət yaranarsa, ekspertlərdən məlumat alırlar: “Sənədləri ekspertlər araşdırırlar. Ona görə də hər hansı əlavə sual yaranarsa, onlarla əlaqə saxlayırıq”. Lalə Bünyadzadə təhsil sənədlərinin tanınması üçün tələb olunan müvafiq prosedurdan da danışıb: “Rusiya, Ukrayna, Gürcüstanda təhsil alan və təhsil sənədlərinin tanınması üçün müraciət edən gənclər xüsusilə üstünlük təşkil edir. Onların müraciətləri müvafiq qaydada araşdırılır. Bunun üçün Daxili İşlər Nazirliyinə sorğu göndərilir, müraciət edənin xaricdə olub-olmadığı araşdırılır. Növbəti mərhələdə müsahibə keçirilir və onunla tədris aldığı dildə söhbət aparılır”. Müsahibə də uğurlu keçərsə, təqdim olunan təhsil haqqında sənədə şəhadətnamə verilir. 3570 müraciətdən 20 faizinə mənfi rəy verilib Nostrifikasiya xaricdə əldə olunan kvalifikasiyaların ölkədə tanınması, yəni həm həqiqiliyinin təsdiq olunması, həm də onu əldə edən şəxslərin hansı akademik və peşə hüquqlarına malik olmasını tənzimləyir. Onların hansı səviyyə və hansı təhsil pilləsində təhsilini davam etdirə biləcəyini, yaxud hansı ixtisas üzrə ölkədə çalışmaq hüquqları olduğunu müəyyənləşdirir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Həsən Həsənli vurğulayıb ki, xaricdə təhsil alanların ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı daxil olan müraciətlərdə az hallarda problemlər müşahidə olunur: “Təcrübə onu göstərir ki, ekvivalentini tapmayan ixtisaslara daha çox iqtisadi sahədə rast gəlinir. İxtisasın ekvivalentini tapmayanda diplom tanınmır. Ancaq bu, nadir hallarda rast gəlinən faktlardandır. Çalışırıq ki, bir çox hallarda ortaya çıxan bu cür problemləri vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Bunun üçün həmin ixtisas üzrə kreditlərin sayı, hansı fənlərdən olduğu müəyyənləşdirilir”. Bu il Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə ümumilikdə 3570 müraciət daxil olub. Bu da ötən illərin dinamikası ilə eynidir. Təhsil nazirinin müşaviri deyib ki, həmin müraciətlərin 20 faizinə mənfi rəy verilib: “Şəxslərin böyük əksəriyyəti sənədlərinin tanınmasına problemsiz nail olub. Azərbaycan vətəndaşları ən çox MDB-nin müxtəlif ölkələrində (Rusiya, Ukrayna və s.) və Türkiyə universitetlərində təhsil alırlar. Aparılan təhlillər göstərir ki, mənfi rəy alanlar, əsasən, Rusiya, Ukrayna və Gürcüstanın bəzi universitetlərini bitirənlərdir”. Azərbaycanı tərk etmədən və tədris dilini bilmədən Ancaq imtina səbəbləri arasında çoxluq təşkil edənlər fərqlidir. Məsələn, Azərbaycanı tərk etmədən, tədris dilini bilmədən əldə edilən diplomlar imtinaların əsas səbəblərindəndir. Ancaq bu səbəblər təhsil sənədlərinin saxtalığının göstəricisi deyil. Saxta təhsil sənədi verən müəssisələr insanlar arasında “diplom fabriki” kimi tanınır ki, bunlara müxtəlif ölkələrdə rast gəlinir. Təhsil sənədinin akkreditasiyası olmayan həmin universitetlərdən alınması, onların tanınmasından imtinanın əsas səbəblərindən olsa da, bu, verilən imtina səbəbləri arasında çoxluq təşkil etmir. Həsən Həsənlinin sözlərinə görə, imtinaların əksəriyyəti akkreditasiyası olan və rəsmi diplom verən universitetlərədir: “Apostildə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb”. Yəni, təhsil sənədinin tanınmasından imtina edilməməsi üçün apostil mütləq olmalıdır. Bakalavr və magistr ixtisasları eyni olmadıqda da təhsil sənədinin tanınmasına imtina verilir. Tanınmasından imtina edilən sənədlər arasında bakalavr səviyyəsi üzrə diplomların sayı daha çoxdur. Həsən Həsənlinin sözlərinə görə, Akkreditasiya və Nostrifikasiya İdarəsinə müxtəlif qurumlardan çoxlu sayda müraciət daxil olur: “Yazırlar ki, onlarda kimsə 10 ilə yaxındır işləyir və diplomu nostrifikasiya olunmayıb. Belə müraciətlərə cavabımız bəllidir: həmin diplom tanınmamalıdır. Həmin şəxsin işində qalıb-qalmaması artıq rəhbərliyin qərarıdır”. Hazırda həmin kadrların ixtisas biliklərini yoxlamaq imkanı olmasa da, bu, gələcək üçün reallaşdırılması mümkün sayılan məsələlərdəndir. İndiki halda isə onların kvalifikasiyasının olub-olmamasına, işə uyğunluğuna işəgötürənlər qərar verir: “Dövlət qurumlarında, xüsusən, işə qəbulu imtahanla həyata keçirilən müəssisələrdə belə şəxslərin işləməsi mümkün olmur. İxtisası mühasibat uçotu, iqtisadiyyat kimi işə qəbulu imtahansız aparılan sahələrdəndirsə, həmin kadrlara, onların ixtisasına necə yiyələndiyinə, peşəkarlıq səviyyəsinə görə işəgötürənlər məsuliyyət daşıyır. Həmin şəxslərin ixtisas biliklərinin hansı səviyyədə olmasını bazar, işəgötürənlər müəyyən etməlidir”. İdarə nostrifikasiyasından imtina edilən sənədlərlə bağlı ekspertiza rəyini həmin sənədi əldə edən şəxslərə təqdim edir. Həsən Həsənlinin sözlərinə görə, 2003-cü ildə qəbul edilən müvafiq qaydalarda vətəndaşlara ekspertizanın nəticələri ilə tanış olmaq hüququ verilib. Bu səbəbdən vətəndaşlara imtina sənədi verilərkən bunun səbəbi onlara izah olunub. Ancaq Akkreditasiya və Nostrifikasiya İdarəsində artıq bu cavabı yetərsiz sayırlar. Növbəti mərhələdə bu izahın daha təfərrüatlı olması nəzərdən keçirilir. Bununla bağlı artıq təkliflər də hazırlanıb: “Hesab edirik ki, keyfiyyətsiz cavab cavab deyil və bu, vətəndaşa ədalətsiz yanaşmadır. Odur ki, bununla bağlı öz daxili qaydalarımızda dəyişikliklər etmişik. Yeni qaydalar artıq hazırdır və növbəti ildən vətəndaşlarla paylaşılacaq”. Nostrifikasiya gecikirsə... Beynəlxalq qaydalara görə, nostrifikasiya 4 aya qədər olan müddəti əhatə etməlidir. Ancaq Azərbaycanda bu müddətin gecikməsi də müşahidə edilir. Diplomların tanınmasının gecikmə səbəbləri müxtəlifdir: “Səbəblərdən biri xarici ali təhsil müəssisələrinə göndərilən sorğulara gec cavab verilməsi ilə bağlıdırsa, daha bir səbəb məzunlarla müsahibələrin təşkili ilə əlaqədardır. Müsahibə üçün vaxtın təyin olunması lazım gəlir və bu, asan olmur. Həmçinin müraciətlərin əksəriyyəti təhsilini bitirib qayıdan gənclərin hərbi xidmətə başlamaları ilə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır”. Müsahibə Müsahibə mərhələsi tədris dilində aparılır. Məqsəd isə gənclərin təhsil aldığı ölkənin, daha doğrusu, tədris dilini necə bildiyini deyil, həmin dildə yiyələndiyi ixtisası necə mənimsədiyini müəyyənləşdirməkdir. Təcrübədə 4-5 il ərzində təhsil aldığı dili bilməyən gənclərə rast gəlinir ki, bu da onların ixtisas biliklərinə yiyələndiyini sual altında qoyur və onun sənədinin tanınmasından imtina edilir. Akkreditasiya və Nostrifikasiya İdarəsindəki müsahibə otağında ekspertlərin suallarına cavab verən Murad Məmmədovdan bu prosesin necə keçdiyini öyrənməyə çalışırıq. Ötən il Xarkov Milli İqtisad Universitetində müəssisə iqtisadiyyatı üzrə qiyabi təhsil alan Murad Məmmədov diplomunun tanınacağına şübhə etmir: “Bütün suallara cavab verdim. Müsahibədə rus dilini necə bildiyimlə, bu dildə özümü təqdim edib-edə bilməməyimlə maraqlandılar. Nə üçün qiyabi təhsil almağım, dərslərimə hazırlaşmağımı soruşdular. Suallara olduğu kimi cavab verdim. Uğurla keçdiyimə şübhə etmirəm”. Təhsil sənədlərinin tanınması prosesi daha qısa müddətdə tamamlana bilər Beləliklə, elektron müraciət edildikdən və sənədlər doğru yükləndikdən sonra müsahibənin keçirilməsi və təhsil sənədinin tanınması 4 ay çəkir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə xaricdə təhsil alanlar üçün bu proses daha qısa müddətdə tamamlanır. İdarə rəisi vəzifəsini icra edən Həsən Həsənlinin sözlərinə görə, gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma endirilməsi əsas hədəflərindən biri olaraq müəyyən edilib: “Bunun üçün tələb olunan sənədlər elektron ərizəyə düzgün yüklənməlidir. Müraciət edənlərdən əllərində olan bütün sənədləri təqdim etmələrini istəyirik və bu halda onların təhsil aldıqları ali məktəblərə sorğu göndərməyə və ya sorğulara uzun müddət cavab gözləməyə ehtiyac qalmayacaq. Hazırda gecikmələr ən çox tərəfimizdən xarici ali təhsil müəssisələrinə göndərilən sorğuların cavablandırılmasının uzanması ilə bağlı olur. Hesab edirik ki, buna nail olsaq, prosesdə əlavə vaxt itirməyəcəyik”. Bakıda oxuyan xarici diplomlular Nəinki xaricdə təhsil alan, elə ölkəmizdə oxuyan gənclər arasında da yolu bu idarəyə düşənlər olur. Belə ki, bəzi xarici ölkə universitetlərinin Bakı filiallarında oxuyanların da sənədlərinin tanınması prosesi eyni qaydada həyata keçirilir: “Fərq, sadəcə, bu prosesin daha rahat olmasındadır. Həmin universitetlərin proqramları və təşkilati strukturları barədə məlumatımız olduğundan, eyni zamanda, məzunlarının siyahısı rəsmi şəkildə bizə təqdim edildiyindən, digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də proses qısa müddətdə tamamlanır və rahat keçir”. Xüsusi təyinatlı ali təhsil müəssisələri və filialların da akkreditasiyası keçiriləcək Akkreditasiya və Nostrifikasiya İdarəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycan ali təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsidir. Akkreditasiyaya dair 2010-cu ildə qəbul olunan qərara görə, İdarə ölkədə olan ümumtəhsil müəssisələrinin təhsil proqramlarını, ümumiyyətlə, funksional, idarəetmə vəziyyətlərini, eyni zamanda tələbələrin bacarıq və nailiyyətlərini qiymətləndirməyə imkan verir. Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov “Azərbaycan müəllimi”nə deyib ki, keyfiyyətin təminatı sisteminin inkişaf etdirilməsi bütün beynəlxalq ali təhsil sənədlərində xüsusi ilə qeyd olunan məsələlərdəndir: “Hər kəs başa düşür ki, beynəlxalq ali təhsildə təhsilin formaları, tədrisin təşkili, metodologiyası, tədrisə yanaşma dəyişir. Akkreditasiya şöbəsi də fəaliyyətini məhz Bolonya prosesinin tələblərinə, Avropada ali təhsilin keyfiyyətinə təminatına dair Standart və Təlimatlara uyğun təşkil etməyə çalışır. Bu proses beynəlxalq təcrübəyə də uyğundur”. Tofiq Əhmədovun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, hər təhsil müəssisəsi 5 ildən bir akkreditasiyadan keçir və bu proses 2010-cu ildə qəbul edilən qaydalarla tənzimlənir. 2018-2019-cu tədris ili ərzində 12 ali təhsil müəssisəsi akkreditasiyadan keçiriləcək: “Hər il qrafik hazırlanaraq təhsil nazirinə təqdim olunur və təsdiq edildikdən sonra həmin qrafik əsasında ali məktəblərin akkreditasiyası həyata keçirilir. Statusundan və mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələri üçün məcburi xarakter daşıyan bu proses indiyədək xüsusi təyinatlı təhsil müəssisələrinə aid edilmirdi. Builki akkreditasiya qrafikinə onlar da daxil edilib. Beləliklə, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə, Polis Akademiyası, Gömrük Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları da bu il akkreditasiya prosesindən keçiriləcək”. İndiyədək universitetlərin filialları universitet tərkibində akkreditasiyadan keçirilirdi. Artıq filialların bu prosesdə ayrıca iştirak edəcəyini əlavə edən Tofiq Əhmədov onu da bildirib ki, akkreditasiya prosesinin beynəlxalq standartlara, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq həyata keçirilməsi, müasirləşməsi, təhsilin keyfiyyətinin artırılmasına real töhfələr verməsi istiqamətində işlər görülür: “Akkreditasiya təhsil müəssisəsinin nizamnaməsinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasından başlayaraq, tədris planlarında nəzərdə tutulan fənlərdə təlim nəticələrinə necə nail olunmasına və təhsil müəssisəsinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların icra vəziyyətinə qədər bütün prosesin qaydalara uyğun olub-olmadığını qiymətləndirmək üçün həyata keçirilir. Dövlət və cəmiyyət üçün ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemi ilə bağlı müəyyənlik yaradan bir prosedur olan akkreditasiya ali təhsil müəssisəsinin, sadəcə keçmiş 5 ildə fəaliyyətinə qiymət deyil, eyni zamanda növbəti 5 il üçün keyfiyyət təminatına zəmanət verir. Bu səbəbdən akkreditasiya prosesi təhsil müəssisələrində keyfiyyətin artırılmasına xidmət etməlidir”. Üstəlik, bu proses sadəcə hansısa sənədlərin qaydalara uyğun olub-olmadığını müəyyənləşdirmir. Belə ki, təhsil müəssisələrinin təqdim etdiyi özünütəhlil hesabatı və müvafiq sənədlər araşdırıldıqdan sonra müsahibə qrafiki qurulur. Təhsil müəssisəsinin rəhbərliyinin, dekanların, kafedra və şöbə müdirlərinin, tələbə və müəllimlərin ayrı-ayrılıqda müsahibəsi təşkil edilir. Tələbələrin necə təhsil sistemi görmək istədiyi, tələb və gözləntilərinin necə qarşılandığı, universitet rəhbərlərinin müəssisənin inkişafı üçün hansı tədbirləri nəzərdə tutduqları, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün hansı təlimlərə cəlb olunduğu, hansı beynəlxalq layihələrdə iştirak etdikləri ilə bağlı məlumatların əldə edilməsi məqsədi ilə müsahibələr keçirilir: “Ən yaxşi təhsil müəssisəsi tələbələrin ehtiyaclarını mütəmadi öyrənir, təhsil prosesinin effektivliyini monitorinq edir, əmək bazarının tələblərini öyrənir və nəzərə alır. Akkreditasiya ona görə müsbət prosesdir ki, təhsil müəssisələri buna azı bir il hazırlaşır və nəticədə müsbət hərəkətliliyə səbəb olur. Təhsil müəssisəsində keyfiyyətin necə artırılması, müəssisənin müsbət və inkişafa ehtiyacı olan tərəfləri öyrənilir”. Akkreditasiya sahəsində gözlənilən yeniliklərə toxunan Tofiq Əhmədov Akkreditasiya və Nostrifikasiya İdarəsinin özünün də beynəlxalq akkreditasiyadan keçməyə hazırlaşdığını bildirib: “Avropa Keyfiyyət Təminatı Şəbəkəsinin üzvüyük. Təşkilat olaraq beynəlxalq akkreditasiyadan keçməyə hazırlaşırıq. Bu səbəbdən 2010-cu ildən bəri ölkəmizdə mövcud olan akkreditasiya qaydaları məhz bu gün Avropa ali təhsil məkanında tətbiq edilən yeni standart və yanaşmalar əsasında yenilənməlidir. Bu məqsədlə təkliflər hazırlanıb. 2010-cu ilin tələblərinə uyğun hazırlanmış qaydalardan artıq 9 ilə yaxın vaxt keçib. Bu səbəbdən qaydaların yeniləşməsinə ehtiyac var. Təhsil müəssisələrinin qiymətləndirmə metodologiyası Avropa təhsil məkanında Bolonya prinsiplərinə uyğun olmalıdır. Bunu nəzərə alaraq öz qaydalarımızı beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Təhsilimizə etimadın və etibarın artırılması üçün qaydalarımız yenilənməlidir”. Bu məqsədlə prosedur və metodoloji məsələlərlə bağlı yeniliklər tətbiq edilir. Tofiq Əhmədov bildirib ki, təhsil proqramlarının keyfiyyət baxımından daha yaxşı idarə olunması və təkmilləşdirilməsi üçün proqram akkreditasiyasının hazırlanması və metodologiyası üzrə işlər həyata keçirilir. Hazırda həyata keçirilən layihə əsasında Latviya və Litvadan olan ekspertlər azərbaycanlı mütəxəssislərə Avropa təcrübəsinin necə həyata keçirilməsi ilə bağlı öz tövsiyələrini verirlər: “Növbəti il 12 ixtisas üzrə pilot qiymətləndirmə keçirəcəyik”. Hədəfə doğru Böyük yeniliklərə və fəaliyyətində dönüş etməyə hazırlaşan Akkreditasiya və Nostrifikasiya İdarəsinə infotur başa çatsa da, idarədə gərgin iş davam edir. Təhsil ictimaiyyətinə bundan sonra baş verəcəkləri izləmək və qurumun öz hədəflərinə çatacağı vaxtı gözləmək qalır! “Azərbaycan müəllimi” qəzeti
21/12/2018 16:29
SABAH tələbələrinin konserti
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) SABAH tələbələrinin ifasında konsert proqramı keçirilib. Konsertdə beynəlxalq müsabiqələr laureatları olan SABAH qruplarının tələbələri - Qəmər Kərimli, Orxan Hüseynov, Bahadur Rzayev, Əli Əmişov, Günel Hacıyeva, Xədicə Mirqulamlı, Aysel Abdullayeva, Aygül Rzazadə, Nəriman Əmiraslanov, Mədinə Ağayeva, Nəzrin Nəzirli, Fidan Mirheydərzadə, Günel İmanova, Günel Rizvanova, Atabala Manafzadə, Suada Hacızadə, Gülnaz Eldarlı, İsa Məmmədzadə Azərbaycan və xarici ölkələrin bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertdə Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin əməkdaşları, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, fakültə dekanları, professor-müəllim heyəti və SABAH qruplarının tələbələri iştirak ediblər.
21/12/2018 16:10
Azərbaycan tələbələrinin II qurultayı başa çatıb
Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib. Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Əli Əhmədov qeyd edib ki, 30 yaşa qədər gənclərin sayı 4,6 milyon nəfərdir ki, bu da ölkə əhalisinin 46 faizinə bərabərdir. 24 yaşa qədər gənclər isə ölkə əhalisinin 1/3-ni təşkil edir. Baş nazirin müavini tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb. Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb. Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov qeyd edib ki, Azərbaycan dövlətinin gənclər siyasəti uğurla həyata keçirilir. Şahin İsmayılov tələbələrin ölkənin ictimai həyatında fəal iştirakında tələbə-gənclər təşkilatlarının da mühüm rol oynadığını bildirib. Hazırda ATGTİ 100 tələbə-gənclər təşkilatını özündə birləşdirir. Bu, Azərbaycanın bütün ali təhsil müəssisələrinin bir platformada təmsil olunması deməkdir. Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub. Qurultay tələbələrin çıxışları ilə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elnur Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində təhsil almış Ümid Mehdiyev, Bakı Dövlət Universitetinin tələbəsi, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Əfsanə Abdullayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kərim Nəcəfov, Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Amin Fərəczadə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının tələbəsi Seyidəli Abbasov öz uğur hekayələrini bölüşüblər. Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub. Qurultay tələbələrin ifasında hazırlanmış konsert proqramı ilə başa çatıb. Qeyd edək ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819, peşə təhsili müəssisələrində isə 23 000 tələbə təhsil alır.
21/12/2018 14:49
Azərbaycan tələbələrinin II qurultayı davam edir
Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov qeyd edib ki, Azərbaycan dövlətinin gənclər siyasəti uğurla həyata keçirilir. Şahin İsmayılov tələbələrin ölkənin ictimai həyatında fəal iştirakında tələbə-gənclər təşkilatlarının da mühüm rol oynadığını bildirib. Hazırda ATGTİ 100 tələbə-gənclər təşkilatını özündə birləşdirir. Bu, Azərbaycanın bütün ali təhsil müəssisələrinin bir platformada təmsil olunması deməkdir. Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub. Qurultay tələbələrin çıxışları ilə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elnur Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində təhsil almış Ümid Mehdiyev, Bakı Dövlət Universitetinin tələbəsi, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Əfsanə Abdullayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kərim Nəcəfov, Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Amin Fərəczadə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının tələbəsi Seyidəli Abbasov öz uğur hekayələrini bölüşüblər. Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.
21/12/2018 11:34
Azərbaycan tələbələrinin II qurultayı öz işinə başlayıb
Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı öz işinə başlayıb. Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edirlər. Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Baş nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Əli Əhmədov qeyd edib ki, 30 yaşa qədər gənclərin sayı 4,6 milyon nəfərdir, bu da ölkə əhalisinin 46 faizinə bərabərdir. 24 yaşa qədər gənclər isə ölkə əhalisinin 1/3-ni təşkil edir. Baş nazirin müavini tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb. Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb. Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib. Qurultay öz işini davam etdirir.
21/12/2018 10:45
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı