• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İnternat məktəbində bayram şənliyi - fotolar

..Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində keçirilən bayram şənliyindən fotolar

Respublika çempionatının basketbol və voleybol üzrə zona yarışları başa çatıb

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq voleybol və basketbol idman növləri üzrə sonuncu zona yarışları keçirilib. Göygöl Olimpiya İdman Kompleksində voleybol idman növü üzrə keçirilən oyunlarda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Gəncə şəhər 2 nömrəli tam orta məktəbin, II yeri Bərdə rayon Gülgəzli kənd tam orta məktəbin, III yeri Tovuz rayon Bayramlı kənd tam orta məktəbin komandası tutub. Basketbol idman növü üzrə zona yarışı Cəlilabad Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Cəlilabad rayon 8 nömrəli məktəb-liseyin, II yeri Astara rayon Səncərədi kənd tam orta məktəbin, III yeri Salyan rayon 2 saylı tam orta məktəbin komandaları tutub. Zona yarışlarının nəticəsi olaraq voleybol və basketbol idman növləri üzrə I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb. Çempionatın əsasnaməsinə uyğun olaraq, yarışların final mərhələsi 2019-cu ilin mart ayında Bakı şəhərində keçiriləcək. Yarışların final mərhələsində voleybol idman növü üzrə Xətai rayon 269 nömrəli tam orta məktəbin, Suraxanı rayon 87 nömrəli tam orta məktəbin, Şirvan şəhər 16 nömrəli tam orta məktəbin, İmişlı rayon Rəsullu kənd tam orta məktəbin, Gəncə şəhər 2 nömrəli tam orta məktəbin, Bərdə rayon Gülgəzli kənd tam orta məktəbin, Masallı rayon Hişkədərə kənd tam orta məktəbin, Lənkəran rayon Şağlaser kənd tam orta məktəbin, Şəki rayon Böyük Dəhnə kənd 2 nömrəli tam orta məktəbin, Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbin, Abşeron rayon Aşağı Güzdək tam orta məktəbin, Qusar rayon Urva kənd tam orta məktəbin, basketbol idman növü üzrə Şəki rayon Kiş kənd 1 nömrəli tam orta məktəbin, Oğuz şəhər 3 nömrəli tam orta məktəb-liseyin, Xətai rayon 269 nömrəli tam orta məktəbin, Səbail rayon 160 nömrəli tam orta məktəbin, Cəlilabad rayon 8 nömrəli məktəb-liseyin, Astara rayon Səncərədi kənd tam orta məktəbin, Xaçmaz rayon 6 nömrəli tam orta məktəbin, Qusar rayon 6 nömrəli tam orta məktəbin, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin, Sabirabad rayon 2 nömrəli Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəb-liseyin, Gəncə şəhər 19 nömrəli tam orta məktəbin, Göygöl rayon Xəqani kənd tam orta məktəbin komandaları mübarizə aparacaq. Məktəblər arasında respublika çempionatı cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparır. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

BŞTİ-nin müdiri vəzifəsinə təyinat olub

Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib. Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var.

ADNSU-da “Azİİ Elektron Kitab Evi” açılıb

Dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azİİ Elektron Kitab Evi”nin açılış mərasimi keçirilib. Mərasimdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, universitetin İctimai Etimad Şurasının sədri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, professor və müəllimlər, tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları kitabxananın resursları və oxu zalı ilə tanış olublar. “Azİİ Elektron Kitab Evi”nin müdiri Səlahət Mahmudova 24 saat fəaliyyət göstərəcək kitabxananın iş prinsipi, yeni maddi-texniki bazası, kitablar, eləcə də kitabların xüsusi qorunma rejimi haqqında ətraflı məlumat verib. Sonra “Azİİ Elektron Kitab Evi”nin qurulması prosesi barədə danışan M.Babanlı dünya təcrübəsindən istifadə olunmaqla yanaşı, burada universitetə məxsus nadir bir sistemin yaradıldığını bildirib. Rektor “Azİİ Elektron Kitab Evi”nin sırf Azİİ brendi olaraq ərsəyə gələn, 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana olduğunu vurğulayıb. 800 kvadratmetrlik sahəni əhatə edən kitabxananın universitetin elektron şəbəkəsinə qoşulduğunu deyən M.Babanlı tələbələrin istifadəsi üçün hər cür şərait yaradıldığını və onun bir milyon kitab resursuna malik olduğunu qeyd edib. Kitabxanadan istifadə qaydaları barədə məlumat verən rektor gələcəkdə ikinci hissənin də istifadəyə veriləcəyini və onun 1000 kvadratmetrlik ərazini əhatə edəcəyini söyləyib. O, kitabxananın, ilk növbədə, ADNSU-nun tələbələri və əməkdaşları, gələcəkdə isə bütün ölkə vətəndaşları üçün açıq olacağını qeyd edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsilə xüsusi önəm verildiyini vurğulayıb. ADNSU-da həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edən nazir müavini bu ali məktəbin təkcə maddi-texniki bazasının deyil, eyni zamanda, ümumi strukturunun yeniləndiyini bildirib. M.Vəliyeva universitetin daha bir nadir layihəyə imza ataraq 24 saat işləyən müasir kitabxana sisteminin yaradılmasında göstərdiyi təşəbbüsü yüksək qiymətləndirib. Müasir standartlara uyğun elektron kitab evi ilə Azİİ-nin özünün yeni brendini təqdim etdiyini deyən Milli Məclisin deputatı Aydın Mirzəzadə ADNSU-nun bununla ölkədə kitabxana mədəniyyətinin inkişafına öz töhfəsini verdiyini söyləyib. ADNSU-nun məzunu “Barratson” şirkətinin təsisçisi və baş direktoru Elşən Rəhimov universitetdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurum adından ADNSU-nun “Azİİ Elektron Kitab Evi”nə 100 ədəd kitab hədiyyə edib. Qeyd edək ki, ikimərtəbəli kitabxanada oxu zalları mövcuddur. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən xarici universitetlərin bazalarına daxil olmaq mümkündür. Bir milyon kitab resursuna malik kitabxanada 1200 ədəd elektron kitab var. Kitabların hamısı professor-müəllim heyətinin seçiminə uyğun çeşidlənib və təsnifatlandırılıb. 250 min ədəd kitabın barkodları qeyd olunub. Kitablar rəflərdə xüsusi qorunma üsulu ilə saxlanılır. Kitabxanada gecə oxumaq istəyən tələbələrin pulsuz qidalanması nəzərdə tutulub.   AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışında iştirak edib

Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Archico” MMC-nin rəhbəri, layihənin icraçısı Məhəmməd Musayev görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdilər. Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Kompleksdəki 1005 mənzilin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var. Bu layihənin icrası Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün uşaqlarının təhsilli, bilikli və intellektual səviyyədə yetişməsinə nə dərəcədə həssaslıqla yanaşmasının əyani təzahürüdür. Eyni zamanda, bu işlər ümumilikdə ölkəmizdə təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan layihələrin ardıcıl və keyfiyyətlə davam etməsini göstərir. Kompleksin ərazisində 50 yerlik uşaq bağçası da inşa edilib. Uşaq bağçasında balacaların təlim-tərbiyəsinin təşkili, onların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb.                Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.   www.president.az

Vətəndaş məmnunluğu üçün

Təhsil Nazirliyi sosial mediada da fəallığına görə ön sıralardadır   Bu dəfə Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzindəyik. Bu, nazirliyin ən əlçatan strukturu sayılır. İstər sözün həqiqi, istərsə də rəmzi mənasında. Birinci mərtəbədə yerləşən Mərkəzə müraciət etmək üçün hər hansı maneə, sorğu-sual və s. tələb olunmur. Qapıdan daxil olub sıra götürmək və növbə çatanda yönləndirildiyin əməkdaşa yaxınlaşıb dərdini demək kifayətdir. “Dərdin nədir?”, “o dərdə bu əməkdaşlarda çarə varmı” və bu kimi başqa suallara gəlincə, Mərkəzin bu məqsədlə, yəni məhz vətəndaşlara xidmət etməkdə, onların suallarına cavab verməkdə məsul olan əməkdaşları təhsil sahəsində olan bütün yeniliklərdən xəbərdardırlar. Onlara əvvəlcə təlim keçib sonra vətəndaşların qarşısına çıxaran Mərkəz özü də sırf bu məqsədlə yaradılıb. Belə ki, 2014-cü ildə Prezidentin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” Fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədi ilə Təhsil Nazirliyində Vətəndaşların Qəbulu və Telefon Məlumat mərkəzləri fəaliyyətə başlayıb. Hazırda olduğumuz  Vətəndaşların Qəbulu Mərkəzinin rəhbəri Samir Paşayev “Azərbaycan müəllimi”nə bildirib ki, müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilən hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Mərkəzlərə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək vətəndaşlara fasiləsiz xidmət edir. Müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb ki, burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür. Samir Paşayev bildirib ki, 2018-ci ilin 11 ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 36541 vətəndaşa xidmət göstərilib: “Mərkəzlərə daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, birinci sinfə şagird qəbulu, tələbələrin köçürülməsi, diplomların nostrifikasiyası ilə bağlıdır”.   Vətəndaşların Qəbulu Mərkəzində   Mərkəzdə müşahidə olunan odur ki, bu işə sadəcə məsuliyyət deyil, həm də sevgi var. Mərkəzin əməkdaşları da işindən məmnundur. Ən təcrübəli əməkdaşı Elçin Qasımov, ən yeni əməkdaşı isə Səfurə Şərifzadədir. Tələbəliyindən indiyədək könüllü fəaliyyəti ilə diqqəti çəkən Səfurə Bakı Dövlət Universitetini biologiya müəllimliyi ixtisası üzrə bitirib. 4 il universitetdə uşaqlarla işləməyin incəliklərini öyrənsə də, hələlik böyüklərlə işləməyi sınaqdan çıxarır: “Vətəndaşlarla işləmək çox maraqlıdır. Hər gün müxtəlif situasiyalarla qarşılaşırıq. Həmin müraciətləri cavablandırarkən özümüz də təkmilləşirik. Müraciətlər əsasən şagirdlərlə bağlı olur. Yaşayış yerini dəyişməklə əlaqədar olaraq övladlarının rayonlardakı təhsil müəssisələrindən çıxarılıb Bakıdakı, yaxud əksinə, bölgələrdəki məktəblərə yerləşdirilməsi ilə bağlı müraciət edənlər çox olur. X-XI sinifdə təhsil alan şagirdlərin yerdəyişməsi üçün müraciətlər xüsusilə çox olur”. Səfurə Şərifzadənin sözlərinə görə, vəzifəli şəxslərin qəbuluna düşməyə cəhd edənlər də  kifayət qədərdir. Diplomun təsdiqi, arxiv şöbəsindən hər hansı təhsil sənədinin alınması məqsədi ilə edilən müraciətlər hələ də səbəblər arasında çoxluq təşkil edir. Budur, Elbəy Əlizadənin də yolu arxiv şöbəsinə düşüb. Tikinti sektorunda çalışan vətəndaşın əvvəlcədən etdiyi müraciət təmin edilib və bu gün o, Təhsil Nazirliyindən tələb etdiyi sənədi götürməyə gəlib: “Diplomumun qiymət cədvəli lazım oldu. Artıq istəyim həll edilib və sənədimi götürməyə gəlmişəm”.   Müraciətlər səbəbsiz yerə artıb-azalmır   Mərkəzin ən təcrübəli əməkdaşı Elçin Qasımov artıq 3 ildir burada çalışır. Vətəndaş müraciətlərinin ən sıx vaxtlarını da yaxşı bilir, azaldığı günləri də. Müşahidə edilən hər vəziyyətin də öz səbəbi var. Məsələn: “Ən çox may, iyun, iyul aylarında müraciətlər çoxalır. 450-500 nəfərin qəbula gəldiyi günlər olur. Bildiyiniz kimi, həmin ərəfədə müəllimlərin işə qəbulu və yerdəyişməsi həyata keçirilir. Bu proseslə əlaqədar olaraq, müraciət edənlərin də sayı artır”. Noyabr-dekabr aylarında direktorların işə qəbulu başladığından müraciətlərin də sayı və məzmunu buna uyğun olaraq dəyişir. Elçin Qasımov deyir ki, fevral ayında başlayacaq tələbələrin köçürülməsi də Vətəndaşların Qəbulu Mərkəzində ən çox hiss olunan proseslərdəndir: “Müəllimlərin işəqəbulu və yerdəyişməsi kimi, tələbələrin köçürülməsi də saya ən çox təsir edən prosesdir”. Ümumiyyətlə, müraciətçilər arasında tələbələr üstünlük təşkil edir: “Təhsil haqqı ilə bağlı tələbə müraciətləri sıx rast gəlinəndir. Xarici ölkələrdə təhsil alanların sənədlərinin təsdiqi ilə bağlı müraciətlər də kifayət qədər çoxdur”. Əksəriyyəti sorğu xarakterli olan müraciətlərin tərkibi müxtəlifdir: “Hər məzmunda suallar olur. Həmin sualların arasında Təhsil Nazirliyinə aidiyyəti olmayanlara belə rast gəlinir. Daha  çox şagird şikayətləri ilə qarşılaşırıq. Həmin müraciətləri müvafiq yerli təhsili idarəetmə orqanlarına yönləndiririk”.   Vətəndaşlar kimi deyib gəlirlər?   Maraqlıdır, görəsən, vətəndaşların ən çox görmək istədiyi, daha çox etimad göstərdiyi, sözünə güvəndiyi kimdir? Gələnlər kimi deyib gəlirlər? Elçin Qasımovun sözlərinə görə, nazirlə görüşmək istəyənlər lap çoxdur: “Görüşmək üçün hətta teleqram belə vururlar. Ancaq biz onlara izah edirik ki, nazirin qəbulu Nazirlər Kabinetinin müəyyən etdiyi cədvələ uyğun olaraq ayda bir dəfə ayrı-ayrı regionlarda keçirilir. Qəbul otağında yalnız Aparat rəhbəri, nazir müavinlərinin qəbuluna yaza bilirik”. Nazirdən sonra vətəndaşların ən çox müraciət etdiyi şəxs Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovdur.   Telefon Məlumat Mərkəzində   Divarları və tavanı xüsusidir. Səsboğucu olan bu divarlar arasında 9 operatorun hamısı eyni vaxtda danışsa da, hay-küy yaranmır. Burada iş stresli olduğu üçün otağın rənglənməsində də rutin rənglərdən qaçılıb, dünya təcrübəsində insanları rahatladan, sakitləşdirən rənglərdən istifadə edilib. Telefon Məlumat Mərkəzinin ən təcrübəli mütəxəssisi Xədicə Bayramova övladı XI sinifdə təhsil alan valideynin buraxılış imtahanları ilə bağlı sualını cavablandırır: “Buraxılış imtahanının keçirilmə qaydası ilə maraqlanırdı. Qaydanı izah etdim. Ancaq vətəndaşa onu da bildirdim ki, buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirmir və onu Dövlət İmtahan Mərkəzinə yönləndirdim”. Operatorların hərəkətini göstərən cədvəldə vətəndaşla danışıq dili də qeyd olunur. Məsələn, Azər Məhərrəmov, Leyla Səlimova hazırda Azərbaycan dilində zənglərə cavab verirlər. Telefon Məlumat Mərkəzinin rəhbəri Natəvan Əsgərovanın  sözlərinə görə, operatorların işə qəbulu zamanı bu məqama xüsusi diqqət yetirilir. Belə ki, operator götürülən namizədin hər 3 dildə danışıq imkanları araşdırılır. Bunun nəticəsidir ki, vətəndaşa müraciət etdiyi dildə cavab verilir. Azər Məhərrəmov danışığını bitirir. O, bu mərkəzdə artıq 6 aydır çalışır: “Bütün suallara dərhal cavab veririk. Ancaq araşdırma tələb edən suallar da olur. Bu halda vətəndaşı maraqlandıran məsələni əvvəlcə araşdırır, sonradan sorğusuna özümüz zəng edərək cavab veririk”. “Qaynar xətt”ə zənglər, adətən, sorğu xarakterli olur: “İndi müraciətçilər əsasən diplomların təsdiqi ilə, çalışmanın yaş həddinə çatan müəllimlərin əmək müqaviləsinin müddətinin artırılması, birinci sinfə qəbulla maraqlanırlar”.   “Qaynar xətt” “qaynayan”da   Telefon Məlumat Mərkəzində bu il ərzində 76 472 zəng qəbul edilib. Gün ərzində 800 zəngin daxil olduğu vaxtlar olur və onda operatorla əlaqə müddəti 20-30 saniyəyə çatır. Natəvan Əsgərovanın sözlərinə görə, vətəndaşların “Qaynar xətt” xidmətindən istifadəsində hər hansı problem mümkün deyil: “Yay aylarında müəllimlərin işə qəbulu və yerdəyişməsi vaxtı müraciətlərin sayı çox olduğundan vətəndaşların telefonda daha çox gözləməsi mümkündür. Həmin ərəfədə elektron müraciətlərin doldurulması və prosedur qaydalarla bağlı çoxsaylı müraciətlər gəlir. Bu da “Qaynar xətt” xidmətində bir az sıxıntılara səbəb olur. Amma statistika və hesabatlar onu göstərir ki, bu cür fəal dövrlər istisna olmaqla, qalan vaxtlarda vətəndaşların Telefon Məlumat Mərkəzinin operatoruna bağlanması 30 saniyə ərzində baş tutur. Həftəlik və aylıq hesabatlar aparırıq. Həmin hesabatlar göstərir ki, vətəndaşın xətdə orta gözləmə müddəti 1 dəqiqə 45 saniyə olur”. Növbəti mərhələdə Telefon Məlumat Mərkəzinin operatorlarının sayını artırmaq nəzərdə tutulub.     Vətəndaşlarla sosial media vasitəsi ilə ən yaxşı əlaqə quran nazirlik   Təhsil Nazirliyi vətəndaşlarla işə xüsusi diqqət yetirir. İstər təhsil sahəsində həyata keçirilən islahatlar barədə təhsil ictimaiyyətinin məlumatlandırılması, baş verən yeniliklərin mahiyyətinin çatdırılması, istərsə də bildirilən iradların müzakirə olunaraq nəzərə alınması baxımından vətəndaşların Təhsil Nazirliyi ilə yarada biləcəyi bütün əlaqə vasitələri işlək vəziyyətdədir. Üstəlik, bu əlaqə, sadəcə ənənəvi - zəng və ya şəxsən müraciət yolu ilə deyil, həm də yeni media üzərindən gerçəkləşdirilir. Bu da nəticə. Dekabrın başa çatmaqda olan son həftəsində bütün mətbuat vasitələri məhz bu nəticədən danışıb. Belə ki, sosial medianın “Facebook”, “Twitter”, “Instagram”, “YouTube” kimi imkanlarından istifadədə də Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən fəalı olub. Məlumat üçün qeyd edək ki, “Facebook” sosial şəbəkəsində Təhsil Nazirliyinin izləyicilərinin sayı ötən illə müqayisədə 2018-ci ildə 20 min nəfər artıb. Artıq 100144 nəfər izləyicisi olan qurum bu sosial şəbəkənin verdiyi bütün imkanlardan yararlanır. Yeniliklərlə bağlı paylaşımlar edir, həyata keçirilən islahatları canlı yayımda müzakirəyə çıxarır, sosial şəbəkə istifadəçilərinin suallarına cavab verir, tədbirləri “canlı yayım” vasitəsi ilə paylaşırlar. “Twitter” Azərbaycan məkanında “Facebook” qədər məşhur olmasa da, Təhsil Nazirliyi bu sosial şəbəkənin verdiyi fürsətləri də dəyərləndirir. Hesablamalara görə, Təhsil Nazirliyini 1336 “Twitter” izləyicisi mütəmadi olaraq izləyir. “Instagram”da Təhsil Nazirliyi 25425 izləyicinin diqqət mərkəzindədir. Bu rəqəm Təhsil Nazirliyini “Instagram”da da dövlət orqanları arasında ən fəal kimi göstərməyə yetib. “YouTube” üzrə 8866 abunəçi və 2 milyona yaxın baxış sayı ilə ön sırada Təhsil Nazirliyidir. Bu şəbəkədən ən çox video yükləyən və ən çox paylaşım edən qurumun 10 minə yaxın video yüklədiyi görünür. Onu da qeyd edək ki, hazırda Azərbaycanda “Facebook”, “Twitter”, “YouTube”, “Instagram” və digər sosial şəbəkələrdə istifadəçilərin sayı 2 milyondur.   Təhsil Nazirliyi hər sahədə əlçatan olmağa çalışır   Bir sözlə, dövrün nəbzini tutan Təhsil Nazirliyi istər ənənəvi yollarla, istər də müasir üsullarla müraciət etmək istəyənlərə yaxın olmağa çalışır, məlumat almaq istəyənlərlə də, şikayəti olanlarla da bir platformada görüşür. Yetər ki, kimsənin beynində qaranlıq məsələ, ürəyində cavabsız sual qalmasın.   "Azərbaycan müəllimi" qəzeti

Direktorların işə qəbulu üzrə müsahibələr yanvarın sonunadək yekunlaşacaq

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 350 nəfər namizədlə müsahibələr aparılıb. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir. Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 700-dən artıq namizəd iştirak edəcək. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq  (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər.

Peşə təhsili mərkəzinin tələbələri qalib olub

Bakı Mühəndislik Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib. Festivalda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən təqdim olunan “Su mühərriki” və “Muncuqlarla kreativ incəsənət nümunəsi” layihələri kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində I yerə layiq görülüb. Mərkəzin tələbələri həmçinin, “Plastmas tullantılardan kreativ incəsənət nümunələri”  layihəsi üzrə III yeri qazanıblar. Qaliblərə medal, sertifikat və hədiyyələrlə təltif olunublar. Qeyd edək ki, festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır. Festivala 100-dən çox layihə təqdim olunub.

Tərəqqi təhsildən başlayır

"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”   İlham ƏLİYEV   Tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşdırılmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Bu gün insanlar məhz təhsilin vasitəsi ilə texnologiyaları çevik şəkildə mənimsəyir, əmək bazarında layiqli yer tutur və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar. Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin hər dönəmində imzaladığı sənədlər içərisində təhsillə bağlı sərəncamların çoxluğu bu sahənin üstün istiqamət daşıdığından soraq verir. Həmin sənədlərdə aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri sayəsində ölkəmizdə sosial-iqtisadi həyatın yenidən qurulması, davamlı inkişafı üçün şəraitin yaradılması və qarşıda duran strateji vəzifələr öz əksini tapmışdır. Həmin vəzifələr yaşam tərzimizin daha da modernləşdirilməsi və qabaqcıl təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsindən və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə ilk növbədə qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkə həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət respublikada insan kapitalının inkişafı, şəxsin yeni bilik və bacarıqlara yiyələnməsinin təminatıdır. Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq, hər bir gəncə hərtərəfli bilik və bacarıqların verilməsi, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyi bacaran, fəal həyat mövqeli, aydın dünyagörüşlü kamil vətəndaşlar yetişdirmək məqsədilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi dövlət siyasətinin başlıca şərtidir. Müstəqil Azərbaycan dövlətinin yaxın gələcək üçün qarşıya qoyduğu hədəflərə doğru mühüm bir addım olan bu strategiya ulu öndər Heydər Əliyevin milli təhsilin inkişafı sahəsində formalaşdırdığı zəngin ənənələrə, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu sahədə əldə edilmiş böyük nailiyyətlərə söykənir.   Məzmun dəyişikliyi   Azərbaycan tarixinin heç bir dövründə təhsil indiki qədər geniş ictimai maraq predmeti olmamışdır. Bu marağı şərtləndirən əsas amillər isə ölkə Prezidentinin təhsilə olan xüsusi diqqəti, irəli sürülən vəzifələrin bütün respublikada icrası, genişmiqyaslı təhsil quruculuğu işlərinin aparılması, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri olmuşdur. Bu illərdə milli təhsilin məzmunu, mahiyyəti dəyişmişdir. Azərbaycan məktəblərinin maddi-texniki bazası müasirləşdirilmişdir. Məktəblər müasir avadanlıqlarla təchiz edilmiş, informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşdirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və böyük ictimai dəstək qazanan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi hesabına ölkəmizdə təhsilin inkişafı ictimai hərəkata çevrilmişdir. Fond bu dəstəyi indi də davam etdirir. Məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, hər cür ləvazimatlarla təmin olunmasında, şagirdlərin təhsilə həvəsinin artırılması üçün motivasiyaedici tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkədə son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 belə məktəb quraşdırılmışdır. Bu ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 məktəbin quraşdırılması işləri başa çatdırılacaq, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi əsasən həll ediləcəkdir. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili də hazırda əsas prioritetlərdən sayılır. Həmin kateqoriyadan olan uşaqların hüquqlarının təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və ötən il təsdiq edilmişdir. Proqramın məqsədi təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin etməkdən və onlar üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. Ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədilə yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq olunmuş, son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilmişdir. Bu gün Azərbaycan təhsilində dünyanın ən inkişaf etmiş ölkələrini indiki həyat səviyyələrinə qovuşdurmuş proseslər yaşanır. Həmin ölkələrin təcrübəsində uğur qazanmış qərarlar Azərbaycanda da qəbul edilir. Artıq gənc nəsil qarşısında yeni üfüqlər açılır. Azərbaycan vətəndaşları üçün təhsilalma imkanı təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi ilə dünyanın ən nüfuzlu universitetlərinin qapıları savadına, istedadına güvənən, müxtəlif istiqamətlər üzrə təhsil almaq arzusunda olan hər bir gəncin üzünə açıqdır. Dünyanın bütün sivil ölkələrində olduğu kimi, respublikamızda da yaxşı təhsil, yüksək fərdi inkişaf səviyyəsi parlaq gələcəyin təminatı kimi dəyərləndirilir.   Dindirir əsr bizi: yeni hədəflərə doğru   İnsan kapitalının davamlı və dayanıqlı inkişafına nail olmaq üçün ölkəmizdə təhsil sisteminin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi Azərbaycan Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapmışdır. Sənəddə təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, xüsusən adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirilməsinin həyata keçirilməsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Təhsildə bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük verilməsi, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, onların dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi kimi istiqamətlərdə islahatyönlü tədbirlərin görülməsi bu konsepsiyanın irəli sürdüyü vəzifələrdir. Ötən illər ərzində həmin vəzifələrin icrası istiqamətində mühüm nəticələr əldə edilmişdir, təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdirilmiş və onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlər yaradılmışdır. Təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yenilənir, şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi”ndən "təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər görülür. Peşə təhsili infrastrukturu da əsaslı şəkildə müasirləşdirilir, bura cəlb olunan vətəndaşların sayı artırılır, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılır. Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşdırılmasında müəllim amilinin, nüfuzunun həlledici əhəmiyyəti nəzərə alınmaqla bu sahədə kadr hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir. Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesi bu baxımdan bir sıra mühüm nailiyyətlərlə müşayiət olunmuşdur. Müvafiq strategiya məzmun etibarilə ən vacib istiqamətləri əhatə edir. Dünya ölkələri arasında aparıcı mövqedə olan səriştəli müəllimlərin və təhsil menecerlərinin hazırlanması, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sisteminin yaradılması üçün beş strateji hədəf - məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşdirmə üzrə islahatların aparılması əsas götürülür. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması məqsədinə uyğun olaraq ötən 5 il ərzində bu sahənin bütün pillələrində mühüm nəticələr əldə edilmişdir. Eyni zamanda təhsil sahəsində insan resurslarının müasirləşməsi diqqət mərkəzində saxlanmış, səriştəli, təcrübəli təhsilverənin formalaşdırılması yönündə mühüm addımlar atılmışdır. Əsas istiqamətlərdən biri də təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır. Bu istiqamət üzrə beynəlxalq təcrübəyə uyğun müasirləşdirmə, təhsilin keyfiyyət təminatının artırılması, habelə təhsildə yeni məlumat, hesabat sistemlərinin yaradılması istiqamətində də müəyyən işlər görülmüşdür. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son 5 ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Belə ki, bu müddətdə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan artıq toplayanların sayı isə 81,3 faiz artmışdır. Cari ildə 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərmişdir. Bu da 2013-cü ilə nisbətən təxminən iki dəfə artım deməkdir. Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20,8 faiz artım olmuş, bu göstərici cari ildə 41 min nəfər təşkil etmişdir. İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində respublikada Olimpiada hərəkatı genişlənmiş, bu məqsədlə olimpiadaya hazırlıq mərkəzləri yaradılmışdır. 2018-ci ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2013-2018-ci illərdə beynəlxalq fənn olimpiadalarında yetirmələrimiz 3 qızıl, 28 gümüş və 100 bürünc medal qazanmışlar. Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı "İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. "Təhsil haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu təsbit edilmişdir. Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqlarını formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədilə ötən tədris ilində Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə "Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədilə "Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilmişdir. Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması da bu gün ölkəmizdə həyata keçirilən strateji təhsil islahatlarının mühüm hədəflərindəndir və onlara doğru da beynəlxalq təcrübəyə uyğun ardıcıl addımlar atılır. Müvafiq strategiya çərçivəsində bir sıra innovativ layihələr gerçəkləşdirilir. O cümlədən 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları təşkil edilmişdir.   SABAH qrupları və xaricdə təhsil   2014-cü ildə ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında SABAH layihəsinin həyata keçirilməsinə başlanmışdır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Son iki ildə SABAH qruplarını 1572 məzun bitirmişdir və ilkin təhlillərə əsasən onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura səviyyəsində uğurla davam etdirir, qalan hissəsi isə ixtisasları üzrə əmək fəaliyyətinə başlamışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanmışdır. Eyni zamanda, ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən ayrılmış kvotaya uyğun olaraq hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotexnologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır. Hazırda bir neçə ölkənin nüfuzlu universitetlərinin Azərbaycanda filialları açılmışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına I Moskva Tibb Universitetinin Bakı filialları uğurla fəaliyyət göstərir. Eyni zamanda, beynəlxalq ikili diplom proqramlarının tətbiqinə başlanmışdır. Məsələn, indi Azərbaycan Turizm və Menecment Universiteti Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti, Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vat Universiteti, ADA Universiteti ABŞ-ın Miçiqan Dövlət Universiteti və Niderlandın Maastrixt Menecment Məktəbi ilə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fransanın Strasburq Universiteti ilə ikili diplom proqramlarını tətbiq edir. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə də təhsil məsələlərinə xüsusi yer ayrılmış, strateji yol xəritələrindən biri isə məhz peşə təhsili və təliminin inkişafına həsr edilmişdir. Bütün bunlar zamanın çağırışlarıdır. Üstəlik, müasir dövrün insanının fəaliyyət hüdudları təkcə milli məkan çevrəsində məhdudlaşıb qalmır. Qloballaşan dünyamızda hər bir kəs Yer kürəsinin istənilən məkanında çalışmaq imkanına malikdir. Qlobal əmək bazarı çalışmaq potensialı olan insanlara, demək olar ki, qeyri-məhdud şəraitlər yaradır. Bu imkanlardan faydalanmaqdan ötrü sadəcə olaraq rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmək lazımdır. Eyni zamanda, indi dünya iqtisadiyyatı ölkələrin, mövcud iqtisadi subyektlərin bir-birinə elə sıx inteqrasiyasına əsaslanır ki, bu mürəkkəb mexanizmin işlək bir hissəsi kimi çalışıb uğur qazanmaqdan ötrü mütləq rəqabətqabiliyyətli mütəxəssislərə, innovasiyalara, müasir dəyərlər yaratmağa qabil insan kapitalına malik olmalısan. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə bu yöndə atılan və böyük nailiyyətlərlə müşayiət olunan tarixi addımların davamıdır.   Gələcəklə bağlı aydın baxışlar   Yeni dövlət proqramının məqsədləri kifayət qədər aydındır. Sənəddə irəli sürülən vəzifələrin icrası "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərin qorunması və inkişafına xidmət edəcək. Bu nailiyyətlərdən faydalanaraq, müasir rəqabət qabiliyyətinə malik insan resurslarına ehtiyac təmin olunacaq. Yüksəkixtisaslı mütəxəssislərin ölkəmizdəki ali təhsil müəssisələrində hazırlanması yolu ilə insan kapitalı dayanıqlı şəkildə inkişaf etdiriləcək. Eyni zamanda, aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanları hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiqi sənəddə vacib prioritet kimi irəli sürülmüşdür. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə aktuallaşmış transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaradacaqdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun olaraq təşkili təmin ediləcək. Bu sahədə bəzi ali təhsil müəssisələrinin mövcud təcrübəsinin daha da genişləndirilməsi yaxın perspektivdə ölkənin təhsil sisteminin inkişafına, beynəlmiləlləşdirilməsinə və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə nail olunmasına imkan verəcək. Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaradacaq, təhsillərini Azərbaycanda davam etdirən gənclərimizə yeni imkanlar açacaq. Əcnəbi mütəxəssislərin müəllimlərimizlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin edəcək. Nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənəcək. Onların dünya reytinqində irəliləməsi təmin olunacaq. Bütün bunlar Azərbaycanın gələcəklə bağlı aydın baxışa malik olduğunu və özünü qloballaşan dünyanın uğurlu mənzərəsinə yüksək həssaslıqla hazırladığını göstərir. Bu uzaqgörən və peşəkar yanaşma müstəqil dövlətimiz üçün möhtəşəm bir gələcək yaradır.   “Azərbaycan” qəzeti

Şəki, Gəncə, Mingəçevir şəhərlərinin fəal tələbə-könüllüləri ilə görüş

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən region tələbə-könüllüləri ilə mütəmadi görüşlər keçirilir. “Bir” Tələbə-Könüllü proqramının nümayəndələrinin tələbə-könüllülərlə növbəti görüşü Mingəçevir, Şəki, Gəncə şəhərlərində keçirilib. Görüşlərdə proqramın növbəti il üçün tədbirlər planı, fəaliyyət istiqamətləri müzakirə olunub və “Bir” könüllülər üçün yaradılan imkanlar, onların üstünlükləri haqqında məlumat verilib. Görüş zamanı proqrama yeni qoşulan tələbə-könüllülərin seçimi də baş tutub.  “Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Masallı, Lənkəran daxil olmaqla 7 bölgədə təmsil olunur. Hər bölgənin tələbə-könüllülərinin şəxsi inkişafı, dünyagörüşünün genişləndirilməsi, könülllülük fəaliyyətinə marağın artırılması məqsədilə mütəmadi təlimlər, seminarlar və görüşlər keçirilir.  “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-ə yaxın vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-ə yaxın yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı