SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub
Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəldi. Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, bu bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşdü, onlarla söhbət etdi, balacaların bacarıqları ilə maraqlandı, arzularını soruşdu. Uşaqlar da Birinci vitse-prezidentin ətrafına toplaşaraq böyük məmnuniyyətlə öz istəkləri ilə bölüşdülər, məharətlərini nümayiş etdirdilər, rəqs edib, mahnılar oxudular, şeirlər söylədilər. Məlumat verildi ki, 75 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsində balacaların təlim-tərbiyəsi ilə 27 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Dörd qrupdan ibarət bağçada 2 yaşdan 6 yaşadək uşaqlar tərbiyə olunur və ilkin biliklərə yiyələnirlər. Birinci vitse-prezident yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlandı. Ölkəmizdə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib və ölkədə yeni bağçaların inşasına ehtiyac olduğu müəyyənləşdirilib. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib. X X X Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəldi. Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verdi ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib. Əvvəllər internat tipli olan təhsil müəssisəsi 2010-cu ildən xarici dillər təmayüllü gimnaziya kimi fəaliyyət göstərir. İki korpusdan ibarət məktəbdə 50 sinif otağı, idman və akt zalları, emalatxanalar mövcuddur. Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya bildirildi ki, gimnaziyada 5-11-ci siniflər üzrə tədris aparılır. Müəssisədə 609 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə təqribən 70 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbdə ingilis, ərəb, fars və rus dilləri tədris edilir. Azərbaycanın Birinci vitse-prezidenti şagirdlərlə söhbət etdi, onlara dərslərində uğurlar arzulayaraq dedi: - Sizdə təhsilə, elmə, biliyə həvəs var. Siz Azərbaycanın ümidisiniz, ona görə yaxşı oxumalısınız. Gələcəkdə Azərbaycanın qurucuları siz olacaqsınız. Bilirəm, sizin məktəbinizin hər zaman yaxşı göstəriciləri olub. Uğurlar arzulayıram. Sağ olun. Bildirildi ki, 2017-2018-ci tədris ilində məktəbi 49 məzun bitirib və onlardan 45-i Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 3 nəfər 600-dən yuxarı bal toplayıb. X X X Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış oldu. Məktəbin direktoru Samirə Həsənova Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verdi ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar. Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət etdi, onlarla şəkil çəkdirdi. Diqqətə çatdırıldı ki, hazırda məktəbdə 170 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim, 10 texniki işçi məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 9 məzun bitirib və onlardan 7-si yüksək nəticə göstərərək, Azərbaycanın ali məktəblərinə qəbul olunub. Xanım Mehriban Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi köçkünlər üçün yaradılan şəraitlə maraqlandı, dövlətin bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirdi. Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verdi. AZƏRTAC
26/04/2019 09:24
Təhsil naziri çinli həmkarı ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin Təhsil naziri Chen Boasheng ilə görüşüb. Görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmin gün Təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə sözügedən universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsilləri ilə maraqlanıb.
26/04/2019 09:04
“Cisco” şirkəti ilə əməkdaşlıq müzakirə olunub
Aprelin 25-də Təhsil Nazirliyində “Cisco” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini İdris İsayev, Təhsil nazirinin müşaviri Həsən Həsənli, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin regional meneceri Vladimir Orlov və “Cisco” şirkətinin Azərbaycanda İnnovasiya üzrə direktoru Ramil Eyyubov iştirak edib. Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə olunan nailiyyətlər, fəaliyyətin daha da genişləndirilməsi, gələcək imkanlar barədə müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib. “Cisco” şirkətinin təqdim etdiyi həllər vasitəsi ilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Eyni zamanda qeyd olunub ki, hazırda Cisco Şəbəkə Akademiyalarının Azərbaycanda sayı 13-ə bərabərdir. Onlardan 5-i ali təhsil müəssisələrində, digərləri isə özəl qurumlarda yerləşir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, ölkədə müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi əsas prioritet istiqamətlərdəndir. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi və kadr potensialının gücləndirilməsi istiqamətində geniş işlər həyata keçirilir. Eyni zamanda bu istiqamətdə dövlət və özəl qurumlar arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə layihələr barədə müzakirələr aparıblar.
25/04/2019 17:07
Təhsil naziri Çinə səfər edib
Aprelin 25-də Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən ikinci “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Təhsil naziri proqram çərçivəsində təşkil olunan “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış edib. Çıxış zamanı Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn təhsilin bütün sahələrində aparılan islahatlar, 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının qarşıya qoyduğu məqsəd və vəzifələr, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil sahəsində görülən tədbirlər, o cümlədən təhsil sahəsində iki ölkə arasında həyata keçirilən əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib. Sözügedən tematik forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Miqel Anqel Moratinos, UNICEF-in icraçı direktoru Henrietta Fore, Mozambik Respublikasının prezidenti Filipe Nyusi, Myanma İttifaqı Respublikasının dövlət müşaviri Su Kyi və Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç də çıxış edib.
25/04/2019 16:31
Futzal üzrə respublika birinciliyinin qrup mərhələsi başa çatıb
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin qrup mərhələsinə yekun vurulub. Qrup mərhələsində ümumilikdə 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 11-i isə regionları təmsil edib. 6 yarımqrup üzrə keçirilən oyunlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında təşkil edilib. Hər qrup üzrə birinci və ikinci yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanıb. Növbəti mərhələ üzrə oyunlar aprelin 29-da start götürəcək. Yarışlarda Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti və Şamaxı Dövlət Regional Kollecin komandaları mübarizə aparacaq. Birinciliyə 13 may tarixində yekun vurulacaq. Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçuların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
25/04/2019 16:18
Bakı Dövlət Universitetində yaradılan Himayəçilər Şurası nəyə xidmət edəcək?
“Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında Himayəçilər Şurasının əsas fəaliyyət istiqamətləri müzakirə edilir. Verilişin qonaqları Himayəçilər Şurasının üzvləri - BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevdir.
25/04/2019 15:01
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başa çatıb
Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi yekunlaşıb. 22-24 aprel 2019-cu il tarixlərində keçirilən müsahibələrə 1170 müəllim qatılıb. Müsahibənin nəticələri ilə bağlı tezliklə hər bir namizədin şəxsi səhifəsinə məlumat göndəriləcək. Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.
25/04/2019 13:55
BDU-nun 100 illiyinə həsr olunmuş bilik yarışması
SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışmasının qaliblərinin mükafatalandırılma mərasimi keçirilib. Əvvəlcə BDU-nun 100 illik tarixindən bəhs edən videoçarx nümayiş olunub. Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, tələbələr onlara yaradılan imkanlardan düzgün bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rifahı, davamlı inkişafı naminə çalışmalıdırlar. Rektor bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizdə ali təhsil sahəsində aparılan siyasətin müsbət nəticəsini verdiyini qeyd edib. Nazir müavini bildirib ki, bu sahədə həyata keçirilən islahatların əsas məqsədi təhsilin maddi-texniki bazasının yüksəldilməsinə nail olmaq, keyfiyyətinin müasir tələblərə cavab verməsini təmin etməkdir. Eyni zamanda Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına nail olmaq, əmək bazarının tələblərinə uyğun savadlı, bacarıqlı və hazırlıqlı gənclər yetişdirmək əsas hədəflərdəndir. SABAH qrupları barədə danışan Firudin Qurbanov bilik yarışını tələbələrin təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində, eləcə də, peşəkar kadr kimi yetişməsində mühüm addım kimi qiymətləndirib. Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Bildirilib ki, bilik yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universitetinin tələbələri iştirak ediblər. İştirakçıların sayı ötən illə müqayisədə 40 faiz artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə edib. Hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub. Riyaziyyat ixtisası üzrə bilik yarışmasında BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov, müəllimlik ixtisası üzrə yarışda BDU-nun psixologiya ixtisasının II kurs tələbəsi Mərziyyə Əzməmmədova I yerin qalibi olublar. Qeyd edək ki, BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov həmçinin informasiya texnologiyaları ixtisası üzrə bilik yarışmasında I yerin qalibi olub. Tədbir SABAH qrupları himninin sədaları altında bilik yarışmasının təşkili və SABAH qruplarının fəaliyyətini əks etdirən videoçarxların nümayişi ilə başa çatıb. Xatırladaq ki, ikinci ildir keçirilən bilik yarışmasının məqsədi SABAH qrupları tələbələrinin elmi, yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi, elmi-yaradıcı təşəbbüslərə həvəsləndirilməsi, araşdırma fəaliyyətinə təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
25/04/2019 11:54
Təhsil Nazirliyi “Twitter” istifadəsinə görə üçüncü yerdədir
Təhsil Nazirliyi Azərbaycanda "Twitter" sosial şəbəkəsindən ən aktiv şəkildə istifadə edən 10 nazirlik və qurumun siyahısında üçüncü yerdə qərarlaşıb. Siyahıya əsasən, ilk üçlükdə Azərbaycan Xarici İşlər Nazirliyi (11,1 min tvit), Diaspora ilə İş üzrə Dövlət Komitəsi (7,345 min tvit) və Təhsil Nazirliyi (4,296 min tvit) yer alır. Növbəti sıralarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (3,571 min), Müdafiə Nazirliyi (3,555 min), Vergilər Nazirliyi (1,833 min), Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyi (1,333 min), Dövlət Miqrasiya Xidməti (1,104 min), Səhiyyə Nazirliyi (1,065 min) və Gənclər və İdman Nazirliyi (919) qərarlaşıb.
25/04/2019 10:01
#HərGünOxu kampaniyasına qoşulun!
Təhsil Nazirliyi tərəfindən #HərGünOxu kampaniyası başlanılıb. #HərGünOxu kampaniyası mütaliə həvəsinin artırılmasına xidmət edir. Kampaniyaya qoşulmaq istəyənlər sosial şəbəkələrdə oxuduqları kitablardan ən sevdikləri sitatı paylaşmalı, #HərGünOxu və #Challenge həştəqlərini yazmalı, eləcə də dostlarını kampaniyaya qoşulmağa dəvət etməlidir. Unutmayaq ki, hər gün 20 dəqiqə kitab oxumaq tənqidi düşüncə formalaşdırır, yaradıcılıq bacarığını və dünyagörüşünü inkişaf etdirir.
24/04/2019 17:02
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı