SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini cənub bölgəsinin təhsil işçiləri ilə görüşüb
Mayın 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib. Tədbirdən öncə Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açıb. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Nazir müavini bildirib ki, bir neçə bölgənin təhsil işçilərinin bir araya toplanaraq hesabat verməsi görülən işlərin hərtərəfli təhlilini aparmaq imkanı verir. Bu da qarşılıqlı mübadilə və yeni təcrübəyə yiyələnmək imkanları yaradır. Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən fəaliyyəti zəif qiymətləndirilən ümumi təhsil müəssisələrinin rəhbərlərinə öz tövsiyələrini verib. Nazir müavini onu da qeyd edib ki, zəif nəticə göstərən məktəblər Nazirlik tərəfindən nəzarətə götürüləcək və yaxın gələcəkdə həmin məktəb rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət ediləcək. Daha sonra Lənkəran şəhər, Lerik və Astara rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Sonda fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təmayülləşmə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi, məktəbəhazırlıq qrupları və digər məsələlərin icrası ilə bağlı suallar cavablandırılıb.
23/05/2019 15:28
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası keçirilib
Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin İdarəetmə Komitəsinin növbəti iclası olub. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov giriş nitqi ilə çıxış edərək layihənin ölkəmizdə ali təhsilə verəcək töhfələrindən danışıb, layihə sayəsində ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına inamını ifadə edib. Sonra layihənin Fransadan olan rəhbəri Bruno Kurval, Litvadan olan layihə rəhbəri Giedrius Viliunas və layihənin Latviyadan olan rəhbəri Ramina Baiba çıxış edib, layihənin uğurlu nəticəsinə əmin olduqlarını bildiriblər. Layihənin Fransa üzrə koordinatoru Liza Baydanovam öz növbəsində ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb ərzində planlaşdırılan tədbirləri diqqətə çatdırıb. Yekunda layihənin komponent liderləri öz komponentləri çərçivəsində görülən işlərdən məlumat veriblər. Sonda Komitənin üzvləri tərəfindən növbəti iclasın sentyabrın əvvəlində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri həmçinin nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev və Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyi ilə görüşlər keçirib və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.
23/05/2019 12:59
Təhsil Nazirliyində mətbuat konfransı
Mayın 23-də Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər. Eləcə də subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər. Qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək. Daha sonra ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılacaq. Xarici ölkələrin təhsil müəssisələrinin və ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında, Azərbaycan Respublikasında ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə nazirlik tərəfindən baxılacaq. Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir. Mətbuat konfransında “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın təsdiq edilməsi haqqında da danışılıb. Bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdiriləcək. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. Tədbirdə, həmçinin Nazirlər Kabinetinin “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin təsdiq edilməsi haqqında qərarına da toxunulub. Qeyd edilib ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu barədə məlumat verilib. Abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
23/05/2019 10:27
İdman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyətlə bağlı müşavirə
Mayın 22-də idman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, nazirliyin sistemində fəaliyyət göstərən idman liseylərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin direktorları və digər rəsmi şəxslər iştirak edib. Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə Nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini təhsil alanların sağlamlıqlarının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətinə toxunub. Çıxışının sonunda Firudin Qurbanov şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Daha sonra “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin illik fəaliyyəti barədə hesabatla çıxış edib. Mərkəz direktoru Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin fəaliyyəti, kadr potensialı, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlər, eləcə də mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışıb. Müşavirənin sonunda çıxışlar ətrafında müzakirələr aparılıb.
22/05/2019 18:28
“Yaradıcı məktəblər” kitabının təqdimatı
Mayın 22-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, təhsil ekspertləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və media nümayəndələri iştirak edib. Tədbirdə giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov kitab haqqında məlumat verərək bildirib ki, bu nəşrin müəllifi şagirdlərdə təhsilə maraq yaratmaq, öyrənmək həvəsini inkişaf etdirmək, onlara müasir dövrün texnoloji və peşəkar resurslarından faydalanmaq üçün sağlam yanaşma təklif edir. Cəsarət Valehov qeyd edib ki, XXI əsr yeni bacarıqlar zamanıdır və bu da “Yaradıcı məktəblər” kitabında öz əksini tapır. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu çıxış edərək bu kitabın ümumtəhsil məktəblərinin yaradıcı fəaliyyəti, dəyişikliklərin aparılması baxımından müsbət rolunu xarakterizə edib. Vəfa Yaqublunun sözlərinə görə, kitabda dəyişikliklərin əsasını konsepsiya, bacarıqlar, stimul, resurslar və fəaliyyət planı təşkil etdiyi göstərilir. Müəllifin fikirlərinə toxunan institut direktoru əlavə edib ki, hər bir şəxs təhsilə uşaqların gözü ilə baxsa, təhsilimiz daha humanist və səmərəli olacaq. Bakı Şəhəri üzrə Təhsil idarəsinin sektor müdiri Anar Qədiməliyev də öz növbəsində bu cür kitabların məktəblərdə dəyişikliklər edilməsi baxımından faydalı olduğunu qeyd edib. Anar Qədiməliyev kitabın məktəb rəhbərlərinin yanaşmasını dəyişəcəyinə inandığını deyib. Millət vəkili Fazil Mustafa da Təhsil Nazirliyinin təşəbbüsünü müsbət dəyərləndirib və belə kitabların sayının çoxaldılmasını tövsiyə edib. Çıxış edən təhsil ekspertləri və məktəb direktorları bu cür kitabların məktəblər üçün olduqca əhəmiyyətli olduğunu deyib. Qeyd edilib ki, təhsil müəssisələrində yeni pedaqoji yanaşma tətbiq edilməli və yaradıcı təhsil genişləndirilməlidir. Daha sonra kitab haqqında fikirlər səsləndirən digər tədbir iştirakçıları bu nəşrin həyati əhəmiyyətli bir məsələ olan təhsilə münasibətdə praktik həll yolları təqdim etdiyini, məktəb yaradıcılığında faydalı olacağını bildiriblər. Kitabın məktəb rəhbərlərini, müəllimləri təhsilin əsl mahiyyət və məqsədi haqqında yenidən düşünməyə vadar etdiyi diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarına Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabı təqdim edilib.
22/05/2019 17:43
“STEM-ə doğru addım-addım” adlı konfrans
Mayın 22-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” çərçivəsində “STEM-ə doğru addım-addım” adlı konfrans keçirilib. Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb rəhbərləri, “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər və digər şəxslər iştirak edib. Tədbirin keçirilməsində məqsəd birgə təlim metodlarına əsaslanaraq 45 dəqiqəlik dərs zamanı eyni mövzunun iki fənn müəllimi tərəfindən tədrisini nümayiş etdirməklə təcrübə mübadiləsi və əməkdaşlığa nail olmaqdır. Tədbirdə çıxış edən nazir müavini Məhəbbət Vəliyeva məktəblərdə STEM təhsil proqramının tətbiqinin əhəmiyyətindən danışıb. STEM-in təhsildə istifadə olunan yeni yanaşmalardan biri olduğunu deyən nazir müavininin sözlərinə görə, bu tədris metodunun əsas məqsədi şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir. Məhəbbət Vəliyeva STEM dərsləri tədris olunan məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilməsinin də vacibliyni vurğulayıb. Çıxışının sonunda nazir müavini bu təhsil müəssisəsinin təşəbbüsünü müsbət qiymətləndirib. Daha sonra çıxış edən “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər təcrübələrini bölüşüblər. Bildirilib ki, 50 təhsil mütəxəssisi İsraildə və Bakıda 5 həftəlik təlimlərdə iştirak edib. Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması, məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən metodik dəstəyin göstərilməsi üzrə kurslar təşkil olunub. Tədbirdə məktəb-liseyin builki tədris ilinə dair fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.
22/05/2019 15:33
“Bir” Tələbə-Könüllü proqramından yeni layihəyə dəstək
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihəyə dəstək verib. Layihənin məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə aparılan sorğuda 203 könüllü 600-dək dayanacaqda 30 000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
22/05/2019 09:18
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəldilər. Məlumat verildi ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşdülər. 113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi. AZƏRTAC
21/05/2019 22:09
Sumqayıt, Abşeron, Siyəzən və Xızı təhsil işçiləri ilə görüş
Mayın 21-də Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyublar. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işləri diqqətə çatdıran nazir müavini həmçinin qarşıda duran hədəfləri sadalayıb. Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyələrinin artırılması üçün həyata keçirilən təlimlər, yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələri arasında əməkdaşlığın məktəb idaretməsində əhəmiyyətindən danışıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Hesabatlar dinlənildikdən sonra fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
21/05/2019 16:35
Xaricdə təhsil almaq istəyənlərə Təhsil Nazirliyinin tövsiyəsi
Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır. Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara, təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edirik. Eyni zamanda xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara (ali təhsil müəssisəsi və tədris proqramının (ixtisasın) aid olduğu ölkədə akkreditə olunması, təhsil müddəti ərzində həmin ölkənin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq dərslərdə iştirak edilməsi, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması, tədris dilində ünsiyyət qura bilmək bacarığının olması, təhsilalma formasının yerli qanunvericiliyin tələblərinə uyğunluğu və s.) dair zəruri məlumatları özündə əks etdirən Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinin (ani.edu.gov.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış ola bilərsiniz. Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır. Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir.
21/05/2019 12:59
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı