SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
TİMSS-2019 tədqiqatı üzrə əsas mərhələ
Təhsil İnstitutu (ARTİ) tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının əsas mərhələsinə start verilib. Əsas mərhələdə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda, eləcə də digər şəhər və rayonlarda yerləşən ümumtəhsil məktəblərindən təsadüfi seçimlə müəyyənləşdirdiyi 252 sinifdə təhsil alan təxminən 6500-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub. Tədqiqatda Azərbaycan bölməsi ilə yanaşı rus bölməsində təhsil alan 4-cü sinif şagirdləri də iştirak edir. Tədqiqatın əsas mərhələsində doldurulan sorğular hər qiymətləndirmənin nəticələrinə əsasən TİMSS milli tədqiqat koordinatorları və TİMSS Sorğusu üzrə Beynəlxalq Ekspertlər Komitəsi tərəfindən daim yenilənir. TİMSS tədqiqatının keçirilməsində başlıca məqsəd qlobal kontekstdə sistemin nailiyyət meyillərini qiymətləndirmək, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və kurikulum islahatına təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir. Bu sorğulardan toplanan məlumatlar təhsil siyasətinin tətbiqi barədə dinamik mənzərəni əks etdirir. Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dörd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Qlobal konteksdə öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TİMSS-ə yeni ölkələr qoşulur. Qeyd edək ki, ölkəmiz sonucu dəfə TİMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub. Tədqiqatla bağlı daha ətraflı məlumatı ARTİ-nin rəsmi veb saytında yerləşdirilmiş “Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramında nailiyyətlərin qiymətləndirilməsi meyilləri” yazısından oxumaq olar.
10/06/2019 17:02
Respublika Yaradıcılıq Festivalı qaliblərinin təltifetmə mərasimi
İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində məktəblilərin respublika yaradıcılıq festivalı qaliblərinin təltif olunması mərasimi keçirilib. Tədbirdə tərəfdaş qurumların əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak edib. Öncə qonaqlar mərkəzin foyesindəki rəsm sərgisi ilə tanış olub. Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov istedadlı uşaq və gənclərin aşkar edilməsi, onların gələcəkdə ixtisas və peşə seçiminə köməklik göstərilməsi, eləcə də ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev müsabiqənin məktəblilərin ekoloji mədəniyyətinin və düşüncə tərzinin formalaşması, ətraf mühitin mühafizəsi və ekoloji təcrübəçilik sahəsində fəaliyyətlərinin artırılmasında rolunu qeyd edib. Mədəniyyət nazirinin müavini Vaqif Əliyev öz növbəsində festivalın məktəblilərin Azərbaycan xalq yaradıcılığı dəyərlərinə, dünya mədəniyyətinin ən yaxşı nümunələrinə hörmət və marağın yaradılması, məktəblilərdə mənəvi dəyərlərin formalaşması baxımından müsbət təsir göstərəcəyini bildirib. Çıxışlardan sonra festival qaliblərinin qiymətləndirilməsi nəticəsində dram, dekorativ-tətbiqi sənət və təsviri incəsənət, ekologiya nominasiyaları üzrə 1, 2, 3-cü yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib. Festival Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilib. Festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəyin ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi, ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir. Festival çərçivəsində respublikanın 7 zonası üzrə 61 rayondan 700 nəfərin iştirakı ilə maarifləndirici təlimlər, nominasiyalar üzrə respublika müsabiqələri keçirilib. Ümumilikdə festivalda respublikanın 598 ümumtəhsil məktəbindən 5306 nəfər məktəbli iştirak edib.
10/06/2019 16:02
14 iyun “Son zəng”dir
İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq. Təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.
10/06/2019 15:05
Bu il XI sinfi 80 514 şagird bitirir
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək. 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq. 2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vurub. 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.
10/06/2019 14:30
Yerdəyişmə müsabiqəsinə elektron qeydiyyatın son günü
İyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib, 4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib. Qeyd olunan tarixədək ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcək.
10/06/2019 12:01
“Məktəbimizdə” – fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Ağstafa şəhəri 2 nömrəli tam orta məktəbdən çəkilib. Məktəb 1972-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 1052 şagird 47 sinif komplektində birləşdirilib. Məktəbin pedaqoji kollektivi 113 nəfərdən ibarətdir. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
10/06/2019 11:39
Nazir müavini Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərinin videoqəbulunu keçirəcək
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 11-də saat 16:00-da Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərini canlı video bağlantı (videoqəbul) vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Videoqəbula yazılmaq istəyən vətəndaşlar 10 iyun 2019-cu il saat 18:00-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonla əlaqə yaradaraq, nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olaraq (http://edu.gov.az/az/contacts/request) və ya 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 7) müraciət edərək qeydiyyatdan keçə bilərlər. Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə video bağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır. Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.
10/06/2019 10:36
Zaqatalada zona müşavirəsi
İyunun 8-də Zaqatala şəhəri 1 nömrəli tam orta məktəbdə “Azərbaycan dili” və “Azərbaycan tarixi” fənlərinin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi” mövzusunda zona müşavirəsi təşkil edilib. Zona müşavirəsində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Təhsil İnstitutunun məsul əməkdaşları, Zaqatala, Balakən və Qax rayonlarının təhsil işçiləri – metodistlər, məktəb direktorları, müəllimlər və digər şəxslər iştirak edib. Müşavirə iştirakçıları əvvəlcə Zaqatala rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra tədbir iştirakçıları tərəfindən rayonun müxtəlif məktəblərindən olan 25 müəllimin nümunəvi dərsi dinlənilib. Tədbirin ikinci hissəsində dinlənilmiş dərslər müzakirə olunub, problemlər və onların həlli yolları diqqətə çatdırılıb, rəy və təkliflər dinlənilib. Fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, fənlər üzrə şagirdlərin təlim naliyyətlərinin yaxşılaşdırılması üçün bir sıra tapşırıqlar verilib.
08/06/2019 18:20
Məktəb psixoloqlarının regional konfransı
İyunun 8-də Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə məktəb psixoloqlarının regional konfransı keçirilib. Konfransda Təhsil Nazirliyi, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi, Psixologiya Elmi Tədqiqat İnstitutu və Təhsil İnstitutunun əməkdaşları, məktəb rəhbərləri, psixoloqlar və digər şəxslər iştirak edib. Sumqayıt şəhər, Abşeron və Qubadlı rayon ümumtəhsil məktəblərinin psixoloqlarının iştirak etdiyi konfransı giriş sözü ilə açan Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev məktəblərdə psixoloji işin təşkilinin əhəmiyyətindən danışıb. Ümumtəhsil müəssisələrində psixoloji xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdıran Firidun Həmzəyev bu məsələnin Təhsil Nazirliyinin xüsusi diqqət və nəzarətində olduğunu vurğulayıb. Firidun Həmzəyev həmçinin valideynlərlə işin əhəmiyyətindən danışıb və məktəb psixoloqlarına bir sıra tövsiyələr verib. Regional konfransda çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə konfransın əhəmiyyətinə toxunaraq bu kimi tədbirlərin psixoloqların işinə müsbət təsir etdiyini bildirib və Sumqayıt məktəblərində aparılan psixoloji işin təşkilindən söz açıb. Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov öz növbəsində məktəb psixoloqlarının cəmiyyət üçün ən vacib şəxslərdən biri olduqlarını qeyd edib, Təhsil Nazirliyi ilə birgə apardığı işlərdən danışıb. Çıxışlardan sonra regional konfrans plenar və bölmə iclasları ilə işini davam etdirib.
08/06/2019 15:38
İdman yarışlarının qalibləri mükafatlandırılıb
Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb. Yarışlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) birgə təşkilatçılığı ilə keçirilib. ATİAHİ-də keçirilən mükafatlandırma mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, qalib komandalar və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev qonaqları salamlayıb, Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında keçirilən voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis üzrə yarışlar barədə məlumat verib. Bildirib ki, yarışların keçirilməsində məqsəd ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçilərinin bədən tərbiyəsi və idmanla məşğulluğa kütləvi surətdə cəlb edilməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmkarlar təşkilatlarının kütləvi bədən tərbiyəsi və sağlamlıq sahələri üzrə fəaliyyətlərinin gücləndirilməsindən ibarətdir. Mərasimdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir müavini paytaxtın ümumi təhsil məktəblərində uşaq, yeniyetmə və gənclərin yaradıcılıq tələbatının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkili, məktəblilərin idmana olan marağının daha da artırılması, fiziki inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev nüfuzlu beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycanın, həmçinin dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. İdarə müdiri Azərbaycanda idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, idmana və idmançılara yüksək diqqət və qayğı göstərilməsi barədə məlumat verib. Məktəblərdə idman infrastrukturunun ilbəil yaxşılaşdığını, təhsil müəssisələrində idmanın kütləviliyinin artdığını bildirən R.Tağıyev qalib komandaları təbrik edib. Sonda Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında keçirilən voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis üzrə yarışlarda I, II və III yeri tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.
08/06/2019 10:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı