SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Yubiley tədbirinə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıb. Tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev çıxış ediblər. Natiqlər ölkəmizin tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı Dövlət Universitetini onun əsas nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıblar. BDU ilə fəxr etdiklərini bildirərək, onun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu vurğulayıblar. BDU-nun məzunlarından söz açaraq, onların tanınmış şəxsiyyətlər olduğunu bildiriblər. 1969-cu ildə universitetin 50 illiyində onun dünya şöhrətli məzunu ümummilli lider Heydər Əliyev bildirib ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsidir. Həmçinin BDU-nun məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, Yusif Məmmədəliyev, Aida İmanquliyevanın adları səsləndirilib. Dayanıqlı inkişafın reallaşmasında təhsilin roluna, bu baxımdan BMT və UNESCO-nun narahatlığı, ölkəmizin UNESCO vasitəsi ilə bəzi ölkələrdə təhsilin inkişafına verdiyi töhfələr, Azərbaycan-UNESCO əlaqələrinə Birinci vitse-prezident Mehriban Əliyevanın töhfələri, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlığı təşkilatına üzv olan bir çox ölkələrin gənclərinin ölkəmizdə təhsil ala bilməsi üçün Azərbaycan Prezidentinin müvafiq Sərəncamından danışılıb. UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışıb. Bu gün BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib. Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub. Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib. Konsertdə Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı Fuad İbrahimovun dirijorluğu, Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc musiqiçilərimizin ifası dinlənilib. Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev (skripka), Etibar Əsədli (piano), Vurğun Vəkilov (piano), Ağarəhim Quliyev (fleyta), Məhərrəm Hüseynov beynəlxalq və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Onların ifası dinləyicilər tərəfdən böyük rəğbət və alqışlarla qarşılanıb. Konsertin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və bütün zal ayağa qalxıb. Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb. AZƏRTAC
13/06/2019 09:18
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir
İyunun 12-də Təhsil Nazirliyinin tabeliyindəki Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, “Alqoritmika” şirkətinin baş direktoru Andrey Lobanov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, informasiya texnologiyaları və təhsil üzrə ekspertlər, ümumtəhsil məktəblərinin rəhbərləri, müəllim və şagirdlər iştirak edib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva əvvəlcə son illər ərzində təhsil sahəsində əldə olunan uğurlardan danışıb. “Rəqəmsal bacarıqlar” layihəsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, beynəlxalq təcrübə öyrənilməklə müasir informasiya texnologiyalarının tədris prosesində tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb. Məhəbbət Vəliyeva qeyd edib ki, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir, uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. Tədbirdə çıxış edən layihə rəhbəri Fəxri Qurbanov son illər ərzində layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Əldə olunan nailiyyətləri sadalayan Fəxri Qurbanov yeni tədris ilinin başlanğıcından etibarən layihənin ümumilikdə 6 şəhərdə (Bakı, Gəncə, Biləsuvar, Sumqayıt, Mingəçevir, Şamaxı) həyata keçiriləcəyini və 120 məktəbin 4-8 sinif şagirdlərini əhatə edəcəyini söyləyib. Tədbirdə “Alqoritmika” şirkətinin baş direktoru çıxış edərək layihənin uğurları və dünyada təhsil sahəsində aparılan yeniliklər barədə danışıb. Sonra Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq şirkəti ilə birgə keçirilən “Marsiada-2019” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin əsas məqsədi Scratch proqramlaşdırma mühitində 5 və 6-cı sinif şagirdlərinin yaradıcı qabiliyyətlərinin aşkarlanması, bilik səviyyəsinin qiymətləndirilməsi, onların marağında olan mövzu və qəhrəmanların müəyyən edilməsidir. Müsabiqədə Bakı, Gəncə və Biləsuvar şəhərlərində yerləşən 73 məktəbdən 1024 şagird iştirak edib. “Alqoritmika”nın platformasında Scratch proqramlaşdırma mühitində hazırlanan məktəblilərin orijinal layihələri müsabiqəyə qəbul edilib. İştirakçıların işləri 5 meyara əsasən qiymətləndirilib: ideyanın bütövlüyü və layihənin məzmunu; texniki reallaşdırma; yaradıcılıq; qrafik keyfiyyəti; səsin keyfiyyəti. Müsabiqə 2 əsas - ən yaxşı cizgi filmi və ən yaxşı oyun və 2 xüsusi - ən yaxşı qrafik və səs dizaynları nominasiyaları üzrə keçirilib. İştirakçılardan 28 nəfər qalib olub, 5 nəfər isə müsabiqənin beynəlxalq mərhələsində yer tutub. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılıb. Tədbirdə həmçinin ilin yekunlarına əsasən, layihənin 15 ən yaxşı müəllimi və 3 ən yaxşı məktəbi mükafata layiq görülüb.
12/06/2019 12:44
“Təhsil Liqası”na yekun vurulub
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib. Bakı şəhəri 248 və 267 nömrəli tam orta məktəblərin ərazisində yerləşən mini futbol meydançalarında keçirilən yarışlarda U-8 liqası üzrə I yerə "Keşlə" Futbol Klubunun, II yerə "Sabah" Futbol Klubunun, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, U-9 liqası üzrə isə I yerə "Sabah" Futbol Klubunun, II yerə "Vətən" İdman Liseyinin ("Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin), III yerə "Keşlə" Futbol Klubunun komandaları layiq görülüb. Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunub. Qeyd edək ki, 28 sentyabr 2018-ci il tarixindən keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından U-8 liqası üzrə 12, U-9 liqası üzrə 14 komanda qatılıb, ümumilikdə 314 oyun keçirilib. Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılmasından ibarət olub.
12/06/2019 11:23
Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Paris şəhərində səfərdədir. UNESCO-nun 2019-cu il “Yubileylər” proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi iyunun 12-də qurumun baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacaq. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də həmin tədbirə qatılacaq. Parisə səfəri çərçivəsində Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini ilə görüşüb. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib. Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq, həmin hökumətin birinci qərarının Azərbaycanda ilk universiteti təsis etmək olduğunu vurğulayıb. O, BDU-nun Azərbaycanın təhsil sistemindəki mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyev tərəfindən “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci ildə imzalanmış Sərəncamı xatırladaraq, bu istiqamətdə görülmüş işlərdən danışıb. Ceyhun Bayramov habelə Təhsil Nazirliyinin Dayanıqlı İnkişaf Məqsədi 4 – təhsil üzrə əsas qurum olduğunu vurğulayaq, ümumilikdə 2030-cu ilədək Gündəliyin reallaşdırılması üzrə Azərbaycan Respublikasının Baş nazirinin müavinin sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını qeyd edib. Peşə təhsili və təlim sisteminin səmərəliliyini artırmaq və əmək bazarında ixtisaslı işçi qüvvəsi yaratmaq məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin nəzdində təsis edilmiş Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2020-ci ildə 1000 tələbəni qəbul edəcəyini diqqətə çatdırıb. Görüşdə son dövrün ən aktual mövzularından olan süni intellekt və bu sahədə təhsilin rolu ətrafında fikir mübadiləsi aparılıb. BDU-nun rektoru Elçin Babayev 23 min tələbəsi olan universitetdə fəaliyyət göstərən UNESCO kafedraları məsələsinə toxunaraq, “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının fəaliyyət müddətinin 2023-cü ilədək uzadılmasına görə Stefania Gianniniyə minnətdarlığını bildirib. Görüşün sonunda Stefania Giannini təhsil nazirini və BDU-nun rektorunu UNESCO Baş Konfransı çərçivəsində cari ilin noyabr ayında keçiriləcək Nazirlər görüşünə dəvət edib. Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun müavinini təyin olunduğu yeni vəzifə çərçivəsində Azərbaycana səfərə dəvət edib. AZƏRTAC
12/06/2019 09:17
Nazir müavininin videoqəbulu
İyunun 11-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinlərini canlı video bağlantı (videoqəbul) vasitəsilə qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Videoqəbulda müraciətlər əsasən müəllimlərin yerdəyişməsi və iş yerinin daimiləşdirilməsi ilə bağlı olub. Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə video bağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır. Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.
11/06/2019 17:35
Fənn müsabiqələrinin final mərhələsi iyunun 21-də keçiriləcək
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin tarixi məlum olub. Final mərhələsi 21 iyun 2019-cu il tarixində keçiriləcək. Təşkilat komitəsinin qərarı ilə final mərhələsi Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, İsmayıllı, Ağdaş, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində baş tutacaq. Final mərhələsində 4700-ə yaxın şagirdin iştirakı nəzərdə tutulub. Müsabiqənin rayon ( şəhər) mərhələsində ümumilikdə 26 000-nə yaxın şagird iştirak edib. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur. Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
11/06/2019 16:03
“Ədəbiyyat biliciləri” mükafatlandırılıb
İyunun 11-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri və müsabiqə qalibləri iştirak edib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb. Məhəbbət Vəliyeva qeyd edib ki, şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir. Nazir müavini ümumtəhsil məktəb şagirdlərində mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Çıxışının sonunda Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib, onlara təhsildə və müstəqil həyatda uğurlar arzulayıb. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5500 şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 125 şagird iştirak edib . Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 16 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnaməyə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar təqdim olunub. Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
11/06/2019 12:40
Yerdəyişmə müsabiqəsinə elektron qeydiyyat başa çatıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6334 namizəd elektron ərizəsini təsdiqləyib, 127 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib. Elektron müraciətini təsdiq etmiş namizədlərin ərizələri araşdırıldıqdan sonra şəxsi səhifələrinə məlumat göndəriləcək.
11/06/2019 11:37
Təhsil TV: Obanın yeganə şagirdi
Təhsil TV hər gün Kür çayından keçərək dərsə gedən 13 yaşlı Əli haqqında "Oba" adlı qısametrajlı film çəkib. Film Bərdə ilə Zərdab rayonu arasında yerləşən obanın yeganə şagirdinin bir dərs günündən bəhs edir.
11/06/2019 11:09
Nazir müavini Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərinin videoqəbulunu keçirəcək
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 13-də saat 16:00-da Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini canlı video bağlantı (videoqəbul) vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Videoqəbula yazılmaq istəyən vətəndaşlar 12 iyun 2019-cu il saat 18:00-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonu ilə əlaqə yaradaraq, nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olaraq (http://edu.gov.az/az/contacts/request) və ya 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 5) müraciət edərək qeydiyyatdan keçə bilərlər. Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə video bağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır. Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən artıq şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.
11/06/2019 10:43
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı