SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
1305 müəllim iş yerini dəyişib
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib. Elektron yerləşdirmə zamanı 1775 namizəd vakant yer tutub. Elektron yerləşdirmə nəticəsində vakant yer tutan şəxslərin sənədlərinin düzgünlüyü yoxlanıldıqdan sonra 1305 müəllimin iş yerini dəyişməsinə razılıq verilib.
02/07/2019 17:09
“Təhsil avtobusu” yay məktəbinə start verilir
"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Təhsil Avtobusu-Nəsimi" yay məktəbi layihəsinə start verilir. Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” yay məktəbi artıq dördüncü ildir keçirilir. “Təhsil avtobusu –Nəsimi” yay məktəbi bu il Bakı, Şamaxı, sərhəd və sərhədə yaxın rayonların (Qusar, Astara, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, Qazax, Balakən) ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan V-IX sinif şagirdlərini əhatə edəcək. Nəsimi ilinə həsr olunan yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.Yay məktəbi çərçivəsində bu istiqamətlərdə interaktiv dərslər, incəsənət, peşə və fərdi inkişaf təlimləri, intellektual yarışlar keçiriləcək. Layihəyə iyulun ikinci yarısından başlanılacaq.
02/07/2019 16:57
Müəllim olmaq istəyənlər üçün son 2 gün
İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.
02/07/2019 14:06
“CanSat Azərbaycan 2019” müsabiqəsinin qalibləri
Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qiymətləndirmə mərhələsi keçirilib. Qiymətləndirmə mərhələsinə müsabiqənin "İlkin hesabat sənədi"nin təqdim olunması və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 8 universitetdən 11 komanda vəsiqə qazanıb. Komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmənin yekun nəticələrinə əsasən, final mərhələsində hazırladıqları peyk modelini uğurla səmaya buraxan ADA Universitetinin “CanADA” komandası müsabiqənin qalibi olub. Bakı Ali Neft Məktəbinin “Can of Duty” komandası II, Bakı Mühəndislik Universitetini təmsil edən “Caucasus_Sat” komandası isə III yerdə qərarlaşıb. İkinci ildir təşkil edilən “CanSat Azərbaycan” müsabiqəsi gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət edir, eləcə də, müsabiqə qaliblərinə gələcəkdə ölkəmizi bu tipli beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir. Müsabiqədə iştirak üçün ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçmişdi. Builki müsabiqədə Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən, mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.
02/07/2019 12:49
V Respublika fənn müsabiqələrinin nəticələri məlum olub
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin final mərhələsinin nəticələri məlum olub. Belə ki, hər bir fənn üzrə ən yaxşı nəticə göstərən 5 şagird I, 10 şagird II, 15 şagird isə III yerə layiq görülüb. Müsabiqələrin mükafatlandırma mərasimi növbəti tədris ilinin əvvəlində keçiriləcək. Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur. Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir. Biologiya Fizika İnformatika Kimya Riyaziyyat
02/07/2019 10:58
TOPs proqramının 5-ci mövsümü yekunlaşıb
İyulun 1-də Təhsil Nazirliyi, "British Council", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 5-ci mövsümünün bağlanış mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, "British Council"ın Azərbaycan nümayəndiliyinin direktoru Samr Shah, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və digər şəxslər iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov 240 000-dən artıq şagirdin yararlandığı TOPs proqramının əhəmiyyətindən söz açaraq əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, proqramda iştirak edən ümumtəhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil olunub. Firudin Qurbanov təlimlərin fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə təşkil edildiyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, artıq fiziki tərbiyə dərslərində TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişaf və yeniliklər müşahidə olunur və bu metodikanın tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərində şagirdlər daha çox iştirak etməyə meyl göstərirlər. "British Council"ın Azərbaycan nümayəndiliyinin direktoru Samr Shah TOPs layihəsinin ölkəmizdə böyük uğurla həyata keçirildiyini qeyd edərək Britaniya təcrübəsinin Azərbaycan məktəbliləri üçün də faydalı olduğunu bildirib. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan da öz növbəsində proqramın inklüziv tədrisi də əhatə etməsini müsbət hal kimi qiymətləndirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə də çıxış edərək iştirakçılara TOPs layihəsi çərçivəsində Akademiyanın Elmi-tədris laboratoriyasında aparılmış elmi-tədqiqat işinin nəticələri ilə bağlı məlumat verib. Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin üzvü, İnkişaf Naminə İdman İB-nin sədri Mehman Kərimov TOPs layihəsinin fiziki tərbiyə fənnini tədris edən müəllimlərin bilik və bacarıqlarının zənginləşdirilməsi, həmçinin şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirildiyini bildirib. Mərasimdə TOPs proqramının məqsəd və vəzifələri, proqram çərçivəsində görülən işlər, eləcə də bu layihənin nəticələri ilə bağlı videoçarx nümayiş olunub. Sonda TOPs layihəsi çərçivəsində 2018-2019-cu tədris ilində keçirilmiş 3 nominasiya üzrə müsabiqənin qaliblərinə mükafat, həmçinin layihə üzrə təşkil olunan təlim kursunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim edilib. 2018-2019-cu tədris ilində TOPs layihəsinə 100 ümumtəhsil məktəbi qoşularaq proqramda iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb. Bu məktəblər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarını əhatə edir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.
02/07/2019 10:33
Təhsil naziri gənc liderlərlə görüşüb
İyulun 1-də Təhsil Nazirliyində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüş keçirilib. Görüşdə Təhsil naziri Ceyhun Bayramov, Bakı, Gəncə, Lənkəran, Şəmkir, Şəki, Şamaxı, Saatlı, Biləsuvar, Şirvan, Balakən, Sumqayıt, Quba, Tovuz və Mingəçeviri təmsil edən 50 gənc iştirak edib. Görüşdə Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda gənclərin inkişafına dəstək verilməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Təhsil naziri bildirib ki, gənclərin himayədarı olan ümummilli lider Heydər Əliyev ölkəmizdə hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Təhsil sahəsində əsası ümummilli lider tərəfindən qoyulmuş islahatların bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran nazir təhsilin inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib. Ceyhun Bayramov həmçinin ölkəmizdə istedadlı gənclər üçün yaradılan imkanlardan və onların təhsil uğurlarından danışıb. Görüşdə proqram iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkili çəkilib. “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər proqramının əsas məqsədi ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması, eyni zamanda gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hisslərinin gücləndirilməsi, onlarda liderlik keyfiyyətlərinin inkişafına şəraitin yaradılmasıdır.
01/07/2019 17:47
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci turunun nəticələri
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci mərhələsinin nəticələri açıqlanıb. Layihənin ikinci – qiymətləndirmə mərhələsində iştirak hüququ qazanmış 325 namizəd elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqları yerinə yetiriblər. İkinci turda 19 və ya yuxarı bal toplayan 118 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Həmin namizədlərlə əlaqə saxlanılaraq növbəti mərhələnin keçirilmə tarixi barədə məlumat veriləcək. Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə elan etdiyi layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
01/07/2019 17:16
“Qavaldaş” festival-müsabiqə yekunlaşıb
“Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin II Respublika festival-müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə YUNESKO-nun baş direktoru Odre Azule, Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və digər qonaqlar iştirak ediblər. Üç yaş qrupu üzrə keçirilən müsabiqənin final mərhələsində Bakı şəhəri, Abşeron, İsmayıllı, Salyan və Masallı rayonları üzrə uşaq-gənclər inkişaf mərkəzləri və musiqi məktəblərinin nağaraçalanlar qrupları rəngarəng proqramla çıxış ediblər. İştirakçılar tanınmış nağara ustadlarından ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə əsasən, 4 nömrəli uşaq musiqi məktəbinin şagirdi Fateh Qənizadə solo nominasiya üzrə “Qran-pri” mükafatına layiq görülüb. 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Etibar Ağayev I, Asəf Zeynallı adına musiqi kollecinin şagirdi Nəsib Nurməmmədov II, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Yusif Rüstəmov isə III yeri tutub. Kollektiv nominasiya üzrə 4 nömrəli uşaq musiqi məktəbi I, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi II, 21 nömrəli uşaq musiqi məktəbi isə III yerlərə layiq görülüb. Qaliblər kubok və diplomlarla təltif olunublar. Festival-müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Qobustan Milli Tarixi-Bədii Qoruğunun dəstəyi ilə keçirilib. Festival-müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, musiqi alətləri və mədəni irsimizin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsindən ibarətdir.
01/07/2019 14:49
Vətəndaşlarla iş bölməsinə 17 323 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 17 323 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 905 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 418 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat və Vətəndaşların Qəbulu mərkəzlərinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1162 (506 ərizə, 656 məktub) sənəd qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələləri əhatə edib.
01/07/2019 11:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı