SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi
Cari ilin 8-24 iyul tarixlərində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək. Alman dili və tarix üzrə 8 iyul, fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyat üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
05/07/2019 12:10
Təhsil naziri Siyəzəndə vətəndaşları qəbul edir
Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə Quba şəhərindəki Mədəniyyət Mərkəzində Quba və Qusar rayon sakinlərini, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edir.
05/07/2019 10:37
Tələbələrin köçürülməsinə başlanılır
İyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun 20-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları
05/07/2019 09:17
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Həmin namizədlərin şəxsi səhifələrinə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat göndərilib. Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub. İmtahana gələn namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.
05/07/2019 08:58
Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir. Yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb. Layihə çərçivəsində təhsil müəssisəsində tədris prosesini həyata keçirən müəllim heyətinə koreyalı ekspertlər tərəfindən təlim keçirilib. İlkin mərhələdə 24 azərbaycanlı müəllim Koreya Respublikasında 3 ay müddətində təlimdə iştirak ediblər. Təlim prosesinin ikinci mərhələsi hazırda koreyalı mütəxəssislər tərəfindən Bakıda davam etdirilir. Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Qeyd olunan istiqamətdə Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Hyundai”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi bir sıra aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb. Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasını başa vurmuş gənclərlə yanaşı, ali təhsil müəssisələrini bitirmiş, hətta əmək bazarında uzun müddət təcrübəyə sahib peşəkar mütəxəssislər də təhsil ala biləcəklər. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəz “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.
04/07/2019 15:04
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat başa çatıb
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Cari ilin 24 iyun – 3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib. Onlardan 52 638 namizəd elektron ərizəsini təsdiq edib. İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək. Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında (ünvan: Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, Ayna Sultanova küçəsi 5) keçirilməsi nəzərdə tutulub.
04/07/2019 11:30
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat üçün son gün
İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu 3 iyul tarixində saat 23:59-da başa çatacaq. Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.
03/07/2019 16:18
Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb
2019-cu ilin ilk yarım ili ərzində Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalına (www.e-derslik.edu.az) giriş sayı ötən illə müqayisədə 2 dəfə artıb. Belə ki, ötən ilin ilk yarım ilində portala giriş sayı 673 240, səhifələrə ümumi baxış sayı isə 4 849 258 olubsa, cari ilin ilk altı ayında portala giriş sayı 1 199 651, səhifələrə ümumi baxış sayı isə 9 584 492 təşkil edib. Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 olub. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 təşkil edib. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.
03/07/2019 15:27
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri məlum olub
İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Brifinqdə nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov bildirib ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir. Brifinq iştirakçılarının diqqətinə çatdırılıb ki, müsabiqə üzrə layihə təklifləri martın 11-dən aprelin 1-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 7 iyul 2019-cu il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələr haqqında məlumat Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib gəlmiş layihələr haqqında məlumat
03/07/2019 14:36
Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə
2019-cu ilin birinci yarımili üzrə ən çox istifadəçi müraciəti olan dövlət orqanlarının rəsmi internet resursları açıqlanıb. Aparılan təhlillərə görə, Təhsil Nazirliyinin rəsmi internet saytı ən çox müraciət olunan internet resursları sırasındadır. Nazirliyin rəsmi internet saytı toplam giriş sayına görə ilk onluğun dördüncü, unikal giriş sayına görə isə üçüncü pilləsində yer alıb. İlk onluqda həmçinin, Dövlət İmtahan Mərkəzi, Vergilər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları yer alıb.
03/07/2019 10:34
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı