SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”
Təhsil Nazirliyində “İT sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, bu universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin nümayəndələri və məktəb direktorları iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi və bu texnologiyalardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə yaradılan müasir təhsil sistemini beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə təhlil etmək və təhsilin modernləşdirilməsində vacib rol oynayan tərəflərlə fikir mübadiləsi aparmaqdır. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təqdimatla çıxış edərək İKT sənayesində baş verən və proqnozlaşdırılan 10 əsas texnoloji tendensiyalar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, proqnozlara əsasən 2022-2024-cü illərə qədər rəqəmsal iqtisadiyyata keçid, süni intellektin tətbiqi, böyük verilənlərin təhlili, əşyaların interneti və üçüncü platforma texnologiyalarına sərmayələr, blokçeyn texnologiyasının tətbiqinin genişlənməsi, bulud texnologiyalarının inkişafı və yeni nəsil proqramçılara ehtiyacın artması fonunda təhsilin məzmunu, təchizatı və idarəolunması transformasiyaya uğramalı, təhsil sisteminin modernləşdirilməsi üçün tədris fərdiləşməyə uyğun istiqamətləndirilməlidir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təhsil pillələri və ixtisasartırmada müasir texnologiyaların tətbiqi vəziyyəti və perspektivlər müzakirə edilib.
01/07/2019 10:53
Universitetlərarası bəyannamənin yaratdığı imkanlar
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı məktəbi arasında birgə bəyannamə imzalanıb. “Təhsil” televiziyasının “Təməl” verilişində bəyannaməyə əsasən tərəflər üçün yaradılacaq imkanlar haqqında məlumat verilir. Verilişin qonaqları Corc Vaşinqton Universitetinin layihə direktoru Sevinc Məmmədova və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlidir.
01/07/2019 10:25
Bakıda sığorta bazarında mövcud vəziyyət müzakirə edilib
Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə iyunun 28-də Bakıda sayca IX “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçirilib. İyirmiyə yaxın xarici ölkədən 50-yə yaxın nümayəndənin qatıldığı Forumda ümumilikdə 150-dən çox şəxs iştirak edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov sığorta sektorunda nəzərə çarpan inkişaf və perspektivlər, müşahidə olunan trendlər, tətbiq edilən yeni mexanizmlər, sığorta bazarının şəffaflaşdırılması və sektoral nəzarətin gücləndirilməsi, həmçinin sığorta bazarına inam və etimadın yüksəldilməsi ilə bağlı görülən işlər barəsində məlumat verib. İbrahim Alışov bildirib ki, sığorta sektorunun inkişaf etdirilməsi və sektora nəzarətin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın qəbul edilməsi bunun bariz nümunəsidir. “Hazırda sığorta sektorunun aktivləri maliyyə sektorunun aktivlərində 3,1 faiz paya malikdir. Maliyyə Bazarlarına Nəzarət Palatası yarandığı gündən sığortaçıların cəmi aktivləri 64 faiz artaraq 1,4 milyard manata çatıb. 2018-ci ilin sonunda sığorta bazarının qeyri-neft sektorunda payı 1,9 faiz, maliyyə sektorunda payı isə 2,9 faiz təşkil edib”, - deyə İbrahim Alışov diqqətə çatdırıb. Son dövrlər sığorta bazarında böyük nailiyyətlər əldə olunduğunu deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, sığorta bazarı iqtisadi və sosial inkişafın bütün seqmentləri ilə əlaqədardır. Azərbaycanda son illər atılan addımlar öz müsbət nəticələrini verir. Bu cür forumların keçirilməsi dünya təcrübəsini öyrənmək üçün çox əhəmiyyətlidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, ötən il sığorta şirkətləri tərəfindən 728 milyon manatlıq sığorta haqları toplanıb ki, bu, hələ Azərbaycanın ÜDM-in 1 faizinə çatmır. 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunması nəticəsində ilk dəfə olaraq sığorta haqlarının həcmi ÜDM-in 1 faizini ötəcək və ilk dəfə ölkə tarixində sığorta haqları 1 milyard manatdan çox olacaq. Strateji Yol xəritələri çərçivəsində sığorta bazarı ilə bağlı xüsusi tapşırıqlar müəyyənləşdirilib. Bunlardan ən vacibi sığorta şirkətlərinin kapitallaşması, aktivlərin sağlamlaşdırılması, yeni sığorta məhsullarının, texnologiyalarının tətbiqi ilə bağlıdır. Təhsil nazirinin müavini İdris İsayev deyib ki, ümumtəhsil müəssisələrində sığorta ilə bağlı fənn tədris edilməsə də, “Həyat Bilgisi” dərsliyində sığortaya dair mövzular daxil edilib. 4-cü və 8-ci siniflərin “Həyat bilgisi” dərsliyində sığortaya dair məlumatlar yer alıb. Peşə məktəblərində sığorta sahəsi üzrə peşəkar kadrlar hazırlanır. Peşə təhsili pilləsində sığorta agenti ixtisası üzrə hər il təxminən 80 tələbə qəbul olunur. Orta ixtisas təhsili pilləsi üzrə isə hər il sığorta işinin təşkili ixtisası üzrə 200-ə yaxın qəbul planı həyata keçirilir. Ali təhsilin magistratura pilləsində 16 tələbə sığorta işinin təşkili üzrə, 30 tələbə isə sığorta idarəetməsi ixtisası üzrə təhsil alır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, ölkəmiz dövlət xidmətləri sahəsində çox böyük inkişaf yolu keçib. 2012-ci ildə “ASAN xidmət”in yaradılması ölkəmizdə dövlət xidmətləri sahəsində yeni standartların və yeni brendin formalaşmasına gətirib çıxarıb. Ölkəmizdə sığorta işinin təşkili sahəsində mühüm işlər görülür. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, hazırda ölkə əhalisinin 47,2 faizi kənd yerlərində, məşğul əhalinin 36,1 faizi kənd təsərrüfatında işləyir. Kənd əhalisinin 80-90 faizi kənd təsərrüfatı ilə məşğuldur. Sığorta şirkətlərini kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə xüsusi məhsullar hazırlamağa dəvət edirik. Eyni zamanda, istərdik ki, sığorta şirkətləri vətəndaşlar arasında təbliğat aparsınlar, sığorta savadlılığının artırılması istiqamətində maarifləndirici tədbirlər keçirsinlər. Forum çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandum imzalanıb. Anlaşma memorandumu bu qurumların iştirakı ilə ölkədə sığorta sahəsi üzrə maarifləndirmə, təbliğat-təşviqat işlərinin aparılması və aidiyyəti qurumların İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasına dəstəyin verilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılmış Hadisələrin İdarəedilməsi Sistemi və CLIP layihələri barəsində təqdimat baş tutub. Bildirilib ki, Hadisələrin İdarəedilməsi Sistemi sığorta tənzimlənməsi zamanı istehlakçıların işlərinin rahatlaşdırılmasına, səlahiyyətli dövlət orqanlarından alınan sənədlərin, xüsusilə Forma 4-ün elektronlaşdırılmasına, vətəndaş-məmur təmasının minumuma endirilməsinə, “Bonus-Malus” sisteminin effektivliyinin artırılmasına xidmət edəcək. Hadisələrin İdarəedilməsi Sistemi çərçivəsində yaradılan mobil tətbiq isə sığorta tənzimləmələrinin sürətli şəkildə həyata keçirilməsinə və həm sığortaçının, həm də dövlət orqanının dərhal məlumatlandırılmasına şərait yaradacaq. Əlavə olaraq, CLIP layihəsi çərçivəsində İcbari Sığorta Bürosunun elektron informasiya sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi ilə məlumat mübadiləsinin tamamlanması reallaşıb. Bu layihənin reallaşması ilə “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə müqavilələrin elektron şəkildə bağlanması mümkün olacaq. Forum plenar sessiyalarla işini davam etdirib. AZƏRTAC
01/07/2019 10:20
Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub
İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, FHN işçilərinin həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub. Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov və rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev öncə yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı ilə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıblar. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Qeyd edək ki, bu il ümumrespublika yarışlarında finala vəsiqə alan 12 komanda – Quba, Salyan, Ucar, Lənkəran, Daşkəsən, Şuşa, Şamaxı, Sumqayıt və Bakı şəhəri “Zəngi” liseyi, 220 və 31 nömrəli tam orta məktəblərin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli respublika xüsusi internat məktəbinin komandası iştirak edib. “Gənc xilasedici” VII Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Qətər, Gürcüstan, Rumıniya, Ukrayna, Serbiya, Bolqarıstan komandaları mübarizə aparıblar. Yarışlarda komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Gürcüstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası, ikinci yerə Şamaxı, üçüncü yerə isə Ucar rayonunun komandaları layiq görülüb. Habelə Bakı şəhəri 2 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin komandası da təltif olunub. Bədii hissə ilə davam edən tədbirdə qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib. AZƏRTAC
01/07/2019 10:00
Bu il Bakı Dövlət Universitetini beş minə yaxın tələbə bitirir
İyunun 29-da “Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin (BDU) 2018-2019-cu tədris ilinin məzunları ilə təntənəli görüş olub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Müvafiq qurumların nümayəndələrinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Nazir Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən nazir BDU-nun bu sahənin inkişafında müstəsna xidmətlərini vurğulayıb. Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb. BDU-nun inkişaf mərhələləri ilə bağlı fikirlərini qeyd edən nazir bu il universiteti 5 minə yaxın tələbənin bitirdiyini deyib. Universitetin rektoru Elçin Babayev BDU-da təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Məzunların doğma universitetin adını daim uca tutacaqlarına, ölkəmizin tərəqqisinə öz töhfələrini verəcəklərinə əminliyini bildirən rektor onları təbrik edib, uğurlar arzulayıb. AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov ölkəmizdə təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, məzunlara tövsiyələrini verib. BDU-nun 18 yaşlı magistrantı Turanə Tağıyeva və çıxış edən məzunlar gənclərin təhsilinə göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomları verilib. Sonra maraqlı konsert proqramı təqdim edilib. AZƏRTAC
29/06/2019 19:29
"CanSat Azərbaycan 2019" müsabiqəsinin final mərhələsi
Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə iştirak üçün ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"nin təqdim olunması və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 11 universitetdən 13 komanda vəsiqə qazanıb. Builki müsabiqədə Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən, mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub. Final mərhələsinin ikinci günündə komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Final mərhələsinin ikinci günü sabah baş tutacaq. “CanSat Azərbaycan” müsabiqəsi müddətində iştirak edən tələbələr aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə tətbiq etmək bacarıqlarını əldə ediblər.
28/06/2019 18:23
Məktəblimiz Avropa çempionatının qalibi olub
Azərbaycanlı şagird Polşanın Varşava şəhərində keçirilən cüdo idman növü üzrə Avropa çempionatında uğurla iştirak edib. Çempionatda 39 ölkədən 434 cüdoçu mübarizə aparıb. Yarışda Bakı şəhəri 1 nömrəli İdman liseyinin cüdoçusu Turan Bayramov 60 kq çəki dərəcəsində Litva, Portuqaliya, Rusiya və Ukrayna idmançılarını məğlub edərək final mərhələsinə vəsiqə əldə edib. Daha sonra idmançımız final mərhələsində Türkiyə təmsilçisinə qalib gələrək Avropa çempionu adını qazanıb.
28/06/2019 17:56
Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin şərtləri nələrdir? Bu günədək müəllim olmaq istəyən neçə namizədin elektron ərizəsi təsdiqlənib? “Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında mövzu ilə bağlı bu və digər suallar müzakirə edilir. Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir.
28/06/2019 15:55
Təhsil naziri Şəkidə vətəndaşları qəbul edib
İyunun 28-də Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib. Qəbulda vətəndaşların müraciətləri əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələlərlə bağlı olub. Qəbuldan sonra Təhsil naziri Ceyhun Bayramov Şəki şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının tikinti işləri ilə tanış olub. Bildirilib ki, yeni tədris binası 960 şagird yerlikdir, təhsil müəssisəsinin növbəti tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur. Daha sonra Ceyhun Bayramov İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin yeni binasının tikintisi ilə tanış olub. Bildirilib ki, köhnə tədris binası 1987-ci ildən fəaliyyət göstərir. Hazırda tikilən yeni bina 434 şagird yerlikdir və növbəti tədris ilindən istifadəyə verilməsi gözlənilir.
28/06/2019 14:52
Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir
İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 29 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 26 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.
28/06/2019 13:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı