SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dünya məktəbliləri Bakıda yarışır
Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir “Bu yarışa çox ciddi hazırlaşmışdım. Çünki bilirdim ki, olimpiadalarda güclü iştirakçılar mübarizə aparır. İnformatika üzrə olimpiadada artıq üçüncü dəfədir iştirak edirəm. Medal qazanmaq üçün əlimdən gələni etdim”. Fizika-Riyaziyyat və İnfotmatika Təmayüllü Liseyin 10-cu sinif şagirdi Abutalıb Namazov Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir. Fizika-Riyaziyyat və İnfotmatika Təmayüllü Liseyin Azərbaycan komandasının üzvü olan başqa bir şagirdi Murad Eynizadə isə artıq 3 ildir olimpiadaya hazırlaşır: “Olimpiadaya hazırlaşmazdan əvvəl öz məktəbimizdə respublika informatika olimpiadasında iştirak etmişəm. Daha sonra Təhsil Nazirliyi tərəfindən təşkil edilən təlim məşğələlərinə qatılmışam. Bu məşğələlərdə bizə yerli müəllimlərlə yanaşı, xarici mütəxəssislər də təlimlər keçib. Əlbəttə ki, hər kəs I yeri qazanmaq istəyər. Mən də bunun üçün çalışdım”. Bu günlərdə dünyanın 88 ölkəsindən olan Abutalıb və Murad kimi yüzlərlə şagird Bakıda toplaşıb. Çünki avqustun 4-dən şəhərimizdə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına start verilib. Yaşadığımız zaman kəsiminin kompüter əsri, informasiya texnologiyaları dövrü olması bir çox sahələrdə olduğu kimi təhsildə də öz sözünü deyir. Müasir texnologiyalarla tanış olan yeni nəsil ağlı, məntiqi və ən əsası, texniki inkişafa münasibəti ilə özündən əvvəlki nəsli təəccübləndirə bilsə də, uğur əldə etmək üçün uzun müddət hazırlaşmalı, fasiləsiz məşğul olmalıdır. Avqustun 4-dən Bakıda start götürən Olimpiada hərəkatını izləyəndən sonra insan məhz bu qənaətə gəlir. Çünki bu günlərdə Bakıda olan yeniyetmə informatika biliciləri insana, bax, bunu düşündürür. 30 il ərzində iştirakçı ölkələrin sayı 13-dən 88-ə yüksəldi Məlumat üçün qeyd edək ki, informatika üzrə ilk olimpiada UNESCO-nun təklifi və dəstəyi ilə keçirilib. 1989-cu ildə Bolqarıstanda baş tutan həmin yarışa cəmi 13 ölkə qatılıb. 30 il sonra Bakıda ilk dəfə təşkil olunan, sayca 31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda indiyə qədər 24 dəfə təmsil olunan Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Azərbaycan bu yarışa 24 dəfə qatılıb İnformatika üzrə beynəlxalq yarışa artıq 24 dəfə qatılsa da, ölkəmiz bu yarışa ilk dəfə ev sahibliyi edir. İnformatika Fənn Olimpiadasının Beynəlxalq Komitəsinə edilən müraciətlə bağlı 2015-ci ildə müsbət qərar verilib. Ötən il 80-dən çox ölkə məktəblilərinin iştirakı ilə Yaponiyada keçirilən olimpiadada “Beynəlxalq İnformatika Olimpiadası-2019”un bayrağı Azərbaycana təqdim edilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə sədr, Təhsil naziri Ceyhun Bayramov, həmsədr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramil Quluzadə və fəxri sədr ADA universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi altında Təşkilat Komitəsi yaradılıb və fevral ayından hazırlıq işlərinə başlanılıb. Mətbuat konfransı Və artıq avqustun 4-dən başlayaraq, olimpiadaya qatılan ölkələr öz komandaları ilə Bakıdadır. Avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. Təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri sədri Hafız Paşayev, Olimpiadanın rəsmi qlobal sponsoru “Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski jurnalistlərin suallarını cavablandırıblar. Tədbirdə əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olimpiada ilə bağlı təqdimatla çıxış edib. Daha sonra Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb. Nazir istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlər nəticəsində həm respublika, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarını xatırladan Ceyhun Bayramov onun olimpiada hərəkatını stimullaşdırmaq məqsədi daşıdığını qeyd edib. Təhsil naziri beynəlxalq olimpiadada iştirak edən yerli komandanın üzvlərinin yüksək səviyyədə hazırlığının təmin edildiyini və onlara böyük ümid bəsləndiyini əlavə edib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. 31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra “Acer” şirkəti 450 ədəd “Aspire” noutbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcəyini söyləyib. Möhtəşəm açılış Elə həmin gün Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçirilib. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə açılışda iştirak ediblər. Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın “IOI 2019” nümayəndələrinə ünvanladığı rəsmi məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb. İnformatikanın inkişafına töhfə verəcək Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov əvvəlcə ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019”a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq və regional yarış və tədbirlərə ev sahibliyi etdiyini xatırladıb. 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının da Bakıda keçirildiyini, həmin bilik yarışında şagirdlərimizin 2 medal qazandığını vurğulayaraq, son 6 ildə şagirdlərimizin olimpiadalardan 150-dən çox medal gətirdiyini deyib. Ölkəmizin beynəlxalq elmi olimpiada uğurlarından söz açaraq əldə edilən medalların sayının artacağına ümid bəslədiyini bildirib: “İnanırıq ki, bu cür tədbirlər xüsusilə gənclər arasında dostluq, sülh və mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayacaq”. Təhsil naziri dünya məktəblilərinin Bakıda olduqları müddət ərzində Azərbaycan qonaqpərvərliyindən, mədəniyyətimizdən, mətbəximizdən, tariximizdən zövq alacaqlarına inam ifadə edib. Beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayan Ceyhun Bayramov çıxışının sonunda bütün iştirakçılara uğur arzulayıb. ADA Universitetinin rektoru, “IOI 2019”un fəxri sədri Hafız Paşayev hesab edir ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır. Onun sözlərinə görə, informatika üzrə beynəlxalq olimpiada kompüter elmləri və İT sənayesinin gələcək liderlərini bir araya gətirir. IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın keçirilməsinin faydalarından söz açıb. Tədbirin rəsmi qlobal sponsoru “Acer” şirkətinin Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb. Açılış mərasimində 88 ölkə və regiondan olan “IOI 2019” nümayəndə heyətləri təqdim olunub. 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, IOI-nun rəsmi sponsoru “ACER”in fəaliyyətinə və Bakıya həsr edilmiş videoçarxlar nümayiş olunub. Beynəlxalq İnformatika Olimpiadası yüksək səviyyədə təşkil olunub Qeyd edək ki, açılışı Bakı Konqres Mərkəzində gerçəkləşən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında baş tutub. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün “Boulevard Hotel” mehmanxanası seçilib. Yarış müddətində məktəblilər “Atletlər kəndi”ndə yerləşdirilib. Olimpiada iştirakçıları üçün əyləncə zonası, müxtəlif tədbirlər, maraqlı asudə proqram təşkil edilib ki, məktəblilər yarışdan kənar vaxtlarını səmərəli keçirsinlər. Məsələn, mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilib. İştirakçılar, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar “Qız qalası” və digər abidələrlə yaxından tanış olublar. Məktəblilər yarışdı Nəhayət, həyəcanlı günlər. Həftənin iki günü, yəni avqustun 6-da və 8-də Milli Gimnastika Arenasında baş tutan yarışda 87 komanda bilik və intellekt nümayiş etdirib. 5 saat ərzində 3 sualı cavablandıran şagirdlər ümumilikdə 2 gün ərzində 10 saatda 6 tapşırıq yerinə yetiriblər. Yarışların nəticələri hələlik bəlli olmasa da, əvvəlcədən də gözlənildiyi kimi, Çin, Koreya, Rusiya, Kanada, ABŞ, İran məktəbliləri xüsusi fəallıq göstəriblər. Yarışın yekun nəticələri bu gün - avqustun 9-da elan ediləcək. Qeyd edək ki, ölkəmizdə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına 88 ölkədən nümayəndə qatılsa da, 1 ölkə müşahidəçidir. Bakıda keçirilən olimpiadada Birləşmiş Ərəb Əmirliklərinin komandası yoxdur. 13-cü “IOI” konfransı Avqustun 6-da 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) çərçivəsində 13-cü “IOI” konfransı da keçirilib. 2007-ci ildən keçirilən “IOI” konfransı standart “IOI” proqramının bir hissəsidir. Tədbirdə “Olympiads in İnformatics” jurnalının baş redaktoru Valentina Dagiene konfransın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Qonaq, həmçinin Bakıda keçirilən olimpiadanın əhəmiyyətinə toxunub. Jurnalın icraçı direktoru Mile Jovanov konfransın “Olympiads in İnformatics” jurnalı ilə əlaqəsindən danışıb. O vurğulayıb ki, jurnal Vilnüs Universitetinin Riyaziyyat və informatika fakültəsi və Beynəlxalq İnformatika Olimpiadasının təşəbbüsü ilə 2007-ci ildə təsis edilib. Olimpiada və digər müsabiqələr vasitəsilə informatika fənninin tədrisinin bütün sahələrində tədqiqatlara həsr olunan bu beynəlxalq jurnalın nəşri Beynəlxalq İnformatika Olimpiadasında keçirilən elmi konfransla sıx bağlıdır. Konfransda iştirakı nəzərdə tutulan müəlliflər məqalələrini bu jurnala təqdim edirlər. Jurnalın 2019-cu il nəşrində 50 ölkədən 200 müəllifin məqaləsi yer alıb. Konfransda Azərbaycan və xaricdən olan nümayəndə heyəti kompüterlə bağlı mənbə rolunu oynayan rəqəmsal kitabxana, TLCS layihəsi, uşaqların proqramlaşdırma marafonu, kompüter elmləri, “K-12”də hesablama təfəkkürü - Azərbaycan təcrübəsi, ikinci dərəcəli alqoritmik alətlər, proqram təminatının hazırlanması mövzularında məruzələrlə çıxış ediblər. Konfransın ikinci hissəsində müəllimlər üçün “İnformasiya və hesablama üsulları” mövzusunda seminar keçirilib. Olimpiadanın əhəmiyyəti Bakıda ilk dəfə keçirilən bu olimpiada mühüm hadisə kimi qiymətləndirilir. Mütəxəssislər belə hesab edirlər ki, dünyada 5 fənn üzrə (fizika, riyaziyyat, kimya, biologiya, informatika) keçirilən olimpiadalar şagirdlərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Xüsusən, informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. 31-ci Beynəlxalq İnformatika Olimpiadası və tədbirin təşkili ilə bağlı yüksək rəylər var. Təhsil üzrə ekspert Etibar Əliyev olimpiadanı belə qiymətləndirir: “Bir neçə gündür məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasını izləyirəm. Tədbir yüksək səviyyədə təşkil olunub. Mühüm hadisədir. Qaldı məktəblilərimizn nəticələrinə, asan deyil. 2011-ci ildən bu yarışdan medalımız yoxdur. Bəli, son illər bu olimpiada daha çətin olub. Həm də bu yarışmaya kompüter yarışması kimi baxmayın. Açılış günü mütəxəssisləri danışdırdım. Bəlli oldu ki, informatika olimpiadasında əsas bacarıq kimi proqram dillərini bilmək də bəs etmir, burada güclü riyazi alqoritm qurmaq bacarığı tələb olunur. İnsanın həll edə bilmədiyi riyazi məsələləri proqramla həll etməlisən. Üstəlik də, proqram sürətli işləməli və həcmi az olmalıdır, yəni optimallıq yüksək olmalıdır. Yenə də məktəblilərimiz medal şansına çox yaxınlaşıblar. Statistikaya baxdım, ötən il Yaponiyada Abutalıb Namazov medalın ən yaxınlığında olub. Builki komandada Abutalıbın və Muradın nəticələri yüksəkdir. Şans hansınınsa, bəlkə ikisinin də üzünə gülə bilər. Yarışda bütün iştirakçıların yarısı medal alır. Çünki onlar seçilmiş, ələnərək gəlmiş dünya birinciləridir. Orada iştirak özü böyük uğurdur”. Bir beynəlxalq tədbir daha... Beləliklə, Bakı növbəti beynəlxalq tədbiri uğurla yekunlaşdırır. Dünyanın 88 ölkəsindən olan iştirakçıların qatıldığı yarışın bağlanış mərasimi Heydər Əliyev Mərkəzində baş tutacaq. "Azərbaycan müəllimi" qəzeti
09/08/2019 10:52
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi davam edir. Avqustun 7-dən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək. Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək sonda ərizələrini təsdiq etməlidirlər. Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir. Müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.
08/08/2019 17:17
31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi
Avqustun 8-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir. Bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırmalıdırlar. Yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulub. Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı bu bilik yarışı özünün zəngin proqramı ilə seçilir. Yarış iştirakçılarının asudə vaxtlarını səmərəli keçirmələri üçün maraqlı mədəni proqram da təşkil olunub. Avqustun 7-də Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıları üçün Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Nobel qardaşlarının ev-muzeyinə ekskursiyalar təşkil edilib. İştirakçılar həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar “Qız qalası” və digər abidələrlə yaxından tanış olublar. Qeyd edək ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə «İstedad sponsoru” kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.
08/08/2019 10:53
Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesi davam edir. Elektron sənəd qəbulu avqustun 20-dək davam edəcək. Bu gün saat 15:00-dək olan məlumata əsasən, artıq 3 300-dən çox vətəndaş müraciəti qeydə alınıb. Müraciət edənlər əsasən aşpaz, dərzi, heyvandarlıq mütəxəssisi, turizm təşkilatçısı və aqroservis mütəxəssisi ixtisaslarına üstünlük veriblər. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Nəticələrin avqustun 21-də elan olunması nəzərdə tutulub.
07/08/2019 16:29
İdmançılar üçün yay düşərgəsi
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin “Zuğulba” Tədris İdman Bazasında idman-sağlamlıq düşərgəsi təşkil edilib. Düşərgədə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yüksək nəticə göstərmiş idmançıları iştirak ediblər. Karate, badminton, boks, stolüstü tennis, həndbol bölmələri üzrə 100 məktəbli idmançının qatıldığı düşərgədə hazırlanmış proqramlar əsasında onların məşq və istirahətlərinin səmərəli keçirilməsi təmin olunub. Düşərgənin təşkil olunmasında məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların idmanda daha yüksək nailiyyət əldə etməsi üçün stimul yaratmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
07/08/2019 16:13
Təhsil naziri Astarada vətəndaşları qəbul edib
Avqustun 7-də Təhsil naziri Ceyhun Bayramov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda vətəndaşların müraciətləri əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpa olunma, həmçinin digər məsələlərlə bağlı olub. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
07/08/2019 14:44
Təhsil naziri Astarada vətəndaşları qəbul edir
Təhsil naziri Ceyhun Bayramov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
07/08/2019 11:37
“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” IX Respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, 2020-ci il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək. Əmrdə bildirilir ki, 12 oktyabr 2019-cu il tarixindən etibarən şagirdlər www.sabahinalimleri.edu.az internet səhifəsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər. Əmr ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş məktəblilərin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədi daşıyır.
07/08/2019 09:47
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi
Avqustun 7-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir. Bu gündən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək. Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir. Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42, fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib. Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib. Müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.
07/08/2019 09:28
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır
Avqustun 7-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək. Namizədlər 14 avqust saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər. 2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir. Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. Müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.
06/08/2019 16:29
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı