• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib. Bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər. Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Müddətli müqavilə ilə işə qəbul üzrə II turun nəticələri

Sentyabrın 23-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə ikinci turun nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1575 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabrın 25-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti üzrə təqdim etməlidirlər. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlər müvafiq sənədlərini aidiyyəti ümumi təhsil müəssisəsinə, digər vakansiyalara yerləşən şəxslər isə aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Daha sonra namizədlər şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamalıdırlar. Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti müəssisə tərəfindən təsdiq olunmuş şəxslərin işə qəbulu rəsmiləşdiriləcək.  

"Kod saatı"nın birinci mərhələsi keçirilib

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın birinci mərhələsi keçirilib. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 453 məktəbli iştirak edib. Tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər. Qeyd edək ki, "Kod saatı" tədbirinin növbəti mərhələləri sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək texnologiyalarla bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.

Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilib

Sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. tədbirdə IAEA prezidenti Rendi Bennett rəhbəri olduğu assosiasiyanın məqsədinin təhsilin qiymətləndirilməsi elmi və təcrübəsinin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarət olduğunu bildirib. Vurğulayıb ki, tədbirə ev sahibliyi edən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirilməsi üçün səylə çalışıb. Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb. IAEA 2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir. Konfransın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur. Qoy bu konfrans zəngin ideya və diskussiyalarla, habelə təşviq edəcəyi zəngin qarşılıqlı əlaqələrlə yadda qalsın. Təhsilin səmərəliliyini artırmaq və dünyanı daha da yaxşılaşdırmaq naminə birgə işləməyimizə kömək etsin. Rendi Bennet konfrans iştirakçılarına məhsuldar və xoş həftə arzulayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini xatırlayaraq deyib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır. Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür. Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik. Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransımıza dəvət etdik. Onlar sizinlə qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır. Bundan əlavə, biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini də builki proqrama daxil etmişik. Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq. Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq! Biz buna çərşənbə günü Cambridge Assessment (Kembric Qiymətləndirmə) ilə tərəfdaşlıq sazişi imzalamaqla başlayırıq. Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik. Tərəfdaşlarımız, sponsorlarımız və bütün bizə dəstək olanlarla birgə sizin Bakıya bu gəlişinizi xoş xatirələrlə zəngin və unudulmaz etməyə çalışmışıq! Bu həftə burada toplaşan və Bakını yenidən təhsilin qiymətləndirilməsi üzrə müzakirələr mərkəzinə çevirən hər bir kəsə dərin təşəkkürümü bildirirəm". Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətləri sırasında səriştəyə əsaslanan təhsil məzmununun və yeni təhsil idarəetmə sisteminin yaradılması, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi və yüksəkixtisaslı kadrlar hazırlanmasının təmin edilməsi, rəqabətqabiliyyətli mütəxəssislər yetişdirilməsi, həmçinin təhsilin beynəlmiləlləşdirilməsi imkanlarının genişləndirilməsi önəmli məsələlərdir. Son 6 ildə təhsilin keyfiyyətində xeyli irəliləyiş əldə edilib. Əldə olunan nailiyyətlərin gedişatını ölçmək üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. "Progress in International Reading Literacy Study" (PIRLS) - oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb. Ölkəmizdəki mərkəzləşdirilmiş imtahan modelinin yüksək səviyyədə şəffaflıq və rəqabət əldə etməsi baxımından həlledici rolu olub. Milli tədris proqramları gələcək əmək bazarının ehtiyaclarını ödəmək, öyrənənlərin fərdi rifahına və xoşbəxtliyinə nail olmağa xidmət edir. Bu məqsəd üçün qiymətləndirmə siyasəti əsas aparıcıdır. Təhsil sistemini dünyada baş verən sürətli dəyişikliklərə uyğunlaşdırmaq əsas istiqamətlərdən biri olmalıdır. İnanıram ki, konfrans hamımızın bu sahədə ən yaxşı təcrübələrimizi bölüşmək və qarşılaşdığımız ümumi problemləri müzakirə etmək üçün bir platforma olacaq. Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, konfransın gündəmində duran məsələlər, o cümlədən qiymətləndirmə proseslərində texnologiyaların rolu, imtahan proseslərinə aid psixoloji tədqiqatların artırılması, təhsildə müəllimlərin yeri universitetlərin gündəlik işinə bilavasitə təsir edir. Rektor vurğulayıb ki, təhsildə şəffaf və etibarlı qiymətləndirmə prosesinin inkişafı üçün Azərbaycan əhəmiyyətli irəliləyişlər əldə edib - sovet dönəmindən qalan subyektiv və qərəzli qiymətləndirmə bilik və qabiliyyətləri aydınlaşdıran imtahan sistemi ilə əvəz olunub. Məhz bunun nəticəsində ölkədə həm universitetlərin keyfiyyəti, həm də onların məzun etdiyi insan kapitalının səviyyəsi müvafiq şəkildə qalxıb. ADA Universitetinin təcrübəsi ilə bölüşən Hafiz Paşayev qeyd edib ki, onun rəhbərlik etdiyi ali təhsil ocağı ölkədə bakalavr proqramlarına qəbulda beynəlxalq SAT imtahanının nəticələrini nəzərə alan ilk universitet idi. SAT nəticələri ADA-nın ərizə qəbulu prosesində tələb olunan digər sənədlər və daxili müsahibə mərhələsinin nəticələri ilə birgə nəzərə alınır. Hazırda bu təcrübədən ölkənin digər universitetlərində də istifadə olunur. Hafiz Paşayev diqqətə çatdırıb ki, ADA Universiteti davamlı olaraq Dövlət İmtahan Mərkəzi ilə işləyərək ölkədə imtahan sisteminin təkmilləşdirilməsi üçün yeni yollar və üslublar üzərində çalışır. Buna misal kimi, imtahanlar zamanı istifadə olunan sualların abituriyentlərin məntiqi və tənqidi düşüncə tərzini yoxlamağa istiqamətləndirildiyini göstərmək olar. Beləliklə, tələbələr əzbərçilikdən uzaqlaşaraq, təhlil və tənqid kimi vacib qabiliyyətləri inkişaf etdirirlər. Bundan əlavə, ADA Universiteti ölkədə ilk dəfə olaraq orta məktəbin əhəmiyyətini vurğulamaq məqsədilə pilot layihəsi çərçivəsində ali təhsilə qəbul imtahanlarını orta təhsildən məzun imtahanlarının nəticələri ilə birləşdirdi. Belə ki, bu ildən fəaliyyətə başlayan ADA Məktəbinin məzunları ADA Universitetinin bakalavr pilləsinə məktəbin yekun daxili orta bal qiymətləndirmə sistemi (Cumulative Grade Point Average) əsasında qəbul olunacaqlar. Hafiz Paşayev bu yeniliyin də ölkənin təhsil sisteminə müsbət meyillər gətirəcəyinə inandığını dedi və bildirdi ki, ADA Universiteti dataya əsaslanan təhlil nəticəsində qəbul prosesini daha da təkmilləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıqda humanitar və texniki elmlər üzrə bilikləri qiymətləndirəcək vahid imtahanın institusional həlli yollarını axtaracaq. Bu da məktəbliləri əlavə müəllimlə məşğul olmaq zərurətindən azad edəcək. Orta məktəb mühitinin vacibliyini diqqətə çatdıran rektor Paşayev vurğuladı ki, sinif mühiti tək şagirdlərə bilik və bacarıq vermək üçün deyil, həm də vətəndaş hazırlayan mühit kimi labüddür. ADA Universitetinin rektoru konfrans müzakirələrinin nəticələrinin dünyanın hər yerində təhsilin keyfiyyətinin qaldırılmasına xidmət edəcəyinə inamını ifadə edib. Açılış mərasimində Kolumbiya Universitetindən (ABŞ) Amra Sabik-El Rayessin videomüraciəti təqdim olunub. Müraciətdə Amra Sabik-El Rayess 2018-ci ildə ABŞ Departamenti və Azərbaycan Təhsil Nazirliyi tərəfindən ölkəmizə işə dəvət edildiyini, burada araşdırmalar apardığını xatırladıb. Müraciətdə Azərbaycanda təhsilin inkişafına, təhsildə qiymətləndirməyə xüsusi önəm verildiyi, test praktikasının uğurlu olduğu, təhsil sisteminin üzləşdiyi çağırışlara uyğun olaraq tədbirlər həyata keçirildiyi vurğulanıb. Konfransda Böyük Britaniyanın Durham Universitetinin professoru Piter Tims "İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi" mövzusunda əsas məruzə ilə çıxış edib. O, məruzəsində ilkin təhsildə bilik və bacarıqların səmərəli qiymətləndirilməsini təşkil etməyin zəruriliyini bildirib. Qeyd edib ki, təhsil proqramlarını indikindən daha qətiyyətli şəkildə tərtib etməklə fərdi problemlər yaranmamışdan əvvəl onları müəyyənləşdirib aradan qaldırmaq mümkün olar. Növbəti il ikinci bir qiymətləndirmənin aparılması daha ciddi şəkildə tələbələrin xüsusi ehtiyaclarının müəyyən edilməsinə, onların il ərzində şagird, məktəb və ölkə səviyyəsində hesab, oxu, sosial və fiziki inkişaf sahələri üzrə inkişaf səviyyələrini ölçməyə kömək edəcək. Yetərli səviyyədə olmayan TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) kimi təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatlarına güvənməkdənsə, ilkin qiymətləndirmənin düzgün aparılması bütün təhsil sistemlərinin təsirinin dəyərləndirilməsi üçün təməl rolunu oynayacaq. Piter Timsin fikrincə, dünyada təhsil sahəsində yüzlərlə ilkin qiymətləndirmənin fəaliyyət göstərdiyi bir dönəmdə niyə bu sahədə böyük irəliləyişləri görmədiyimizi aydınlaşdırmaq ağlabatandır. Cavab isə budur ki, qarşılaşdığımız çağırışlar son dərəcə ciddidir. Bunların sırasında bir neçə əsas olan aşağıdakılardır; uşaqların diqqət yayınıqlığı (qısa konsentrasiyası dövrü), onların çoxunun ilkin təhsilə başlayarkən oxuya və yaza bilməməsi, müvafiq məktəbəqədər tədris planının olmaması, cavabdehlik üzrə testin mənfi nəticələri və uşaqların bilik və bacarıqlarının ibtidai təhsil üzrə ekspertlər tərəfindən dəyərləndirilməsinə qarşı geniş yayılmış narazılıq. Bu yaşda qısa, lakin daha əhatəli qiymətləndirmə aparılmalıdır. Bu qiymətləndirməni aparan şəxsin kimliyindən asılı olmayaraq prosesin eyni nəticələri olmalı, həm də müxtəlif dillər və mədəniyyətlərlə müqayisə edilə bilən olmalıdır. Həmin qiymətləndirmə prosesi müəllimlərin də rəğbətini qazanmalıdır. Bu məqsədə tam nail olunmasa belə, bu qiymətləndirmə nəyin üzərində çalışmalı olduğumuzu nümayiş etdirir. Piter Tims irəli sürdüyü fikirləri konkret nümunələrlə əsaslandırıb.   AZƏRTAC

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb

Sentyabrın 21-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun ikinci turuna start verilib.  Namizədlər 22 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq turda iştirak edə bilərlər. Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslərin iştirak hüququ var. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.  

Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

Sentyabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedonla görüşüb. Görüşdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkəmizin ali təhsil müəssisələri ilə Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Sentyabrın 20-də Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib. 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələlərlə bağlı müraciət ediblər. Daha sonra Firudin Qurbanov Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində yaradılmış şəraitlə tanış olub, məktəbin müəllim heyəti ilə görüşüb və öz tövsiyələrini verib. Nazir müavini həmçinin Şamaxıda yerləşən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində olub. Firudin Qurbanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı və Qobustandan olan gənc müəllimlərlə görüş keçirib, onlara ölkəmizdə həyata keçiriən təhsil islahatları barədə danışıb, öz tövsiyələrini verib.

Azərbaycan müəlliminin peşəkar inkişafı

Azərbaycan müəlliminin peşəkar inkişafı, sosial durumu, ictimai nüfuzu və imicində dinamika "Təhsil" televiziyasının "Təməl" verilişində bu mövzu ətrafında danışılır. Verilişin qonağı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur.  

Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu

Sentyabrın 21-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayacaq.  Namizədlər 22 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq turda iştirak edə bilərlər. Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslərin iştirak hüququ var. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.  

Prezident təqaüdçülərinin uğur hekayələri

Hər birimizin  həyatında elə illər var ki, xatırlayanda insanı xoş hisslər bürüyür,  bir neçə dəqiqəlik də olsa yenidən o günləri yaşayırsan. Etiraf edək ki,  tələbəlik həyatı da məhz bizlərin sevə-sevə xatırladığı gözəl anlardandır. Builki ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələrlə tələbə adına layiq görülən gənclərimiz də elə  tələbəlik illərinin ilk günlərini yaşayırlar. Müsahibimiz olan tələbələr həm də Prezident İlham Əliyevin  bilavasitə diqqət və qayğısı ilə əhatə olunan gənclərdir. Belə ki, onlar dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ölkənin müxtəlif ali məktəblərinə daxil olmuş Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adları  yer alan gənclərdir.  Onlar da sələfləri kimi   tələbə qəbulu imtahanlarında xüsusi fərqlənərək gəncliyimizin intellektual elitasını təmsil edirlər.          Ali məktəblərə qəbulda  uğurlu nəticələrə nail olan gənclərimiz  müəllim yanına getmədən belə  yüksək bilik  nümayiş etdiriblər.  Həmsöhbətimiz olan tələbələr  orta məktəbdə təhsil aldıqları  11 il ərzində dərslərə qarşı diqqətlə yanaşmağın vacibliyinə   və digər məqamlara diqqət çəkiblər.   “Heç bir repetitor yanına hazırlığa getməmişəm”   Almaz ZEYNALLI: -22 iyul 2002-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində müəllim ailəsində  anadan olmuşam. 2008-ci ildə  R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə,  sonradan isə  Biləsuvar rayonu Mübariz İbrahimov adına Bağça - Məktəb  - Lisey Kompleksində təhsilimi davam etdirmişəm. Təhsilimi fərqlənmə attestatı ilə bitirmişəm.  Bu il ali məktəblərə qəbul imtahanlarında 679.5 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıram. Hələ məktəb illərində keçilən bütün fənlərə  diqqətlə yanaşır, dərsləri mükəmməl öyrənməyə çalışırdım. Bilirdim ki, bunlar mənə gələcək təhsil həyatımda lazım olacaq.  Məktəbdə oxuduğum illərdə  fəal olmağa çalışmışam. Fənn olimpiadalarının respublika mərhələsində  coğrafiya fənni üzrə  2017-ci ildə qızıl,  2019-cu ildə gümüş medala layiq görülmüşəm. Qəbul imtahanına hazırlaşarkən heç bir repetitor yanına hazırlığa getməmişəm. Bunun səbəbi isə sadədir - liseyimizdə keçirilən mükəmməl dərslər və  təbii ki, əzmlə çalışmaq. Təhsil aldığım liseydə tədrisin keyfiyyəti hər zaman yüksək olub. Buna görədir ki, artıq neçə illərdir təhsil müəssisəmiz ali məktəblərə qəbul üzrə ölkə lideridir. Bilirsiniz, hər bir abituriyent hazırlığa getmədən də yüksək nəticə əldə edə bilər. Bunu mən öz təcrübəmə əsasən deyirəm. Dayanmadan gecə-gündüz oxumamışam, sadəcə,  mənə lazım olanları dərindən mənimsəyərək yadda saxlamışam  və istirahətə də vaxt ayırmışam. Qəbul imtahanlarına çox ciddi şəkildə hazırlaşmışdım  və bunun üçün  çox əziyyətlər  çəkdim.Və sonunda əziyyətimin bəhrəsini gördüm. Təbii ki, bu, təkcə mənim yox, həm liseyimizin rəhbərliyinin, mənə dərs deyən  müəllimlərimin, həm də hər zaman dəstəyini  göstərən valideynlərimin uğurudur. Mənə dərs demiş bütün müəllimlərə minnətdaram. Amma sırf abituriyent dönəmində bizə dərs deyən müəllimlərimin adlarını xüsusi vurğulamaq istərdim. Üzeyir Əliyevə (coğrafiya fənni üzrə), Gözəl Məhərrəmovaya, Feyruz Məmmədova (riyaziyyat fənni üzrə), Ziya Mirzəyevə (tarix fənni üzrə), Əsmər Məmmədovaya,  Rövşən Adıyevə (Azərbaycan dili və ədəbiyyat fənni üzrə),  həm ingilis dili müəllimim, həm də hər zaman ən böyük dəstəkçilərimdən biri olan anam Nüşabə Zeynalovaya və digər müəllimim Firuzə İbayevaya  dərin təşəkkürümü bildirirəm.  Adlarını sadaladığım müəllimlərimin  həm də mənim şəxsiyyət kimi formalaşmağımda danılmaz rolu var. Bir də ki, özümə hər zaman inanmışam və bu hiss gərgin və həyəcan  dolu imtahan günündə belə  məni tərk etməyib. Adımı Prezident təqaüdçülərinin siyahısında  görəndə çox sevindim. Liseyimizin builki məzunları arasında 4 nəfər Prezident təqaüdçüsü var. Sevinir və əlbəttə, qürur duyuram ki, onlardan biri də mənəm. Hər zaman istedadlı gənclərə xüsusi diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyevə minnətdaram. İnanıram ki, bizlər də bu etimadı doğruldacağıq. Bu gün ali məktəblərə hazırlaşan şagirdlərə nəyi demək istərdim? Sadəcə uğura inanın. İnansanız, ona doğru addımlayacaqsınız və bu zaman heç bir maneə sizə ciddi görünməyəcək. Arada fasilə verin, sevdiyiniz işlərlə məşğul olun. Özünüzü həmişə hər şeyin yaxşı olacağına əmin edin. Ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetində  Biznesin idarə edilməsi ixtisasını  seçməyimə səbəb burada mükəmməl təhsil alaraq, müəyyən təcrübə topladıqdan sonra ölkə iqtisadiyyatının inkişafına öz töhfəmi verməkdir.   “Ali məktəblərə qəbul imtahanına müstəqil hazırlaşmışam”   Turan BAYRAMLI:  - 23 may 2002-ci ildə Bakı şəhərində doğulmuşam. 291 nömrəli “Ekologiya” liseyini qızıl medalla bitirərək  682.5 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuşam. Məktəb illərində böyük həvəslə müxtəlif səviyyələrdə keçirilən  olimpiadalara qatılırdım. VIII sinifdə fənn olimpiadalarında  kimya fənni üzrə respublika birincisi olmuşam. IX  sinifdə İndoneziyada kimya, biologiya və fizika fənləri üzrə keçirilən Beynəlxalq Elm Olimpiadasında ( IJSO ) ölkəmizi təmsil edərək bürünc medal, X sinifdə Niderlandda təşkil olunan eyniadlı olimpiadada da bürünc medal, həmin vaxt ölkəmizdə keçirilən Respublika fənn olimpiadalarında fizika fənni üzrə yenə də  bürünc medala layiq görülmüşəm. Tibb sahəsini seçməyimin əsas səbəbi həkimliyin  ölməz sənət olmasıdır. Demək olar ki, ali məktəblərə qəbul imtahanına müstəqil hazırlaşmışam.   Bu zaman məktəb dərslikləri və DİM-in  nəşrlərindən istifadə etmişəm. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları tam şəkildə məktəb dərsliklərinə əsaslanır. Hansı ki,  məktəb dövrü ərzində tədris olunur və istənilən zaman şagirdlərimiz o kitablara müraciət edə bilər. Fikrimcə,  repetitor yanına getmədən nəinki ali məktəbə qəbul olmaq, hətta maksimum nəticə də göstərmək mümkündür. Repetitorlar abituriyentlərə mözvuları başa düşməkdə köməkçi ola bilər. Çox təəssüf  ki,  müəllim yanına özü evdə müstəqil oxumağa tənbəllik etdiyi üçün gedənlər də az deyil. Qəbul imtahanında  yüksək bal toplayacağıma əmin idim, amma Prezident təqaüdçüsü olacağım ağlıma belə gəlməzdi.  Əziyyətimin  bəhrəsini görmək mənim üçün xoşdur. Bu gözəl hissləri keçirməyi  tələbə olmaq istəyən bütün gənclərə arzulayıram. Ali məktəbə hazırlaşan abituriyentlərə çox çalışmağı tövsiyə edirəm. Əsas mövzunu tam dərk etməyə fokuslansınlar, minlərlə eyni testləri etməyə yox. Bu, sadəcə vaxt itkisinə və zehni yorğunluğa səbəb olur. Ən böyük arzum Azərbaycanın sayılıb-seçilən həkimlərindən biri olmaqdır. Hələlik isə məni çətin,  eyni zamanda məqsədimə doğru aparan uzun bir yol gözləyir...         “Prezident təqaüdünə layiq görülməyimi çox arzulayırdım”   Nərmin SADIQOVA: - 22 may 2002- ci ildə  Şamaxı rayonu Göylər kəndində anadan olmuşam. Bu il  Göylər kənd 1 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirərək  Bakı Dövlət Universitetinn Hüquq fakültəsinə 675.3 balla qəbul olundum. Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı səviyyədə olması fikri ilə razı deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticə əldə edə bilməz. Bunun üçün sadəcə  çox çalışmaq, səy göstərmək lazımdır.  Uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm ki, əslində oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur. Fikrimcə, oxumaq, məqsədinə nail olmaq istəyən harada yaşamasından asılı olmayaraq öz arzusuna çatacaqdır. Elə mənim kimi. Hüquq fakültəsinə qəbul olmağı çox istəyirdim. Yüksək bal toplamağı isə hələ məktəbdə oxuduğum illərdə özüm üçün hədəfləmişdim. Hec bir repetitor  yanına getmədən ali məktəblərə keçirilən  qəbul imtahanına müstəqil olaraq hazırlaşdım.  Ciddi hazırlığım və  çəkdiyim əziyyət yerdə qalmadı. Mənə  yüksək savad verən müəllimlərim  Xoşqədəm  İsrafilovaya, Əsmər Əliyevaya, Mail Qasımova, Nuriyyə Abdullayevaya, Yeganə Məmmədovaya və hər zaman dəstəkçim olan, uğurlu nəticə göstərəcəyimə inanan məktəbimizin  direktoru  Əlyusif  Qəniyevə sonsuz təşəkkürlərimi bildirirəm.  Məktəbimizdə yüksək səviyyədə dərs keçilir. Məhz bunun nəticəsidir ki, hər il çoxlu şagird yüksək balla universitetlərə qəbul olur. Etiraf edim ki,  Prezident təqaüdçüsü  olmağımı çox arzulayırdım. Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adımı görəndə  nə qədər sevindiyimi sözlə ifadə etmək çox çətindir. Necə deyərlər “qanadım olsaydı uçardım”. Ali məktəbə qəbul olmaq istəyən hər kəs ilk öncə məktəbdə  fənlərini yaxşı oxumalıdır. Şagirdlərimiz  özlərinə  güvənməli, əzmlə çalışmalıdırlar.  Çəkilən əziyyət hər zaman qiymətləndirilir, yetər ki,  qarşıya qoyduğunuz hədəfləriniz olsun. Mənə bəslənən ümid və etimadi doğrultmaq, uğurlarımla valideynlərimi, eləcə də müəllimlərimi sevindirmək istəyirəm.   “Ali məktəbə yüksək balla daxil olmağın sirri heç də repetitorla hazırlaşmaqda  deyil”   Seyid Bəyim HÜSEYNOVA: - 3 yanvar 2002-ci ildə  Moskva şəhərində anadan olmuşam. Atam vəfat etdikdən sonra 6 yaşımda ailəmlə Göyçaya gəlmişik. İbtidai təhsilimi  2008-ci ildə Göyçay rayonu Məhəmməd Füzuli adına 6 nömrəli  tam orta məktəbdə almışam. Sonra təhsilimi Göyçay rayonu 1 nömrəli  tam orta məktəbdə davam etdirmişəm. Məktəb illərində bir çox rayon tədbirlərində iştirak və çıxış etmişəm. 2017-ci ildə Bakıda keçirilən  IV Beynəlxalq Uşaq Forumunun  iştirakçısı olmuşam. Həmcinin, 2018-ci ildə İctimai Televiziyada yayımlanan “Əlaçı” verilişində iştirak etmişəm. Builki ali məktəblərə qəbul imtahanlarında 680.2  bal toplayaraq rayon birincisi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam. Niyə məhz hüquq fakültəsi? Bu sual mənə çox verilir. Mənim üçün həyatda əsas amil ədalətli bir vətəndaş olmaqdır. Özümü hər zaman insanların müdafiəçisi kimi görürəm.  Kimsəsizlərə, qocalara, fiziki cəhətdən qüsurlu insanlara yardım etmək, onların hüquqlarını qorumaq, problemlərini həll etmək istəyirəm. Son illər  cəmiyyətdə bir fikir də formalaşıb ki, repetitor yanına getmədən ali məktəbə qəbul olunmaq mümkünsüzdür. Düşünürəm ki, bu, yanlış və eyni zamanda ali məktəbə qəbul olmaq istəyənləri  ruhdan salan bir fikirdir. Əslində repetitor yanına getmədən belə ali məktəbə qəbul olmaq olar. Bunun üçün isə hələ ibtidai təhsil dövründən təməl düzgün qurulmalıdır. Məktəbə gələn şagird bilik almaq  arzusunda olmalı, keçilən fənlər arasında fərq qoymamalı,  dərslərdə hazırlıqlı iştirak etməlidir. Planlaşdırılmış şəkildə oxumaq və istirahətə də vaxt ayırmaq vacibdir.  Şəxsən tələbə kimi mən indi də bunlara ciddi riayət edirəm. Əlbəttə, əldə etdiyim uğur, eyni zamanda 11 il təhsil aldığım doğma məktəbimin də nailiyyətidir. Bitirdiyim məktəbdə çox gözəl təlim-tərbiyə  mühiti var. Savadlı və yüksək biliyə malik müəllimlərdən dərs aldığım üçün özümü şanslı məzunlardan sayıram.   Mənə ən çox yardımçı olan isə tarix müəllimi Telli  İbrahimova,  Azərbaycan dili və ədəbiyyat müəllimləri  Tehranə Hacıyeva və Fəridə Mahmudova,  riyaziyyatdan isə  Zülfiyyə Kərimova olub. Müəllimlərimə həyatım boyunca borcluyam,  çünki onların mənim üzərində əziyyətləri böyükdür. Və həmçinin bizə keyfiyyətli təhsil almağımıza şərait yaratdığına görə məktəbimizin rəhbərliyinə  öz minnətdarlığımı bildirirəm. Bu il mənim üçün düşərli oldu. Belə ki, həm tələbə adını qazandım,  həm də  Prezident təqaüdünə layiq görüldüm. Bir gənc üçün bundan gözəl nə hədiyyə ola bilər?  Mənə olan bu etimadı layiqincə doğrultmaq istəyirəm. Bu günün şagirdlərinə deyəcəklərim var: “Ali məktəbə yüksək balla daxil olmağın sirri heç də repetitorla hazırlaşmaqda  deyil. Bunun üçün öyrənmək, oxumaq, iradəli olmaq və zəhmət çəkmək lazımdır”.   “Uğur qazanmaq üçün özünə güvənli olmaq lazımdır”   Qızbəs  SƏFƏRZADƏ: - 1 avqust 2002-ci ildə  Sumqayıtda anadan olmuşam. Atam və anam ixtisasca müəllimdirlər.  2008-ci ildə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyaya qəbul olunmuşam. Sonradan təhsilimi Füzuli rayonu 54 nömrəli tam orta məktəbdə davam etdirmişəm və orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. 2019-cu ildə keçirilən  respublika fənn olimpiadalarında kimya fənni üzrə rayon turunun qalibi olmuşam. Uşaqlıqdan xəyalımdakı peşə həkimlik idi. İnsanlara kömək etmək, onların sağlamlığının keşiyində durmağı arzulayırdım. 684 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olundum. Fikrimcə, uğur qazanmaq üçün özünəgüvənli  və iradəli olmaq lazımdır. Yalnız güclü iradəyə malik,  eyni zamanda  məsuliyyətli olan şagird məqsədinə çata bilər. Heç bir müəllim hazırlığından keçmədən belə  ali məktəbə yüksək balla qəbul olunmaq olar.  Yetər ki, bunun üçün istək, arzu  olsun. Oxuduğum 11 il ərzində müəllimlərim və valideynlərim tərəfindən hər zaman dəstək görmüşəm. Mənim üzərimdə əməyi keçən  müəllimlərimdən  Faidə Abbasovaya,  Aynur Soltanovaya,  Məlahət Xankişiyevaya, Şəriqə Hacıyevaya minnətdaram ki, mənə qəbul imtahlarında yüksək nəticəyə nail olmaq üçün yüksək savad və bilik veriblər. Yüksək bal toplayacağıma inanırdım, çünki imtahanlara məsuliyyətlə və olduqca ciddi hazırlaşmışdım. İnanmaq bacarmağın yarısıdır. İnam olmazsa, uğur əldə etmək də olmaz. Prezident təqaüdünə layiq görülməyim isə məsuliyyətimi daha da artırıb. Ölkə Prezidentinin diqqət və qayğısını biz gənclər hər zaman hiss edirik. Əsas məqsədim universiteti əla nəticələrlə bitirərək  ixtisaslı kadr kimi  xalqımıza layiqincə xidmət etmək, insanların sağlamlığının keşiyində durmaqdır. Bu danılmaz həqiqətdir ki, repetitorsuz,  müstəqil hazırlaşmaqla da yüksək nəticə əldə etmək olar...  Öz bilik və dərin zəkaları, eyni zamanda gərgin zəhmətləri hesabına,  müəllim yanına getmədən belə,  yüksək nəticələr göstərərək ali məktəbə qəbul olunmaları ilə uğur hekayələrini yazan tələbələrimizin nəticələri  bir daha son illər orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəlməsindən, müəllimlərimizin işlərinə daha məsuliyyətlə və peşəkarcasına yanaşmasından soraq verir.   "Azərbaycan müəllimi" qəzeti

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı