SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
146-2 “Qaynar xətt” xidmətinə noyabr ayında 23 müraciət daxil olub
Cari ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub. Bakı şəhəri, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri üzrə 169, 322, 327 nömrəli tam orta və 3 nömrəli xüsusi təhsil məktəblərində, Sabirabad rayonu Qasımbəyli kənd, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli və Lənkəran rayonu Separadi kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 1 məsul şəxs işdən azad edilib, 7 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.
13/12/2019 12:19
Zaqatalada ingilisdilli Resurs və Təlim Mərkəzinin açılışı olub
Zaqatalada məcburi köçkünlərin təhsil aldığı Ağdam rayonu 152 nömrəli tam orta məktəbdə dördüncü ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Britaniya Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Samr Şah, Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Yeni açılan Mərkəz Azərbaycanda mövcud olan 13 ingilis dili mərkəzindən ibarət şəbəkəyə daxil ediləcək beş yeni Resurs və Təlim Mərkəzindən dördüncüsüdür. Əlavə olaraq Bərdədə yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəbdə də belə Resurs və Təlim Mərkəzinin yaradılması planlaşdırılır. Mərkəz tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan təlim və tədris resursları, texnologiyalar və özünütəlim materialları ilə təmin olunur. Qeyd edək ki, “Resurs və Təlim Mərkəzləri" proqramı Britaniya Şurası təşkilatı tərəfindən Böyük Britaniya Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təhsil Nazirliyi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi proqramın həyata keçirilməsinə dəstək verir. Proqram gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır. Eyni zamanda, proqram çərçivəsində Britaniya Şurası seçilmiş icmalarda müəllimlərlə də işləyəcək, onların yeni ideya, tədris təcrübələri və ehtiyaclarını müzakirə etmək məqsədilə beş yeni "Müəllimlərin Fəalliyyət Qrupu" (Teacher Activity Group) yaradılacaq.
13/12/2019 10:49
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Elvin Bəkirova həsr olunub. Gənc müəllim Elvin Bəkirov 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək Şəmkir rayonu Pravda şəhər tam orta məktəbində ingilis dili müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildən isə Gəncə şəhəri 27 nömrəli məktəb-liseydə fəaliyyətini davam etdirir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstərərək 60 bal toplayıb. “Müəllimlərin təkmilləşdirilməsi və inkişafı” (TEA) proqramının qalibi olan Elvin Bəkirov ABŞ-da keçirilən və 80 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq təlimdə qabaqcıl müəllim kimi iştirak edib. Elvin Bəkirov deyir ki, bu peşəni öz müəllimlərindən ilhamlanaraq seçib. Onun sözlərinə görə, müəllim olmaqla insan öz ölkəsinin, ən azından ətrafının həyatını dəyişir. Müəllim olmaq bir cəmiyyətin sabahını müəyyənləşdirmək deməkdir. O, şagirdlərinin ingilis dili bacarıqlarını inkişaf etdirmək üçün müasir tədris metodlarından faydalandığını bildirir: “Bütün fənlərin öyrətmə üsulları müəyyən dərəcədə fərqlənir. İngilis dili fənninin tədrisində ən vacib məsələlərdən biri şagirdlərin dinləmə bacarıqlarıdır. Dərsdə texnoloji bilik və bacarıqlardan hər zaman istifadə edirəm. Həmçinin dinləmə və yazı qabiliyyətlərini yeni üsul və vasitələrlə inkişaf etdirməyə çalışıram”. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
13/12/2019 09:52
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi
Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz qoyduğunu bildirib. Rektor milli musiqimizə bağlı olan ulu öndərin mədəniyyətimizin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb, anım mərasimində ümummilli liderin sevdiyi mahnıların səsləndiriləcəyini qeyd edib. Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi tədbirdə xalq mahnıları, həmçinin vətənpərvərlik mövzusunda şeirlər ifa olunub.
12/12/2019 19:23
Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Dekabrın 12-də Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
12/12/2019 15:16
Psixoloqların diaqnostik qiymətləndirilməsinə start verilir
24-28 dekabr 2019-cu il tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
11/12/2019 17:10
Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur
Dekabrın 11-də Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edilib. Mediaturun məqsədi sözügedən bölgələrin ümumtəhsil məktəblərində təşkil olunmuş istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqdır. Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər. Mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə olublar. Bildirilib ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb. Hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir. Daha sonra mediatur iştirakçıları məktəbdə fəaliyyət göstərən VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. Qeyd olunub ki, bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir. Həmin siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fənndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir. Mediatur Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərə səfərlə davam etdirilib. Mediatur iştirakçıları sözügedən ümumi təhsil müəssisələrində yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanış olublar. Bildirilib ki, hər iki icma əsaslı məktəbəqədər təhsil qruplarında 3-4 yaşlı 20 uşaq dörd gün ərzində iki saatlıq məşğələlərə cəlb olunur. 2019-cu ilin oktyabr ayından Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi və 2017-ci ildən “UNİCEF Azərbaycan” və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən “İcma qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi həyata keçirilir. İcma əsaslı məktəbəqədər təhsil qrupları Masallı da daxil olmaqla respublikanın 33 bölgəsində yaradılıb. Qeyd olunub ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır. Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla ümumlikdə 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Bu qrupların hər birində orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq olmaqla ümumilikdə 6212 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Mediatur iştirakçıları həmin qruplardakı məşğələləri izləyiblər. Bildirilib ki, dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqramda uşaqların sosial emosional, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişaf dinamikası izlənilir. İştirakçıların o da diqqətinə çatdırılıb ki, 2020-2021-ci tədris ilindən daha 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulur.
11/12/2019 16:19
"Həftənin sualı"nda video resurslar mövzusu
"Təhsil" televiziyasının "Həftənin sualı" verilişinin budəfəki mövzusu Təhsil Nazirliyinin video resursları mövzusuna həsr olunub. Canlı yayımlanan verilişdə nazirliyin video dərslərlə zənginləşdirilmiş video.edu.az - elektron portalının yeni versiyası barədə suallar cavablandırılır. Verilişin qonağı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur.
11/12/2019 15:43
Uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində uğur
Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondo idman növü üzrə Avropa birinciliyi keçirilib. Birinciliyə 50 ölkədən 700-ə yaxın idmançı qatılıb. “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası yarışlarda uğurla iştirak ediblər. Belə ki, məktəbin yetirməsi Aydın Süleymanov 32 kq çəki dərəcəsində gümüş, Elmira Bayrak 22 kq çəki dərəcəsində bürünc medal qazanıb.
11/12/2019 14:20
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı