SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb
Yanvarın 15-də Təhsil naziri Ceyhun Bayramov Strasburq Universitetinin prezidenti Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin Fransa Respublikasının ölkəmizdəki səfiri Qros Zakari də iştirak edib. Görüşdə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsinin iki ölkə arasında təhsil əlaqələrinin hərtərəfli inkişafında yeni bir mərhələ təşkil etdiyi və UFAZ-da magistraturanın yaradılmasının bu əlaqələrin inkişafına müsbət töhfə verəcəyi vurğulanıb. Fransa tərəfi ilə aparılan danışıqlara əsasən, 2020-2021-ci tədris ilindən etibarən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq. UFAZ-ın magistratura proqramının ümumi strukturu həmin təhsil müəssisəsinin bakalavriat proqramına əsasən təşkil ediləcək. Magistratura pilləsində təhsilin 2 il müddətinə 3 ixtisas (Tətbiqi kompüter elmləri, kimya mühəndisliyi, geofizika mühəndisliyi) üzrə aparılması və hər il bütün ixtisaslar üzrə 80 tələbənin qəbulu nəzərdə tutulub. Sonda məzunlara həm Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, həm də Strasburq Universitetinin diplomları veriləcək. Qeyd edək ki, hazırda UFAZ-da 538 tələbə təhsil alır. 2019-2020-ci tədris ilində UFAZ-ın ilk məzun buraxılışı olacaq.
15/01/2020 16:28
146-2 “Qaynar xətt” xidmətinə dekabr ayında 33 müraciət daxil olub
2019-cu ilin dekabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 33 müraciət daxil olub. Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri, Lənkəran, Bərdə, Tovuz, Oğuz, Lerik, Saatlı, Füzuli, Xaçmaz, Gədəbəy və Zəngilan rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Mingəçevir şəhər 7 nömrəli və Lənkəran rayonu Mamusta kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 2 məsul şəxsə töhmət verilib, 2 müraciətə dair isə toplanmış materiallar əsasında hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir.
15/01/2020 15:37
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qeydiyyat yekunlaşır
Yanvarın 15-də Təhsil Nazirliyinin SABAH qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqəyə qeydiyyat bu gün yekunlaşır. İndiyədək 348 namizəd müsabiqədə iştirak üçün qeydiyyatdan keçib. Müsabiqəyə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər qatıla bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər bu gün saat 24:00-dək müraciət formasını (https://forms.gle/PKmsbF618C9spByc7) doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/sabah-qruplarina-2019-2020-ci-tedris-ilinin-yaz-semestrine-muellim-qebulu daxil olaraq əldə edə bilərsiniz.
15/01/2020 14:17
Salyan və Biləsuvar şəhərlərində vətəndaşlar qəbul ediləcək
Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayon və Şirvan şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 23 yanvar 2020-ci il tarixində saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Hacıqabul, Salyan rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil nazirinin müavini Firudin Qurbanov 24 yanvar 2020-ci il tarixində saat 11:00-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Biləsuvar rayon sakinlərini qəbul edəcək. Qəbulda Neftçala və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 15-21 yanvar (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
15/01/2020 10:46
Magistraturaya qəbulda dəyişiklik
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı yalnız bir mərhələli olacaq. İmtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək. Jurnalistika üzrə magistraturaya və xüsusi qabiliyyət tələb edən ixtisasların ixtisas magistraturasına qəbul olmaq istəyənlər qəbul imtahanını verdikdən sonra əlavə olaraq qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanlarının proqramları və keçirilmə vaxtı DİM tərəfindən elan olunacaq.
15/01/2020 09:01
“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir
Yanvarın 14-də “Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin təşkilatçıları və tələbə-könüllülər iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək təhsilalanlar üçün bərabər imkan yaradılmasına dəstək verən “Təhsil avtobusu” layihəsinin Nəsimi ilində keçirilməsinin əhəmiyyətini, şagird və tələbələrin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu, onların bilik, bacarıq, dünyagörüşünü artıran təlim və intellektual yarışların önəmini vurğulayıb. Layihənin uğurlarından məmnunluğu ifadə edən nazir müavini onun əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Tədbirdə “Nəsimi ili”nə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbinə dair hesabat məzmunlu təqdimat və videoçarx nümayiş olunub. Daha sonra “Təhsil avtobusu – Nəsimi” yay məktəbi layihəsinin meneceri, SABAH qruplarının məzunu Ülviyyə Axundova layihənin təşkili və həyata keçirilməsində göstərdiyi yüksək təşkilatçılıq və təşəbbüskarlığa görə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə “Fəxri Fərman”la təltif olunub. Mükafatı Təhsil nazirinin müavini Firudin Qurbanov təqdim edib. Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
14/01/2020 15:45
“Məktəbimizdə” - fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdəndir. 1963-cü ildə tikilən təhsil müəssisəsi 1971-ci ildən orta məktəb kimi istifadəyə verilib. 2013-cü ildə məktəbdə yenidənqurma və əsaslı təmir-tikinti işləri aparılıb. Hazırda məktəbdə 760 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 74 müəllim və 9 nəfərdən ibarət yardımçı pedaqoji heyət məşğul olur. Son 3 ildə 11 gənc namizəd müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərərək sözügedən məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Məktəbin şagirdləri İDEA (Ətraf mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən keçirilən layihələrdə iştirak edərək müxtəlif nominasiyalarda qalib olublar. 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində məktəbin XI sinif şagirdi Təhminə Rzayeva I yerin qalibi olub. Həmin ildə təşkil edilən “Ədəbiyyat biliciləri” müsabiqəsində isə məktəbin şagirdi İnarə Bünyatzadə I yerə layiq görülüb. Sözügedən məktəbin məzunları sırasında yüksək uğur qazanaraq gənc yaşlarında tibb üzrə fəlsəfə doktoru adına layiq görülənlər də var. 2018-2019-cu tədris ilində məktəbi bitirən 38 məzundan 30 nəfəri ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyət göstərərək tələbə adını qazanıb. Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
14/01/2020 14:20
Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur
Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb. Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər. Xatırladaq ki, Azərbaycan məktəbliləri 2006-cı ildən etibarən sözügedən olimpiadada iştirak edirlər və bugünədək 3 qızıl, 19 gümüş, 27 bürünc olmaqla ümumilikdə 49 medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
14/01/2020 10:19
Təhsil Nazirliyinin “Nəsimi ili” ilə bağlı yekun tədbiri
Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, nazirliyin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb. Təhsil naziri “Nəsimi ili” ilə bağlı görülən tədbirlərə toxunaraq deyib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şairin 650 illik yubileyi münasibəti ilə “Azərbaycanımızı yaşıllaşdıraq” devizi altında başladılan kampaniyaya təhsil işçiləri də qoşulub. Ceyhun Bayramov təhsil müəssisələrində də yubiley ilinə həsr edilən ədəbi bədii gecələr, müsabiqələr, elmi-praktik konfranslar, şagirdlər arasında təşkil edilən intellektual yarışlar, ədəbi-bədii kompozisiyalar, tamaşalar, dəyirmi masalar keçirildiyni vurğulayıb. Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib və qeyd edib ki, Nəsiminin əsərləri təhsilin bütün pillələrində geniş tədris olunmaqla müasir dövrdə gənclərin formalaşmasında, onların inkişafında böyük bir xəzinə olaraq xalqa xidmət edir. Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri və dram dərnəyinin üzvləri tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış “Mənəm” tamaşası nümayiş olunub. Tamaşanın sonunda qonaqlar yaradıcı heyəti təbrik edib, xatirə şəkli çəkdirilib.
14/01/2020 09:51
Yeni Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi”MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq memorandumunun imzalanmasında əsas məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur. Qeyd edək ki, ötən ildən fəaliyyətə başlayan Yeni Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilində beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz hesab olunur. Mərkəz Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”, “Sigma Tecnical Services”, “Suez”, “Alstom” kimi qabaqcıl müəssisələrlə əməkdaşlıq edir.
13/01/2020 17:12
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı