SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Şamaxıda regional müşavirə
Fevralın 18-də Şamaxıda regional müşavirə keçirilib. Müşavirə “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyinin (ANAMA) dəstəyi ilə keçirilən müşavirənin əsas məqsədi qeyd olunan məsələylə əlaqədar yerli təhsili idarəetmə orqanlarının əməkdaşları ilə maarifləndirmə işinin aparılmasıdır. Eyni zamanda gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninə aid kabinetlərdə təlim silahları, sursatlar və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək, fənn rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək də əsas məqsədlərdən biri olub. Təhsil Nazirliyi Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verib. Yerli təhsili idarəetmə qurumlarının müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı yerlərdə aparılan işlər zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib. ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb. Çıxış edən Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov GÇH fənninin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib. Təhsil Nazirliyinin əməkdaşı İsaq Məmmədov müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi Nizamnamə və Qaydaların mənimsədilməsinə xidmət etdiyini qeyd edib. Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib. Həmçinin Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbir, təlim və seminarların təşkilinin vacibliyi bildirilib, bu sahədə Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verildiyi qeyd edilib. Tədbir müzakirələrlə başa çatdırılıb.
18/02/2020 16:57
“Plastiksiz həyat uşaqların gözü ilə”
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri barədə uşaqların fikirlərinin öyrənilməsi və rəsm əsərlərində əks etdirilməsindən ibarət olub. Tədbirdə çıxış edənlər ətraf mühitə həssaslığın artırılması, qorunması, çirklənməsinin qarşısının alınması prosesində gənc nəslin fəal iştirakını vurğulayıb. Qeyd edək ki, müsabiqədə müxtəlif ümumtəhsil məktəblərindən 53 şagird iştirak edib. Qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunub. Sonda plastik tullantıların təbiətə, insan sağlamlığına vurduğu zərərdən bəhs edən və plastiksiz həyat tərzini təşviq edən şagirdlərin əl işləri nümayiş olunub.
18/02/2020 16:22
Zona müşavirə-treninqi
Şəki şəhəri 10 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi və Ərazilərin Minalardan Təmizlənməsi Dövlət Agentliyinin (ANAMA) təşkilatçılığı ilə birgə zona müşavirə-treninqi keçirilib. Zona müşavirə-treninqinin əsas məqsədi partlamış və partlamamış mina, silah və sursatlarının tanıdılması, baş verə biləcək faciələrin vaxtında qarşısının alınması, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirmə işinin düzgün təşkilindən ibarətdir. Seminar-treninq həmçinin gənclərin çağırışaqədərki hazırlığı (GÇH) kabinetində təlim silahları, sursatlar və elektron silahların saxlanma qaydaları barədə məlumatlandırmaq, təhlükəsizlik qaydalarına riayət etmənin vacibliyini çatdırmaq, GÇH rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirmək qayəsinə xidmət edir. Tədbirdə çıxış edənlər bu fənnin şagirdlərin hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olması, vətənpərvər ruhlu vətəndaş kimi formalaşması baxımından mühüm rol oynadığını, eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsənilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət etdiyini nəzərə çatdırıblar. Təlim zamanı şagirdlərin silahları söküb-yığması, minaların zərərsizləşdirməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsi, partlamamış hərbi sursatlar və təqlid vasitələri ilə davranış qaydaları, müvafiq hallarda dərhal Daxili İşlər Nazirliyinin 102 və ya Fövqəladə Hallar Nazirliyinin 112 “Qaynar xətt”lərinə məlumat verilməsinin önəmi vurğulanıb. Daha sonra tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramın”da qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat verib. Sonda təlim silahları, sursatlarına baxış və onların yoxlanması qaydaları ilə əlaqədar müvafiq tövsiyələr verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
18/02/2020 15:34
Qiymətləndirmə qaydalarında dəyişiklik
Qiymətləndirmə qaydalarında dəyişikliyi ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Gülarə Xudiyeva şərh edir.
18/02/2020 15:20
146-2 “Qaynar xətt” xidmətinə yanvar ayında 12 müraciət daxil olub
2020-ci ilin yanvar ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub. Bakı, Sumqayıt, Şəki şəhərləri, Ağdam, İmişli və Lənkəran rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhərindəki 167, 56 və 192 nömrəli, Ağdam rayonu S.Həsənov adına Əfətli kənd, İmişli rayonu F.Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta məktəblərdə təsdiqini tapmış hallar həmin ümumi təhsil müəssisələrinin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 5 məsul şəxsə töhmət verilib.
18/02/2020 14:34
Məktəblinin dostları təltif edilib
“Məktəblinin dostu” layihəsinin əməkdaşları səmərəli fəaliyyətlərinə görə təltif olunublar. Təltifetmə mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məktəbdə şagird-şagird, müəllim-şagird münasibətlərinin tənzimlənməsində layihənin əhəmiyyətindən, əldə edilən müsbət nəticələrdən danışıb. Nazir müavini bildirib ki, “Məktəblinin dostu” layihəsi 70 ümumtəhsil məktəbini əhatə edir. Hər bir şagirdə fərdi yanaşmanın vacibliyini vurğulayan Firudin Qurbanov deyib ki, məktəblinin dostunun qarşısında duran əsas vəzifələrdən biri məktəbdə olan neqativ halların qarşısının alınmasında kömək etmək, şagirdlə dost olmaqdır. Daha sonra fəaliyyəti boyunca xüsusi təşəbbüskarlıq və peşəkarlıq nümayiş etdirən "Məktəblinin dostu” layihəsinin 5 əməkdaşı, 2 psixoloq və 20 "Məktəblinin dostu" təltif edilib. Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihə ilk olaraq 30 məktəbdə fəaliyyətə başlayıb. Layihə çərçivəsində hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində məktəblinin dostu fəaliyyət göstərir. “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.
18/02/2020 12:22
“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən “Tullantıdan İncəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbir keçirilib. Tədbirdə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova, “Nargis” Nəşriyyat Evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyinin əməkdaşları, məktəb rəhbərliyi və təşkilatçı qurumların nümayəndələri iştirak edib. Bakı Avropa Liseyində keçirilən tədbirdə bu təhsil müəssisəsinin direktoru Zülfiyyə Veysova tullantıların idarə edilməsi sahəsində maarifləndirmə işinin əhəmiyyətindən, onların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərdən danışaraq tullantıların idarə olunmasında məktəblilərin mühüm rol oynadığını bildirib. Sonra çıxış edən “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova layihənin vacibliyini vurğulayaraq bu kimi ekoloji və sosialyönümlü tədbirlərin vacib olduğunu vurğulayıb. Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov “Qoy dünya yenidən gülsün” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, mütəxəssislər tərəfindən respublika müsabiqəsinə göndəriləcək ən yaxşı işin seçilib. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir. 2019-cu ilin noyabrından start verilən “Tullantıdan incəsənətə” müsabiqəsində Bakı şəhəri üzrə 14 ümumtəhsil məktəbi iştirak edir. Əsasnaməyə uyğun olaraq hər məktəb tədris ili boyunca tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayaraq ən yaxşı işi respublika mərhələsinə təqdim etməlidir. Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.
17/02/2020 14:08
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə layihələr www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın zamanlarda bütün layihələrin sayta yerləşdirilməsi başa çatdırılacaq. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
17/02/2020 12:43
“Təhsil Liqası”nın oyunları davam edir
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümündə basketbol idman növü üzrə 13 (U-13), 15 (U-15) və 17 yaşadək (U-17) qızlar və oğlanlardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunları davam etdirilir. Oktyabr ayından start verilən liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 49 komandası mübarizə aparır. Yarışlar Azərbaycan Texniki Universitetinin İdman Kompleksində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının oyun zallarında keçirilir. İki dövrədən ibarət olan oyunlara cari ilin iyununda yekun vurulacaq. Qeyd edək ki, liqanın keçirilməsində məqsəd müvafiq yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq. Müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.
14/02/2020 17:18
Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinın (SİBDPTM) rəhbər və mühəndis–pedaqoji heyəti təhsilalanlarla birlikdə təcrübə proqramı çərçivəsində yapon istehsalı olan “Toyota”, “Honda”, “Mazda”, “Mitsubishi” və “Subaru” avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzləri ilə yaxından tanış olublar. Nümayəndə heyətinə mərkəzlərin yüksək standartlara cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzlərin texniki servis üzrə mütəxəssisləri təhsilalanlara servislərin imkanları haqqında ətraflı məlumat verib, əyani olaraq avadanlıqların iş prinsiplərini nümayiş etdiriblər. Təcrübə proqramı çərçivəsində yapon istehsalı olan avtomobillərin mühərrikləri haqqında nəzəri və praktiki məşğələ təşkil olunub. Eyni zamanda təhsilalanlar təhsil aldıqları müddət ərzində nəzəri və praktik təlimlərdən əldə etdikləri bilik və bacariqlarını əyani nümayiş etdirmək imkanı əldə ediblər. Bununla yanaşı, Təhsil Mərkəzinin nümayəndə heyəti avtomobillərin geniş model sırası və təklif olunan keyfiyyətli texniki servisi, orijinal ehtiyat hissələrinin və aksessuarların təchizatı ilə tanış olublar. Sonda təcrübə proqramından yararlanacaq təhsilalanlar üçün şirkət tərəfindən seçim meyarları müəyyən edilib. Proqram əsasında təşkil olunacaq məşğələlərin məzmunu, mentorlar və texniki şöbələr təyin olunub. Bununla da təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlar iş imkanlarından yararlana biləcəklər. Həmçinin, Mərkəzdə avtomobil ixtisası üzrə ixtisas təkmilləşdirilməsi məqsədilə birgə kursların təşkil olunması müzakirə olunub.
14/02/2020 17:17
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı