SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək
Pandemiya ilə əlaqədar təxirə salınmış Respublika fənn olimpidalarının respublika mərhələsinin final turu iyun ayının birinci yarısında keçiriləcək. Belə ki, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində, iyunun 9-da Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. Qeyd edək ki, fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.
18/05/2020 12:09
Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası
Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib. Şuranın məsul katibi İlqar Orucov iclasın hazırda məzmun ekspertiziyası ərəfəsində olan təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi mövzusunda təşkil edildiyini diqqətə çatdırıb. İclasda Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov da iştirak edib. Bildirilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq keçirilir və müsabiqəyə dair əsas tələblər həmin qərarla müəyyən edilir. Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaq, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Qeyd edilib ki, təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qəbulu artıq başa çatıb, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu grants.edu.az portalı vasitəsilə elektron şəkildə aparılıb. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) layihə təqdim edilib. Mövzu ilə bağlı İctimai Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə rəy və təkliflərini bildiriblər. Müsabiqənin prioritet istiqamətlərini formalaşdırılan ümumi təhsilin hər səviyyəsi üzrə mövzuların nəzərdə tutulması, innovativ istiqamətlərə daha çox yer ayrılması, müsabiqə qalibləri və onların layihələrinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, qazanılmış müsbət təcrübələrin digər ümumi təhsil müəssisələrində tətbiqi və digər tövsiyələr verilib. Eyni zamanda növbəti qrant müsabiqəsinin prioritet istiqamətlərinin müzakirəsinə Şura üzvlərinin də cəlb edilməsi təklif edilib.
18/05/2020 11:27
I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab
2020-2021-ci dərs ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB Sual: Ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu necə həyata keçirilir? Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir? Cavab: I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sistem vasitəsilə ərizələrin onlayn qeydiyyatı ölkənin bütün ümumi təhsil müəssisələrini, lisey və gimnaziyalarını əhatə edir. Sual: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I sinfinə şagird qəbulu hansı qaydada həyata keçirilir? Cavab: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisi digər dillərdə aparılan bölmələrə isə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi (müsahibə) yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbləri istisna olmaqla). Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər? Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər. Sual: Tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün təşkil edilmiş müsahibələrdə iştirak edə bilməyən uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir? Cavab: Həmin uşaqların növbəti tədris ili üzrə 1-ci sinfə qəbulu aşağıdakı mərhələlərdən ibarətdir: • Valideyn (qanuni nümayəndə) may ayının 18-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir; • Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək; • Onlayn müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək; • Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq; • Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək; • Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək; • Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq. Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə 1-ci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir? Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir. Sual: 2020-2021-ci dərs ili üçün tədris digər dildə aparılan bölmə üzrə müraciət etmiş uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir? Cavab: • Valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir; • Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyunun 3-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək; • Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan yaşayış ünvanına uyğun müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq; • Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək; • Müsahibə (canlı və ya onlayn) nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə eyni vaxtda məktəb seçimi imkanı yaradılacaq; • Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq. Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək? Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək. Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir? Cavab: Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır. Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak zamanı hansı sənədlər tələb olunur? Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə valideyn və uşağın şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunur. Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər? Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə, iyun ayı ərzində rayon (şəhər) təhsil şöbələrində (idarələrində) növbəyə yazılaraq, müəyyən edilmiş vaxtda Apelyasiya komissiyasına müraciət etmək mümkündür. Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyat necə aparılır? Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Bunun üçün valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir. Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır. Sual: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan valideynlərin övladının tədrisi digər dillərdə aparılan bölmələrinə qəbulu hansı qaydada aparılır? Cavab: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan uşaqların tədrisi digər dillərdə aparılan bölmələrə qəbulu üçün ilk növbədə şifahi nitq bacarıqlarının yoxlanıldığı müsahibədə iştirak edib uğur qazanmaq lazımdır. Daha sonra həmin lisey və ya gimnaziyaya qəbulu üçün sistemdə müsabiqəyə yazılmalıdır. Müsabiqə lisey və ya gimnaziyalar tərəfindən həyata keçiriləcək. Sual: Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi? Cavab: Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər. Sual: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqlarının qəbulu necə həyata keçirilir? Cavab: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır. Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü? Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər. Sual: Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi? Cavab: Lisey tərəfindən uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir. Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır? Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur: • valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan; • valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən; • bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan. Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz? Cavab: Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək olar. Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur? Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir: • Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti; • Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi; • xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti; • digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; • uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); • 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; • valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”. Sual: Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü? Cavab: Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Sual: Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir? Cavab: Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.06.2020-ci il tarixindən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur. Sual: Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir? Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.06.2020-ci il tarixindən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər. Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir? Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur. Sual: Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər? Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər. Sual: Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur? Cavab: Valideynin (qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra uşağın məktəbə yerləşdirilməsi prosesi başa çatır. Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır? Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.
18/05/2020 11:01
Peşə təhsili üzrə teledərslərin 18 may cədvəli
"Mədəniyyət" telekanalında yayımlanan peşə təhsili üzrə teledərslərin 18 may tarixi üçün cədvəlini diqqətinizə çatdırırıq. Hər həftənin I və V günləri saat 16:15-də peşə təhsili üzrə "Dərs vaxtı" proqramını izləməyi unutmayın. "Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
17/05/2020 15:34
"Dərs vaxtı"nın 18 may cədvəli
“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 18-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
17/05/2020 14:20
Ehtiyacı olan daha 40 ailəyə ərzaq yardımı edilib
Mayın 16-da Təhsil Nazirliyinin əməkdaşları Bakı şəhəri Nəsimi rayonunda yerləşən 156 və 146 nömrəli uşaq bağçalarında məskunlaşmış 32 məcburi köçkün ailəsinə ərzaq yardımı edib. Əlavə olaraq isə daha 8 aztəminatlı ailəyə də yardım paylanılıb. Yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir. Yardım aksiyası davam etdirilir.
16/05/2020 12:26
Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib
Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutub. Təlim proqramı karyera planlaşdırılması, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları və müsahibə mərhələsinə hazırlıq kimi müxtəlif mövzuları əhatə edib. Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin mütəxəssisi tərəfindən aparılan iki həftəlik təlim proqramı peşə təhsili tələbələrində gələcək işə dair daha aydın təsəvvür formalaşdırılmasına imkan yaradıb. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur. Qeyd edək ki, proqram Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb. Koronavirus pandemiyası zamanı adıçəkilən layihələr peşə təhsili tələbələrinin dərslərdən geri qalmaması və təhsildə fəal iştirakı məqsədilə teledərslər, onlayn kurslar və karyera təlim sessiyalarının hazırlanmasına yardım edib.
15/05/2020 17:21
V "Virtual əlaçı" bilik yarışmasına start verilir
Mayın 15-dən etibarən V "Virtual əlaçı" bilik yarışmasına start verilir. Yarışmada iştirak etmək üçün "Virtual məktəb" portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez və düzgün cavab vermiş ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək. Qeyd edək ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.
15/05/2020 10:56
Yeni beynəlxalq onlayn müsabiqəyə start verilib
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən cari ilin 15 may-5 iyun tarixlərini əhatə edən “Pəncərəmdən açılan mənzərə” adlı beynəlxalq uşaq fotomüsabiqəsinə start verilir. Fotomüsabiqənin keçirilməsində əsas məqsəd dünya uşaqları arasında dostluq münasibətini möhkəmləndirmək, onlarda foto sənətinə maraq oyatmaq, mövzu ilə bağlı maraqlı fikir və düşüncələrini müəyyən etmək, istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir. 3 nominasiya (“Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik”, “Sevdiklərim”) üzrə keçirilən fotomüsabiqədə 3 yaş qrupundan (7-9, 10-13, 14-17) olan məktəblilərin iştirakı nəzərdə tutulur. Müsabiqədə iştirak etmək istəyənlər fotoşəkilləri iyunun 5-dək 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına (ugim-3@mk.edu.az) göndərməlidir. Müsabiqəyə qatılan iştirakçı hər nominasiya üzrə 1 fotoşəkil təqdim etməklə bütün nominasiyalarda iştirak edə bilər. Bütün nominasiyalarda hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək 5 iyun tarixində elan ediləcək və Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib fotolar sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq. Qeyd edək ki, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq fotomüsabiqədə ölkəmizdən paytaxt məktəbliləri ilə yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, İtaliya, Niderland, Almaniya və digər xarici ölkələrin məktəbliləri də iştirak edəcək.
15/05/2020 09:09
İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransı
Təhsil naziri Ceyhun Bayramov İSESKO-ya üzv dövlətlərin Təhsil nazirlərinin videokonfransında iştirak edib. Videokonfransa İSESKO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Malik, Səudiyyə Ərəbistanı, Pakistan, Misir, Mərakeş və digər dövlətlərin Təhsil nazirləri, YUNESKO-nun Baş katibinin təhsil məsələləri üzrə müavini Stefania Ciannini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şlayxer də qatılıb. Videokonfransın əsas mövzusu COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri və mövcud reallığa təhsil sisteminin uyğunlaşdırılması olub. Ceyhun Bayramov çıxışında pandemiya dövründə ölkəmizdə təhsil hüququnun fasiləsiz təmin edilməsi məqsədilə atılmış addımlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir distant təhsilə keçidi təmin etmək üçün qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri haqqında bəhs edib, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edildiyini bildirib. Təhsil naziri qeyd edib ki, nazirlik tərəfindən atılan digər addımlar çərçivəsində 11 mart tarixindən etibarən teledərslərə start verilib. Ölkənin 2 televiziya kanalında həftədə 5 dəfə olmaqla bütün siniflər üçün 10 fənni əhatə edən dərslər yayımlanmaqdadır. Teledərslər sonradan Təhsil Nazirliyinin video.edu.az portalında sərbəst istifadə üçün yerləşdirilir. Konfrans zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan təxminən 22 min tələbənin təhsil haqqının Azərbaycan dövləti tərəfindən ödənilməsi xüsusi olaraq vurğulanıb. Ceyhun Bayramov Təhsil Nazirliyinin İSESKO ilə təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək, Azərbaycan Respublikası tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün ümumilikdə 40 təhsil qrantının ayrıldığını görüş iştirakçılarına xatırladıb. Videokonfransın nəticəsi olaraq İSESKO tərəfindən Əhatəli Humanitar Koalisiya təşəbbüsü irəli sürülüb və Azərbaycan tərəfi təşəbbüsə dəstəyini ifadə edib. Yekunda bəyannamə qəbul olunub.
14/05/2020 17:06
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı